Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MÜƏLLİMLƏRİN PEDAQOJİ TEXNOLOGİYALARDAN İSTİFADƏ BACARIĞI





 


Arzu Süleymanova
Bakı şəhəri 177 nömrəli tam orta məktəbin direktoru
 
Müəllimlik peşəsi insan fəaliyyətinin çox mürəkkəb növünə aiddir. Pedaqoji funksiya müəllimə peşə bilikləri və bacarıqlarını tətbiq etmək istiqamətini göstərməkdir. Pedaqoji fəaliyyətin başlıca istiqamətlərini şagirdlərin təlimi, təhsili, tərbiyəsi, inkişafı və formalaşması  təşkil edir. Bu işlərin hər birində müəllim çox konkret işlər görür. O, özü bu başlıca funksiyanı nə qədər dərindən başa düşsə öz şagirdlərinə də bir o qədər müstəqillik, təşəbbüskarlıq,  sərbəstlik verər. 
Müəllimin pedaqoji qabiliyyətləri yeddi qrupa ayrılır:
- Təşkilatçılıq qabiliyyəti – müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək,  vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü göstərir.
- Təlim (öyrətmək, didaktik) qabiliyyəti – tədris materialının əyani vasitələri, avadanlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı nəql etmək, tədris – idrak fəallığını yüksəltmək, idrak maraqlarını və onların mənəvi tələbatlarını stimullaşdırmaq bacarığı daxildir.
- Perseptiv qabiliyyət – şagirdlərin daxili aləmini görmək bacarığında onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə psixikasının xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
- Kommunikativ (ünsiyyət) qabiliyyəti – müəllimin şagirdlər, onların valideynləri,  həmkarları, tədris müəssisəsinin rəhbərləri ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət  qura bilməsində özünü göstərir.
- Suqqestiv (təlqinedici) qabiliyyət – şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
- Tədqiqatçılıq qabiliyyəti – pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığıdır.
- Elmi-idraki qabiliyyət – seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir. Bu qabiliyyətlər içərisində aparıcı və köməkçi qabiliyyətlər vardır. Didaktik və təşkilatçılıq qabiliyyəti aparıcı qabiliyyətlərə aiddir. Qalanları  isə köməkçi  qabiliyyətlər   hesab olunur. 
Müəllim üçün ən vacib keyfiyyət humanizmdir. “Humanizm” sözünün mənası, insanpərvər (“insani”, “bəşəri”) deməkdir. Humanist münasibətlər şagirdlərin  şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədris fəaliyyətinə yüksək tələbkarlıqdan, şəxsiyyətinin inkişafına qayğı göstərməkdən və s. - dən ibarətdir.
İnteraktiv metodlarla əlaqədar  xarici  təcrübədən əxz olunan, istifadə edilən və əməli işdə tətbiq olunan bir sıra müxtəlif adlar və terminlərin işlədilməsinə diqqət yetirməyin zəruriliyi ortaya çıxır. Bu adların verilməsi nəzəri ideyadan deyil, praktikadan – təlim təcrübəsindən irəli gəlmişdir. Əgər hər hansı işini mükəmməl bilən, yaradıcı işləyən müəllim öz təcrübəsində şagirdlərarası  fəallaşdırmanı  təmin  edən   hər  hansı  metodika işləyib tətbiq edərsə özü də onun adını verə bilər.
Nümunə üçün xarici təcrübədən əxz edilmiş və yenilikçi müəllimlər tərəfindən tətbiq edilməyə başlanılan interaktiv metodların bir neçəsinə diqqət yetirək:
