Azərbaycan “QS Higher Ed Summit: Europe 2026” sammitində təmsil olunur
İyunun 24-də Macarıstanın paytaxtı Budapeştdə “QS Higher Ed Summit: Europe 2026” sammitinin rəsmi açılış mərasimi olub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ali təhsilin gələcəyinə dair qlobal çağırışların və inkişaf perspektivlərinin müzakirə olunduğu sammit dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, beynəlxalq ekspertləri, qərarvericiləri və sənaye nümayəndələrini bir araya gətirib.
Tədbir çərçivəsində ali təhsil müəssisələrinin strateji inkişafı, beynəlxalq reytinqlərdə mövqelərin gücləndirilməsi, süni intellekt dövründə dəyişən bacarıq tələbləri, universitet-sənaye əməkdaşlığı, rəqəmsal transformasiya, eləcə də beynəlxalq tərəfdaşlıqlar kimi aktual mövzular ətrafında müzakirələr aparılır.
Sammitdə Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi, həmçinin ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələrindən ibarət heyət təmsil edir.
Qeyd edək ki, tədbir Azərbaycanın ali təhsil sisteminin beynəlxalq akademik məkana inteqrasiyasının gücləndirilməsi, yerli universitetlərin beynəlxalq səviyyədə tanıdılması, yeni tərəfdaşlıqların qurulması və ölkənin ali təhsil potensialının beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tarix: Bu gün, 14:29
