Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Novruz adətləri: Tarixilik və müasirlik



 

"Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir... Bu, azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır".

Ümummilli Lider Heydər Əliyev
 


“... Bu, azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır” deyən Ulu Öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması idi. Milli bayramımız olan Novruz məhz Ulu Öndərin səyi sayəsində ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə xüsusilə kütləvi şəkildə qeyd olunmağa başladı. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz şənlikləri xalqımızın həyatına əbədi olaraq daxil oldu. Dahi şəxsiyyət mütəmadi olaraq hər il xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, ümumxalq şənliklərinə şəxsən qatılır, insanlarla birbaşa səmimi ünsiyyətdə olur, xalqla birgə bayram sevincini yaşayırdı. 
Ulu Öndərin qeyd etdiyi kimi, Novruz bayramı insanlığın ibtidai dövrlərindən başlamış ən müxtəlif tarixi inkişaf mərhələlərindən keçərək həyat tərzinin izlərini özündə yaşadır, bu günə çatdırır və gələcəyə ərmağan edir. Bu unikal təqvim mərasimi ötən əsrlər ərzində müxtəlif tarixi dövrlərdə müəyyən dəyşikliklərə məruz qalsa da öz ilkin yaranma məqamındakı mahiyyətini və təsirini bu günə qədər hifz edib qorumaqdadır. 

Prezident İlham Əliyev ötən il Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur”.
Bu bir həqiqətdir ki, təbiət və cəmiyyətdəki əzəmətli, möhtəşəm hadisələr xalqın tarixi yaddaşına yüklənir və minilliklər boyu orada özünə yer edərək gələcəyə ötürülür. Şübhəsiz ki, zaman, məkan, miqyasın dəyişməsinin, ictimai-siyasi quruluşların, etiqadların, dinlərə sitayişin bir-birlərini əvəz etməsinin Novruza müəyyən təsirinin olmasına baxmayaraq, bu misilsiz bayramı nə qədər öz çevrələrinə daxil etməyə çalışsalar da buna nail ola bilməmişlər. 

Novruz adətlərinin tarixin süzgəclərindən keçib günümüzə qədər çatan mənzərəsindən belə bir nəticə çıxarmaq olar ki, müxtəlif tarixi zamanlar daxilində sosial-siyasi hadisələrlə qaynayıb qarışması, eləcə də yayıldığı arealın genişliyi və bu müddətin uzun zamanı əhatə etməsi həmin adətlərdə öz izlərini qoyub. Bu bir daha sübut edir ki, Novruz mərasimi bəşəriyyətin ilk, ibtidai çağlarından üzü bəriyə gələn inkişaf yolunun canlı şahididir. Novruz adətlərində hər ictimai və hər tarixi mərhələnin müəyyən bir izini görmək mümkündür. Bu da əsasən bəşər övladının, insanlığın daima “yeni günə”, “yeniyə qovuşma” və bolluğa, işığa çatma istəyi və diləyi ilə izah olunur.
Bir dilək və ümid bayramı kimi Novruz din, sinif, bölgə hüdudlarını aşaraq beynəlxalq status qazanıb və insanlığın yaranma tarixi hesab edilir. Təsadüfi deyil ki, Novruz təbii olaraq bir çox xalqların tarixi kimliyinə və mədəniyyətinə daxil olub.

Burada qeyd etmək yerinə düşər ki, Novruzun beynəlxalq müstəvidə tanıdılması və qorunması məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Məhz onun səyi nəticəsində xalqımızın əziz bayramı Novruz 2009-cu ilin sentyabrın 30-da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu, Azərbaycanın milli irsinin dünyada tanınması və qorunması istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir. 

Novruz bayramı təkcə milli bayram olmaqla qalmır, həm də ümumbəşəri dəyərləri özündə ehtiva edir. Yaranışın ilk dövrlərinə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, bütövlükdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” kimi elan olundu. Bu qərar Novruzun sülh, həmrəylik və mədəni müxtəlifliyin təcəssümü olduğunu bir daha sübut edir. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilən UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci iclasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz Bayramı nominasiyasına qoşuldu.

