Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elinə həsr edilmiş müəllim ömrü

Tənzilə Şıxıyeva


 

 

Biz hamımız əldə etdiyimiz nailiyyətlərə görə, bütün varlığımıza görə müəllimlərə borcluyuq.
Heydər Əliyev,
ümummilli lider



Adamlar müxtəlif olduqları kimi, peşələri də müxtəlifdir. Hər peşənin öz xüsusiyyəti, öz gözəlliyi var. Ona görə deyirlər ki, hər bir peşə gözəldir, hansını istəsən seç. Onu da söyləyirlər ki, pis peşə, pis sənət yoxdur, pis sənətkar var. Əsası odur ki, kamil sənətkar olasan. Şeyx Nizaminin dediyi kimi:

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan!

Atalar həm də əbəs yerə «Dad yarımçıq əlindən» söyləməyiblər. Mənə qalınca, bütün kamil peşə sahiblərinə hörmətim var. Amma iki peşə sahibinə – ağxalatlı həkimlər və müəllimlərə xüsusi rəğbətim var. Çünki Hippokrat andına sadiq olan həkimlər Yer üzünün əşrəfi olan insanların sağlamlığı keşiyində dayanır. Müəllimlər isə müqəddəs bir peşə sahibi kimi öz ömürlərini dərs dedikləri şagirdlərinin və tələbələrinin təlim və tərbiyəsi yolunda qətrə-qətrə əridir, hərtərəfli bilik və bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyətlər formalaşdırırlar.
Biz də mənalı və şərəfli ömrünün xeyli hissəsini müəllimliyə həsr etmiş, əsl ziyalı bir qadın haqqında, onun dolğun ömür yolu barədə oxucularımıza söhbət açmaq istəyirik.
Tənzilə Şıxıyeva. Bu ad yəqin ki təkcə ağdaşlılara yox, respublika təhsil ictimaiyyətinə tanışdır. Tənzilə müəllim 75 il əvvəl, elə bahar çağında – aprelin 25-də Ağdaşda tanınmış ziyalı Ağabala müəllimin ailəsində doğulub. «Ot kökü üstə bitər» deyiblər. Tənzilə də hələ erkən yaşında dərin zəkası, işgüzarlığı, cəldliyi, insanlara olan xoş münasibəti, güclü müşahidə qabiliyyətilə seçilib, həmişə hadisələrin qaynar yerində olmağa çalışıb, bacarıqlı təşkilatçı, lider olmağa cəhd göstərib, mütaliəyə çox yer ayırıb, savadı, biliyi və çevikliyi ilə diqqət çəkib, insanlarla xoş ünsiyyət qurmağı bacarıb.
Tənzilə müqəddəs amal sahibi olmaq üçün 1964-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil, pedaqogika və metodika fakül­təsini bitirib.
Beləcə, gənc Tənzilənin müəllimlik həyatı başlayır. O, 1964-68-ci illərdə 7 nömrəli Ağdaş günüuzadılmış məktəbdə müəllim kimi çalışır. Hər gün jurnal götürüb dərs demək üçün sinfə daxil olur. Siyasi savadını, təşkilatçılıq bacarığını və işgüzarlığını nümayiş etdirən Tənzilə müəllim ömrünün ən gözəl 5 ilini Ağdaş Rayon Komsomol Komitəsinin I katibi vəzifəsinə həsr edir. Daha sonra Ağdaş Rayon Partiya Komitəsinə işə dəvət olunur, burada təşkilat komitəsində təlimatçı işləyir. Lakin təhsilə bağlı olan Tənzilə müəllim yenidən Ağdaş rayon 7 nömrəli günüuzadılmış məktəbə qayıdır və bu dəfə həmin təhsil ocağına direktor vəzifəsinə irəli çəkilir. Qabaqcıl maarif işçisi və bacarıqlı təşkilatçı olan məktəb direktoru 3 il ərzində təhsil müəssisəsində sağlam ab-hava yaratmağa nail olur, məktəb rayonun qabaqcıl təhsil ocağına çevrilir.
