Dərsdə problem həll olmalıdır
Rüxsarə Mirzəyeva,
Bərdə şəhər 8 nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə direktor müavini,
“Tərəqqi” medallı , e-mail: [email protected]
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrin tələblərinə uyğun təhsil sisteminin məqsədlərinə çatmağı əhatə edir. Milli Prioritetlər, gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaqdır. Məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməsini, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqların, ixtisasların və peşələrin verilməsini vəzifə kimi müəyyən edir. Bu işdə pedaqoji sahədə çalışan müəllim adını şərəflə daşıyanların mənəvi borcu böyükdür. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ”təhsilimizn daha keyfiyyətli və dünya səviyyəli inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Bu mühüm dövlət sənədində qeyd edilir ki, “...sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”.
Uzun illər pedaqoji fəaliyyətim zamanı apardığım müşahidə və təcrübələr əsasında qazandığım peşəkarlıq,müvafiq mənbələrdən faydalanmağım mövzu ilə bağlı elmi-metodik şərh verməyə inam yaradır. Dərslə əlaqədar dünyada çoxsaylı pedaqoji-psixoloji ədəbiyyatların olması,elmi tədqiqat işlərinin aparılması və s.mövzunun aktual olduğunu bildirir.Dərs: məktəbdə təlim, öyrətmə və öyrənmə prosesi, tədris işi kimi ifadə olunsadə mahiyyəti metodoloji olaraq çox genişdir. Bu fəaliyyət zamanı müəllim konkret vaxt daxilində siniflə dəqiq fənn üzrə məşqul olur. Dərsdə problem həll olmalıdır. Siniflər üzrə hər təlim gününə uyğun olan dərslərin keçirilmə yeri, vaxtı və ardıcıllığı haqqında məlumata malik qrafik cədvəl olmalıdır. Bu cədvəldə hər dərs saatını keçirən müəllimin adı və fənni qeyd olunur. Dərs cədvəli təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunur.Ardıcıl olaraq müəllim dərsin icmalını hazırlamalıdır. İcmal mövzunun, tapşırığın, dərs mərhələsinin xülasəsindən, müəllimin nitqinin hissələrindən və keçiləcək mövzunun tam mətnindən ibarətdir.
Dərs zamanı onun vaxtını düzgün bölüşdürə bilmək üçün müəllim və şagird arasında qarşılıqlı münasibətin planlanmasını əks etdirən plan vacibdir.
Dərsin planlanmasının əsası kimi müəllimin tədris materialını şagirdlərə çatdıra bilmək üçün məqsədlər, tapşırıqlar, prinsiplər və metodlardan məntiqli istifadə edilməsidir. Dərsin planı icmal şəklindədir.
Dərsin bütövlüyü və onun müxtəlif variantlarda əsas xüsusiyyətlərini saxlayan elementlərinin cəmi onun strukturu adlanır. Bu elementlərə aiddir: dərsin əvvəlinin təşkili, məqsəd və vəzifələrinin təyini, izahat, möhkəmləndirmə, təkrarlama, ev tapşırığı, nəticəsinin təhlili. Dərsin növü struktur hissələrin müəyyənləşməsi və ardıcıllığı üzrə müəyyən edilir.
Dərsin qoyulmuş məqsədə çatmaq üçün müəllimdən başqa digər faktorların neytrallaşması halında verilmiş və ya mümkün olan tədris məqsədlərinin (məsələn, şagirdin savadsızlıqdan savadlılığa keçməsi) həyata keçirilmə dərəcəsi onun effektivliyidir.
Dərs zamanı müxtəlif kiçik tərkibdə müəllim tərəfindən verilmiş eyni, özünəməxsus tapşırığının və elmi idrakının inkişafı işinin təşkili qrup işidir.
Müəllimin dərsdə və dərsdənkənar məşğələlərdə istifadə etdiyi sənəd və didaktik materialların toplusu sistem təşkil edir.Bura daxildir: təhsil standartı, tədris proqramı, təqvim və tematik planlar, dəslərin icmalı. Tərbiyəvi iş planı, vəsait, əyani vəsaitlər və s.
Şagirdlərin, həmkarlarının, sosial ətrafının təfəkküründə müəllimin stereotripinin qavranması onun imicidir. İmicin formalaşmasında ona xas olan real xüsusiyyətlərlə yanaşı ətrafdakıların da əlamətləri təsir göstərir.