Tarixi xalq yaradır. Bəşər cəmiyyətinin yaranması, tarixi, inkişafı və bu günü haqqında müxtəlif yönlü fikir, düşüncə və ideyalar mövcuddur. Qeyd etdiyimiz kimi, insan cəmiyyəti müəyyən inkişaf mərhələlərindən keçərək bugünkü müasir səviyyəyə gəlib çatmışdır. Heç bir adət, ənənə, mərasim və ayinlər hər hansı bir xalqa hazır şəkildə bağışlanmamışdır. Xalq bu adət, ənənə, mərasim və ayinləri özü yaratmış, çağdaş dövrümüzə qədər hifz edib saxlamışdır. Simvolik ayinlər və deyimlər xalq arasında yaşayır, onun müsbət və mənfi səpkili yaradıcı mənəvi qaynaqlarını bu günə qədər yaşatmışdır.

Novruzun mifoloji və tarixi baxımından təhlilləri göstərir ki, bu qədim mərasim öz başlanğıcını insanlığın ibtidai çağlarından götürərək ən müxtəlif tarixi inkişaf mərhələlərindən keçmişdir. Novruz mərasimi bu mərhələlərin hər birində həyat tərzinin izlərini özündə yaşadaraq tarixi bu günə, sabaha daşıyır. Novruz minillər keçsə də, ötən dövrlərin digər motiv və obrazları ilə qaynaq edilsə də yenə öz ilkin, təbii yaranışındakı əsil mahiyyətini itirməmiş, indiyə qədər qoruyub saxlamışdır. 
Novruz əzəli çağlardan bu günümüzə qədər “yenidən yaradılış”, “yeniyə qovuşma”, “yeni il”, “yenidən doğuş”, “yeni yaşam” mənalarını verməklə həm də özündə təbiətin oyanışını, canlanmasını, insan ruhunun yeniləşməsini, göy cisimlərinin yeni bir düzüm yaratması çalarlarını əks etdirir. İnsan ruhunun yeniləşməsi, diriliş, qurtuluş və s. də bu qəbildəndir.
“Yeni gün” mənasını verən Novruz Günəş təqviminin yeddinci ayı olan Fərvərdinin birinci gününə - martın 21-nə uyğun gəlir və baharın başlanğıcına təsadüf edir.  
Bu gün yaşanan və anılan mif və rəvayətlər, əfsanələr heç də əsassız deyildir. Bütün bunlar xalqın yaradıcı mənəvi, fəlsəfi və bədii təxəyyülünün məhsuludur. Müəyyən mifik hadisələrin yalnız xalq təxəyyülünün məhsulu deyil, həm də xalqın bilavasitə tarixi və taleyi ilə bağlı olmasını fikrini də qeyd etmək lazımdır.
Xalqın böyük mədəni sərvəti, mənəvi intellekti onun incəsənətində, ədəbiyyatında, hazırda mövcud olan adət-ənənələrində öz izlərini saxlamaqdadır.

Xalqımızın mədəni həyatında, gündəlik yaşayış normalarında adət-ənənələrin, mərasim və ayinlərin xüsusi rolu vardır. Bu adət-ənənə, mərasim və ayinlər köklərini neçə-neçə əsrlər bundan əvvəlki tariximizdən alıb müasir günümüzə qədər yaşatmışdır. Bunların içərisində toy və yas mərasimləri, mövsum və mərasim ayin oyunları, adət və ənənələrimiz önəmli yer tutur. Bütün bu ayinlərin mərkəzində tarixilik amilinin əsas olduğunu vurğulamaq lazımdır.
Xalqın inamı da, etiqadı da bu ayinlərdə öz əksini tapır. Bütün Şərq dünyasında olduğu kimi, Azərbaycan xalqının da həyatında Novruz bayramının xüsusi yeri vardır. Novruz adətlərinin yaranması xalqın inam və etiqadını müəyyən dərəcədə özündə əks etdirir. Bu adət-ənənələrə müxtəlif istiqamətli fəlsəfi, elmi və tarixi yanaşmalar ola bilər.
Təbiətə sitayiş, təbiətin qış yuxusundan ayılması ilə bilavasitə əlaqədar olan Novruz adət və mərasimləri qədim tarixə malikdir. Bu bir həqəqətdir ki, zaman keçdikcə, əsrlər ötdükcə bu mərasimlər şamanlıq, atəşpərəstlik, islam kimi dinlərin və etiqadların təsiri nəticəsində bir sıra dəyişikliklərə uğramış və nəticədə yeni-yeni elementlərlə zənginləşmişdir.

