Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT



Məktəbəqədər və ümumi təhsil 
 
107 mindən çox uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alıb
 
2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.
 
131 mindən çox uşaq birinci sinfə gedib
 
2025-2026-cı tədris ili üzrə 131 min 396 uşaq birinci sinfi bitirib. 
 
86 mindən çox uşaq məktəbəhazırlığa gedib 
 
2025-2026-cı tədris ilində 86 432 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını bitirib.
 
Ölkə üzrə məktəb və şagird sayı 
 
Bu gün ölkədə 3946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən, şagird sayı isə 1 600 000-dən çox olub.
 
Yeni tikilən və təmir edilən təhsil müəssisələri
 
Ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı 2025-2026-cı tədris ilində baş tutub. Ölkə üzrə 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.  
 
İnklüziv təhsil
 
2025-2026-cı tədris ilində 24 ümumi təhsil müəssisəsində yeni inklüziv siniflər fəaliyyətə başlayıb və tədris ili ərzində ümumilikdə 88 məktəbdə inklüziv təhsil tətbiq olunub.
 
Yeni təmayül məktəb layihəsi
 
2025-2026-cı tədris ili ərzində layihə ölkə üzrə 13 şəhərdə yerləşən 14 ümumi təhsil müəssisəsində 1500-dən çox X və XI sinif şagirdinin və 263 müəllimin iştirakı ilə pilot qaydada uğurla həyata keçirilib. Növbəti tədris ilində layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
 
Modelin tətbiqinin məqsədi müvafiq siniflərdə təhsil alan şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə dərinləşdirilmiş və sistemli bilik verilməsi, müasir əmək bazarına uyğun bacarıqların formalaşdırılması, yüksək akademik hazırlığın təmin olunmasıdır.
 
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi
 
2025/2026-cı tədris ilində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 1158 məktəb üzrə 1595 qrupda 24 119 nəfər 3-4 yaşlı uşaq məktəbəqədər təhsilə cəlb olunub.
 
STEAM
 
2025-2026-cı tədris ilində “STEAM Azərbaycan” layihəsinin əhatə dairəsi  genişləndirilərək ölkə üzrə 545 ümumtəhsil müəssisəsini və ümumilikdə III-IX siniflər üzrə 303 mindən çox şagirdi əhatə edib.
 
Layihənin məqsədi təhsilalanlarda XXI əsr bacarıqlarını — tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, effektiv ünsiyyət və problemlərin həllində innovativ yanaşma qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə praktiki və yaradıcı öyrənmə mühitinin qurulması vasitəsilə müxtəlif fənlərin inteqrativ yanaşma əsasında tədrisini təşviq edir. Təhsilalanlar real həyat problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək nəzəri biliklərini praktikada tətbiq etməyi öyrənirlər.
 
Həmçinin layihə təhsilalanların müasir texnologiyalara adaptasiya olunmasını sürətləndirməyi və İKT avadanlıqları, robototexnika, 3D modelləşdirmə, mühəndislik kimi innovativ vasitələrdən istifadə bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bu yanaşma yalnız biliklərin ötürülməsi ilə kifayətlənmir, həm də təhsilalanların düşüncə tərzini, təşəbbüskarlığını və gələcəkdə öz cəmiyyətlərinə töhfə verə biləcək liderlik xüsusiyyətlərini inkişaf etdirməyə yönəlib. 
 
 “Rəqəmsal bacarıqlar”
 
2017-ci ildən ölkədə tətbiq edilən “Rəqəmsal bacarıqlar” layihəsi 2025-2026-cı tədris ilində ölkə üzrə 768 ümumi təhsil müəssisəsi və 530 min şagirdi əhatə edib.
 
“Rəqəmsal bacarıqlar” layihəsinin məqsədi şagirdlərin İKT bacarıqlarına daha dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir rəqəmsal səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir.
 
“Peşə təmayüllü siniflər” 
 
Layihə 2019-2020-ci tədris ilindən Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlayıb. Hazırda “Peşə təmayüllü siniflər” respublika üzrə 321 məktəbdə və pilot olaraq 1 xüsusi təhsil məktəbində, 527 sinif və 1 xüsusi təhsil sinfində, 9135 şagird, 1399 müəllim heyəti ilə tədris prosesini davam etdirir.
 
Təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür və pedikür üzrə mütəxəssis, ofisiant və barista, foto və videoqraf, telefon təmiri üzrə usta, helpdesk, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.
 
İşğaldan azad olunmuş ərazilərdə təhsil
 
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə 2025-2026-cı tədris ili ərzində 12 məktəbəqədər və 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib. Həmin məktəbəqədər təhsil müəssisələrində uşaq sayı 408, işçi sayı 123, ümumi təhsil müəssisələrində isə şagird sayı 4825, işçi sayı 700 nəfərdir.
 
Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti fəaliyyətə başladığı ilk ildən etibarən yerləşdiyi regionun akademik və sosial reabilitasiyasında aparıcı qüvvəyə çevrilərək yüksək tələbəyönümlü mühiti ilə fərqlənməkdədir. Hazırda ali təhsil müəssisəsində təhsil alan hər bir gənc tamamilə ödənişsiz təhsil və ödənişsiz yataqxana ilə təmin olunur. Həmçinin, yüksək bal toplayan tələbələr üçün əlavə təqaüdlər də nəzərdə tutulub.
 
Tədris ilinin ən mühüm hadisələrindən biri cənab Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetində iki yeni fakültənin – Biznes və iqtisadiyyat, eləcə də Tibb və sağlamlıq elmləri fakültələrinin və Qarabağ Universiteti Klinikasının açılış mərasiminin baş tutmasıdır. Eyni zamanda, dövlət başçısı tərəfindən Mühəndislik fakültəsinin yeni korpusunun təməli qoyulub və növbəti tədris ilindən bu fakültə tam müasir binada fəaliyyət göstərəcək.
 
Səriştəəsaslı məzmunun tətbiqi, dərslik hazırlığı, tədris planları
 
2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələri üçün 49 adda (44 adda yeni hazırlanmış, 5 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb. Bununla yanaşı, ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 302 adda 6 milyondan çox nüsxə dərsliyin çapı yekunlaşdırılaraq məktəblərə çatdırılıb.
 
“Rəqəmsal məktəb”
 
“Rəqəmsal məktəb” platforması rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq imkanlarını təmin edən vahid sistemdir. Platforma hazırda Bakı şəhərində yerləşən 354 dövlət ümumtəhsil məktəbində istifadə olunur. 543 mindən artıq şagird, 360 mindən çox valideyn və 44 mindən artıq pedaqoji heyət üzvü olmaqla ümumilikdə 900 mindən çox istifadəçi platformanın imkanlarından aktiv şəkildə istifadə edir.
 
Bu sistem vasitəsilə şagirdlər, müəllimlər, valideynlər və məktəb rəhbərliyi tədris prosesini daha effektiv şəkildə idarə edə bilirlər.
 
 Əsas məqsəd məktəblərdə tədris prosesinin elektron idarə olunmasını təmin etmək, müəllim–şagird–valideyn əlaqələrini gücləndirmək və təhsildə şəffaflığı artırmaqdır. Platformanın tətbiqi ilə məktəblərin kargüzarlıq əməliyyatlarının əksəriyyəti elektronlaşdırılıb, kağız jurnallardan istifadə mərhələli şəkildə ləğv olunub.
 
Növbəti tədris ilindən etibarən mərhələli şəkildə platformanın ölkəmizin digər regionlarında da tətbiqi nəzərdə tutulur.
 
Rəqəmsal həllər və süni intellekt
 
Elm və Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında qurulmuş əməkdaşlıq çərçivəsində süni intellekt texnologiyalarına əsaslanan “Microsoft Copilot” həlli müəllimlərin istifadəsinə verilib. Təhsil məqsədləri üçün xüsusi olaraq uyğunlaşdırılmış bu alət müəllimlərin pedaqoji fəaliyyətinə sistemli dəstək göstərərək tədris materiallarının hazırlanması, dərs planlaşdırılması, qiymətləndirmə meyarlarının formalaşdırılması, mətnlərin təhlili və müxtəlif formatlarda rəqəmsal məzmunun yaradılması istiqamətlərində geniş funksional imkanlar təqdim edir.
 