Şagirdin bilik, bacarıq, vərdişlərə yiyələnməsi ilə yanaşı onların dünyaya, bir-birinə, keçilən materiala olan baxışının formalaşması tərbiyəvi tədrislə ifadə olunur. Ənənəvi və müasir dərsin keyfiyyət cəhətdən fərqi məhz tərbiyəvi tədrisin nəticələri ilə müəyyən olunur.
Tərbiyənin mahiyyətinin, prinsip və dəyərlərinin şərhi onun fəlsəfəsi olub məqsədi cəmiyyətin əqli, fiziki, mənəvi, estetik inkişafına və həyata baxışına dair ideal tələblərin nəzəri ümumiləşməsidir.Qeyd olunan qısa ümumiləşmədən aydın olur ki, müəllimin dərsdə səmərəli səriştəlilik qabiliyyəti və peşəkarlıq fəaliyyəti mühüm tələblərin reallaşdırmasından asılıdır. Dərsdə problem həlli dedikdə pedaqoji prosesin tamlığı onun sahələri( komponentləri) qarşısında vahid məqsədin olmsı və şəxsiyyətin bütövlüyü ilə təmin olması başa düşülür. Tərbiyə, təhsil və təlim prosesləri özlərinə məxsus spesifik xüsusiyyətlərə malik olsa da, bütövlükdə hamısı ümumi bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Tərbiyə və təlim - təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirir. Bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə idrak fəallığı yaradır. Təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir. Ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsinin dərkində aparıcı rol oynayır. Belə ki, təlim prosesi öyrədici (təhsilverici) və inkişafetdirici, tərbiyə prosesi isə tərbiyəedici funksiyanın həyata keçirilməsinə daha çox xidmət göstərir.
Buna müvafiq olaraq pedaqoji prosesin hər bir sahəsi özünə məxsus vəzifələrə və məzmuna malikdir. Təlimin məzmununda elmi təsəvvürlərin, anlayış və qanunların, bacarıq və vərdişlərin aşılanması aparıcı yer tutur. Təlimin məzmunu eyni zamanda tərbiyə və inkişaf vəzifələrinin həllinə, gənc nəslin ideya-mənəvi tərbiyəsinə kömək göstərir.
Tərbiyənin məzmununda şəxsiyyətin ideya-mənəvi təsəvvürləri, inamı, əqidəsi, dünyagörüşü, müsbət davranış adətləri aşılamaq idrk fəaliyyətində əsas yer tutur. Tərbiyə prosesinin məzmunu şəxsiyyətin təhsil səviyyəsinə, biliklərin genişlənməsinə də güclü təsir göstərir. Təlimdə tərbiyə şagirdlərin fəallıq və səyini stimullaşdıran amil kimi çıxış edir.
Şəxsiyyətin çox müxtəlif keyfiyyətləri - zehni, əxlaqi, ideya-siyasi, əmək, fiziki, estetik və digər müsbət cəhətləri qarşılıqlı vəhdətdə formalaşır və inkişaf edir; bu keyfiyyətlər biri-digərini şərtləndirir, tamamlayır. Bununla da şəxsiyyətin bütövlüyü və ahəngdar inkişafı təmin olunur. Əgər pedaqoji prosesin müxtəlif sahələri bir-birindən ayrılıqda, əlaqəsiz həyata keçirilərsə, onun tamlığı pozular. Bu da şəxsiyyətin inkişafına mənfi təsir göstərər. Demək, pedaqoji prosesin müxtəlif sahələri ümumi tərbiyə məqsədinin həyata keçirilməsində idrak fəallığı ilə iştirak edir. Geniş mənada tərbiyənin məqsədi nədir? Biz necə insan yetişdirmək istəyirik? Ona hansı yollarla nail olmaq olar?
Bu suallar pedaqoji fəaliyyətlə məşğul olan hər bir müəllimi ciddi maraqlandırmalıdır. Pedaqoji prosesin birinci ünsürü- məqsəddir. O, idrak fəaliyyətində digər ünsürlərini - məzmun, vasitə və metodları müəyyən edir. Pedaqoji prosesdə idrak fəaliyyətin səmərəli nəticə verməsi üçün onun məqsədini bilmək vacibdir. Çünki məqsədsiz fəaliyyət yoxdur. Bunsuz fəaliyyət kortəbii xarakter daşıyır. Onu dəryada kompassız, mayaksız hərəkət edən gəminin işinə bənzətmək olar.K.D.Uşinski haqlı olaraq məqsədi bilmədən fəaliyyət göstərən müəllimi layihəsiz bina tikən bənnaya bənzədirdi.
