Görkəmli şəxsiyyətlərin həyatından
EVARİST QALUA
(1811 -1832)
«XIX əsrin əvvəllərində Fransada sırf riyaziyyat üfüqündə yeni, son dərəcə parlaq ulduz göründü. Bu, Evarist Qalua idi». Bu sözlərin müəllifi alman riyaziyyatçısı F. Kleyn idi... Cəbrin əsas məsələlərindən biri tənliklərin həllidir. Dünyanın məşhur riyaziyyatçıları tənlik köklərinin onun əmsalları ilə ifadə etməyə imkan verən düstur tapmağa əbəs yerə cəhd edirdilər. 1770-1771-ci illərdə fransız riyaziyyatçısı C.Laqranj cəbri tənliklərin bütün həlli üsullarını yenidən araşdırdı. Lakin bir nəticə əldə edə bilmədi. O zaman Leybnist, Eyler, Qauss belə bir müddəa söylədilər ki, beşinci və daha yüksək dərəcəli tənliklərin həlli üçün cəbri düstur mövcud deyil. XIX əsrin əvvəllərində bu müddəanı Norveç riyaziyyatçısı Nils Abel (1802-1829) isbat etdi. E.Qalua radikallarda həll olunan tam əmsallı tənliklərin mövcud olduğunu müəyyənləşdirdi. O, tənliklərin radikallarda həll edilməsi üçün lazım olan şərtləri tapdı.
Bütün bu araşdırmaların nəticəsi yeni nəzəriyyə - qruplar nəzəriyyəsinin yaranmasına gətirib çıxardı. Müasir cəbrin bölmələrindən biri Qalua nəzəriyyəsi - Qalua qrupu adlanır. Qalua 21 yaşı təzəcə tamam olanda dueldə öldürülmüşdür.
Vaxtı ilə Evarist Qaluanın oxuduğu Lui de Qrant liseyi onun haqqında yazırdı. Xasiyyətnaməsindən sətirlər: «Bir qədər yelbeyindir... Onun biliyi yalnız qəribəliyini və diribaş olmadığını göstərir... Həmişə kənar işlərlə məşğuldur... Gündən-günə daha pis oxuyur...»
Qalua litseydəki kitabxanada Laqranjın «Ədədi tənliklərin həlli» kitabını oxumağa başladı və... Cəbrin bitkinliyinin şahidi olmadı. Laqranj yüksək dərəcəli tənliklərin həllini göstərməmişdi. (O zaman bunu heç kim bilmirdi). Qalua müstəqil tədqiqata başladı. Nəhayət, verilmiş ixtiyari dərəcəli tənliyin öhdəsindən gəlməyin mümkünlüyünün fərqləndirici əlamətlərini tapdı. Qaluanın heç ağlına da gəlmirdi ki, onun istifadə etdiyi qüdrətli metod yüz ildən sonra riyaziyyatın inkişafına böyük təsir göstərəcək.
...Qaluadan imtahan götürən müəllim onun haqqında yazırdı: «Qalua mənə pis cavab verən yeganə adamdır».
...Qalua öz tədqiqatlarını Akademiyaya göndərdi. Əsərin bir neçə böyük riyazi nəzəriyyəsini Akademiyanın üzvü, məşhur riyaziyyatçı O. Koşi... itirdi.
1830-cu ildə Qalua ruhdan düşməyərək öz əlyazmalarını yenidən akademiyaya göndərdi. Adamın inanmağı gəlmir, əsər yenə də...itirildi.
1832-ci il mayın 29-da axşam Qaluanı duelə çağırdılar. Onun ömrünə cəmi 13 saat qalmışdı, görüləcək işlər isə çox idi. Evarist hazır əsərlərini nəzərdən keçirdi, bəzi teoremlərin daha müfəssəl isbatını vermək olardı. Həmin teoremlərin yanında Qalua yazırdı: «Vaxtım yoxdur». Qaluanın 60 səhifəlik əsərlərini o dövrün dahi riyaziyyatçıları başa düşmürdülər. Lakin Qaluanın ölümündən 60 il sonra yeni riyaziyyatçılar nəsli yetişdi və onlar Qaluanın dahiliyini sanki «kəşf» etdilər...