Azərbaycan məkanında Novruza aid meydan tamaşa və şənliklərinin tarixi çox qədimlərə gedib çıxır. Onlara misal olaraq “Kosa ilə gəlin”, “Kəndirbaz”, “Kosa evlənir”, “Novruz”   tamaşalarını, “Kosa-kosa” meydan şənliyini və s. göstərmək olar. Mart ayının 21-də göstərilən “Novruz” tamaşasında ağsaqqal (halay başçısı), ağbirçək (halay ayaqçısı), milli geyimdə on və daha artıq oğlan və qızlardan ibarət rəqs qrupu, zurnaşılar dəstəsi, sazəndə dəstəsi, aşıq, müğənni, kosa, pəhləvan, kəndirbaz və tamaşaçılar iştirak edirdilər. Bu tamaşada hadisələr belə cərəyan edirdi: Kəndirbaz zurnanın müşayiəti ilə kəndirdə müxtəlif nömrələr göstərirdi. Arada zurnaçı çalğısına fasilə verir, müğənni isə dumbulun (nağaranın əvvəlki adı - dumbul) ritmi ilə oxuyurdu. Kosa görəndə ki, camaat payı keçi və onun balalarına verir, əlindəki dəyənəklə keçini döyür, balalarını qovurdu. Keçi şahə qalxıb kosanı böyürdən vurur və kosa yerə yıxılırdı. Kosanı ölmüş bilən keçəpapaq yalandan özünü ağlayan kimi göstərirdi. Kosa birdən xortlayıb qalxır və tamaşaçılarla sözləşirdi. Sonra hamı kosanın ətrafında yallı gedirdi.
Axır Çərşənbə və Novruz günlərində göstərilən tamaşalardan biri də “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” tamaşası idi. Bu beş hissəli xalq dramında iki qardaş, bir mülkədar, iki öküz və sazəndə (çalğıçı) dəstəsi iştirak edirdi.   

 Novruz bayramının ortalarında keçirilən oyunlardan biri də “Mil oyunu” adlanırdı. Bu oyun zamanı oyunçular hərə iki əlinə mil alıb növbə ilə sağ və sol qollarını yuxarı qaldırır və aşağı endirir, başları üzərinə qaldırırlar. Sonra oyunçular təbilin yavaş, iti və yenə də yavaş ahənginə uyğun mili hərləyirlər. Bəzən tək əllə yuxarı atıb dəstəsindən, mahir oyunçular isə onu qıçın altından atıb havada tuturlar. Bundan sonra qurşaq yapışırlar. 
Yuxarıda adları çəkilən tamaşalardan əlavə bir və ya iki nəfər tərəfindən Novruz mərasimi zamanı cıdır, zorxana, xoruz döyüşü, yumurta döyüşdürülməsi və digər əyləncə tamaşalarından sonra fərdi tamaşalar da göstərilirdi. Bu tamaşalar zamanı fitlə meydan qızışdırılır, döyüşə həvəsləndirilən mahnılar oxunur, təbilin sədaları altında iti rəqslər ifa olunurdu. Həmin meydan tamaşaları bu günümüzdə göstərilməsə də onlardan bəziləri müəyyən dəyişikliklər edilməklə ifa olunur. Bəziləri isə müasirləşib, dövrümüzə uyğunlaşdırılıb ki, bu da təbiidir. “Qulaq falı” və ya “qapı pusmaq” da qədim adətlərdəndir. Qeyd etmək lazımdır ki, “torba atmaq”, “qurşaq atmaq” və ya “şal sallamaq” da qədimdən qalan adətlərdəndir.

Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər də öz təsirlərini göstərmişdir. Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Novruz bayramının ritual əsaslarının təhlilindən gəldiyimiz qənaətlərə görə, onun yaranışı nə zərdüştlüklə, nə də islam dini ilə əlaqəlidir. Çünki burada müşahidə olunan arxaik ritual elementləri şaman, buddist, xristian və müsəlman türklərin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır.
Bilavasitə baharın, yazın, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il bayram edilən Novruz çox əski çağlardan bəri elə «Novruz» olaraq adlandırılmışdır.
Şərq müəlliflərinin Novruzun tarixi barədə vеrdiyi məlumatlar çox qarışıqdır və çоx zaman bu məsələyə dini еtiqadları qarışdırdıqlarından tarixi həqiqətə gedib çıxmaq olmur, yəni əsil tarix arada itir gеdir.
Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşğarlı Mahmudun “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik. 

Tarixi məlumatlara görə, qədim dövrlərdə Novruz bayramı bir ay davam edirdi. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilib, qohum və dostlara baş çəkilib, qohum və yaxınların məzarları ziyarət edilib, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulub.
Novruz vaxtı diqqəti daha çox cəlb edən prinsiplərdən biri də “abi-atəş-xaki-bad” dördlüyüdür. Bunu da başa düşmək olar. Çünki əgər Novruz yeni gün, yeni il, yeni həyat, yeni yaşam, yeni doğuşdursa, demək, həm də yeni yaranışdır.       
Bu mənada həyatı, yeni yaranışı şərtləndirən məşhur “abi-atəş-xaki-bad” dördlük sisteminə fəlsəfi və düşüncə çərçivəsində müxtəlif baxışlar və nəzərlər olmuşdur. Həmin dördlüyün verdiyi məna və çalarlara diqqət etsək, onların hər birində Novruzla bağlı sıx əlaqələrin olduğunu aydın görərik. Məhz bu baxımdan da Novruzun adət və ənənələri, mərasimlərində bu dördlüklə bağlı çoxlu əlamətlərə rast gəlinir. 

Söylənilənlərə rəğmən yaranışın əsas şərtlərindən olan və hamı tərəfindən qəbul olunan “abi-atəş-xaki-bad” dördlük sisteminə yenidən nəzər yetirməyimiz vacibdir. Çünki burada xalqın simvolik və mifik təsəvvürləri məhz bu aspektdə öz real cavabını tapır.

a) Ab-Su müqəddəsdir, paklıq və təmizlikdir. Su dirilikdir. Su olmasa, canlı aləm yaşaya bilərmi?
Doğrudan da, su bütün mənbələrdə yaşayış və dirilik rəmzi kimi diqqəti cəlb edir. İlk növbədə, bayram süfrəsinə oturarkən evin ən kiçik övladı ailənin böyüyünə “əl suyu” verir. Ailə başçısı bunun müqabilində “əl suyu” verənə xələt verir. Bayram günlərində səhər obaşdan quyu başına, yaxud axar çay kənarına gedərlər. Bu da simvolik mənada təmizlik, paklıq, dirilik deməkdir. Səhər obaşdan ana uşaqlarını yuxudan durğuzarkən onlara “müqəddəs su” səpir və çubuqla “döyür”. Ayini icra edərkən uşaqlarını daha tez böyüməsini arzulayır. Nəhayət, çərşənbə, yaxud müqəddəs “bayram suyu” ilə hamı təmizlənməlidir. Bu bir daha xalqın suya müqəddəs bir nemət kimi baxdığını göstərir.

Novruz gecəsinin sabahısı da axar su üstünə gedib, ayinlər icra edilməklə köhnə ilin ağırlıqlarından xilas olurlar. Axşamdan boş saxladıqları qabları da yeni il suyu ilə doldurub gətirirlər. Bu sudan evdə pal-paltarın, yorğan-döşəyin, həmçinin mal-qaranın, bağ-bağatın, əkiləcək yerlərin üstünə də səpirlər. Bununla da il boyu özlərinin sağ-salamat olacaqlarına, bağ-bağatın, mal-qaranın məhsuldarlığına inanırlar. İnanırlar ki, oğul-uşaq böyütmüş qadın hamıdan tez gedib yeni il suyu gətirsə, bu sudan uşağı olmayanlara içirsə, onlar da övlad sahibi olarlar. Novruz bayramından başlamış on-on iki gün müddətində dost-tanış, qohum-əqrəba bir-birinin evinə bayramlaşmağa gedər, bayram sovqatı apararlar. Küsülü olanlar da mütləq barışmalıdır.

