Təhsil sisteminin pedaqoji texnologiya baxımından inkişaf tendensiyası
Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.
E-mail: [email protected]
“Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, - deyən Ulu Öndər Heydər Əliyev Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün unudulmaz mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb.
Təhsil sistemi ölkə daxilində olan bütün təlim-tərbiyə müəssisələrinin məcmusudur. Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Təhsil Qanunu ilə tənzimlənir. Tarixi şəraitdən, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq təhsil sistemi dəyişir.Dünyada baş verən elmi-texniki tərəqqi texnologiyalarının inkişafı ilə təhsil sisteminə ciddi təsir göstərir.Ölkədə informasiya cəmiyyətinin (İC) təşəkkül tapması, onun sosial-iqtisadi, siyasi və hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bir sıra strateji əhəmiyyətli proqramlar və qanunlar verilmişdir.Təhsil sahəsinin dinamik inkişafının təmin olunması və yüksək səviyyədə saxlanılması yeni pedaqoji texnologiyaların istehsalı və istifadəsinə əsaslanır.
“Texnologiya” yunan sözü olub (techne-bacarıq+logos-öyrənmə) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu anlamındadır. Bu söz adətən dəqiq elmlərdə çox yer tutmuşdur.
Qloballaşma müasir təhsil sisteminin pedaqoji texnologiya baxımından inkişaf tendensiyasını orjinallaşdırmışdır.
Texnologiya və texnoloji proseslər həyatımızın bütün sahələrinə nüfuz edərək onu asanlaşdırmağa yönəlir.Texnologiya dedikdə hər hansı bir prosesin özünün mahiyyəti olub, sistemli, məqsədyönlü əməliyyatlar komplekti başa düşülməlidir. Bəşər tarixində insanlar həmişə yaşamın, fəaliyyətin asanlaşdırılması və optimallaşdırılması üçün səmərəli texnologiyalar axtarışında olmuşlar. Necə ki,pedaqogika elmində texnoloji təlim prosesinə yeni baxışın yaranması. Təlim texnologiyasının tarixi XX əsrin II yarısında bilikləri yoxlamaq üçün texniki qurğuların meydana gəlməsindən başlamışdır. Bir müddət təlim texnoloji təlimdə texniki vasitələrdən istifadə kimi başa düşülürdü. Alimlər belə hesab edirlər ki, texnikadan istifadə daha çox informasiya vermək üçün köməkçi xarakter daşıyır.Tədris prosesinin ayrı-ayrı mərhələlərində texnikanın daxil edilməsi aktiv inkişaf edir. Alimlər gələcəkdə müəllim və məktəbin köməyi olmadan öyrədici (təlimedici) sistemlərdən müstəqil istifadə olacağını praqnozlaşdırırlar.
Pedaqoji texnologiyaların mahiyyətinin bir çox maraqlı tərifləri olduğu üçün bu haqda çoxlu oxşar fikirlər vardır.
Rus dilinin izahlı lüğəti:Texnologiya hər hansı bir işdə, sənətdə istifadə olunan texnikalar toplusudur;
YUNESKO:Pedaqoji texnologiya, təhsil formalarını optimallaşdırmaq məqsədi daşıyan, texniki və insan resursları və onların qarşılıqlı əlaqəsi nəzərə alınmaqla, bütün tədris və biliklərin mənimsənilməsi prosesini yaratmaq, tətbiq etmək və müəyyən etmək üçün sistemli bir üsuldur; V.M.Şepel:Texnologiya sənət, sənətkarlıq, bacarıq, məcmuədir emal üsulları, vəziyyət dəyişiklikləri ;
M.Çoşanov:Tədris texnologiyası didaktik sistemin ayrılmaz prosessual hissəsidir;
V.P.Bespalko:Pedaqoji texnologiya təhsil prosesinin həyata keçirilməsi üçün mənalı bir texnikadır;
I.P.Volkov: Pedaqoji texnologiya planlaşdırılmış təlim nəticələrinə nail olmaq prosesinin təsviridir;
V.M.Monaxov: Pedaqoji texnologiya tələbələr və müəllimlər üçün qeyd-şərtsiz rahat şəraitin təmin edilməsi ilə tədris prosesinin layihələndirilməsi, təşkili və aparılmasında birgə pedaqoji fəaliyyətin hərtərəfli düşünülmüş modelidir;
M.V.Klarin:Pedaqoji texnologiya pedaqoji məqsədlərə çatmaq üçün istifadə olunan bütün şəxsi, instrumental və metodik vasitələrin işləməsi üçün sistemli bir dəst və prosedurdur.