Milli Kurikulum bilavasitə qeyd olunan funksiyaların reallaşdırılmasına xidmət etməklə: ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi; fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi; təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması; nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması; təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması; şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi proseslərin nəticələrinə nail olur.
Milli Kurikulum göstərilən bu ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır: milli və ümumbəşəri dəyərlərin nəzərə alınması; ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması; tələbyönümlülük; nəticəyönümlülük; şagirdyönümlülük; inteqrativlik.
Konseptual sənəddə ibtidai təhsilin məqsədinə daxildır: uşaqlarda oxu, yazı və hesablama vədişləri yaratmaq və möhkəmləndirmək; uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək; uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək;uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaq.
Müəllim bilməlidir ki, ibtidai təhsil üzrə ümumi təlim nəticələrinə görə şagird nəyi bacarmalıdır: zəruri riyazi bilikləri həyatda tətbiq etməyi və sadə alqoritmləri yerinə yetirməyi, kompüter texnikasından istifadə etməyi;müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi,
onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi; ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi; mədəni davranış, şəxsi gigiyena və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi; tapşırılan işi, habelə yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;öz vəzifələrini yerinə yetirməyi, özünün və digərlərinin hüquqlarına hörmət etməyi; Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi; yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumağı, mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi, lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə etməyi; insanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi estetik qavramağı.Qeyd olunan bacarıqlar ruhunda şagird pedaqoji prosesdə tərbiyə olunub inkişaf etməlidir. Müəllim qazandığı təcrübədən bilir ki,ibtidai təhsil üzrə ümumi təlim nəticələrinə öyrənən pedaqogikanın əsas anlayışları olan təlim, təhsil, tərbiyə, inkişaf kimi texnoloji proseslərin ahəngdar təsiri ilə nail ola bilər.
Tərbiyənin məqsədi dedikdə, pedaqoji fəaliyyətin son nəticəsi, yəni insan şəxsiyyətinin layihəsi başa düşülür. Bu məqsəd cəmiyyətin tələbatı ilə müəyyən olunur.Cəmiyyət necə insan yetişdirmək lazım gəldiyini, sanki, məktəb və ailəyə sifariş verir. Onlar də bu sosial sifarişi yerinə yetirir. Eyni olmayan cəmiyyətlərdə, onun müxtəlif inkişaf mərhələlərində tərbiyənin məqsədi dəyişə bilər. Məsələn, 70 illik kommunist rejimi dövründəki məqsədlərlə hazırda - müstəqil dövlət quruculuğu dövründəki tərbiyə məqsədlərində ciddi fərqlər vardır. Tərbiyənin başlıca məqsədi ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Belə şəxsiyyət birtərəfli deyil, bir çox cəhətdən (zehni, fiziki, mənəvi və s.) inkişaf etməlidir. Ahəngdar inkişaf etmiş şəxsiyyətin keyfiyyətləri genişdir. Hər bir keyfiyyətin formalaşmasında tərbiyənin ayrı-ayrı tərkib hissələri aparıcı rol oynayır.
Şəxsiyyətin ahəngdar inkişafı üçün tərbiyə sahələri kompleks şəkildə həyata keçirilməlidir. Pedaqoji prosesə kompleks yanaşma o deməkdir ki, hər bir şagird tərbiyənin bütün sahələri ilə əhatə olunsun. Yəni zehni, əxlaqi, əmək, estetik, fiziki və s. hazırlıq keçsin. Bunun üçün məktəbdə lazımi şərait maddi baza yaradılmalı, məktəb kompleksi təşkil edilməlidir. Pedaqoji proses təlim, təhsil, tərbiyə və şəxsiyyətin inkişafı proseslərinin vəhdəti olub-eyni məqsədə xidmət edən vahid əməliyyatlar olub idrakla həqiqəti tənzimləyir.
Pedaqoji prosesin tamlığının təmin olunmasının ibtidai təlim dövrü uşaq həyatının çox əhəmiyyətli mərhələlərindən biridir. Dərsdə problem həlli ilə bağlı təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaratmaq mümkündür. Şagirdlərdə qabiliyyətlərin vaxtında üzə çıxarılması, möhkəmləndirilməsi, materialın şüurlu surətdə mənimsədilməsi üçün təlimdə inteqrasiya vacibdir. "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" sənədində təhsilin inteqrativliyi əsas prinsip kimi nəzərdə tutulmuşdur. Fəndaxili və fənlərarası inteqrasiyanın nəzərə alınması ümumpedaqoji prinsiplərdən biridir. Azərbaycan dili təliminin didaktik əsasını təşkil edir. Məzmun və təlim strategiyalarının formalaşmasında əhəmiyyətli rol oynayır. İlk növbədə, məzmun standartlarının müəyyən olunmasında və qruplaşdırılmasında ona istinad olunur.
