Lənkəran Dövlət Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş tədbir keçirilib



Noyabrın 18-də Lənkəran Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edən dosent Ramiz Şəmmədov AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
R.Şəmmədov bu yubileyi bir elmi qurumun deyil, bütövlükdə Azərbaycan elmi, milli düşüncəsi və intellektual irsinin bayramı adlandırıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi haqqında 2025-ci il 18 mart tarixli Sərəncamı Akademiyanın ölkəmizdə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasındakı roluna verilən yüksək dəyəri bir daha sübut edir.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Qaraxan oğlu Əliyev çıxışında bildirib ki, noyabrın 3-də Akademiyanın 80 illiyinə həsr edilmiş ümumi yığıncaqda ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı elmi və ictimai-siyasi çağırışlarla zəngin olduğundan geniş müzakirələrə səbəb olmuşdur. Bu çıxışda, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini heç zaman əsirgəmədiyi, hələ ötən əsrin 70-ci illərində onun təşəbbüsü ilə Akademiya fəaliyyətinin təkmilləşdirildiyi vurğulanır, məhz Ümummilli Liderin rəhbərliyi ilə yüz minlərlə gəncin keçmiş Sovet İttifaqının müxtəlif aparıcı ali məktəblərinə göndərildiyi qeyd olunur.
M. Əliyev vurğulayb ki, hazırda bu ənənə möhtərəm Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində fundamental islahatlar həyata keçirilir, elmin idarəetmə mexanizmi təkmilləşdirilir.
Tədbirdə LDU-nun Tarix və onun metodikası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, Lənkəran REM-in Tarix, arxeologiya və etnologiya şöbəsinin aparıcı elmi işçisi Mayis Cəfərov çıxışında qeyd edib ki, Azərbaycan elminin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) mühüm rolu olmuşdur. Bakı Dövlət Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropanın ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin, bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdəndir. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. Bəhs olunan illərdə burada humanitar, təbiət bölmələri və tibb bölmələri fəaliyyət göstərmişdir.
Lənkəran REM-in Tarix, arxeologiya və etnologiya şöbəsinin elmi işçisi, LDU-nun Tarix və onun metodikası kafedrasının müəllimi Gözəl Əlizadə çıxışında diqqətə çatdırıb ki, bu gün AMEA-da fəaliyyət göstərən yüzlərlə gənc tədqiqatçı elmin müxtəlif sahələrində yenilikçi ideyalar irəli sürür, beynəlxalq layihələrin iştirakçısı olur, Azərbaycan elmini dünya elmi məkanında layiqincə təmsil edir. Gənclərin elmə gəlişi yalnız kadr yenilənməsi deyil, eyni zamanda, elmi düşüncənin modernləşməsi və innovativ yanaşmaların elmi prosesə daxil olması deməkdir.
Tədbirin yekununda LDU-nun Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dosent Zaur Məmmədov AMEA-nın və Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarını 80 illik yubiley münasibətilə universitetin rektoru, professor Natiq İbrahimovun adından təbrik edib, bayram arzularını çatdırıb, kollektivə davamlı elmi uğurlar arzulayıb.
Tarix: Bu gün, 14:10
