Tahir Budaqov: “Ən yaxşı təqdimat” müsabiqəsi vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir
Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın tərəqqisinə xidmət edən misilsiz işlər görüb. Ulu Öndərin xalqımızın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri də tarixi ənənələrə, milli dəyərlərə və zamanın çağırışlarına uyğun mütərəqqi gənclər siyasətinin həyata keçirilməsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib. O bildirib ki, Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman intellektual və vətənpərvər gəncliyin yetişməsi istiqamətində mühüm tədbirlər həyata keçirməklə müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaradıb: “SSRİ dönəmində yüzlərlə azərbaycanlı gəncin İttifaqın nüfuzlu ali məktəblərində təhsil alması üçün həyata keçirilən tədbirlər Azərbaycanın gələcəyinə istiqamətlənmiş strateji əhəmiyyətli addımlar idi.
Müstəqillik illərində isə hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna paralel olaraq təhsil sisteminin modernləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilib və mühüm nailiyyətlər qazanılıb. Ümummilli Liderimizin “Təhsil millətin gələcəyidir” prinsipi bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi aktuallığını qoruyub saxlamaqdadır”.
Tahir Budaqov qeyd edib ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən Prezidenti İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı prioritetlərdən biri kimi müəyyən edilib: “Ölkəmizdə insan kapitalının gücləndirilməsi və bilik iqtisadiyyatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir. Müasir məktəb və universitet infrastrukturlarının yaradılması, xaricdə təhsil proqramlarının genişləndirilməsi, rəqəmsal transformasiya və innovativ təhsil mühitinin təşviqi Azərbaycanın gələcəyinə hesablanmış mühüm addımlardır. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən reallaşdırılan sosial və humanitar təşəbbüslər, xüsusilə təhsilin inkişafına hədəflənmiş layihələr bu istiqamətdə qarşıda duran hədəflərin gerçəkləşdirilməsinə mühüm töhfələr verir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr nəticəsində ölkəmizin müxtəlif bölgələrində yüzlərlə məktəb binasının tikilməsi və əsaslı şəkildə yenidən qurulması da təhsilə göstərilən diqqət və qayğının parlaq nümunəsidir”.
Tahir Budaqov gənclərin yalnız rəqəmsal texnologiya istifadəçisi deyil, eyni zamanda milli maraqları daim üstün tutan, yüksək mənəvi dəyərlərə malik, vətənpərvər şəxsiyyətlər kimi formalaşmalı olduqlarını vurğulayıb: “Bunun üçün qloballaşma şəraitində milli kimliyimizi, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub yaşatmalıyıq. Ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilən ənənəvi “Ən yaxşı təqdimat” müsabiqəsi də Heydər Əliyev irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi, milli dəyərlərimizə sadiq, vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu cür layihələr gənclərdə dövlətçilik təfəkkürünün möhkəmləndirilməsi, liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi və milli ideologiyaya bağlılığın artırılmasında müstəsna rola malikdir”.
Tarix: Bu gün, 12:04