Maraqlıdır ki, E. Qalua ali məktəbə riyaziyyatdan iki dəfə imtahan vermiş, hər ikisində «qeyri-kafi» qiyməti almışdır. Çünki o müəllimlərdən hamıya məlum olan sualları yox, qarşısında duran problem sualları gözləyirdi.
ŞARL ERMİT
(1822-1901)
Fransız riyaziyyatçısı. Əsas işləri elementar funksiyalar nəzəriyyəsi, cəbr və ədədlər nəzəriyyəsinə aiddir. Öz adı ilə adlanan Ermit çoxhədlini yaratmış, «e» ədədinin transendent ədəd olduğunu isbat etmişdir.
JAK ADAMAR
(1865-1963)
Fransız riyaziyyatçısı. Riyaziyyatın müxtəlif sahələrinə aid çoxlu sayda əsərlərin müəllifidir. Tam analitik funksiyalar nəzəriyyəsinin yaradıcılarından biridir. Onun ideyaları funksional analizin yaranmasında mühüm rol oynamışdır.
***
Adamarın dövründə məşhur polkovnik Dreyfusun məhkəməyə verilməsi nəticəsində bütün Fransa iki cəbhəyə bölünmüşdü: dreyfusçular və antidreyfusçular. Adamar dreyfusçu, Ermit isə antidreyfusçu ili. Adamar dissertasiya müdafiə edərkən məhz Şarl Ermitə imtahan verməli idi. Ş.Ermit:
- Müsyö Adamar, siz satqınsınız! - deyərkən Adamarı lap karıxdırır.
Ermit isə davam edirdi:
- Siz həndəsədən riyazi təhlil xatirinə əl çəkmisiniz.
PYER SİMON LAPLAS
(1749-1827)
Fransız riyaziyyatçısı, astronomu və fiziki. Beş cildlik «Göy cismlərinin mexanikası haqqında traktatlar» əsərinin müəllifidir.
Nyutonun «Başlanğıclar» əsərində ifadə etdiyi ideya və üsulları ən yüksək dərəcədə təkmilləşdirmişdir. Günəş sisteminin milyard illər dayanıqlı olacağını isbat etmişdir. Sarsıntı nəzəriyyəsinə görə Yupiter planetinin hərəkətinin izahını vermişdir.
***
Laplasın Parisdə çap olunmuş «Analitik ehtimal nəzəriyyəsi» kitabı 1812-ci ildə xüsusi kuryer vasitəsi ilə Vitebsk şəhərində Napoleona çatdırılır. Napoleon Moskva üzərinə hücum zamanı orada idi. İmperator Laplasa söz vermişdi ki, Moskvanı alandan sonra ilk üç ayı onun əsərini öyrənməyə sərf edəcək.
***
Bir dəfə Napoleonun adyutantlarından biri həyəcanla içəri girib deyir:
-Əlahəzrət, ruslar çox yaxınlaşıb geri çəkilmək lazımdır. İmperator soyuqqanlıqla deyir:
- İçəri elə girdin ki, qorxdum, elə bildim ki, müəllim gəlir imtahan götürməyə. Ruslardan eybi yoxdur, sən işində ol.
***
Napoleon tez-tez təkrar etməyi xoşlayardı: «Döyüşdə o adam qələbə qazanır ki, məsləhət yox, qərar qəbul edir».
***
1812-ci il fransız-rus müharibəsinin qəhrəmanlarından biri general Baqration ön cəbhədə öz çadırında oturub nahar edirdi. Bu zaman kəşfiyyatçılardan biri təngnəfəs özünü çadıra salıb deyir:
- Əlahəzrət, fransız qoşunları çox yaxınlaşıb, lap burnumuzun ucundadırlar, geri çəkilmək lazımdır.
General Baqration sakitliyini pozmayıb deyir:
- Narahat olma, əgər mənim burnumun ucundadırlarsa, sakitcə nahar etməyə vaxtımız çatar.
...General Baqrationun burnu çox uzun idi.
Tarix: 13-10-2017, 13:28