V.T.Lixaçov:Pedaqoji texnologiya təlim-tərbiyə vasitələrinin pedaqoji-psixoloji quruluşunun forma, metod və yollarının məcmusu olub pedaqoji prosesin təşkilatı metodik alətidir.
G.K.Selevkonun “Müasir təhsil texnologiyaları” kitabında 50-yə yaxın pedaqoji texnologiyalardan danışılır ki, bunların da hamısı təhsilin inkişaf istiqamətlərini və müasir tendensiyalarını əhatə etmiş, pedaqoji texnologiyaların çoxsaylı tərifləri verilmişdir.
Tədqiqatçı alim, prof.F.Rüstəmov haqqında qeyd etdiyimiz anlayışın mahiyyətinin əhatəliliyinə görə haqlı olaraq bildirir ki:”Pedaqoji texnologiya dedikdə,qoyulmuş məqsədlərə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əməliyyatlar komplekti başa düşülür”(4 ,273).
Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, pedaqoji texnologiyaya aid təriflər müxtəlif olsa da, ümumi cəhəti bilavasitə tədris prosesi ilə bağlılığıdır.
Təhsil sisteminin inkişaf tendensiyasıpedaqoji prosesə “texnologiya” anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qaşıya qoyur. Pedaqoji texnologiyalar mahiyyət etibarı ilə təlim-tərbiyə prosesinin layihələndirilməsinin sistemli metodu kimi səciyyələndirilir. Pedaqoji texnologiya bilavasitə öyrədən və öyrənənin fəaliyyəti ilə, təlim və tərbiyənin strukturu, vasitələri, metodları və s. ilə bağlıdır. Pedaqoji texnologiyada təlim və tərbiyə prosesinin ayrı-ayrı vəzifələri – məqsədyönlülüyü və optimallığı, müəyyən edilir, bütün metodik vasitələr kompleks şəkildə dəyərləndirilir, onların təhsilin məzmununa , şagird kontingentinin səviyyəsinə və pedaqoji texnologiyaların nəticələrinə nə dərəcədə adekvat və məzmunca səmərəli olması açıqlanır. Bu mənada da təlim tərbiyə prosesində pedaqoji texnologiyaların nəticələinin nə dərəcədə səmərəli olması başlıca meyar hesab olunur.
Görkəmli rus alimi, Nobel mükafatı lauriatı Kapistaya görə, təhsil gələcəyə yönəlmiş sənaye sahəsidir. Ötən əsrin 60-cı illərində Amerika və Avropa ölkələrinin məktəblərində islahatlar keçirilmiş və təlimin texniki vasitələrinin geniş tətbiqinə başlanmışdır.
Tədris prosesində texniki vasitələrdən istifadə zəminində əvvəlcə təlimin texnologiyası anlayışı yaranmış, bu yanaşma tərbiyə sahəsinə nüfuz etmiş, getdikcə pedaqogikaya pedaqoji texnologiya kimi daxil olmuşdur.
Ümumiyyətlə, pedaqoji texnologiya mahiyyət etibarı ilə təlim-tərbiyə prosesinin layihələndirilməsinin sistemli metodu kimi səciyyələndirilir.
Texnologiya əvvəlcədən planlaşdırılmış təlim prosesinin praktikada ardıcıl həyata keçirilməsinə yönəlib.
