Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xatirələrdə yaşayan müəllim

 
İnsan ömrü axar suya bənzəyir. Bəzən ömür adlı yolun bir vaxt başa çatacağını hiss etmirsən. Lakin insanın cismani ölümündən sonra ikinci həyatı başlayır. Bu həyat elin yaddaşına hopan ömrün izidir. Əgər dünyasını dəyişəndən sonra sağlığında təmasda olduğun yüzlərlə insanın xatirəsində qalırsansa, tez-tez anılırsansa, demək yaddan çıxmamısan, təzədən yaşayırsan. Belə insanlardan biri də Hüseyn Qara oğlu Hüseynovdur.
Hüseyn Qara oğlu Hüseynov 1923-cü ildə Füzuli ra­yonunun Merdinli kəndində anadan olub. 1930-cu ildə qonşuluqdakı Qaraxanbəyli kənd yeddiillik məktəbin 1-ci sinfinə daxil olub, 1937-ci ildə həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirib. Hüseyn müəllim həmin il Karyagin (indiki Füzuli - E.S) rayon Pedaqoji Texnikumuna daxil olub, 1940-cı ildə texnikumu fərqlənmə ilə başa vurub. O, 1941-ci ilin dekabrına kimi təyinatla göndərildiyi İmişli rayonunun Bicrəvan kənd ibtidai və Qaravəlli kənd yediillik məktəbində müəllim işləyib. 1941-ci ilin dekabr ayından 1942-ci ilin fevral ayına kimi Füzuli rayonunun Alıxanlı kənd yediillik məktəbində müəllim işləyib, 1942-ci ilin fevral ayında hərbi qulluğa çağırılıb və müharibəyə göndərilib. Biləcəri top­lanış məntəqəsindən onları Qusara aparıblar. Orada qısamüddətli təlim keçdikdən sonra birbaşa döyüşə getmələri planlaşdırılır. Silahlar az olduğundan bəzən onlara silah əvəzinə ağaclarla təlim keçirilib. Nəhayət, təlim bitdikdən sonra döyüşə göndərilib və onun döyüş yolu Mozdokdan başlayıb. Hüseyn müəllim döyüşlərdə göstərdiyi sücaətlərə görə çoxlu orden və medallarla təltif olunub.
Böyük Vətən müharibəsi qələbə ilə başa çatsa da, Hüseyn müəllimin hərbi qulluğu davam edib. Onu Almaniya­dan Yaponiya ilə müharibədə iştirak etməsi üçün şərqə - Yaponiya sərhədlərinə aparıblar. Onun qulluq etdiyi hərbi hissə döyüşə girməmişdən bir gün əvvəl Amerika Yaponiyaya atom bombası atmış və müharibə başa çatdığından hərbi hissə döyüşə girməmişdir. Beləliklə, Hüseyn müəllim ordudan tərxis olunaraq yalnız 1945-ci il dekabrın 1-də doğma kəndinə qayıda bilib.
Müharibədən sonra Hüseyn müəllim Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində sözün həqiqi mənasında çox sevdiyi, ömrü boyu böyük hörmətlə yanaşdığı müəllimlik işinə başlayıb. Müəllimlər və şagirdlər arasında böyük hörmət qazanıb. Eyni zamanda ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, qiyabi olaraq təhsilini davam etdirib. Bacarığına, qabiliyyətinə görə hələ ali təhsilini başa vurmasına baxmayaraq onu Füzuli Rayon Komsomol Komitəsinin birinci katibi, sonra isə əvvəllər çalışdığı Yuxarı Seyidəhmədli kənd orta məktəbinə direktor vəzifəsinə təyin ediblər. 1954-cü ildən isə o, Füzuli rayon Maarif Şöbəsinin müdiri vəzifəsinə keçib. Beləliklə, 1954-cü ildən 1962-ci ilə kimi 8 il rayon maarif şöbəsinə rəhbərlik edib, xalq arasında böyük nüfuz qazanıb. 1962- 1966-cı illərdə əvvəlcə Füzuli Rayon Partiya Komitəsinin ikinci katibi, ardınca isə rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb. O vaxtlar atam Əli Səfərov kolxoz və sovxoz ilk partiya təşkilatının katibi kimi ictimai iş apardığından rayonda gedən prosesləri yaxından izləyirdi. Onun eşitdiyi etibarlı mənbələrə görə Azərbaycanın maarif naziri işləyən akademik Mehdi Mehdizadə Hüseyn müəllimin rayon icraiyyə komitəsindən işdən çıxarıldığını bildikdən sonra birbaşa o vaxtkı rayon partiya komitəsinin birinci katibinə zəng edib və ondan israrla xahiş edib ki, bizə, yəni təhsilə Hüseyn Hüseynov kimi kadr lazımdır, onu özümüzə qaytarın. Əlbəttə, o vaxtlar respublikada böyük nüfuza malik olan akademik Mehdizadənin xahişi dərhal yerinə yetirilib, Hüseyn müəllim yenidən Füzuli Rayon Maarif şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1966-cı ildən 1998-ci ilə kimi, dünyasını dəyişənə qədər 32 il həmin vəzifədə işləyib. Beləliklə, o 40 il Füzuli rayon təhsilinə rəhbərlik edib.
