Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 3 medal qazanıblar

Rusiyanın paytaxtı Moskvada iyunun 19-dan 22-dək keçirilən II Beynəlxalq Açıq Coğrafiya Olimpiadasında (II International Open Geography Olympiad) Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 25 ölkədən 125 iştirakçının qatıldığı olimpiadada komandamız 1 gümüş və 2 bürünc medal qazanıb. Gümüş medala Bakı şəhəri 14 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məryəm Quluzadə layiq görülüb.
Bürünc medalları isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Yəhya Əhməd və Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi Məhəmməd Abdulla qazanıblar.
Qeyd edək ki, beynəlxalq olimpiada coğrafiya sahəsində istedadlı məktəblilərin bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də müxtəlif ölkələrdən olan gənclər arasında elmi əməkdaşlığın və təcrübə mübadiləsinin təşviqi məqsədilə təşkil olunub.

Tarix: Bu gün, 11:43