Rollu oyun. Bu metod didaktikada ilkin formalaşmış metodlardan biridir. XX əsrin 20-30-cu illərində Azərbaycanda hətta ədəbi müzakirələri də bu metodla keçirirmişlər. Hələ Sovet dönəmində müəllimliyə başlayan bəzi müəllimlər dərslərində rollu oyundan şagirdləri fəallaşdırma və qabiliyyətlərinin artırma metodu kimi orta məktəbdə istifadə etmişlər. Rollu oyunu hazırda interaktiv metodlar sırasına daxil edən digər qabaqcıl müəllimlər vaxtı düzgün  hesablamalıdırlar. Göstərilən şərtləri Azərbaycanın qabaqcıl müəllimləri və uşaq bağçası  tərbiyəçiləri 50 ildir ki, tətbiq edirlər. Rollu oyun mövzuya, fənnə, sinfə görə müxtəlif cür imitasiya edilə bilər.
Rollu oyun şagirdlərin yaradıcı təxəyyülünü inkişaf etdirir, onların iştirak hissini gücləndirir. Bu üsulla işlədikdə şagirdlər elə bil ki, hadisələrin canlı iştirakçılarına çevrilirlər. Rollu oyunun keçirilməsi zamanı sinfin əksər hissəsi dərs prosesinə qoşulur. Rollu oyunun sayəsində şagirdlər digərlərinin düşüncə tərzini yaxşı anlamağa başlayırlar. Bu metodika şagirdlərdə qrupda işləmək bacarığını inkişaf etdirir. Bu oyunlar dərsin yeknəsəkliyini aradan qaldırır və mövzuya maraq oyadır.
Rollu oyunların keçirilməsi üsulları müxtəlifdir. Adətən, müəllim sinfi qruplara bölür və bu qrupların arasında rolları bölüşdürür. Şagirdlərin fəaliyyəti onların oyuna nə dərəcədə cəlb olunmasından  asılıdır. Şagirdlərin hansının cəlb olunması üçün müəllimin istiqamətləndirici fəaliyyəti böyük rol oynayır.
Rollu oyunlar hökmən şagirdlərə ünvanlanmış müvafiq suallarla nəticələnməlidir. Bu suallar rollu oyunların məqsədlərinə xidmət etməlidir.
Debatlar. Debatlar (fransız dilində, “Debats” – hansısa iclasda, yığıncaqda fikir  mübadiləsi) müəyyən bir problemə aid mübahisədir, bir-birinə əks nöqteyi-nəzərdən  toqquşması, tərəflərin öz mövqeyini mədəni surətdə dəlillər əsasında müdafiə etməsidir. Debatlar hadisələrə müxtəlif nöqteyi-nəzərlərdən baxmağa, faktları və ideyaları şübhə altına  almağa və inandırmağa başlayırlar. Debatların əsasını arqumentlər – dəlillər təşkil edir. Debatlarda gərək nəinki nitqlə çıxış edəsən, eyni zamanda digər tərəfin arqumentlərini dəf  edəsən, öz  mövqeyini   qarşı tərəfin mövqeyi ilə qarşılaşdırasan və bununla hakimləri öz üstünlüyünə inandırasan. Bu  mənada debatlar şahmat oyununa bənzəyir, çünki suala nəinki öz mövqeyindən, eyni zamanda rəqibin mövqeyindən baxaraq onun növbəti arqumentinə hazır olursan. Debatlar mövzunun qısaca və dürüst ifadəsindən başlanır. Hər qrup öz mövqeyini   müdafiə edir və qarşı tərəfin arqumentlərini təkzib edir.
Demokratik dövlətin gələcək vətəndaşları kimi şagirdlər debatlar vasitəsilə siyasi hadisələri başa düşə bilir və öz nöqteyi-nəzərini müdafiə etməyi öyrənirlər. Debatlar insanların deyil, ideyaların qarşıdurmasıdır, demokratik cəmiyyətdə isə bu qarşıdurmanın yeganə həlli vasitəsi əsaslandırılmış arqumentlər ola bilər. Başqa sözlə desək, şagirdlər qarşı tərəfin özünə deyil, onun arqumentlərinə – dəlillərinə həmlə etməlidirlər. Debatların ən vacib elementi tənqidi düşüncədir.
