Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və Coğrafiya İnstitutunun yaradılmasının 80 illik yubileyi münasibətilə “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın Coğrafiya İnstitutu, Coğrafiya Cəmiyyəti, Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, Dövlət Pedaqoji Universitetinin Quba filialı, eləcə də Almaniyanın Yustus Libix Universiteti, Türkiyənin Bursa Uludağ Universiteti, Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu və Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu, Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası, Dağıstan Dövlət Texniki Universiteti və R.Qəmzətov adına Dağıstan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirin keçirilməsində əsas məqsəd müasir coğrafi tədqiqatların prioritet istiqamətlərini müəyyənləşdirmək, elmi biliklərin təhsil və istehsalat sahələrinə transferini sürətləndirmək, beynəlxalq elmi əməkdaşlığı və təcrübə mübadiləsini daha da genişləndirmək olub.
Konfransın açılışında AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov müzakirə olunacaq məsələlərdən, tədbirin əhəmiyyətindən danışıb.
Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani “Coğrafiya İnstitutu – 80 illik zaman kəsiyində” mövzusunda çıxış edib. O, Coğrafiya İnstitutunun qazandığı nailiyyətlər, nəşr fəaliyyəti, əsas elmi nəticələr, institutun inkişaf perspektivləri, coğrafiya elmi qarşısında duran problemlər, son vaxtlar beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlar, layihələr və s. haqqında söhbət açıb.
Açılış mərasimində, həmçinin akademik Akif Əlizadə, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, Gürcüstan Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili, BDU-nun Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov, Qazaxıstanın Su problemləri və Coğrafiya İnstitutunun nümayəndəsi Əlixan Medeu, professorlar Rza Mahmudov, Şövqisəfa Göyçayski, Çingiz İsmayılov, Təbriz Universitetinin professoru Xəlil Vəlizadeh və başqaları çıxış edərək Coğrafiya İnstitutunun kollektivini 80 illik yubiley münasibətilə təbrik ediblər.
Plenar iclasda “Sel Assosiasiyası”nın prezidenti Sergey Çernomorets “Sellərin və buzlaq fəlakətlərinin tədqiqi”, George Lominadze “Gürcüstanda həssas sahil seqmentinin morfodinamik prosesləri və adaptiv bərpası”, Arifə Karadağ “Kiçik məkanlar, böyük təsirlər: Türkiyədə Hobbi bağçılığının və kiçik ev hərəkatının davamlılıq perspektivi” mövzularında məruzə ediblər.
Tədbirdə Azərbaycan və Gürcüstanın Coğrafiya institutları və Coğrafiya Cəmiyyəti, eləcə də Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Coğrafiya İnstitutu arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.
Konfrans çərçivəsində bölmə iclaslarında landşaftlardan istifadənin müasir vəziyyəti, iqlim və su ehtiyatlarının idarə olunması, torpaq və bitki örtüyünün mühafizəsi, regionların sosial-iqtisadi inkişafı, turizm və rekreasiya potensialı, gənc tədqiqatçıların işğaldan azad olunmuş ərazilərin inkişafına baxışı kimi aktual mövzular müzakirə edilib.
Tarix: Bu gün, 16:09
