“Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın tətbiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması QAYDALARI
I. Ümumi tələblər
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.32-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir. Dövlət sirri və təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təyinatlı ali təhsil müəssisələri nizamnamələri ilə bu Qaydalar arasında ziddiyyət yarandığı halda öz nizamnamələrini əsas götürürlər.
1.2. Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən həmin vəzifələrə seçilmiş şəxslərlə işəgötürən arasında əmək münasibətləri 5 il müddətinə bağlanmış əmək müqaviləsi ilə tənzimlənir.
1.3. Ali təhsil müəssisəsi tərəfindən kafedra müdiri və fakültə dekanı vəzifələrinə vakansiya yarandığı gündən 1 aydan gec olmayaraq, əmək müqaviləsinin müddəti başa çatan vəzifələrə isə həmin müddətin başa çatmasına 2 ay qalmış vəzifələrin tutulması ilə bağlı müsabiqə elan olunur. Sənədlərin təqdim olunmasına və müsabiqənin keçirilməsinə hər birinə 1 ay olmaqla vaxt ayrılır. Müsabiqənin vaxtında elan olunmasına və (və ya) üzrsüz səbəbdən vaxtında keçirilməməsinə görə ali təhsil müəssisəsinin rektoru intizam məsuliyyəti daşıyır.
1.4. Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün ali təhsil müəssisəsi tərəfindən kütləvi informasiya vasitələrində və ali təhsil müəssisəsinin internet səhifəsində müsabiqə elan edilir.
1.5. Kafedra müdiri və fakültə dekanı vəzifələrinə namizədlər təhsil sahəsində qanunvericilik, o cümlədən Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə bu Qaydalarla, ixtisas tələbləri, əmək funksiyaları ilə tanış olur və elan dərc olunduqdan sonra nəzərdə tutulan müddətdə müsabiqədə iştirak etmək üçün ərizə ilə ali təhsil müəssisəsinin rektoruna müraciət edirlər. Bütün hallarda bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir.
1.6. Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:
1.6.1. kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər;
1.6.2. dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.
1.6.3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 30.8-ci maddəsinə əsasən dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir;
1.6.4. Bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün müsabiqədə bu Qaydaların 1.6.1-1.6.3-cü yarımbəndlərində qeyd olunan tələblərə uyğun gələn şəxslərlə yanaşı həmin ixtisaslar üzrə elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.
1.7. Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur.
1.8. Namizəd ərizəsini seçkiyə qədər istənilən vaxt geri götürə bilər.
1.9. Kafedra müdirinin və dekanın fəaliyyətinə bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş müddətdən əvvəl xitam verildiyi və ya elan olunmuş müsabiqə baş tutmadığı hallarda ali təhsil müəssisəsi rektorunun əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə, dekan vəzifəsinin icrası isə dekan müavininə və ya fakültənin tərkibindəki kafedralardan birinin bu Qaydaların 1.6-cı bəndində qoyulan tələbləri ödəyən əməkdaşına müvəqqəti (üç aydan çox olmayaraq) olaraq həvalə olunur. Həmin vəzifələrə növbəti müsabiqə bu Qaydaların 1.3-cü bəndinin tələbləri gözlənilməklə elan olunur.
1.10. Dekan vəzifəsini icra edən şəxs, vəzifəni icra etdiyi müddətdə kafedra müdiri və ya dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilməz. Kafedra müdiri vəzifəsini icra edən şəxs dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər.
1.11. Kafedra müdiri və dekanın əmək funksiyaları Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına uyğun olaraq müvafiq vəzifə təlimatları ilə tənzimlənir.
1.12. Bu Qaydalar 2018-ci il 15 fevral tarixindən qüvvəyə minir.
2. Kafedra müdiri və dekan vəzifələrinin tutulması qaydaları
2.1. Kafedra müdiri və ya dekan vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və bu Qaydaların 2.3-cü bəndində göstərilən sənədləri Qaydaların 1.4.-cü bəndində göstərilən müddət gözlənilməklə ali təhsil müəssisəsinin rektorunun dərkənarı ilə müsabiqənin keçirilməsi üçün ali təhsil müəssisəsinin katibliyinə göndərilir.
2.2. Namizədin ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
2.2.1. kadrlar uçotunun şəxsi vərəqəsi;
2.2.2. tərcümeyi-hal;
2.2.3. ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
2.2.4. elmi və elmi-metodiki işlərin siyahısı;
2.2.5. kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
2.3. Müsabiqə elan olunan müəssisədə çalısan namizədlər isə yalnız bu Qaydaların 2.2.3-2.2.5-ci yarımbəndlərində qeyd olunan sənədləri təqdim edir.