Tənzilə Şıxıyeva ömrünün az qala yarısını – 36 ilini (1979-2015) direktor kimi Ağdaş Dövlət Humanitar Kollecinə (əvvəlki Ağdaş Pedaqoji Məktəbi, sonra Ağdaş Pedaqoji Texnikumu) həsr etmişdir. Həmin illər ərzində bu təhsil ocağı respublikanın sayılıb-seçilən tədris müəssisələrindən biri kimi tanınmışdı.
Azərbaycanın müxtəlif böl­gələrindən gəlmiş tələbə gənclər burada əzmlə biliklərə yiyələnmiş, burada onlar üçün yaradılmış münbit şəraitdən, təhsil müəssisəsinin rəhbərliyinin hər cür diqqət və qayğısı ilə əhatə olunmasından razı qalmışlar. Humanitar Kollecin məzunları bu gün də Tənzilə müəllimin analıq qayğısından, tələbələrə olan sevgisindən, hər bir tələbəyə fərdi qaydada yanaşaraq onların istək və arzularını nəzərə almasından razılıqla danışırlar. Hazırda kollecin məzunlarının xoş sorağı müxtəlif ünvanlardan gəlir. Onlardan bəziləri ayrı-ayrı müəssisə və təşkilatlarda yüksək vəzifələrdə çalışırlar. Bütün bunlardan xəbər tutan Tənzilə müəllimin qəlbi dağa dönür, məhz müqəddəs müəllimlik peşəsinə könül verməsindən qürur duyur. Bu məqamda ümummilli liderimiz Heydər Əliyevin «Mən dün­yada müəllimdən yüksək ad tanımıram» fikri ürəyinə sanki məlhəm olur.
2015-ci ildən isə Ağdaşdakı Heydər Əliyev Mərkəzinə rəhbərlik edən Tənzilə Şıxıyeva mərkəzə gələn gəncləri səmimiyyətlə qarşılayır, onlara ümummilli liderin, dünya şöhrətli şəxsiyyətin həyat və fəaliyyəti haqqında ətraflı mə­lumat verir.
Bu gün Ağdaşda elə bir el şənliyi, mötəbər bir tədbir olmaz ki, el anası Tənzilə xanım orada başda olmasın. Axı dünyagörmüş bu ananın xeyir-duasına, məsləhət, təklif və tövsiyələrinə hamının ehtiyacı var.
Tənzilə Şıxıyevanın xalq, el qarşısındakı yorulmaz fəaliyyəti layiqincə qiymətləndirilmişdir. Belə ki o, 2001-ci ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə «Əməkdar müəllim» fəxri adına, 2005-ci ildə isə «Tərəqqi» medalına layiq görülmüşdür. Tənzilə xanım bu gün də müxtəlif ictimai vəzifəni böyük şövqlə, gənclik həvəsilə yerinə yetirir. Respublika Qadınlar Şurasının üzvü, Ağdaş Rayon Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Ağdaş Rayon İcra Hakimiyyətinin üzvüdür. Bu ağbirçək qadın 2002-ci ildə Həcc ziyarətində olmuş, hacı xanım adını daşıyır. Adı «Respublikanın tanınmış ziyalı xanımları» kitabına düşmüş, Region televiziyası tərəfindən «2014-cü ilin qadını» elan olunmuşdur.
Onun üçün ən böyük mükafat isə qəlbi xalq və Vətən üçün döyünən böyük bir ziyalı ordusu – müxtəlif illərdə dərs dediyi sevimli şagirdləridir.
Bu yerdə Məhəmməd Pey­ğəmbərin (s.ə.s.) müəllimə verdiyi yüksək qiymət barədə fikirlərini yada salaq: «Ümmətimin xeyirliləri müəllimdir. Müəllimin xeyirlisi mərhəmətli olmalıdır. Allah bir cahilin günahını əfv etməzdən əvvəl müəllimin günahını əfv edər».
Mənalı ömrünü xalqına, elinə-obasına, təhsilin inkişafına həsr etmiş Tənzilə müəllimi ad günü və şərəfli yubileyi münasibətilə təbrik edir və deyirik: «Sizi tanıyanlar sizinlə fəxr edir, el anası Tənzilə xanım! Yubileyiniz mübarək!»

İdris Hacızadə,
«Təhsil»

   


Tarix: 8-05-2017, 12:39

Xəbəri paylaş