İlqar Orucov: Açıq elm bu gün dünya elmi ictimaiyyəti üçün aktual trendlərdən biridir

Bu gün üç innovativ kitabın təqdimatı münasibətilə bir araya gəlmişik. Bu nəşrlərin hər biri yalnız Azərbaycan alimləri üçün deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tədqiqatçılar üçün müasir elmi istiqamətləri əhatə edən mühüm mənbələrdir.
Biz 2016-cı ildən etibarən ölkəmizdə açıq elm hərəkatının təşviqi istiqamətində fəaliyyətə başlamışıq. Hesab edirəm ki, açıq elmin təşviqi elmin demokratikləşdirilməsinə, şəffaflığın təmin olunmasına və elmi biliklərin qapalı laboratoriyalardan çıxaraq hər kəs üçün əlçatan olmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri, “Açıq elmin öyrənilməsi üçün 12 modul” kitabının müəllifi İlqar Orucov deyib. O bildirib ki, açıq elm artıq qlobal miqyasda geniş vüsət alan böyük bir hərəkatdır: “Bu istiqamətdə dünyanın aparıcı beynəlxalq elmi təşkilatları tərəfindən çoxsaylı tövsiyələr verilib, müxtəlif bəyanatlar qəbul olunub. Hesab edirəm ki, açıq elm bu gün dünya elmi ictimaiyyəti üçün aktual və müasir trendlərdən biridir.
“Biz süni intellektə güvənirik: Güc, illüziya və proqnozlaşdırıcı alqoritmlərə nəzarət” kitabı tanınmış alim Helqa Novotnının kitabının Azərbaycan dilinə tərcümə edilmiş ilk nəşridir. Düşünürəm ki, kitab süni intellektin inkişafı ilə yanaşı, onun etik aspektlərinin vacibliyini də ön plana çıxarır.
Digər “Təmiz enerjiyə keçid: aşağıkarbonlu dünya üçün siyasətlər və strategiyalar” kitabı isə sıfır karbonlu dünya uğrunda aparılan qlobal hərəkat, bu sahədə formalaşan siyasətlər və strategiyaların təhlilinə həsr olunub. Kitab kifayət qədər aktual mövzunu əhatə edir. Hesab edirəm ki, həm Azərbaycan alimləri, xüsusilə bu istiqamətdə araşdırma aparan tədqiqatçılar, həm də dövlətimizin müvafiq siyasətini həyata keçirən aidiyyəti qurumlar üçün dəyərli mənbə olacaq”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.
Tarix: Bu gün, 16:50
