“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb



Mayın 6-da Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin 20 ildən artıqdır ki, Azərbaycanda Heydər Əliyev irsinin gənclərimiz arasında təbliğ edilməsində, öyrənilməsində xüsusi rol oynadığını vurğulayıb. O bildirib ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən və Azərbaycan dövlətini böyük inkişaf mərhələsinə gətirib çatdıran Prezident İlham Əliyevin də gənclərimizə tövsiyəsi onların Ulu Öndərin vəsiyyətinə əməl edərək ən müasir biliklərə yiyələnməsidir.
Elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat" müsabiqəsinin Azərbaycanın köklü, ənənəvi təhsil müsabiqələrindən birinə çevrildiyini söyləyib. O bildirib ki, Ulu Öndərin irsinin öyrənilməsi, onun fikir və ideyalarının yeni nəsil gənclər arasında təbliği olduqca vacibdir.
YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov gənclərin yalnız rəqəmsal texnologiya istifadəçisi deyil, eyni zamanda milli maraqları daim üstün tutan, yüksək mənəvi dəyərlərə malik, vətənpərvər şəxsiyyətlər kimi formalaşmalı olduqlarını vurğulayıb. Bildirib ki, ənənəvi xarakter almış ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsi Heydər Əliyev irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi, milli dəyərlərimizə sadiq, vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib. Müsabiqədə iştirak edən şagirdlərin çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib, hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Bu mərhələdə şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat etmiş, onların çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, 33 nəfər müsabiqənin qalibi olub. Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.
Tarix: Bu gün, 13:36