2.4. Kafedra müdiri fakültə Elmi Şurasının, fakültə dekanı isə fakültə əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən əsas iş yeri həmin ali təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və elmi işçilər) ümumi iclasında iştirakçıların 2/3 hissəsinin iştirakı ilə gizli səsvermə yolu ilə seçilirlər.
2.5. Bütün hallarda kafedra müdiri və dekan vəzifələrinə seçilmək üçün müvafiq olaraq fakültənin Elmi Şurasında və ya fakültə əməkdaşlarının ümumi iclasında (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat və müvafiq rəylər dinlənilir. Hər bir namizəd peşə fəaliyyəti və müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması haqqında çıxış edir.
2.6. Kafedra müdiri vəzifəsinə namizədlərlə bağlı kafedranın rəyini öyrənmək üçün onun iclası təşkil olunur. İclasa müvafiq fakültənin dekanı sədrlik edir. Kafedranın əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən əmək kitabçası həmin ali təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və elmi işçilər) 2/3 hissəsi iştirak etdiyi halda iclas səlahiyyətli sayılır. Kafedra iclasının qərarına əsasən səsvermə açıq və ya gizli ola bilər. Həmin iclasda hər bir namizəd haqqında məlumat verilir, onların təqdim etdiyi sənədlər nəzərdən keçirilərək araşdırılır, namizədlərin seçki platforması dinlənilir və sadə səs çoxluğu ilə (50%-dən çoxu) qərar qəbul edilir. Namizədlər kafedranın iclasında iştirak etməlidir. Kafedranın qərarı sədr tərəfindən imzalanır. Kafedranın müsbət rəyi olmadığı halda da namizəd fakültənin Elmi Şurasında seçkidə iştirak edə bilər.
2.7. Dekan vəzifəsinə namizədlərlə bağlı fakültənin tərkibində olan kafedraların rəyini öyrənmək üçün onların iclasları keçirilir. Namizədlərlə bağlı hər bir kafedrada keçirilən iclasa həmin kafedranın müdiri sədrlik edir. Kafedranın əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən əmək kitabçası həmin ali təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və elmi işçilər) 2/3 hissəsi iştirak etdiyi halda iclas səlahiyyətli sayılır. Kafedra iclasının qərarına əsasən səsvermə açıq və ya gizli ola bilər. Həmin iclasda hər bir namizəd haqqında məlumat verilir, onların təqdim etdiyi sənədlər nəzərdən keçirilərək araşdırılır, namizədlərin seçki platforması dinlənilir və sadə səs çoxluğu ilə (50%-dən çoxu) qərar qəbul edilir. Kafedranın qərarı sədr tərəfindən imzalanır. Kafedranın müsbət rəyi olmadığı halda da namizəd fakültə əməkdaşlarının ümumi iclasında seçkidə iştirak edə bilər.
2.8. Kafedra müdiri və fakültə dekanı vəzifəsinə namizədlər barədə kafedraların müvafiq rəyləri fakültənin rəhbərinə təqdim olunur.
2.9. Dekan vəzifəsinə seçki ilə bağlı fakültə əməkdaşlarının ümumi iclasına ali təhsil müəssisəsinin rektoru və ya tədris işləri üzrə prorektor (olmadığı halda digər prorektorlardan biri) sədrlik edir. Fakültə əməkdaşlarının ümumi iclasının qərarı sədr tərəfindən imzalanır.
2.10. Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir (Əlavə 1).
2.11. Namizədin lehinə və əleyhinə münasibət bülletendə adın qarşısında dairəvi işarəni qaralamaqla bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı qarşısında dairəvi işarə qaralandıqda və ya heç biri qaralanmadıqda bülleten etibarsız sayılır.
2.12. Fakültə Elmi Şurası və ya fakültə əməkdaşlarının ümumi iclası səsvermənin nəticəsini hesablamaq üçün səsvermədən əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası bülletenləri iclas iştirakçıları qarşısında hesablayır, səsvermənin nəticəsini hər bir namizəd üçün ayrılıqda elan edir və onun protokolu müvafiq olaraq fakültə Elmi Şurası və ya fakültə əməkdaşlarının ümumi iclası tərəfindən təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir. Müsabiqələrlə bağlı fakültə Elmi Şurasının və fakültə əməkdaşlarının ümumi iclasları protokollaşdırılır. Fakültə Elmi Şurasının və ya fakültə əməkdaşlarının ümumi iclaslarının qərarları ilə kafedra müdiri və dekan vəzifəsinə seçilmiş namizədlə ali təhsil müəssisəsinin rektoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə edilmiş “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”na uyğun olaraq 5 il müddətinə əmək müqaviləsi bağlayır və müvafiq əmr verir.