Bununla yanaşı, Elm və Təhsil Nazirliyi ilə “Google” şirkəti arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində müəllimlərin “Google Gemini” və “NotebookLM” kimi süni intellekt həllərinə çıxışı təmin edilib. “Rəqəmsal məktəb” milli platforması vasitəsilə təqdim olunan bu alətlər müəllimlərin rəqəmsal kompetensiyalarının inkişafına, tədris prosesinin daha innovativ və interaktiv üsullarla təşkili imkanlarının genişləndirilməsinə, eləcə də tədris materiallarının hazırlanmasında analitik və yaradıcı yanaşmaların tətbiqinə şərait yaradır.
 
Süni intellektin təhsildə səmərəli tətbiqi məqsədilə müəllimlər və şagirdlər üçün “Rəqəmsal köməkçi” yaradılıb. Bu həll tədris prosesinin sürətlənməsinə və müvafiq tədris resurslarının hazırlanmasına xidmət edir. Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun öyrənmə tempinə uyğun dəstək təqdim edir. “Rəqəmsal köməkçi” şagirdlərə yalnız dərs vaxtı deyil, ehtiyac duyduqları hər an fərdi dəstək göstərir.
 
Bundan əlavə, müəllimlərin gündəlik fəaliyyətini asanlaşdırmaq məqsədilə “Müəllim” mobil tətbiqi hazırlanıb.
Süni intellekt əsaslı adaptiv öyrənmə platforması
 
500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılması məqsədilə cari ilin may ayında Elm və Təhsil Nazirliyi və “OpenAI” arasında əməkdaşlığa başlanılıb. Bu əməkdaşlıq çərçivəsində hazırlanacaq platforma şagirdlərin öyrənmə prosesini təhlil edəcək və onların daha səmərəli öyrənməsi üçün fərdiləşdirilmiş tədris proqramları, tədris materialları və istiqamətləndirici resurslar təqdim edəcək. Platforma, eyni zamanda müəllimlərə də dəstək verəcək ki, onlar hər bir şagirdin öyrənmə irəliləyişini təhlil edə və buna uyğun olaraq öz tədris yanaşmalarını və planlarını uyğunlaşdıra bilsinlər.
 
Bu platforma “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanacaq və şagirdlərə, həmçinin müəllimlərə dəstək mexanizmi kimi əvvəlcə pilot qaydada, daha sonra isə ölkə üzrə tam şəkildə tətbiq ediləcək.
 
Müəllimlərin işə qəbulu
 
2025-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib. 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub. 10 minə  yaxın müəllim tədris ili ərzində işə qəbul edilib.
 
Müəllimlərin sertifikatlaşdırılması
 
Sertifikatlaşdırmanın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməklə təhsildə keyfiyyətin yüksəldilməsi, eləcə də onların sosial rifah vəziyyətinin yaxşılaşdırılmasıdır. İndiyədək keçirilmiş sertifikatlaşdırma prosesinə 84 minə yaxın təhsilverən cəlb olunub. Sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.
 
Müəllimlərin yerdəyişməsi
 
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 2022 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 150 nəfər iş yerini qarşılıqlı dəyişdirib.
 
Təhsilverənlərin peşəkar inkişafı
 
Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 45 000 təhsilverən müxtəlif məzmunlu ixtisasartırma təlimlərinə cəlb edilib.
 
Şagirdlərimizin yerli və beynəlxalq uğurları
 
2025-2026-cı tədris ilində beynəlxalq olimpiadalarda ümumilikdə 81 şagird iştirak edib. Şagirdlərimiz bilik yarışlarında 2 qızıl, 14 gümüş, 41 bürünc medal və 14 həvəsləndirici sertifikat qazanıblar.
 
Respublika Fənn Olimpiadalarında iştirak edən 73163 nəfərdən 520-si qalib olub.     
 
Respublika Fənn Müsabiqələrində iştirak edən  41026  nəfərdən 305-i qalib olub.
 
Lütfi Zadə adına Məntiq-Riyaziyyat Olimpiadasında iştirak edən 518 nəfərdən 68-i qalib olub.
 