Hər sinifdə məzmun xətləri üzrə təqdim olunan standartlar arasında üfüqi əlaqələrin olması diqqət mərkəzində saxlanılır. Bu əlaqələr daha çox standartlarda istifadə edilmiş məzmun və fəaliyyətlərə əsasən qurulur.
Belə üfüqi inteqrasiyanın nəzərə alınması fənn daxilində anlayışların, bacarıq və vərdişlərin, əlaqələnmiş sistemli məzmunun formalaşmasına imkan yaradır. Eləcə də, dərslik və digər vəsaitlərin hazırlanması işini, müəllimlərin tədris fəaliyyətini istiqamətləndirir.
Fənn daxilində şaquli əlaqələr siniflər üzrə məzmun standartları arasında bağlılığı təmin etməklə onların inkişafını tənzimləyir. Şagirdlərin Azərbaycan dilinə aid bacarıq və vərdişlərindəki dəyişiklikləri izləməyə, onların bilik, bacarıq və vərdişlərinin səmərəliliyinə şərait yaradır. Öyrənilmiş bilikləri möhkəmləndirir, daha etibarlı nitq vahidlərinin formalaşmasına təkan verir.
Fəndaxili inteqrasiya zamanı Azərbaycan dili ilə digər fənlərin uyğun anlayışları arasında əlaqələr müəyyənləşdirilir, dərsliklərdə, təlim prosesində ondan istifadə imkanları konkretləşdirilir. Bu əlaqələrin müəyyən olunmasında şagirdlərin ümumi bacarıqlarının formalaşdırılması zəruri məqsəd kimi diqqət mərkəzində saxlanılır. Dərs planı nümunəsindən praktik olaraq deyilənləri aydın təsəffür etməklə müəllimdən pedaqoji prosesin dərsdə tamlığı üçün nə qədər səriştə və peşəkarlığın olmasının vacibliyi dərk olunur.
I sinif.
Mövzü: Meyvələr
Alt-standart. 1.1.3;.2.1.1; .2.2.1
Məqsəd:
Meyvələrin adlarını öyrənmək.
Öyrəndiyi yeni sözləri düzgün tələffüz etmək və sual vermək bacarığı formalaşdırmaq.
İnteqrasiya: T-i. 1.1.3; A-d. 1.2.6; Mus. 1.1.3; H-b. 1.3.3.
İş forması: qrup işi, kollektivlə iş.
İş üsulu: müzakirə, beyin həmləsi.
Resurslar: meyvə şəkilləri, meyvə ikebanası (bəzədilmiş səbət), dərslik, işçi vərəqləri, markerlər.
Müasir dərsin gedişi:
Motivasiya, problemin qoyulmaşı:
Löhvədən meyvə ağaclarının şəkli çəkilmiş plakat asılır və müəllim şagirdlərin fikrini plakata yönəldir. Suallar vasitəsilə “meyvə” sözü alındıqdan sonra ”Meyvələrin xeyri nədir?” sualı verilir.
Tədqiqat sualı: Şəkildə gördüyünüz meyvələri necə adlandırarsınız? Onların bizim üçün nə kimi xeyri var?
Məlumatın mübadiləsi və müzakirəsi:
Şagirdlər iki qrupa bölünür. Qruplara meyvə şəkilləri paylanır. Birinci qrupa meyvələrin əlamətləri, ikinci qrupa meyvədən hazırlanan məhsullar haqqında fikir söyləmək tapşırılır. Hər iki qrup tədqiqatın nəticələrini təqdim edir. Müəllim nəticələri ümumiləşdirir. Ümumiləşdirmə zamanı meyvələrin adı, rəngi, forması təkrarlanır və xeyri haqqında məlumat genişləndirilir.
Qiymətləndirmə: Qrupların fəaliyyəti rəğbətləndirmə yolu ilə qiymətləndirilir.