İstehsalatda texnologiya hər hansı bir işdə, bacarıqda, sənətdə istifadə olunan texnikalar toplusudur.
Pedaqoji texnologiya - formaların, təlim metodlarının, tərbiyə vasitələrinin xüsusi məcmusunu və düzülməsini müəyyən edən psixoloji-pedaqoji münasibətlərin məcmusudur və prosesin təşkilati-metodiki alətidir formulası ilə daha çox istifadə olunur.
Texnoloji emal – materialın xassəsi, ölçüsü və formasının dəyişdirilməsi üzrə aparılan əməliyyatlardır.Texnoloji əməliyyat – texnoloji prosesin bir hissəsidir.Texnoloji proses – istehsalat prosesinin bir hissəsi olub məhsulların alınmasında tətbiq edilən emal, hazırlanma metodları, xammalın materialının vəziyyətini, xassələrini, formalarını dəyişmə əməliyyatıdır.Texnoloji xəritə - istehsal sənədidir. Burada əşyanın təsviri verilməklə yanaşı, onun hazırlanması ardıcıllığı, lazım olan avadanlıq və alətlər göstərilir.Qeyd olunan məsələləri analoji olaraq dərsdə həyata keçirilən texnoloji proseslərlə əlqələndirmək olar.
Pedqaqoji texnologiyaların kütləvi tətbiqi XX əsrin 60-cı illərindən başlanmışdır. Bu proses Amerika və Avropa məktəblərində həyata keçirilən islahatlarla bağlı olmuşdur.
Müasir pedaqoji texnologiyaların tədris prosesinə tətbiq edilməsində əsas məqsəd ondan ibarətdir ki, məntiqi ardıcıllığı nəzərə almaqla və çox qısa yolla öyrənənlər heç bir səhvə yol vermədən öz düzgün cavabları ilə nəticəyə yaxınlaşa bilsinlər.
XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin pedaqoji innovasiyalardan istifadə olunmaqla yerinə yetirilməsi prioritet problem hesab edilir.
Pedaqoji texnologiya bütövlükdə təlim prosesin situasiyası və onun iştirakçılarının fəaliyyətininn bir–birilə qarşılıqdı əlaqədə olan komponentlərinin, mərhələlərinin ardıcıl, fasiləsiz əməliyyatların məcmusudur. Pedaqoji texnologiyalar yalnız təhsilin elementi kimi deyil,
həmçinin onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət
göstərir. Texnologiya sənətə sistemli yanaşma dedikdə,
problemlərə yönəlmiş, müəyyən prinsiplər əsasında idarə olunan
yollar və vasitələr başa düşülürTexnologiya müəyyən sahələrdə
biliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadə
edərək tapşırığı yetirmək tərzi kimi dərk olunur.
Tədris prosesində geniş tətbiq olunan şəxsiyyətyönümlü-inkişafetdirici pedaqoji texnologiyalardan: Əməkdaşlıqla təlim texnologiyası;Layihələr metodu ilə təlim texnologiyası;Modulla təlim texnologiyası hər iki tərəfin marağına səbəb olur.
Əməkdaşlıqla (kollektiv) təlim texnologiyasındaəsas ideya nəyisə birlikdə yerinə yetirmək yox, hamılıqla öyrənməkdir. Kollektiv təlim texnologiyası XX sərin 80- cı illərində ABŞ və İsrail pedaqoqu Ravin və onun şagirdləri tərəfindən işlənmişdir. Bu kollektiv qarşılıqlı təlim texnologiyasının üstünlüklərinə daxildir:Müntəzəm şəkildə təkrar olunan çalışmalar nəticəsində şagirdlərdə məntiqi təfəkkür və anlama vərdişləri təkmilləşi;şifahi nitq prosesində və görülmüş işlərin müzakirəsi zamanı şagirdlərin fikri fəaliyyət vərdişlərin inkişafı , əvvəllər qazandığı təcrübə və biliklərin aktuallaşması; qruplarda işləyən hər bir şagirdin özünü sərbəst hiss etməsi, təlim tapşırıqlarını özünəməxsus tempdə yetirməsi;şagirdin özünün və kollektivin işinin nəticəsi üçün məsuliyyət daşıması; öyrənəndə öz şəxsi keyfiyyətlərini, imkan və qabiliyyətlərini qiymətləndirmək bacarığın formalaşması;informasiyanın bir neçə müxtəlif tərəfdaşla müzakirəsi assosiativ əlaqənin artması.