Hüseyn müəllimin keçdiyi həyat yoluna nəzər salanda onu başqalarından fərqləndirən keyfiyyətlər və üstünlüklər haqqında danışmaq istəyirəm. Hər şeydən əvvəl, Hüseyn müəllim yaradıcı bir insan olmaqla yanaşı, öz təşəbbüskarlığı ilə diqqəti cəlb edirdi. 1972-1973 -cü illərdə orta məktəb şagirdləri üçün dərsliklər az çap olunurdu. Bunu aradan qaldırmaq məqsədi ilə Hüseyn müəllimin təşəbbüsü və rəhbərliyi ilə Füzuli rayon məktəblərində dərslik fondunun yaradılması və şagirdlərin pulsuz dərsliklər ilə təmin olunması həyata keçirilib. Azərbaycan Respublikası Maarif Nazirliyi Füzuli rayonunda məktəblərin pulsuz dərsliklə təmin olunması və məktəb kitabxana fondunun yaradılması məsələsini yoxlamış, məsələni Nazirliyin kollegiyasında müzakirə etmişdir. Kollegiyanın qərarına əsasən bu təşəbbüs ətraflı öyrənilmiş və onun respublikada geniş yayılması maqsədəmüvafiq hesab edilmişdir.
1973-cü ildə Füzuli rayonunun ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlığını daha da yaxşılaşdırmaq üçün bütün məktəblərin ərazisində sadə idman komplekslərinin tikilib istifadəyə verilməsi haqqında Füzuli RXMŞ adından Hüseyn müəllim təşəbbüs qaldırıb. Füzuli RXMŞ-nin kompleks idman meydançalarının tikilib istifadəyə verilməsi təşəbbüsü 1974-cü ilin yanvar ayında Azərbaycan Respublikası Maarif Nazirliyinin kollegiyasında müzakirə olunaraq bəyənilmiş, qabaqcıl təcrübə kimi respublikada yayılması zəruri hesab olunmuşdu.
Hüseyn müəllim həmişə yenilik axtaran, işində həmişə yenilik tətbiq edən, daha yaxşı nə varsa onu üzə çıxarmağı sevən bir insan olub. O, həmişə deyərdi ki, rəhbər vəzifədə işləyən şəxs öz işində hər gün çatışmazlıqları hiss etmirsə, onu aradan qaldırmırsa, işini daha da yaxşılaşdırmaq yollarını görmürsə, o şəxsin vəzifədən uzaqlaşması gərəklidir.
O, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə çox əhəmiyyət verərək ra­yonun məktəblərində fənn kabinetlərinin təşkili və onların texniki vasitələrlə təchiz olunmasına çalışaraq xeyli iş görüb. Füzuli RXMŞ-nin bu sahədə uğurları nəzərə alınaraq “Tədris prosesində texniki vasitələrdən istifadənin vəziyyəti və effektliyinin artırılması yolları” problemi üzrə respublika seminar - müşavirəsi 1975- ci ildə Füzuli rayonunda keçirilmişdir.
Az sonra Maarif Nazirliyinin kollegiyasında Füzuli rayonunda keçirilən elmi-praktik konfransın nəticələri müzakirə olunaraq yüksək qiymətləndirilib və Füzuli RXMŞ-nin qabaqcıl iş təcrübəsinin respublika üzrə yayılması tövsiyə olunub. Hüseyn müəllimin böyük səyi, təşkilatçılığı, yenilikləri tətbiq etməsi və rayonun təhsil işçilərinin gərgin əməyi sayəsində illik göstəricilərinə görə Füzuli rayonu təhsil sahəsində qazandığı nailiyyətlərə görə 10 il respublikada birinci yerə layiq görülmüş, Azərbaycan KPMK- nın, Respublika Nazirlər Sovetinin, AHİŞ- nin və Azərbaycan LKGİMK - nın keçici qırmızı bayrağını almışdır.
