I ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyent: İnformatika sahəsində təhsil almaq istəyirəm

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında I ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri də Bakı şəhəri Nizami rayonu Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin məzunu Leyla Samir qızı Hüseynli olub. O, qəbul imtahanında 400 bal toplayıb.
Leyla Hüseynli AZƏRTAC-a müsahibəsində bildirib ki, yüksək nəticə əldə etməsinin əsasında uzun illər ərzində formalaşdırdığı məsuliyyətli münasibət və davamlı çalışma dayanır. Onun sözlərinə görə, məktəbdə dərslərini həmişə yaxşı oxuyub və biliklərini mütəmadi şəkildə inkişaf etdirməyə çalışıb: “Birinci sinifdən etibarən dərslərimə ciddi yanaşmışam. İmtahana xüsusi olaraq son illərdə hazırlaşsam da, əldə etdiyim nəticənin təməli məktəb illərində qazandığım biliklərə söykənir”.
Müsahibimizin sözlərinə görə, hazırlıq dövründə hər hansı fənn üzrə ciddi çətinliklə qarşılaşmayıb. Ayrı-ayrı mövzularda müəyyən çətinlikləri olsa da, müəllimlərinin dəstəyi sayəsində həmin problemləri aradan qaldıra bilib.
O vurğulayıb ki, yüksək nəticə qazanmasında müəllimlərinin və valideynlərinin xüsusi rolu olub. Müsahibimiz onların dəstəyi və inamının ona əlavə motivasiya verdiyini qeyd edib.
Gələcək planlarından danışan Leyla Hüseynli ali təhsilini informasiya texnologiyaları istiqamətində davam etdirmək istədiyini bildirib. O, bu sahə üzrə Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbində və ya ADA Universitetində təhsil almağı arzuladığını deyib.
“İnformatika sahəsinə böyük marağım var. Gələcəkdə bu istiqamətdə peşəkar mütəxəssis olmaq və müasir texnologiyalar sahəsində fəaliyyət göstərmək istəyirəm”, - deyə o əlavə edib.
Xaricdə təhsil almaq məsələsinə də toxunan Leyla bildirib ki, bu barədə hələ yekun qərar verməyib. Onun sözlərinə görə, gələcək təhsil planları ilə bağlı müxtəlif imkanları dəyərləndirməyə davam edir.
Yüksəl bal toplayan abituriyent hazırlıq dövründə asudə vaxtlarını əsasən sosial şəbəkələrdə vaxt keçirməklə və dostları ilə ünsiyyətdə olmaqla dəyərləndirib. O hesab edir ki, intensiv hazırlıq prosesində istirahətə də vaxt ayırmaq vacibdir.
Sonda digər abituriyentlərə tövsiyələrini bölüşən Leyla Hüseynli bildirib ki, çox çalışmaqdan daha vacibi məhsuldar çalışmaq lazımdır: “Hər kəs öz potensialına inanmalı, vaxtını düzgün idarə etməli və eyni zamanda, özünə istirahət üçün vaxt ayırmağı bacarmalıdır”.
Qeyd edək ki, Leyla Hüseynli buraxılış imtahanında 297,5 bal toplayıb. Onun qəbul və buraxılış imtahanları üzrə ümumi nəticəsi 697,5 bal təşkil edib. Beləliklə, o, maksimal nəticə olan 700 baldan cəmi 2,5 bal geri qalıb.
Tarix: Bu gün, 11:52