Layihələr metodu ilə təlim texnologiyası XX əsrin 20-ci illərində ABŞ-da Con Djui və onun şagirdi Kill Patrin tərəfindən işlənmişdir. Bu metodla fəal təlim əsas şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına uyğun qurulmuşdur. Metodun əsas mahiyyəti öyrənənlərin əldə etdikləri biliklərin həyatda onlara lazım olmağını anlatmaqdır. Tədris prosesində şagirdə tanış olmayan, onun üçün əhəmiyyət daşıyan, real həyatdan götürülmüş ən vacib problemin həllinə, onun malik olduğu və əldə edəcəyi biliklərdən istifadə etmək bacarığı öyrədilir. Müəllim yeni informasiyaların alınma mənbəyini göstərə bilir və bu informasiyadan necə axtarmağın mümkün olduğunu deyə bilir, uşağı istiqamətləndirə bilir. Layihələr metodundan uşaqlar fərdi, cütlər və qrup şəklində müəyyən vaxt ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir problemi həll etməyə yönəlir. Problemin həllində müxtəlif təlim metodları və vasitələri tətbiq edilməklə yanaşı, həm də müxtəlif elm, texnika sahəsində sınaqdan çıxmış biliklərdən interaktiv şəkildə istifadə etməsi nəzərdə tutulur. Müasir pedaqoji texnologiyaların bünövrəsi kimi layihələr metodu-müxtəlif təlim vasitələri və informasiya texnologiyalarından istifadə etməklə reallaşır. Burada həm müasir (kompüter telekommunikasiyaları, elektron baza göstəriciləri, video və multimedia vasitələri, faks, video rabitə), həm də ənənəvi (elm və məlumat kitabları, video yazıları və b.) tədris vasitələrindən istifadə edilə bilər. Həmçinin layihələr metodu bir kompleks problem üzrə yerinə yetirilir.
Modulla təlim texnologiyası – təlimdə şəxsiyyətyönümlü konsepsiyanın reallaşdırılması, inkişafetdirici pedaqoji texnologiyaların layihələşməsi və praktikada tətbiqi onların müxtəlif şəraitdə və mövzular üzrə sınaqdan çıxarılmasını, bu sahədə pedaqoji təcrübənin öyrənilməsini tələb edir. Məktəblərdə tətbiqinə geniş maraq göstərilən yeni pedaqoji texnologiyalardan biri də modulla təlim texnologiyasıdır. Təlimin modul texnologiyası, öyrənənlərin müstəqil olaraq dərsdə və dərsdənkənar vaxtlarda modullu iş prosesində konkret təlim məqsədlərinə nail olmasıdır. Kainat mütləq sükunətdə olmadığı üçün baş verən bütün dəyişikliklər texnologiya ilə şərtlənir. (Ş.A.).
Burada pedaqoji texnologiyanın şərtləndiyi sistemli layihələnfirmə metodu üç mərhələdən – modelləndirmə, layihələndirmə və konstruksiyaetmədən ibarətdir.
Ümumi pedaqoji prosesin təlim məqsədinə uyğun həyata keçirilməsində pedaqoji layihələndirmə başlıca vasitədir. Burada fənnin məzmununun, təşkili formalarının vasitə və metodlarının layihələndirilməsi (model, layihə, konstruksiya) nəzərdə tutulur.
