İngilis dili dərslərində İKT
Səkinə Abbasova,
Abşeron Rayon Təhsil Şöbəsinin metodisti, magistr
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Strateji yol xəritəsində ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcəkdir. Eyni zamanda daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir. İnsan kapitalının formalaşmasında əsas rol oynayan təhsil işçilərinin, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması və müəllimin nüfuzunun artırılması istiqamətindəki təşəbbüslərin dəstəklənməsi öz əksini tapmışdır. İKT bilikləri insanlara, eləcə də iqtisadiyyata yüksək dəyər gətirmək potensialına malik yeni iş yerləri yaratmaq imkanları verir.
Bundan başqa, rəqəmsal savadlılıq Azərbaycanın gələcəyi və insan kapitalının inkişaf etdirilməsi üçün əsas element hesab olunur. İKT bilikləri insan kapitalının formalaşmasında və istifadəsində həlledici amillərdən biridir. Müasir məktəblərin və universitetlərin yaranması, araşdırma və təkmilləşdirmələrin aparılması, istehsal və xidmət müəssisələrinin fəaliyyəti bu və ya digər dərəcədə İKT texnologiyaları ilə bağlıdır. Müasir cəmiyyətimiz informasiyalaşdırma adlanan tarixi bir prosesə qoşulmuşdur. Bu prosesi isə kompüterləşmə həyata keçirir. İnformasiyalaşdırma cəmiyyətin elmi-texniki və sosial-iqtisadi inkişafının başlıca mənbəyi kimi gənc nəslin təlim-tərbiyəsində başlıca rol oynayır. İnformasiyalaşdırma və kompüterləşdirmə nəticəsində İKT-dən istifadə zəruri bir hala çevrilmişdir. İKT dedikdə əslində informasiyanın əldə olunması, saxlanılması, təkrar istifadəsi və eyni zamanda qorunması ilə bağlı geniş texnologiyaları əhatə edən bir sahədir.
Kompüter əsrində yaşayırıq və bu da öz növbəsində biz müəllimlərdən, kompüter savadı və texnologiya təhsili daxil olmaqla, müxtəlif təcrübələr tələb edir. Xarici dil dərslərində İKT-dən istifadənin əsas məqsədləri aşağıdakılardır: - dil öyrənmək üçün motivasiyanın artırılması; - orijinal xarici dil mətnlərinin, həm də əsaslandırılmış ifadələrinə məlumat ötürmək imkanı; - dil bacarıqlarının artırılması; - öz-özünə öyrənmə qabiliyyəti və istəyinin inkişafı. Dünyada ingilis dili müəllimləri İKT-dən dərsdə istifadə zamanı müxtəlif məqsədlər üçün: nitq və dil bacarıqlarının təkmilləşdirilməsi, professional bacarıqlarını artırmaq, səviyyəli layihələr üzərrində işləmək üçün didaktik material yaradılması ilə məlumat, yazışma bacarıqlarının inkişaf etdirilməsi üzrə istifadə edirlər. İKT ingilis dili dərslərində müəllimin köməyinə çatmış olur. İngilis dili dərslərində fonetika bölməsini şagirdlərə öyrədən zaman İKT-nın elementləri müəllimin olduqca köməyinə çatır. Bu zaman müəllim ən yaxşı halda nələrdən istifadə etməlidir? Dərsin effektiv olması və bu bölmənin şagirdlərə daha mükəmməl şəkildə çatdırılması üçün müəllimin əsas rolu nədən ibarət olmalıdır? - Bu zaman müəllim multimedia resurslarından istifadə edərək, kompüter texnologiyasının xüsusi effekt görüntüləri və səslənmələr vasitəsilə və ya audiovizual vasitələrdən istifadə etməklə şagirdlərdə bu çətin bölməni daha yaxşı başa düşmələrinə şərait yaradır. Leksika bölməsini tədris edərkən müəllim kompüter texnologiyalarının köməkliyindən istifadə edərək, daha maraqlı resurslar, oyunlar hazırlaya bilər.
