Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

27 Mart Azərbaycanda Elm Günüdür



Martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd edilir. Son illərdə bu əlamətdar gün ölkəmizdə elmi ictimaiyyətin bayramı kimi qeyd olunur. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsi, ölkəmizdə elmin inkişafına verilən yüksək dəyərin göstəricisidir. 
Ölkəmizdə Elm Günü Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmalar sistemli xarakter alıb. Bu əlamətdar gün elmi fəaliyyətlə məşğul olan alimlərin əməyinin qiymətləndirilməsi, gənc nəslin elmə marağının artırılması və ölkənin intellektual potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Heydər Əliyev – Azərbaycan elminin inkişaf konsepsiyasının banisi
Azərbaycan çoxəsrlik tarixi boyu dünyaya bir çox korifeylər və mütəfəkkirlər bəxş edib. Azərbaycan alimləri elmin müxtəlif sahələrində etdikləri kəşflərlə bəşəriyyətin elmi xəzinəsinə böyük töhfələr veriblər. 27 Mart Elm Günü həm görkəmli alimlərimizin vətən qarşısında xidmətlərinin yad edilməsi, həm də elmin inkişaf mərhələlərinə nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan elminin inkişaf konsepsiyası bilavasitə dünyaşöhrətli siyasi xadim Ümummilli Lider Heydər Əliyevın adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişafı məsələlərinə xüsusi diqqət yetirib, bu sahənin sürətli inkişafı üçün mühüm qərarlar qəbul edib. O, 1969-cu ilin avqust plenumunda respublika elminin vəziyyəti ilə bağlı narahatlığını ifadə edərək deyirdi: “Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...”.
Heydər Əliyev elmin inkişafını dövlətin strateji məqsədlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Milli Elmlər Akademiyasının sürətli inkişafı da Ulu Öndərin adı ilə bağlıdır. Dahi liderin diqqət və qayğısı sayəsində Akademiya xalqın intellektual potensialının səmərəli təşkilində, elmin strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi sahələrin inkişafında müstəsna rol oynayıb.  
Təsadüfi deyil ki, ölkəmiz üçün ağır siyasi-iqtisadi dövrdə Milli Elmlər Akademiyasının bağlanması təşəbbüslərinin qarşısının alınması da məhz Ulu Öndərin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn dünyaşöhrətli siyasətçi ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında keçirib. Həmin görüşdə Heydər Əliyevin verdiyi bəyanat elm sahəsində bir çox təhlükəli meyillərin qarşısının alınması sahəsində qətiyyətli səylərin əsasını qoydu: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir".  
Daha sonra, 1997-ci ilin 31 yanvarında Prezident Sarayında Heydər Əliyev ölkənin nüfuzlu elm adamları ilə görüşündəki çıxışında Elmlər Akademiyasına və onun alimlərinin əməyinə verdiyi yüksək qiymət bu elm ocağının bağlanması ilə bağlı şayiələrə və narahatçılıqlara son qoydu və burada çalışan əməkdaşların Azərbaycan elminin sabahına inamını və ümidini artırdı. Heydər Əliyev çıxışında deyirdi: “XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir… Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz - Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elm müəssisəsidir… O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz bu akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz…”. Məhz bu bəyanat Elmlər Akademiyasının, alimlərimizin faliyyətində böyük canlanma yaradıb.  
Heydər Əliyevin elm sahəsində mühüm addımlarından biri də 2001-ci il 15 may tarixli fərmanı oldu. Bu fərmanla Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi və onun elmimizin inkişafındakı rolu rəsmən təsdiqləndi. 
Ümummilli Lider elmin rolunu yüksək qiymətləndirərək deyirdi: “Gələcəyimiz elmin inkişafından asılıdır”. Təhsil və elmi xalqın intellektual potensialını müəyyən edən əsas amil hesab edən Ulu Öndər bu önəmli sahənin inkişafına töhfələrini verən elm adamları haqqında “alimlər cəmiyyətin ən hörmətli təbəqəsidir”, -deyirdi.  
Heydər Əliyevin rəhbərliyi dövründə elmi-tədqiqat sahəsinə dövlət qayğısı artıb, möhkəm elmi baza yaradılıb. Ulu Öndərin elmə verdiyi yüksək qiymət aşağıdakı fikrində aydın ifadə olunur: “Elm cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsidir”. Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin elmi potensialının qorunması, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və elmi-tədqiqat institutlarının inkişafı istiqamətində mühüm addımlar atılıb. Dahi liderin müəyyən etdiyi strateji kurs bu gün də öz aktuallığını qoruyur və uğurla davam etdirilir. 