Ev tapşırığı. Meyvə şəkli çəkmək:
Nəticə olaraq demək istəyirəm ki,sadə məzmunda təqdim olunan müasir dərsdə tədris olunan mövzuya müvafiq alt standartların təlim məqsədində rellaşmasına müəllimin nail olması problemin həlli deməkdir.Arzu olunan bu nəticəyə hər bir müəllim nail ola bilmir.Belə uğursuzluqlar sertifikasiya tələbinin vacibliyinə səbəb olanlardandır. İbtidai təhsildə müasir təlim texnologiyaları məqsədə çatmaqda sürətləndirməni artırır. Məktəb təcrübəsində İKT-nin təlim imkanlarından, interaktiv lövhədən istifadə tədris prosesini yaddaqalan və maraqlı etməsi müəllimlər tərəfindən rəğbətlə qarşılanır.
Müasir müəllim təlim texnologiyaların demokratik ruhlu, müstəqil düşüncəli, yüksək bilik və bacarıqlara yönəltmiş gənc nəslin tərbiyə olunmasını əsas vəzifə saymalıdır. Təlimdə yeni texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsi hər bir müəllimin arzusudur.
İbtidai sinif müəllimi ilkin maraq kimi, fəal təlimə əsaslanan müasir dərsin mahiyyətini düşünmə, öyrənmə və danışma təşkil etdiyinə diqqət yönəltməlidir. Metodik ədəbiyyatlarda müasir dərsin strukturu: motivasiya, problemin qoyuluşu, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi, nəticə və ümumiləşdirmə, yaradıcı tətbiqetmə, qiymətləndirmə kimidir. Bu mərhələri: öyrənmə, tətbiqetmə, dəyərləndirmə üzrə ayırmaq da olar. Hər bir fənn üzrə proqramda (kurikulumda) onun xarakterinə uyğun fəaliyyət xətləri verilmişdir.Sadə model üzrə fikrimizi ümumi olaraq aydınlaşdıraq. Məsələn, Azərbaycan dili fənn proqramında (kurikulumunda) fəaliyyət xətlərinə aiddir: Problemin həlli;mühakiməyürütmə və əsaslandırma;ünsiyyət;tədqiqetmə; tətbiqetmə.
Qeyd edilən fəaliyyətlər fənnin məzmun standartlarında öz əksini tapır.
Məzmun standartlarının gerçəkləşdirilməsi zamanı şagird araşdırır, mühakimə yürüdür, münasibət bildirir.Daha sonra fikirlərini əsaslandırır, öyrəndiklərini tətbiq edir. Bütün bu fəaliyyətlər yazılı və həm də şifahi formada yerinə yetirilir.
Müəllim təlim prosesində müzakirə, rollu oyun, ziq-zaq, karusel, klaster, plan tərtibi, dinlənilmiş mətnlərin şifahi təhlili, dinləmə materialları üzrə müsahibə və s. üsullardan istifadə etməklə şagirdləri axtarışa, dərzdə problemi həll etməyə sövq edə bilər.
İbtidai sinif müəllimi təhsilimizdəki innovasiyaları, yeni təlim texnologiyalarını, kurikulumun tələblərinə cavab verən meyarları öz fəaliyyətində tətbiq etməyə çalışmalıdır.
Müəllim üçün dərsləri ənənəvi, fənnyönümlü və müasir şəxsiyyətyönümlü müqayisə etmək onların paradiqmalarını (mühüm əlamətləri, xarakteristikasını və onlardan irəli gələn nəticələri ) təhlil etmək vacibdir.
Ənənəvi dərslər və onların paradiqmaları: müəyyən tarixi dövr ərzində elmdə mövcud konseptual sxem, problemin qoyuluşu, həlli və öyrənilməsi modeli, tədqiqat metodunu bildirən əsas elmi baxış, cərəyan kimi anlaşılır (paradiqma yun. παράδειγμα, - nümunə, model).
Təhsilalanlara obyekt kimi yanaşılması: bütün şagirdlərə orta səviyyəlilər kimi yanaşılır, istedadın, qabiliyyətin inkişafı üçün şərait yaradılmır;dərsdə seçim hüququnun reallaşdırılması məhdudlaşır; təhsilalanlarda laqeydlik, qeyri fəallıq, başqasının köməyinə ümid olmaq tərbiyəsi formalasır;müəllimlər, tərbiyəçilər dərsin məqsəd və vasitələrini aydın və düzgün dərk edə bilmir.
Dərsdə öyrənənlərə avtoritar münasibət: monoloji təhsilvermə üsulu tətbiq olunur; tədris- təlim prosesi təlim materialını mənimsəməyə deyil, sadəcə şərh etməyə yönəldirlər;sağlamlığa zərər verən təlim mühitinin (əsəb gərginliyi, həyəcan və qorxu, mənfi emosiyalar şəraitində fəaliyyət) aradan qaldırılmasına şərait yaradılmır.