b) Atəş-Oda sitayiş, odu müqəddəs hesab etmək. 
Adətlərimizdə bayram günləri və ilin axır çərşənbə günü tonqal yandırılır. Adətə görə, 1, 3, 7 ola bilər. Ölkəmizin cənub rayonu olan Astarada, adətən, 7 tonqal yandırılır. Xalqın inamına görə, od çox şeyi yandırır, yox edir, pisliyi məhv edir. Odun üstündən tullanarkən insanlar bütün bəlalarını deyim şəklində, arzu və istək şəklində deyirlər. İnama əsasən, bəlalarını oda tökub yandırırlar. Eyni zamanda xoşbəxt yaşayış və arzuları ücün niyyətlər edib müqəddəs oddan istəklərini diləyirlər. Deməli, bu, insanların odu müqəddəs hesab etmələridir. 

Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan «Qodu xan» oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk mifologiyasından qaynaqlandığını sübut edir. Od kultunun yaradılışla əlaqəsi isə ilk dəfə olaraq epizodik də olsa Mirəli Seyidovun tədqiqatlarında əksini tapıb. Qam-Şaman mərasimindən söhbət açan alim yazır: «Törəndə, ocağın çevrəsində oturanlar dəfi gündoğan yöndən günbatana dığırlayırdılar. Dəfin gündoğandan günbatana doğru hərəkəti sözsüz ki, günəşə inamla ilişgilidir. Qamlar dəfə yaranışın bəlgəsi kimi baxırdılar. Yaradılış kosmoqoniya ilə ilişgili bu görüş öz əksini qam-şaman dəfində tapmışdır». Göründüyü kimi, alim şaman dəfini günəşin və yaradılışın simvolu kimi izah edir. Odun türk-mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdilər. Odla bağlı türk-mifik görüşləri müəyyən mənada atəşpərəstliklə birləşərək, Novruz bayramının ritual semantikasına transformasiya olunmuşdur. Lakin diqqətlə baxıldıqda odun Novruz bayramının mərasim sistemində oynadığı funksiyanın genetik kökləri etibarilə yaradılışa gedib çıxdığının şahidi oluruq. Onun nəsil və soyun qoruyucusu olması sistemi bunu daha bariz göstərir: «Atəş türk xalqlarında müqəddəsliyi, qutsallığı qoruyan varlıqlardan biridir. Əski düşüncəyə görə, atəş ocağı, ocaq da evin, soyun davamını təmsil edir. Atəş tanrısı atəşi və ocağı qoruyur. Atəşə su tökülməz, ona pis söz deyilməz».

c) Bad-Külək, yaxud hava müqəddəsdir. Hava olmasa, həyat sönməzmi? Bu həqiqət deyilmi? 
Əsən isti küləklər yazın gəlişindən xəbər verir. Yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Bəlaların rədd edilməsində də hava, külək köməyimizə gəlir.
Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu mifin məntiqdən irəli gələrək yel çevik bir varlıq kimi təsəvvür edilmişdir. Bu təsəvvürlər daha çox «Yel baba» mifik obrazında ifadə olunmuşdur. Bəzi hallarda mənfi mənada da xatırlanan Yel baba əksərən müsbət obrazda özünü göstərir. 
Novruz şənliklərində ifa olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Yel babaya müraciətlə deyilir:
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Altına ver samanı.
Dən dağılıb dağ olsun,
Mənim canım sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl, baba.
Bayram gecəsi üzərlik yandırılması da adətlərdən biridir. Onun tüstüsü evə, durdumana verilir. Yaxud da onun tüstüsü ailənin bütün üzvlərinə “üfürülür”. Bundan da bir məqsəd güdülür: bəd-nəzərdən, qəzavü-qədərdən, gözlənilməz bədbəxt hadisələrdən saqınmaq. Təbii ki, burada xalqın inamı, etiqadı simvolik, mifik bir mənada başa düşülür.