Pedaqoqun peşəkar potensialının ümumi strukturu aşağıdakılardır: 
İntellektual, motivasion, kommunikativ, operasion (və ya sırf professional), yaradıcı komponentlər. “İdeal pedaqoq” anlayışının da öz mənası vardır. İdeal pedaqoq  professional pedaqoqa nümunədir. İdeal pedaqoq ən yüksək səviyyədə formalaşmış vətəndaşlıq, istehsalat və şəxsiyyət funksiyalarının  daşıyıcısıdır.  
İdeal  pedaqoqun   keyfiyyətləri üç qrupa ayrılır:
1. İdeal pedaqoq bir mütəxəssis kimi;
2. İdeal pedaqoq bir işçi kimi;
3. İdeal pedaqoq bir insan kimi.
Pedaqoji ünsiyyətin üslubundan asılı olaraq müəllimlər üç tipə bölünür: 
- fəal;
- az fəal;
- çox fəal.
Fəal müəllim: ünsiyyətin təşkilində təşəbbüskardır, şagirdlərlə əlaqələrini fərdiləşdirir, onun mövqeyi, xətti, topladığı təcrübəyə uyğun dəyişir, o nə istədiyini bilir və öz hərəkətlərində nəyin məqsədə nail olmağa kömək göstərdiyini başa düşür.
Az fəal müəllim: öz xəttində, mövqeyində çevikdir, amma daxilən zəifdir. Onun siniflə ünsiyyətinin xarakterini özü yox, şagirdlər diktə edir. Onun məqsədləri dağınıqdır və davranışını açıq-aşkar şəraitə uyğunlaşdırır.
Çox fəal müəllim: öz şagirdlərini yüksək qiymətləndirməyə və qeyri-real ünsiyyət  modelləri qurmağa meyillidir. Şagird başqalarına nisbətən fəaldırsa, o qiyamçı və dələduz, əgər passivdirsə tənbəldir.  
Azərbaycanda interaktiv metodlarla, yeni texnologiyalarla işləyən müəllimlərin iş   təcrübəsi demək olar ki, uğurlu alınır. Ancaq onu da qeyd edək ki, interaktiv təlim  metodlarından həmişə istifadə etmək onun təsirini azalda bilər.
Həqiqi təlim üçün metod və texnologiyaları qarşıya qoyulmuş məqsəd və şəraitindən asılı olaraq müəllimlər fənnə, mövzuya, şagirdlərin təcrübə və bilik səviyyəsinə görə yeni təlim metodlarından, müxtəlif metodika və texnologiyalardan istifadə etməyi bacarmalıdırlar.
Yeni təlim texnologiyalarını aktuallaşdıran aşağıdakı şərtlərə əməl olunmalıdır:
1. İnsanların bazar iqtisadiyyatı cəmiyyətində yaşaması və hər kəsin özünü bu cəmiyyətdə yaşaya bilmək üçün hazırlaya bilməsinin önəmliyi;
2. Uşaqların 20-30 il əvvəlki zamana görə dünyagörüşünün, sosial, texniki məlumatlılıq səviyyəsinin xeyli yüksək olması. Təlimin məzmun və metodlarının uşağın istəyini təmin etməyin vacibliyi.
 
ƏDƏBİYYAT
1. Ağayev Ə. Təlim  prosesi: ənənə və müasirlik. Bakı, 2006.
2. Ağayev M. Kiçik yaşlı məktəblilərin tərbiyəsi. Bakı, 2006.
3. Mehrabov A. Azərbaycan  təhsilinin   müasir problemləri. Bakı, 2007.
4. Mehrabov A., Bəylərov E. Şagird intellektinin inkişafı. Bakı, 2006.
5. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı, 2009.
6. Mərdanov M., Şahbazlı  F. Azərbaycan təhsil  sistemi (1998-2005). II kitab, Bakı, 2005.
7. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. (Mühazirə xülasələri), Dərs vəsaiti. Bakı, 2008.
8. Nəzərov A., Mollayeva  E.  Müasir dövrün təhsil problemləri (dərs vəsaiti). Bakı, 2011.


Tarix: 19-02-2023, 00:07

Xəbəri paylaş