Elm siyasətinin müasir mərhələdə davamı
Ümummilli Liderin formalaşdırdığı elm siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə elm və təhsil sahəsində islahatlar daha geniş miqyas alıb. İnnovasiyaların tətbiqi, rəqəmsal texnologiyaların inkişafı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Elm və təhsilin inteqrasiyası gücləndirilib, gənc alimlərin yetişdirilməsinə xüsusi diqqət ayrılıb. Dövlət proqramları vasitəsilə elmi fəaliyyət stimullaşdırılıb.  
Prezident İlham Əliyev 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunan yığıncaqdakı çıxışında milli elmimizin keçdiyi yola və tərəqqiyə, görülən işlərə belə qiymət verib: “Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının, dediyim kimi, təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya qəbul edilmişdir. “Elm haqqında” Qanun qəbul edilmişdir, Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir". 
Doğrudan da hazırda ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib.  
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib. AMEA-nın elmi müəssisə və qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Bundan əlavə, Prezident İlham Əliyevin Qarabağ Universitetinin yaradılması haqqında 2023-cü il 28 noyabr tarixli Sərəncamı işğaldan azad edilmiş ərazilərdə elm və təhsilin inkişafına verilən önəmin göstəricisidir.
Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsində elmin və ali təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi əsas strateji hədəflər kimi müəyyən olunub. Strategiyada bilik və texnologiyaların inkişafı və effektiv transferi 2027–2030-cu illərdə Azərbaycan elminin aparıcı istiqamətlərindən biri kimi müəyyən edilib. 
Hazırda Azərbaycan elminin dünya elminə inteqrasiyası çərçivəsində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır. 

Azərbaycan Respublikasında elmin inkişaf səviyyəsi bir sıra mühüm göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər ölkənin elmi potensialını, innovasiya imkanlarını və beynəlxalq inteqrasiyasını əks etdirir:
1. Elmi-tədqiqat infrastrukturu. Azərbaycanda elmi fəaliyyət əsasən Azərbaycan Milli Elmlər Akademiyası və ali təhsil müəssisələri vasitəsilə həyata keçirilir. Ölkədə onlarla elmi-tədqiqat institutu fəaliyyət göstərir və müxtəlif sahələr üzrə fundamental və tətbiqi tədqiqatlar aparılır.
2. Elmi kadr potensialı. Ölkəmizdə minlərlə elmi işçi və tədqiqatçı fəaliyyət göstərir. Elmlər doktoru və fəlsəfə doktoru dərəcəli alimlərin sayı artır. Gənc alim və tədqiqatçıların elmə cəlb olunması istiqamətində dövlət proqramları həyata keçirilir. Bu göstərici ölkənin intellektual kapitalının güclənməsini nümayiş etdirir.
3. Elmi nəşrlər və sitat indeksləri. Azərbaycan alimləri tərəfindən beynəlxalq elmi bazalarda (məsələn, “Scopus” və “Web of Science”) indekslənən məqalələrin sayı ildən-ilə artır. Elmi məqalələrin sayında artım, sitat indekslərinin yüksəlməsi, beynəlxalq jurnallarda nəşr imkanlarının genişlənməsi müşahidə olunur. Buna müvafiq olaraq da Elm və Təhsil Nazirliyi tərəfindən alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt-faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılması məqsədilə mükafatlandırma həyata keçirilir. Son illərdə əldə etdikləri mühüm elmi nailiyyətlərinə görə alimlərimizin Stenford Universitetinin dünyanın ən çox istinad olunan elm adamlarının (TOP 2 faiz) reytinqində yer alması da qürurvericidir və mühüm göstəricilərdəndir. 
4. İnnovasiya və texnologiya göstəriciləri. Startapların və innovasiya layihələrinin sayının artması, texnoparkların və innovasiya mərkəzlərinin yaradılması, rəqəmsal texnologiyaların tətbiqi təmin olunur. 
Bu sahədə dövlət siyasəti xüsusilə Prezident İlham Əliyev tərəfindən prioritet istiqamət kimi müəyyən edilib. 
5. Beynəlxalq əməkdaşlıq.Azərbaycan elmi beynəlxalq müstəvidə aktiv şəkildə təmsil olunur: Xarici elmi mərkəzlərlə birgə layihələr həyata keçirilir, alimlərimizin Beynəlxalq konfranslarda və Qrant proqramlarında iştirak imkanları təmin olunur.
6. Dövlət maliyyələşdirilməsi. Elm sahəsinə ayrılan vəsaitlərin həcmi artmaqdadır. Dövlət proqramları və fondlar vasitəsilə elmi tədqiqatlar maliyyələşdirilir, alimlərə qrantlar verilir.
7. Təhsil və elm inteqrasiyası. Ali təhsil müəssisələri ilə elmi-tədqiqat institutları arasında əməkdaşlıq güclənir. Bu isə tədqiqat yönümlü təhsilin inkişafına, gənc alimlərin hazırlanmasına, praktiki biliklərin artırılmasına xidmət edir. 
Beləliklə, Azərbaycan elminin inkişaf göstəriciləri ölkədə elmi potensialın davamlı şəkildə artdığını göstərir. Dövlətin məqsədyönlü siyasəti, xüsusilə Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiya nəticəsində elm ölkənin prioritet inkişaf sahələrindən birinə çevrilib. 