Bu zaman köməyimizə internetdə mövcud olan, pulsuz onlayn sosial xidmətlər gəlir. Bu xidmətlərin köməkliyi ilə maraqlı onlayn testlər hazırlamaq olur. Misal üçün Rusiya Federasiyasında daha geniş istifadə olunan banktestov.ru saytı. Bu saytda müəllimlər öz şagirdlərinin bilik bacarıqlarını yoxlamaq üçün onlayn testlər hazırlayırlar. Bu resurslar bir növ əyləncəli test bankını xatırladır. Digər maraqlı bir sayt onlinequizcretor.com saytıdır. Bunu daha çox kiçikyaşlı uşaqlara dərs deyən müəllimlərimiz istifadə edə bilərlər. Bu sayt onlayn qeydiyyatdan keçməklə istifadə olunan bir test vasitəsidir. Burada müəllim test qurur, şagirdləri qeydiyyatdan keçirir və hazırlanan testləri qrup, cütlər və ya fərdi şəkildə oynayırlar. Burada rəqabətlilik özünü büruzə vermiş olur, şagirdlər oynadıqca tez qurtaranın nəticəsi öz əksini tapmış olur. Eyni zamanda Norveç müəllimlərinin dərsdə daha çox istifadə etdiyi sayt kimi proprofos.com saytını göstərmək olar. Burada hazırlanan testləri müxtəlif test kimi və ya sözləri buraxılmış cümləni tamamla kimi maraqlı bir tapşırıq da hazırlamaq olar. Bundan bu gün Azərbaycan tədris sistemində qiymətləndirmə üsulu kimi istifadə olunan KSQ və BSQ-lər zamanı onlayn imtahan sistemi kimi də istifadə etmək olar. Bildirmək istərdim ki, nəticələr sistemdə 90 gün müddətində qalır. Müəllim bu nəticələri saxlaya bilər və ya uşaqların valideynlərinə elektron poçt vasitəsi ilə göndərə bilər. Sistemin özəlliyi ondan ibarətdir ki, uşağın etdiyi səhvləri qırmızı rəngli işarə ilə göstərir. Dünyada daha çox istifadə olunan metodlardan biri də Tədrisdə Video görüntülü konferensiyadır. Çox vaxt kompüter konferensiyaları adlandırılan elektron konferensiyalar məsafədən asılı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu ətrafında müzakirələr aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş qərarların icrasına birgə nəzarət etməsinə imkan verən internet şəbəkəsinin xidmətlərindəndir. Bu zaman elektron konferensiya iştirakçılarının eyni vaxtda kompüter arxasında onlayn rejimdə olması tələb olunur. Konferensiya iştirakçılarının aparat təminatı elektron poçt istifadəçilərinin aparat təminatı ilə əsasən üst-üstə düşməlidir. Proyektorların tətbiqi elektron konferensyiaların daha səmərəli təşkilinə gözəl imkanlar açır. Konferensiyanın təşkilində istifadə olunan aparatların proqram təminatı isə bütün istifadəçilər üçün eyni olmalıdır. Elektron konferensiya rejimini dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayp (Skype) proqramını göstərmək olar. Bu proqram istifadəçilər arasında multimedia tipli əlaqələrin qurulması üçün çox mükəmməl imkanlar yaradır. Elektron konferensiyalarda iştirak edənlər vaxt baxımından bir-birindən asılı olurlar (sinxron təhsil forması), iştirakçıların biri üçün nəzərdə tutulan audio, video və yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul olunur və onların verdiyi cavablar da bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul edilir. İnternetin bu xidməti virtual tədris qruplarının yaradılmasına və onların qabaqcadan bəlli olan dərs cədvəli əsasında mühazirələrdə, seminar və təcrübə məşğələlərində iştirakının təmin olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya iştirakçılarının elektron ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam istifadə etmək bacarıqlarının olması vacib şərtlərdəndir. Lokal kompüter şəbəkəsinin təşkili üçün isə şəbəkə mütləq FTP serverlə təchiz olunmalıdır. Belə server bütün konferensiyanın 36 iştirakçısı üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin məlumatlardan yararlanması üçün geniş imkanlar yaradır. Elektron konferensiya iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni zamanda bu məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların çatdırılması imkanları bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə əks etdirir. Bir metodist kimi Abşeron təhsil müəssisələrində vaxtaşırı apardığım yoxlamalar və dərs dinləmələri zamanı əldə etdiyim nəticələri də Sizlərlə bölüşmək istərdim. Bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 24 avqust 2004-cü il tarixli sərəncamı ilə qəbul edilmiş, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” böyük istiqamətverici və səfərbəredici rol oynamışdır. Prezidentin digər sərəncamı 2008-2012-ci illəri əhatə edən “Təhsil sisteminin informasiyalaşdırılması Proqramı” bu işin vacibliyini təsdiq etmişdir. Tədris prosesində informasiya texnologiyalarının geniş tətbiqi müasir təlimin ən prioritet sahələrindən biridir. Son illərdə rayonun ümumtəhsil məktəblərində İKT avadanlıqlarına olan ehtiyacın ödənilməsi, tədris zamanı İKT-dən geniş istifadə edilməsi sahəsində xeyli işlər görulmüşdür.
Təhsil müəssisələrində çalışan müəllimlərimiz müxtəlif İKT təlimlərindən keçmiş və İKT-dən tədris prosesində istifadə qaydalarını öyrənmişlər. Müəllimlər öz dərslərində ilk vaxtlar əgər sadə kompüter ofis proqramlarından istifadə edərək qururdularsa, artıq xarici dil müəllimləri beynəlxalq layihələrdə iştirak edir, daha mürəkkəb, maraqlı internet resurslarından, elektron lövhədən istifadə edərək öz dərslərində rəngarənglik yaradırlar. Bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan təhsilinə, Azərbaycan müəlliminə verdiyi böyük dəyərin göstəricisidir.
Tarix: 11-04-2017, 13:36