Hər şeydən əvvəl, Hüseyn müəllim həm gözəl pedaqoq, həm də mahir psixoloq idi. Üç mindən artıq müəllim və tərbiyəçi ordusuna rəhbərlik etmək, onların dərd-sərinə qalmaq, qayğısını çəkmək asan iş deyildi. Əsəbi halda müəyyən problemlərinin həlli üçün yanına gələn müəllim və digər kateqoriyadan olan şəxsləri həssaslıqla dinləyir, onları öz şirin söhbəti ilə gərginlikdən xilas edərdi. İş üçün qəbulundan çıxan adamlar "Gəldiyimiz işi düzəltmədi, ancaq Hüseyn müəllimdən razı qaldıq" deyirdilər.
Adamlarla bu cür xoş rəftar, münasibət, insanı duymaq bacarığı sanki özünü Hüseyn müəllim­də tapmışdı. Hüseyn müəllimdə qeyri-adi natiqlik bacarığı vardı. O, çox ustalıqla sözü yerli-yerində işlətməyi bacarırdı. Yazdığı əmr və məktubları birbaşa sinədən makinaya deyə bilirdi. Rayonda elə bir tədbir, yığıncaq olmazdı ki, orada Hüseyn müəllim çıxış etməsin. Hüseyn müəllim sözü mum etməyi bacaran, etik normalara riayət edən və qarşısındakı insanın şəxsiyyətini qiy­mətləndirən bir psixoloq idi. O, kimlə necə davranmağı bilirdi. Hətta tabeliyindəki adamları buyuranda da müəyyən sərhədi gözləyərdi. Son dərəcə səbrli və hövsələli insan idi. İşi səbr və təmkinlə görər, tələskənliyə yol verməzdi. Söz gəzdirən, qeybətcil adamları xoşlamazdı. Onun əsas məram və idealı insanlara yaxşılıq et­mək, qayğı göstərmək olmuşdur.
Yaxşı yadımdadır, məlum hadisələrlə əlaqədar ailəmiz 1993-cü ildən Bakıda məskunlaşmışdı. 1994-cü ilin avqust ayının sonlarında Bakı Təhsil İdarəsinin binasında (Bakı Təhsil İdarəsinin rəhbərliyi o vaxtlar Füzuli RTŞ-nə bir neçə otaq vermişdi) Hüseyn müəllimlə görüşdüm. O mənimlə hal-əhval tutduqdan sonra " Ehtiram müəllim, siz 80-ci illərdə də məktəb direktoru işləmisiniz. Məndən olsa, ən azı 80 - 100 nəfər məcburi köçkün uşaq toplayıb müəyyən bir binada yerləşdirə bilsəniz, nazirliklə danışıb məktəb açar və sizi həmin məktəbə direktor təyin edə bilərəm" dedi. Belə də oldu. Mən Hüseyn müəllimin məsləhəti ilə 100-ə yaxın məcburi köçkün uşaqlarının siyahısını Hüseyn müəllimə təqdim etdim. O, həmin il məni, onlarla Bakı və Sumqayıtda məktəb açmaq istəyində olan müəllimləri nazirliyə aparmadan direktor təyin etdi. İnsanda bu qədər yaxşılıq və diqqət böyük nüfuz sahibi və əsl şəxsiyyət tərəfindən göstərilə bilərdi. Bəli, Hüseyn müəllim səmimi, qay­ğıkeş və təmənnasız bir insan kimi gözümüz önündə ucalır.
Böyük Vətən müharibəsinin ağır günlərini yaşamış və çətin sınaqlardan üzü ağ çıxan, ehtiyatda olan zabit, qabaqcıl maarif xadimi, əməkdar müəllim Hüseyn Qara oğlu Hüseynovun parlaq xatirəsi onu tanıyan minlərlə insanın xatirəsində əbədi yaşayır. Onun işıqlı əməlləri, qoyduğu silinməz izlər təhsil işçilərinin yaddaşına əbədi həkk olunmuşdur.
Hüseyn müəllim kimi işıqlı insanlar heç vaxt unudulmayacaq, daim onu sevənlər tərəfindən anılacaqdır.

Ehtiram SƏFƏROV,
Füzuli rayon 56 nömrəli tam orta məktəbin direktoru,
filologiya üzrə fəlsəfə doktoru


Tarix: 11-07-2018, 11:21

Xəbəri paylaş