Model(lat. ölçü, nümunə, norma) - cihaz əşyaların kiçildilmiş və ya böyüdülmüş nümunələridir.
Layihə - məmulatın quruluşu haqqında zəruri təsəvvür verən sənədlərin məcmusudur.
Konstruksiya(lat.quraşdırma, qurma) - dedikdə məmulatın hissə və elementlərinin qarşılıqlı surətdə yerləşməsi, onların birləşmə üsulları, hissələrinin hazırlandığı materiallar nəzərdə tutulur.
Pedaqoji texnologiya müəyyən elmi-pedaqoji və metodik aspektlərdən təhlil edilərkən aşağıdakı cəhətlərin ayırd edilməsi məqsədə uyğun sayılır:pedaqoji texnologiyanın konseptual əsası;təhsilin məzmunu-ümumi və konkret;təlim metodlarının məzmunu; professional hissə - texnoloji proses: təlim prosesinin təşkili;öyrənənlərin tədris fəaliyyətinin metodları və formaları;müəllim işinin metodları və formaları;materialın mənimsənilməsi prosesinin idarə olunması sahəsində müəllimin fəaliyyəti;tədris prosesinin diaqnostikası kimi cəhətlərin müəyyənləşdirilməsi.
Hər bir pedaqoji texnologiya müəyyən elmi-fəlsəfi, psixoloji, didaktik və sosial-pedaqoji konsepsiyaya əsaslanmalıdır.
Pedaqoji texnologiya: təlim prosesində nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsini təmin etməyə imkan verən;elmi əsaslar üzərində qurulmuş;məkan və zaman səviyyəsində proqramlaşdırılmış;pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sistemidir.
Mövcud pedaqoji texnologiyalar əsasən dörd istiqamətdə qruplaşdırılır:təlim texnologiyası;tərbiyə texnologiyası;inkişaf texnologiyası;diaqsontika texnologiyası.
Təlim prosesinin texnologiyası, bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün əməliyatlar komplektidir.
Tərbiyə prosesinin texnologiyası, yaranan münasibətlərin məqsədyönlü formalaşdırılması üçün əməliyyatlar cəmidir.
İnkişaf texnologiyası təlim və təhsil-tərbiyə texnologiyası ilə sıx əlaqədardır. Əqli bacarıqların formalaşması psixi inkişaf, fiziki bacarıqların formalaşması isə nəticədə fiziki inkişaf olaraq özünü göstərir.
Diaqnostika texnologiyası pedaqoqların, psixoloqların, öyrənənin öyrənmə prosesinə hazırlığını diaqnostlaşdırılmasıdır.
Təhsil texnologiyaları təhsil sahəsinin özünəməxsus xüsusiyyətlərini müvafiq yanaşmalardan və metodlardan istifadə edərək inkişaf etdirilməsinin nəticəsidirsə, tədris texnologiyaları isə tədris prosesinin özünəməxsus xüsusiyyətlərini müvafiq yanaşmalardan və metodlardan istifadə edərək səmərəli təlim prosesinin həyata keçirilməsinin təşkili kimi başa düşülməlidir.
Pedaqoji texnologiya pedaqoji məsələlərin həllinə yönəldilmiş fəaliyyətin əvvəlcədən layihələndirilərək planlı və ardıcıl həyata keçirilməsi prosesidir kimi münasibət bildirənlərdə az deyildir.
Deməli “pedaqoji texnologiya” yaxud “müasir pedaqoji texnologiya” anlayışları da bütövlükdə texnologiya anlayışının əsas mahiyyətindən irəli gəlir. Qeyd olunduğu kimi texnologiya yunan mənşəli söz olub, sənətə sistemli yanaşma deməkdir. Burada yanaşma dedikdə, problemlərə və onların həllinə yönəlmiş, müəyyən prinsiplər əsasında idarə olunan yollar və vasitələr başa düşülür. Başqa sözlə, texnologiya xüsusi sahələrdə biliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadə edərək tapşırığı yerinə yetirmək tərzi kimi dərk olunur.
