Rektor: Trendlər və qəbul balları təhlil edildikdən sonra bəzi ixtisaslarda yerlərin azaldılmasına qərar veriləcək

Hazırda gənclər informasiya texnologiyaları, data analitikası və bu kimi sahələrə daha çox maraq göstərirlər. Lakin qeyd etmək istəyirəm ki, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bəzi sahələrə maraq nəzərəçarpacaq dərəcədə azalıb. Məsələn, geologiya, cihaz mühəndisliyi və maşın mühəndisliyi kimi ixtisaslar son dərəcə vacibdir.
Bu fikri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov AZƏRTAC-a açıqlamasında bildirib. Rektor qeyd edib ki, bu istiqamətdə artıq araşdırmalar aparılır. O vurğulayıb ki, həm ölkə, həm də ADNSU olaraq bu sahələrin inkişafını stimullaşdırmalı və gənclər üçün daha maraqlı etməliyik: “İkili diplom proqramları vasitəsilə bu istiqamətlərin nüfuzunu artırmağa çalışacağıq”.
R.Əzizov əlavə edib ki, trendlər və qəbul balları təhlil edildikdən sonra bəzi ixtisaslarda yerlərin azaldılması ilə bağlı qərar veriləcək.
Tarix: Bu gün, 14:21