Dərsdə lüzumsuz olaraq xırdalanma: öyrənənlərin biliklərinin və dünyanı dərk etmələrinin fraqmentallığı (natamamlığı) baş verir;çox yüklənmə və yorulma nəticəsində öyrənənlərin sağlamlığına böyük zərər vurulur.
Həddən artıq məlumatlılıq (informativlik): öyrənilən tədris materialları gündəlik həyat problemləri ilə uzlaşdırılmır; nəzəriyyə ilə praktikanın əlaqələri zəifləyir.
Kadr hazırlığının keyfiyyətinə diqqətin yetirilməməsi: öyrədənin şəxsi keyfiyyətlərinin və peşəkarlıq bacarıqlarının inkişafı məhdudlaşdırılır; öyrədənlərin tənqidi təfəkkürünün inkişafına və yaradıcı axtarışa cəlb olunmasına tələbkarlıq zəifləyir.
Dərsin bəsitləşdirilməsi: tədris fənni öz sosial- mədəni mahiyyətini itirərək qaydalar, faktlar yığımına çevrilir;təlim prosesi məzəmmət, öyüd-nəsihət, əxlaqi dəyərlərin deklarasiyasından ibarət nizam- intizam dərslərinə çevrilir;fənnin məzmunu şagirdlərin şəxsi maraqları və motivləri ilə uzlaşmır; dərsin (təlim prosesinin) rəqabətə dözümlülüyü aşağı səviyyəyə enir.
Ənənəvi anlamda təhsil əsasən, təlim-tərbiyə prosesi kimi məna daşıyırdı. Hazırda dərsin məqsədinə, eyni zamanda insan şəxsiyyətini inkişaf etdirməyə istiqamətlənmiş fəaliyyət sahəsi kimi baxmaq üstünlük təşkil etməyə başlamışdır.
Müasir dərsin paradiqmalarına aşağıdakılar daxildir:
Təhsilalanlara subyekt kimi yanaşma: təhsilalanların maraqları nəzərə alınır; dərsdə fərdiləşdirilmiş, diferensiallaşdırılmış, problemli təlim texnologiyalarına və İKT-yə üstünlük verilir; dərsdə psixoloji və sosial- pedaqoji xidmətlər inkişaf etdirilir; seçmə fənlər üzrə dərslərin təşkili genişləndirilir.
Dioloji yanaşma: dərsdə problemli, dialoqlu, refleksiv təlim texnologiyalarına, kollektiv (qruplarla) fəaliyyətə üstünlük verilir; kommunikativ fəaliyyətlər (dinləmə və eşitmə), açıqlıq, səmimilik, tolerantlıq, həmsöhbətinə hörmət etmək bacarığı inkişaf edir; sağlamlığı qoruyan mühit yaranır; tələb olunan çoxlu sayda informasiya mənimsənilir.
Ekzistensiallıq (insan təbiətinin bütövlüyünün nəzərə alınması):
insan təbiətinin bütövlüyü təmin olunur; öyrənənlər mənəvi və ruhi cəhətdən inkişaf edir; öyrənənlərin səhhətinə müsbət təsir göstərilir;
dərsdə informasiyaların yadda saxlanılması deyil, başa düşülməsi dominant xarakter alır.
İnteqrativlik: öyrənənlərin bütöv halda dünyanı dərk etməsi təmin olunur; öyrənənlərin sağlamlığının qorunmasına müsbət təsir göstərilir; dərsdə rəqabət mühitinin formalaşması təmin edilir.
İnkişafetdirici xarakterin təmin edilməsi: dərsdə şəxsiyyətyönümlü və problemli texnologiyalar üstünlük təşkil edir; dərsin praktik, həyati və mənəvi-praqmatik yönümlülüyü (öyrənən həm inkişaf edir, həm də cəmiyyət üçün faydalı insana çevrilir) güclənir.
Pedaqoji kadrların müasir tələblərə cavab verən səviyyədə formalaşdırılması: pedaqoji fəaliyyətdə yaradıcılıq üstünlük təşkil edir;pedaqoji fəaliyyətdə bacarıqlı müəllimlərə tələbat artır; başqasının iş təcrübəsinin kor-koranə tətbiq olunmasına imkan verilmir.
Tədris-təlim prosesinin fundamentallığı: dərsdə rəqabət genişlənir; dərsdə motivasiya yüksəlir; müasir dünyagörüşün, mənəvi-əxlaqi keyfiyyətlərin inkişafı təmin olunur.