ç) Xak-Torpaq müqəddəs və həyat rəmzi kimi anlaşılır. Torpaq Anadır. Anasız həyat ağılasığmazdır. Bu Anasız mövcud aləm: insanlıq, nəbatat, heyvanat, həşərat necə yaranar, harada qərar tuta bilərdi? Ata göylər öz Günəşi (odu, istisi), suyu (qarı-yağışı, nəmi) və havası (küləyi, yeli) ilə daim Ana torpağa həyat bəxş edir. 
Çox şeyin əvvəli torpaq olduğu üçün, sonu da torpağa çevrilməklə nəticələnir. Dinə görə də, Adəm Atanın mayası da torpaqdan, uca Tanrıdan alınmışdır. Torpaq ruzi, bərəkət, yaşayış, həyat rəmzidir. Bəlkə, elə buna görə də, Bahar, Novruz rəmzi kimi anlaşılan Səməni ilk əvvəl göyərdilir. Bu isə yaşayış, dirilik simvolu deməkdir. Novruzdan bir qədər əvvəl Səməni qoyularkən, ilk növbədə onun torpağı yerdən götürülür. Torpaq əbədilik simvolu, yaşayış rəmzidir.

Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək dini mifoloji mənaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.

Bu dörd mühüm ünsürün vəhdəti və məhəbbətindən qüdrət doğulur, kainatın möcüzələri yaranır.
Xatirinizdədirsə, yuxarıda belə bir fikir söyləmişdik ki, müxtəlif tarixi zamanlar daxilində sosial-siyasi hadisələrlə qaynayıb qarışması, eləcə də yayıldığı arealın genişliyi və bu müddətin uzun zamanı əhatə etməsi Novruz adətlərində öz izlərini qoyub. Xalq öz aləmində ən çox sevdiyi bayram adətlərinə öz yanaşması, öz düşüncəsi, maraq və diqqəti ilə rəngarənglik qatmağa çalışır. Fikrimizcə, zaman və məkan daxilində müəyyən ərazilərdə çərşənbələrin yaradılmasında da məhz bu amil rol oynaya bilər. Ululardan qalma qədim el adətlərimizdən olan tonqal qalanması, göyə üsgü, lopa atılması, bayram süfrələrinin düzəldilməsi tarixdə rast gəlinib. Bu adətlərin çərşənbələrə (daha dəqiq desək, çərşənbə axşamlarına) təsadüf etməsinin də səbəbi də çox düşündürücüdür. Nə üçün məhz çərşənbə axşamı? Bu sahədə axtarşlarını aparan professor Məhərrəm Qasımlı görkəmli maarifçi Məhəmməd ağa Şahtaxtinskinin 1880-ci ildə Tiflisdə çıxan “Obzor” qəzetində çap etdirdiyi “Novruz bayramı” məqaləsindən sitat gətirir. Həmin mötəbər qaynaqda deyilir: “Çərşənbə ağır gün, ilaxır - ilin axır çərşənbə axşamı isə ondan betər hesab olunur. Odur ki, çərşənbənin ağırlığını yüngüllləşdirmək üçün müxtəlif vasitələrə əl atırlar. Deyilənə görə, axır çərşənbəni quş kimi ötüb keçməyən adam təzə ildə dərd-sərə tutulur”. Məhz bu baxımdan da ilaxır çərşənbədə icra olunan bütün mərasim, oyun və əyləndirici vasitələr insanları yüngülləşdirir, saflaşdırır və onlara yeni ovqat, yeni ruh aşılayır, eyni zamanda yeni günün gəlişinə və qəbuluna psixoloji cəhətdən hazırlayır.    
Bir məsələni qeyd etmək lazımdır ki, çərşənbələrin müxtəlif ərazilərdə müxtəlif adlarla adlandırılmasına da rast gəlinir. Məsələn, "Əzəl çərşənbə", “Müjdəçi çərşənbə”, “Toz çərşənbə”, “Yel çərşənbə”, “Xəbərçi çərşənbə”, “Kül çərşənbə”, “Külə çərşənbə”, “Su çərşənbə”, “Gül çərşənbə”, “Torpaq çərşənbə”, “Yer çərşənbə”, “Ölü çərşənbə”, “Ata-baba günü çərşənbəsi”, “İlaxır çərşənbə”, “Od çərşənbəsi” və s. Bu, məncə, xalqın öz əziz bayramını daha çox sevdiyindən, onu daha rəngarəng, daha zəngin görmək istəyindən irəli gəlir. Əlbəttə, çərşənbələrin adlandırlımasında bəzən uyğunsuzluq olsa da bu, ümumi kontekstə xələl gətirmir. Məsələn, “od çərşənbəsi”. Bildiyimiz kimi, çərşənbələrin hamısında od-tonqal yandırılır. Belə olan halda çərşənbələrdən birinin “od çərşənbəsi” adlandırmaq nə dərəcədə həqiqətə uyğundur? 
Xalqın özünün yaratdığı bir adəti kənardan gətirməyib və zоr ilə ona təlqin оlunmayıb. Həmin adətləri məhz xalq özü yaradıb. Bu fikirləri təbii qəbul etmək lazımdır. 

