Nazir yeni əməkhaqqı sisteminə dair detalları açıqladı

“Məktəblərdə daimi və rəqabətli modelə keçid nəzərdə tutulur”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.
Müəllim əməyinin təşkili və yeni iş modeli barədə məlumat verən nazir bildirib ki, məqsəd müəllimlər üçün daha rəqabətli, dayanıqlı və ədalətli əmək sistemi formalaşdırmaqdır:
“Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər”.
Emin Əmrullayevin sözlərinə görə, bu modeldə yalnız yüksək peşə göstəricilərinə malik, sertifikasiyada yüksək bal toplamış müəllimlər iştirak edə biləcəklər:
“Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə – sovet sistemindən miras qalmış “stavka” prinsipi ilə işləməyə davam edə bilər. Amma biz başa düşməliyik ki, bu sistem artıq köhnəlib və gələcəkdə davamlı ola bilməz. Yeni model müəllimin məktəbə daimi bağlılığını təmin edəcək və əməyin qiymətləndirilməsində əsaslı dönüş yaradacaq”.
Nazir əlavə edib ki, müəllim əməyinin dəyərinin aşağı olmasının əsas səbəblərindən biri onların dərs yükünün azlığı ilə bağlıdır:
“Hazırda təxminən hər dörd müəllimdən biri həftədə cəmi 13 saat dərs deyir. Bu da onların ümumi əməkhaqqının aşağı olmasına səbəb olur. Yeni modelin tətbiqi ilə bu problemi aradan qaldırmaq, müəllimlik peşəsini həm maddi, həm də mənəvi baxımdan daha cəlbedici etmək niyyətindəyik”.
"Azərbaycan müəllimi"
Tarix: Bu gün, 13:07