Dərsi optimallaşdırma, intensivləşdirmə, fənlər və mövzulararası əlaqə yaratma, məntiqi, tənqidi, yaradıcı təfəkkür, tələbə müstəqilliyi və şəxsiyyətini inkişaf etdirmə və formalaşdırma məqsədilə verilən biliyin məzmununu ötürmək məqsədilə müxtəlif fəal (interaktiv) metodlardan-debatlardan və diskusiyyalardan, qruplarla, cütlərlə işdən, əqli hücumdan,
klaster, Venn diaqramı, BİBÖ və s. kimi bir sıra metodlardan (startegiyalardan), didaktik oyunlardan və digər yaradıcı işlərdən istifadə olunur ki, bütün bunlar təlim texnologiyalarından istifadə prosesinə daxildir.
Tədris-təlim prosesi zamanı yüksək keyfiyyətlərə malik insanların yetişdirilməsi gənc nəslə nələri, nə üçün və necə öyrətməyi, mexaniki hafizəyə deyil, nəzəri (tənqidi) təfəkkürə istinad etməyi və idrakı fəallağın yüksəldilməsini tələb edir. Öyrənmə nəzəriyyələri içərisində konstruktiv öyrənmə, müasir dövrdə faydalı, böyük təcrübə və həyati əhəmiyyəti olan, inkişaf etdirici bir təlim metodudur.
Konstruktiv təlimlə qurulan və keçirilən dərslər öz quruluşu etibarı ilə fəal və interaktiv təlimlə qurulan dərslərdən seçilir.
Aktiv təlim – şagird öz fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir, onu əks etdirir, yenidən tətbiq edir və yadda saxlayır, uyğunluğu tapır.
İnteraktiv təlim – təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır, fikir mübadiləsi aparılır, yeni fikir formalaşdırılır, işlərin düzgün bölgüsü aparılır, məsuliyyət hissi artır, sosial bilik və vərdişlər aşılanır.
Konstruktiv təlimdə - təhsil alan təfəkkür əməliyyatalarının köməkliyi ilə təlim prosesində sərbəst hərəkət edir, əvvəlki biliklərə istinad edərək “yeni biliklər” sistemi yaradır. Konstruktiv təlim yaradıcı xarakter daşıyır. Təhsil alanlar öyrədəndən, dərslikdən və digər mənbələrdən, əldə etdiyi informasiyalar üzərində məntiqi əməliyyatlar apararaq öz daxili duyumu, qavrayışı, başa düşmə qabiliyyəti hesabına xüsusidən ümumiyə istiqamətlənərək yeni biliklər formalaşdırır.
Deməli, təlimdə konstruktiv yanaşma (konstruktiv təlim) inkişafa və özünü təkmilləşdirməyə yönəlmiş ən qısa yoldur. Son dərəcə elmli, qabiliyyətli şəxsiyyətlərin yetişdirilməsi müasir təhsilin əsas strateji məqsədi olduğundan, insanlarda fəaliyyətin konstrukturlaşdırılması qabiliyyəti həmişə diqqət mərkəzində saxlanılmalıdır.
Ümumiyyətlə, müxtəlif texnologiyaların müntəzəm olaraq bir-birilə əlaqələndirilməsi tədrisin səmərəliliyini artırır.
Təhsilin səmərəliliyi və keyfiyyəti tədris prosesində pedaoji texnologiyaların istifadəsindən çox asılıdır.
Pedaqoji texnologiya təhsilin məqsədi kontekstində fənləri tədris etmək və öyrətmək, elmi, analitik, refleksiv və yaradıcı təfəkkür bacarıqlarını, problemləri həll etmə qabiliyyətlərini inkişaf etdirmək, beynəlxalq səviyyədə münasibətlər yaratmaq, insanlara və cəmiyyətə xeyir verə bilən şəxsiyyət formalaşdırmaq məqsədini güdmək kimi də təşfiq edilir.
