Əli Əhmədov: “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev irsinin təbliğ edilməsində xüsusi rol oynayır

Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi, əbədiləşdirilməsi məqsədilə məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi haqqında qərar qəbul etdik. İyirmi ildən çoxdur ki, Azərbaycanda Heydər Əliyev irsinin gənclərimiz arasında təbliğ edilməsində, öyrənilməsində bu müsabiqə xüsusi rol oynayır. Heydər Əliyev həmişə vurğulayırdı ki, hər bir xalqın əsas dayağı, istinad nöqtəsi gənclərdir. O, gənclərə həmişə iki tövsiyəsini bildirərdi; birincisi, vətəni sevmək, sözün həqiqi mənasında vətənpərvər olmaqdan ibarət idi. İkincisi isə elmə, biliklərə yiyələnmək, müasir texnologiyaları və vərdişləri öyrənməklə əlaqədar idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, gənclər Heydər Əliyevin irsini öyrənməklə onun vətənpərvər olmaq ideyasını reallaşdırırlar: “Bu məktəbi keçənlərin hər biri Heydər Əliyevin arzuladığı vətənpərvər vətəndaş olurlar. Elmə, biliyə, ən müasir bacarıqlara yiyələnmək istiqamətində Heydər Əliyevin tövsiyəsinə əməl edirlər. Heydər Əliyevin siyasətini uğurla davam etdirən və Azərbaycan dövlətini böyük inkişaf mərhələsinə gətirib çatdıran Prezident İlham Əliyevin də gənclərimizə tövsiyəsi Heydər Əliyevin vəsiyyətinə əməl edərək ən müasir biliklərə yiyələnməkdir. Bu bilikləri Azərbaycanın iqtisadiyyatının və ictimai həyatının bütün sahələrinin inkişafına yönəltmək, enerjilərini, bacarıqlarını və vətənpərvər baxışlarını ölkənin tərəqqisi naminə səfərbər etməkdən ibarətdir. Azərbaycan gəncliyi Azərbaycanı daha da irəliyə aparmaq üçün öz enerjisindən, qabiliyyət və bacarıqlarından istifadə etmək həvəsi ilə yaşayan insanlardır”.
Tarix: Bu gün, 12:02