2.13. Müsabiqədə iştirak etmək üçün ərizə verilmədikdə və ya səsvermə nəticəsində heç bir namizəd seçilmədikdə, müsabiqə baş tutmamış hesab olunur. Vakant olan həmin vəzifələrin tutulması üçün Qaydaların 1.9.-cu bəndinə uyğun olaraq 1 aydan gec olmayaraq yenidən müsabiqə elan olunur. Həmin müsabiqədə əvvəlki namizədlər də bu qaydaların tələbləri gözlənilməklə yenidən iştirak edə bilərlər.
2.14. Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən 10 gün keçənədək ali təhsil müəssisəsinin rektoruna, təsisçiyə və ya məhkəməyə verilə bilər.
2.15. Bu Qaydaların tələblərinin pozulması halları aşkarlandıqda rektor seçkilərin nəticələrinin ləğvi ilə bağlı müvafiq əmr verir.
2.16. Kafedra əməkdaşlarının və ya fakültə Elmi Şurası üzvlərinin 2/3 hissəsi müvafiq olaraq kafedra müdirinin və dekanın vaxtından əvvəl vəzifələrindən azad olunması barədə ali təhsil müəssisəsinin rektoru qarşısında vəsatət qaldıra bilər. Həmin vəsatəti tədris işləri üzrə prorektor dekan və kafedra müdiri, dekan isə kafedra müdiri barədə qaldıra bilər. Vəsatətə ali təhsil müəssisəsinin Elmi Şurasında baxılır və qərar qəbul edilir.
2.17. Dekan müavini fakültənin profilinə uyğun baza təhsilli, ən azı 3 il elmi-pedaqoji təcrübəsi olan mütəxəssislər arasından fakültə dekanının təqdimatı əsasında ali təhsil müəssisəsinin rektoru tərəfindən təyin edilir və onunla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanır.
2.18. Kafedra müdiri, fakültə dekanı və dekan müavini ali təhsil müəssisəsinin müvafiq kafedralarında 0,5 ştat vahidi ilə professor-müəllim vəzifəsini tuta bilərlər.
2.19. Ali təhsil müəssisəsinin Elmi Şurası kafedraların birləşdirilməsi haqqında qərar qəbul etdikdə, birləşdirilən kafedralardan ən azı ikisinin seçilmiş müdiri olduğu halda, yeni yaradılan kafedranın müdiri birləşdirilən kafedraların müdirləri arasından gizli səsvermə yolu ilə seçilir. Bu müdirin seçki müddəti kafedralar birləşdirilənədək həmin şəxs üçün keçirilmiş seçki günündən hesablanır. Birləşdirilən kafedraların heç birinin seçilmiş müdiri olmadıqda, kafedra müdiri vəzifəsini tutmaq üçün bu Qaydaların 1.3 bəndinin tələbləri gözlənilməklə müsabiqə elan edilir. Müsabiqə keçirilənədək yeni yaradılmış kafedranın müdiri vəzifəsinin icrası rektorun əmri ilə müvəqqəti (üç aydan çox olmayaraq) olaraq bu vəzifəyə qoyulan tələbləri ödəyən kafedra əməkdaşlarından birinə həvalə olunur. Hər iki halda seçki yeni yaradılan kafedranın daxil olduğu fakültənin Elmi Şurasında aparılır. Birləşdirilən kafedralardan yalnız birinin seçilmiş müdiri olduğu halda yeni yaradılmış kafedraya həmin şəxs əmək müqaviləsinin müddəti bitənədək rəhbərlik edir.
2.20. Hər hansı kafedra müstəqil kafedralara ayrıldıqda, yeni yaradılmış kafedraların birinə əvvəlki kafedranın seçilmiş müdiri müsabiqə müddəti başa çatanadək rəhbərlik edir, digər kafedra (kafedralar) müdiri vəzifəsi isə müsabiqə keçirilənədək bu vəzifəyə qoyulan tələbləri ödəyən kafedra əməkdaşlarından birinə həvalə olunur. Kafedranın seçilmiş müdiri olmadıqda isə yeni yaradılan kafedraların müdiri vəzifəsini tutmaq üçün bu Qaydaların 1.3 bəndinin tələbləri gözlənilməklə müsabiqə elan edilir. Müsabiqə keçirilənədək yeni yaradılmış hər bir kafedranın müdiri vəzifəsinin icrası rektorun əmri ilə müvəqqəti (üç aydan çox olmayaraq) olaraq bu vəzifəyə qoyulan tələbləri ödəyən kafedra əməkdaşlarından birinə həvalə olunur.
2.21. Kafedranın adı dəyişdirildiyi halda kafedra müdiri əmək müqaviləsinin müddəti qurtarana qədər öz vəzifəsini icra edir.
Tarix: 13-03-2018, 13:05