BilBacar müsabiqəsində 1300-dən çox ümumi təhsil müəssisəsi üzrə təxminən 160 000 şagird iştirak edib. Final nəticələri əsasında isə III və IV siniflərin hər biri üzrə müvafiq olaraq 3 şagird birinci, 6 şagird ikinci, 9 şagird isə üçüncü yerin sahibi olub.
 
“Sabahın alimləri” layihə müsabiqəsi   - final mərhələsində 152 layihə ilə 800-dək şagird iştirak edib. 16 qızıl, 35 gümüş, 56 bürünc medal olmaqla ümumilikdə 107 medal  təqdim edilib (9 istiqamət üzrə - riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt).
 
Metodik xidmət
 
Metodistlərin peşəkar inkişafı məqsədilə il ərzində müxtəlif istiqamətlər üzrə keçirilən təlim proqramlarına 700-dən çox iştirakçı cəlb edilib.
 
Metodik xidmətin keyfiyyətinin artırılması və peşəkar inkişafın dəstəklənməsi məqsədilə 23 vebinar təşkil edilib, hər vebinarda metodik xidmət sisteminə cəlb olunmuş 386 məktəbdaxili metodistin iştirakı təmin edilib.
 
Müəllim İnkişaf Portalı üzərindən metodik xidmət göstərilən məktəblərin müəllimləri üçün xüsusi rəqəmsal peşəkar inkişaf resursları və təlimlər təqdim edilib. Hesabat dövründə bu rəqəmsal təlimlərdən 12 000-dən çox müəllim faydalanıb.
 
Peşə təhsili
 
Tələbə qəbulu
 
2025/2026-cı tədris ilində 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu aparılıb. Ümumilikdə 32 620 plan yeri müsabiqəyə çıxarılıb. Onlardan 23 280-i dövlət sifarişli, 8 340-ı isə ödənişli əsaslarladır. Müraciət edən 46 789 nəfərdən 27 021 nəfəri peşə təhsili müəssisələrinə qəbul olunub.
 
Tələbələrin 84%-i dövlət sifarişli, 16%-i ödənişli əsaslarla qəbul olunub. Onların 39%-i (10 489 nəfər) qadınlardır. Peşə təhsili almaq üçün müraciət edənlərin orta yaş həddi 21, ən aşağı yaş həddi 13, ən yuxarı yaş həddi isə 78-dir.
 
Qəbul olunan tələbələrdən 65 nəfəri ali təhsilli, 298 nəfəri orta ixtisas təhsillidir. Onlardan 84 nəfəri xarici vətəndaşdır. Peşə təhsilinə müraciət edənlərdən 1254 nəfəri isə cəzaçəkmə müəssisəsində məhkumdur.
 
2026-cı il üçün müəyyən edilmiş hədəflərə əsasən peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28 140 nəfərə çatdırılması, eləcə də yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır.

Yüksək texniki peşə təhsili
 
2025-ci ildə yüksək texniki peşə təhsili səviyyəsində həyata keçirilən qəbul prosesində 2 590 nəfər tələbə adını qazanıb.
 
2022–2026-ci illər üzrə yüksək texniki peşə təhsilinə cəlb olunanların sayı  7 117 nəfər təşkil edir. 2026/2027-ci tədris ili üçün müəyyən edilmiş hədəflərə əsasən yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır.

 Dual peşə təhsili proqramı
 
2025/2026-cı tədris ilində dual peşə təhsili proqramına ümumilikdə  

1 704 nəfər qəbul olunub. Onlardan 1 019 nəfəri kişi, 658 nəfəri qadın olub.
 
Yeni peşə təhsili müəssisələri
 
2025-2026-cı tədris ilində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.
 
Bundan başqa, “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2026–2030-cu illər ərzində müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmirinin aparılması nəzərdə tutulur.
 
Rəhbər və pedaqoji heyətin işə qəbulu
 
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu prosesində 4751 namizəd qeydiyyatdan keçib. Onlardan 1 920 nəfəri test mərhələsinə buraxılıb, 754 nəfər isə müsahibəyə keçib. Ümumilikdə 274 müəllim işə qəbul olunub.
 