Beləliklə, müasir dərsin, ənənəvi dərsdən fərqli olaraq əsas paradiqmalarını aşağıdakı kimi qruplaşdırmaq olar: öyrənənlərin təlim prosesinin mərkəzinə gətirilməsi; tədris-təlim prosesinin qurulmasında öyrənən şəxsiyyətin bütövlüyünün nəzərə alınması (ekzistensiallıq); inkişafetdiricilik; inteqrativlik; fundamentallıq.
Müasir dərsin mərhələləri üzrə ümumi təhlili müəlimlərin marağına səbəb olacağına əminik.
Dərsin birinci mərhələsi: Motivasiya, problemin qoyulması. Məlum olduğu kimi hər bir tədqiqatı başlayaraq problemi ortaya gətirmək lazımdır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualı formalaşdırılmalıdır. Ancaq tədqiqat sualı yeni bilgilərin kəşfinə aparan bələdçi, "yolgöstərən ulduz” rolunu oynayır. Fəal təlimin birinci mexanizminə əsasən məhz problemin olması idrak fəallığının yaranmasının başlıca addımı olur.
Bəs nə üçün biz dərsin bu mərhələsini məhz motivasiya adlandırırıq? Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı çıxış edir.
Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünməyə yönəlmə qabiliyyətinin sərbəstliyi və müstəqilliyidir: uşaq öz fikrini "Zənnimcə…" , "Mənə belə gəlir ki,…", "Mən belə hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir.
Dərsin ikinci mərhələsi: Tədqiqatın aparılması. Problemin həlli üzrə fərziyyələrin meydana gəlməsinin təbii nəticəsi olaraq, irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Buna, şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlük şəklində və fərdi şəkildə aparıla bilər. Lakin interaktiv təlim anlayışının özü ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş formalarının mövcudluğunu ehtiva edir. Təlimin interaktiv xarakteri kiçik qruplarda və ya cütlük şəklində işlərdə daha qabarıq formada təzahür edir.
Dərsin üçüncü mərhələsi: İnformasiya mübadiləsi.Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştrakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
Dərsin dördücü mərhələsi: İnformasiyanın müzakirəsi və təşkili.Bu, ən mürəkkəb mərhələdir. Bütün zehni vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və təşkilinə kömək edir. İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır.
Dərsin beşinci mərhələsi: Nəticə, ümumiləşdirmə. Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirmənin tərifini vermək işi qalır. Bunun üçün şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu nəticə həmin suala cavab verirmi?) və irəli sürülmüş fərziyyələrlə (onların arasında düzgün olanı varmı?) müstəqil olaraq tutuşdurmalıdır. Bu çox mühüm məqamdır. Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
Dərsin altınci mərhələsi: Yaradıcı tətbiqetmə. Məlum olduğu kimi biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suallara cavab tapmaq üçün, qazanılmış bilikləri tətbiq etməyə çalışsınlar. Əgər yaradıcı tətbiqetmə dərhal mümkün deyilsə və əvvəlcə biliklərin mənimsənilməsi yolunu sona qədər (model üzrə tətbiqdən başlamış yeni şəraitdə tətbiqə kimi) keçmək tələb olunursa, deməli bu yolu keçmək lazımdır. Ancaq son nəticədə yaxşı olar ki, şagirdlərə, onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışma verilsin. Bu halda həmin bilgi həmişəlik onların şüurunda həkk olunar. Həmin mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
Dərsin yeddinci mərhələsi: Qiymətləndirmə və ya refleksiya.
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətinin qiymətləndirmə və refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir.
Qeyd olunduğu kimi, fəal təlimin mühüm xüsusiyyətlərindən biri müstəqil təlim (öyrətməyi öyrənmək), müstəqil inkişaf vərdişlərinə yiyələnmək imkanıdır. Dərs başa çatdıqdan sonra göstərilmiş prosedurlardan birini - qiymətləndirmə və ya refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə proseslərin nəzərdən qaçırmamaqdır. Bunun nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun sayılır.
Qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar. Belə yanaşma təlim prosesinin daha uğurla keçməsinə kömək edər.
Şagirdlərin işinin effektivlik dərəcəsi kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilə. Müxtəlif üsullarla və eyni olmayan formalarda həyata keçirilə bilər. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır.
Təhsilin idarə olunmasında varisliyin gözlənilməsi ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyev demişdir:“Məktəbimizdə Azərbaycanın dövlət müstəqilliyinin,azadlığının mənası, məzmunu çox geniş tədris olunmalıdır.
