Bu gün Məmməd Səid Ordubadinin doğum günüdür

Bu gün görkəmli nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi Məmməd Səid Ordubadinin doğum günüdür.
Məmməd Səid Ordubadi 24 mart 1872-ci ildə Ordubad şəhərində dünyaya gəlmişdir. İlk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. Lakin əsl təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə — üsuli-cədid məktəbində alır. Öz dövrunə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynamışdır.
1903-çü ildə "Şərqi-Rus" qəzetində Ordubadinin qəzetin nəşrə başlanmasını alqışlayan şeri çap olunur. Bu, şairin mətbuatda çıxan ilk əsəri idi. Şerinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış etməyə həvəsləndirir.
Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tiflisdə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tbilisidə "Qəflət", 1 907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. Ordubadinin "Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. O, Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazə həyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-Əmir" jurnallarında da yaxından iştirak edirdi. 1906-cı ildə şairin "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabçaları çapdan çıxır. Hər iki kitabda müəllifin maarifçi fikirləri öz əksini tapmışdır.
M.S.Ordubadinin məktəb və müəllim haqqında düşüncələrini ifadə etmək baxımından yazıçının “İki çocuğun Avropaya səyahəti” əsəri xüsusi əhəmiyyət kəsb etməkdədir. Bu əsəri ilə müəllif belə bir ideya irəli sürür ki, ölkədə təhsil sistemi elə qurulmalıdır ki, cəmiyyətin hər bir üzvü təhsil ala bilsin. Yazıçı “İki çocuğun Avropaya səyahəti” əsərində alman xalqının həyat fəlsəfəsində elmin nə qədər mühüm yer tutduğunu nümunə göstərərək vurğulayır ki, almanların fikrincə, elmsiz insanın vətəninə və millətinə daha çox zərəri dəyə bilər: “Almanlarca elmsiz və sənətsiz kişinin millət və vətəninə məzərrətindən (zərərindən) başqa mənfəəti olmaz, deyib elmsizləri görmək, söhbət və laqqırtısına qulaq vermək də istəməzlər”.
M.S.Ordubadi bir maarifçi olaraq düşünmüşdür ki, hansı səviyyədə yaşamasına baxmayaraq cəmiyyətin hər bir üzvü məktəbə cəlb edilməli, təhsil almalıdır. Öz maarifçilik mübarizəsini son dərəcədə inamla aparan M.S.Ordubadi cəmiyyəti avropalaşdırmaq işində Avropa təhsili almış müəllimlərin böyük qüvvə olduqlarını xatırlatmış, onların birliyi ilə mühafizəkar insanların qorxuya düşmələrini qələmə almaqla yenilik tərəfdarlarını ilhamlandırmağı da lazım bilmişdir.
Məmməd Səid Ordubadi 1908-ci ildə dərc etdirdiyi bir xatirəsində uşaqların təlim və tərbiyəsi ilə maraqlanmayan, məktəblər açmaq işinə yardım göstərməyən sərvətlilərə qarşı kəskin hücuma keçirdi. O, ötən illəri, Ordubadda Məhəmməd Tağı Sidqinin təşəbbüsü ilə açılan “Əxtər” məktəbi, sonra müəllimlərin vəbadan vəfat etməsini, görkəmli pedaqoq-alim Sidqinin Naxçıvana köçməsini, beləliklə də məktəbin qapanmasını xatırlayır, məktəb bağlanan gün şagirdlərin necə pərişan olduğunu, pəncərədən boylanıb yazı taxtasına baxa-baxa göz yaşı axıtdığını, köhnəpərəstlərin isə həmin günü bayram kimiqeyd etdiyini ürək yandıran ifadələrlə təsvir edirdi. Xatirədə deyilirdi ki, “Şərqi-Rus” qəzeti çıxandan bəri məktəb açmaq barədə bir çox məqalə dərc olunmuş, məktəbsiz uşaqlar dəfələrlə öz dərdlərini yazıb “İrşad” və “Həyat” qəzetlərinə göndərmişlər, ancaq bu təşəbbüslərin heç biri fayda verməmişdir.
Görkəmli maarifçi “Məktəb xatirəsi” adlı publisist yazısında dövlətliləri məktəb açmaq üçün vəsaiti əsirgəməməyə çağırır, bütün həmvətənlərinə üz tutaraq deyirdi: “Qardaşlar! Günü günə, saatı saata satmaq əbəsdir.Məktəb bu gün açılsa, sabahdan nə qədər faydalı olduğunu cümləmiz düşünürük”.
Ordubadi "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir.
M.S.Ordubadinin "Həyatım və mühitim" əsəri təkcə ədibin həyatı və yaradıcılığı haqqında deyil, dövr haqqında geniş məlumat verən bir əsər kimi qiymətlidir və M.S.Ordubadinin geniş bilik sahibi olduğunu təsdiq edir.
Yazıçının ən dəyərli əsərlərindən bir "Qanlı sənələr"dir. 1905–1906-cı illərdə Qafqazda, xüsusən Azərbaycanda ermənilərin törətdiyi qanlı hadisələri
M.S.Ordubadi özünün canlı müşahidələri və 245 müxbir məktubu əsasında tarixi faktlara əsaslanaraq qələmə almışdır. Azərbaycan SSR Ali Sovetinin (1–3-cü çağırış) deputatı seçilmiş, Lenin ordeni və "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Azərbaycanda bir sıra küçəyə, mədəni-maarif müəssisəsinə Ordubadinin adı verilmiş, Ordubadda və Bakıda ev-muzeyi yaradılmış, Naxçıvanda büstü qoyulmuşdur.
M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat etmişdir.
Ümummilli Lider Heydər Əliyev Məmməd Səid Ordubadinin yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirərək öyrənilməsini tövsiyə edirdi:
“Məmməd Səid Ordubadinin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Məmməd Səid Ordubadinin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur.
Məmməd Səid Ordubadi əsərlərini alimlər təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. Bəlkə də böyük dərya kimi heç onun hamısını əhatə edə bilməyəcəklər. Ancaq bununla yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Məmməd Səid Ordubadinin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə”
“Ordubadinin ədəbi irsi ilə tanış olduqda adam heyrətdən özünü saxlaya bilmir. İnsan nə qədər yazıb-yaradarmış!”
Abbas Zamanov, filologiya elmləri doktoru, professor
“M.S.Ordubadi öz tarixi romanlarını qələmə aldığı vaxt Azərbaycan ədəbiyyatında tarixi roman janrı yaranmamışdı və izlənməli bir nümunə yox idi”.
Mir Cəlal, ədəbiyyatşünas, professor
Allah rəhmət eləsin!
Tarix: Bu gün, 09:30
Xəbəri paylaş