Pedaqoloji texnologiyanın bir-biri ilə qarşılıqlı olan əsas üç səviyyəsi (ümumi pedaqoji texnologiya, xüsusi metodiki (fənn) texnologiya, lokal (modul) texnologiya) xarakterizə olunur.
- Ümumi pedaqoji texnologiya tədris müəssisələrində təlimin müəyyən mərhələsində təhsil prosesinin layihələndirilməsinin elmi əsaslarını açıqlayır.
- Xüsusi (fənn) pedaqoji texnologiya bir fənn, sinif, müəllim dairəsində təhsil prosesinin layihələndirilməsini nəzərdə tutur.
- Lokal pedaqoji texnologiya təlim-tərbiyə prosesinin müəyyən bir tərkib hissəsinin (bir dərsin, yeni biliklərin mənimsənilməsinin, materialın təkrarının, müstəqil işin) texnologiyası kimi özünü göstərir.
Müasir pedaqoji texnologiyalardan istifadə zamanı öyrənənlər: fəallar, orta səviyyəlilər, həm də zəiflər problemin həllinə eyni səviyyədə cəlb edilirlər. Bu zaman hər bir öyrənənin öz qabiliyyət və bacarıqlarını həyata keçirmək imkanı olur.
Müasir pedaqoji texnologiyaları öyrənənlərdə daim sərbəst düşünməyə yönəltmə, dərketmə və düşünmə bacarığını artırır, müqayisə edərək nəticə çıxarmaq qabiliyyətini inkişaf etdirir.
Dərsin düşünmə mərhələsində öyrənənlər özləri üçün müəyyən nəticələr çıxarmalıdırlar. Bu mərhələdə qabaqcadan hazırlanmış suallar öyrənənlərə yönəldilir. Hamı bu müzakirədə aktiv iştirak etməlidir.
“Blum taksanomiyası” üsulu ilə qurulmuş suallar verilir:Məsələn,Sizə mənim mühazirəmdən nə tanış idi?Hansı yeni məlumatı aldınız?
Öyrəndiyimiz mövzu ilə əlaqədar əsas anlayışları sadalayın. (Hafizəni yoxlayan sual)
Hər hansı pedaqoji texnologiyanın öyrənilməsi nəyə lazımdır? (Təhliledici sual)
Müasir pedaqoji texnologiyanın qruplaşdırılan istiqamətləri hansılardır? (Tərkibedici sual)
Müxtəlif pedaqoji texnologiyaları müqayisəli xarakterizə edin. (Müqayisəedici sual)
Öyrənənlərin bilikləri bu suallar ətrafında müzakirədən sonra, nəticədə dərsdə alınan yeni məlumatlarla tamamlanır.
Təhsil sisteminin pedaqoji texnologiya baxımından inkişaf tendensiyası qeyri xətti proses olub öyrədən və öyrənənin təlim əməliyyatları vahid məqsədə yönəltməni zəruri sayır.
İstifadə olunan ədəbiyyat
1. Təhsil haqqında Azərbaycan Respüblikasının Qanunu,Bakı 2009.
2. A.Mehrabov və.b.”Pedaqoji texnologiyalar”. Bakı 2006.
3.A.Nəzərov. Müasir təlim texnologiyaları. Bakı.ADPU nəşriyyatı. 2012.
4. F.Rüstəmov,T.Dadaşova.Ali məktəb pedaqogikası.Bakı,”Nurlan”,2007,568 səh.
5.Ş.Ağayev. Texnologiya və onun tədrisi metodikası (Bakalaviratlar üçün mühazirə mətnləri). Bakı, 2021, ADPU-nəşriyyatı. 408 səh.
6.Z.Veysova. Fəal-interaktiv təlim: müəllimlər üçün vəsait, 2007.
Tarix: 15-02-2023, 00:14
Xəbəri paylaş