Xalqımızı, millətimizi, gənclərimizi, tariximizə, mədəniyyətimizə, ənənələrimizə uyğun tərbiyə etmək, təhsilin istiqaməti, məktəblərimizin, müəllimlərimizin borcudur”.Bu prosesdə müəllimin pedaqoji əməyi mühüm əhəmiyyət daşıyır. Dərsdə motivasiya mərhələsi hansı hissələrdən ibarət olduğu müəllim üçün aydın olmalıdır. Bilməlidir ki,dərsdə problemi qoymaq üçün sual və ya tapşırıq verilir; yönəldici suallar təklif olunur; fərziyyələr irəli sürülür. Prosesin səmərəli təşkilində müəllimin akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Öyrətmənin səmərəliyi öyrənənlərin yüksək fəallığı, faktları müstəqil təhlil, ümumiləşdirmə, nəticələr çıxarma şəraitində daha yüksək səviyyədə keçir. Bu işə problemli suallar sistemi, şüurlu sual və tapşırıqların icrası şəraitinin yaradılmasını zəruri edir.
Məktəblilərin müasir dövrün tələblərinə cavab verən bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələnən, bu kompetensiyaları davamlı olaraq inkişaf etdirən gənclər kimi formalaşması təhsil ocaqlarımızda təlim-tərbiyə prosesinin necə qurulmasından, öyrədici mühitin təşkilindən, təlim zamanı istifadə olunan forma, üsul, vasitələrdən asılıdır. Müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətməkdir. Yəni şagirdlər biliyi müstəqil əldəetmə bacarığına yiyələnməlidirlər. İnsan kapitalının formalaşması keyfiyyətli təhsil, təhsildə innovasiyalar olmadan mümkün deyildir. Əks halda bu, cəmiyyət üçün problemlər yarada bilər. Deməli, təhsil müəssisələrində təhsil prosesinə innovasiyaların maksimal dərəcədə tətbiq edilmə mexanizmi yaradılmalıdır. Hesablamalara görə, Azərbaycanda olan bilik potensialı yaxın gələcəkdə özünü büruzə verəcək və dünyəvi reytinq qiymətləndirmə meyarlarına görə ölkəmiz xüsusi yer alacaq. Bunun üçün şagirdlərin ibtidai təhsilin keyfiyyətlə inkişafının dərsdən keçən yolundan başlayaraq, cəmiyyətin, dövlətin və ali məktəblərin əlaqəsini genişləndirməsi lazım olduğunu düşünürəm.
Hazırda Bərdə şəhər 8 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə direktor müavini kimi işgüzar,mehriban kollektivə rəhbərlik etməklə qarşıya qoyulan vəzifələrin uğurlu həllinə çalışırıq.Bir vaxtlar birinci sinifdə dərs dediyim şagirdlər həyatımızın bütün sahələrində, ölkənin quruculuğu və vətənin müdafiəsində rəşadət göstərirlər. Müəllim üçün Bundan böyük sevinc olmaz. Səmərəli fəaliyyətlərinə görə müəllimlərimizin pedaqoji əməyi daim rəğbətləndirilir.Bu cəhətdən qürur duyuram ki,ölkə qarşısında müəllimlik xidmətim müxtəlif təltiflərlə yanaşı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018 ci il 5 oktyabrda “Tərəqqi medalı” ilə təltif olnmuşam. Hələ qarşıda yeni nəslin ahəngdar inkişaf etdirilməsi ilə əlaqədar görüləcək uğurlu işlərimizin,qazanılacaq nailiyyətlərimizin çox olacağına əminik.
İstifadə edilmiş ədəbiyyat
1. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı – 2008.
2.F.Sadıqov.Ümumi pedaqogika. Bakı. Maarif nəşriyyatı.2018. 864 səh.
3.F.Rüstəmov, T.Dadaşova. Ali məktəb pedaqogikası. Bakı, Nurlan, 2007.568 səh.
4. Ş.Ağayev, R.Hacızadə. Dərs: ənənə və müasirlik.Bakı,2020, “MM-S”, 192 səh.
5.Ş.Ağayev.İbtidai sinif müəllimlərinə kömək.Bakı,”İMZA”nəşrlər evi, 2022,184 səh.
6.Ş.Ağayev,N.Həsənova.İbtidai təlimdə motivasiya.Bakı, «İmza» nəşrlər evi, 2023, 256 səh.
"Təhsil"
19 yanvar 2024-cü il
Tarix: 19-01-2024, 17:45
Xəbəri paylaş