Nazir: Tam ştatlı müəllimin əməkhaqqı ölkə üzrə orta əməkhaqqıdan azı iki dəfə yüksək olmalıdır

Hazırda konseptual mərhələdəyik. Mövcud saathesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etsin.
Əməyin ödənilməsi ilə bağlı suallar da sadə deyil. Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqı ölkə üzrə orta əməkhaqqından azı iki dəfə yüksək olmalıdır. Çünki hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır”, - deyə nazir bildirib.
Emin Əmrullayev qeyd edib ki, müəllimin öz əməkhaqqını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil və dəyişdirilməlidir: “Bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır. Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”.
Tarix: Bu gün, 14:34