Azərbaycan elmi– uğurlar və perspektivlər
Bu gün Azərbaycan elmi müxtəlif sahələrdə mühüm uğurlar əldə edir. Neft-qaz sənayesi, kimya, mühəndislik, informasiya texnologiyaları, tibb, kənd təsərrüfatı və digər sahələrdə aparılan tədqiqatlar ölkənin iqtisadi inkişafına töhfə verir. Azərbaycan alimləri beynəlxalq konfranslarda fəal iştirak edir, nüfuzlu elmi jurnallarda məqalələrlə çıxış edirlər. Eyni zamanda, ölkədə innovasiya ekosisteminin inkişafı elmin gələcək perspektivlərini daha da genişləndirir. 
Müasir dövrdə Azərbaycan elmi yeni mərhələyə qədəm qoyaraq həm fundamental, həm də tətbiqi sahələrdə nailiyyətlər əldə edir. Prezident İlham Əliyev elm və təhsilin inkişafını ölkənin gələcəyi üçün əsas prioritetlərdən biri kimi dəyərləndirir: “Elm və təhsil hər bir ölkənin davamlı inkişafının əsasını təşkil edir”.
İlham Əliyevin rəhbərliyi ilə innovasiyaların tətbiqi, rəqəmsal texnologiyaların inkişafı və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm uğurlar əldə edilib. Gənc alimlərin yetişdirilməsi və onların elmi fəaliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır. “Gənclərimizin yüksək səviyyədə təhsil alması Azərbaycanın gələcəyini müəyyən edir”, - deyə ölkə başçısı çıxışılarında bildirir. Bu siyasət nəticəsində ölkədə elmi mühit daha da güclənib, beynəlxalq əməkdaşlıq genişlənib.  
Elm Günü yalnız alimlərin bayramı deyil, həm də cəmiyyətin inkişafının təməl sütunlarından birinə verilən dəyərin ifadəsidir. Azərbaycanın elmi potensialı dövlətin diqqət və qayğısı sayəsində daha da inkişaf edir və gələcəkdə ölkəmizin tərəqqisində mühüm rol oynamaqda davam edəcəkdir. 
“Azərbaycan müəllimi” olaraq bu əlamətdar gün münasibətilə ölkəmizin elm adamlarını səmimi qəlbdən təbrik edir, elmin inkişafı sahəsindəki fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

muallim.edu.az



Tarix: Bu gün, 16:01

Xəbəri paylaş