Burada biz fikirlərimizi Novruz adətləri çərçivəsində verməyə çalışdıq. Lakin xalqımızın, yuxarıda deyildiyi kimi, müxtəlif adət-ənənələri mövcuddur. Bu ənənə və adətlər xalqımızın ulu keçmişindən qalmış tarixdir.  

Azərbaycan Prezidenti İlham Əliyev bayram günlərində Novruz Bayramını 30 il ərzində düşmən tapdağında əzəli torpaqlarımızda keçirir. Dövlət başçımız bayram tonqallarını azad edilmiş Qarabağ torpağında alovlandırır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində Novruz tonqalını alovlandıran Müzəffər Ali Baş Komandan 2025-ci ildə birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdərənin Həsənriz kəndində sakinlərin iştirakı ilə bu missiyanı yerinə yetirdi. Artıq Novruz bayramı Qarabağın hər guşəsində, azad edilmiş bütün kənd-şəhərlərimizdə böyük coşqu ilə qeyd olunur. Doğma yurd-yuvalarına qayıdan soydaşlarımız bu gözəl bayramı ürəklə, qəlb rahatlığı və hədsiz sevinclə keçirirlər. 

Bayram bayrama, sevinc sevincə qarışıb. Bu sevinc, bu bayram döyüş meydanında qazanılan tarixi Zəfərimizin, Azərbaycanımızın ərazi bütövlüyünün - suverenliyimizin bərpasının və düşməndən azad edilən torpaqlarımıza, dilbər guşəmiz Qarabağımıza əbədi qayıdışımızın sevincidir. Altıncı ildir ki, bahar Qarabağa qələbə çələngi ilə gəlir, çiçəkləri zəfərin ətri ilə açılır, küləkləri Vətən torpağının səsini pıçıldayır. Alovlanan bayram tonqalları təkcə baharın müjdəsi deyil, həm də bütün dünyanın şahid olduğu bir qayıdışın, haqqın bərpasının və Azərbaycan xalqının sönməz ruhunun alovudur. 

Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi “Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar”.

Bir sözlə, Novruz bizim ümummilli bayramımızdır. Beləliklə, Novruz bayramı yazın, yeni təsərrüfat ilinin başlanmasını bildirməklə bərabər, həm də ümumxalq, ümumdövlət sevinc, şadlıq, əmin-amanlıq, bərəkət bayramına çevrilir. Məsələnin məhz bu mahiyyətini dəyərləndirən, Ümummilli Liderimiz Heydər Əliyev Novruz bayramının xalqımızın mənəvi varlığında böyük rolunu daim yüksək qiymətləndirmişdir. 
 
Azad Abdullayev,
Astara Pedaqoji Kollecinin müəllimi,
Respublikanın qabaqcıl təhsil işçisi


Tarix: 17-03-2026, 11:39

Xəbəri paylaş