Hazırda peşə təhsili müəssisələrində ümumilikdə 3764 istehsalat təlimi ustası, ixtisas fənn müəllimi, ümumtəhsil fənn müəllimi fəaliyyət göstərir.
 
Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsində 21 nəfər uğur qazanıb. Onlardan 21-i işlə təmin olunub.
 
Peşə təlimləri
 
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmiş təlimlər:
 
2025-ci il ərzində 975 nəfəri əhatə edən qısamüddətli, 350 nəfəri əhatə edən ixtisasartırma təlimləri keçirilib. Təlimlər ümumilikdə 42 ixtisas üzrə 12 müəssisədə həyata keçirilib.
 
Bundan başqa, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində vətəndaşların peşə bacarıqlarının artırılması və əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq qısa müddətdə ixtisaslı kadrların hazırlanması məqsədilə də təlimlər təşkil olunub. Sözügedən təlimlər 2025-ci ildə 42 ixtisas üzrə 19 müəssisədə təşkil olunub. 2026- cı ilin ilk yarımilində təlimlər 150 nəfəri əhatə edib.
 
Təhsil proqramları
 
2025-ci il üçün ümumilikdə 17 peşə təhsil proqramı hazırlanıb. Proqramlardan 10-u yeni ixtisas üzrə olub, 7-si isə yenilənib.
 
Yeni ixtisasların tətbiqi əmək bazarının aktual ehtiyaclarını qarşılamağa xidmət edir. Bu, tədris prosesinin daha çevik və məqsədyönlü təşkilinə imkan yaradır. Bu proqramlar müasir tələblərə uyğunlaşdırılıb və təhsil prosesinin keyfiyyətinin artırılmasına istiqamətləndirilib. Hazırlanmış proqramlar müxtəlif sahələr üzrə peşə hazırlığının sistemli aparılmasını təmin edir. Proqramlar tikinti, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyalarını əhatə edir.
 
Dərsliklərin çapı və paylanması
 
2025-ci il ərzində 72 peşə ixtisas dərsliyi hazırlanıb və ümumilikdə

35 000 nüsxə dərslik çap olunub. Dərsliklərin məzmunu tədris ehtiyaclarına uyğun olaraq sistemləşdirilib və istifadəyə hazır vəziyyətə gətirilib.
 
Yerli dərsliklərin 10 000, tərcümə edilmiş dərsliklərin isə 25 000 nüsxə tirajı təhsil müəssisələrinin dərslik təminatını tam şəkildə əhatə edir. Dərsliklərin 38-i yerli mütəxəssislər, 34-ü isə beynəlxalq mənbələr əsasında tərtib edilib. Bu balans həm yerli reallıqların, həm də beynəlxalq təcrübənin nəzərə alınmasına imkan verir.
 
Dərsliklər tikinti, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyalarını əhatə edir.
 
Ali və orta ixtisas təhsili
 
Ali təhsil
 
Bakalavriat səviyyəsi üzrə faktiki tələbə qəbulu son illərdə davamlı artım dinamikası nümayiş etdirib. Belə ki, son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb. 2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 61 420 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan yerlərinin 98,4%-nin faktiki olaraq doldurulduğunu göstərir. Qəbul olunan tələbələrin əhəmiyyətli hissəsi dövlət sifarişi əsasında (28 421 nəfər) təhsil almaq hüququ qazanıb.
 
Magistratura səviyyəsində faktiki tələbə qəbulu son illərdə artım dinamikası nümayiş etdirib. Belə ki, 2021/2022-ci tədris ilində 10.484 nəfər olan faktiki qəbul 2025/2026-cı tədris ilində 14 335 nəfərə çatıb, bu da 3.079 nəfər və ya təxminən 29,4% artım deməkdir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsi üzrə 17.860 plan yerindən 14 335 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan göstəricisinin 76%-nin faktiki olaraq təmin edildiyini göstərir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsində 6.674 nəfər (37,4%) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
 
Dövlət Proqramı
 
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsi üzrə ilk dəfə qəbul həyata keçirildi
 
2025/2026-cı tədris ilindən etibarən Dövlət Proqramının əhatə dairəsi daha da genişləndirilərək ilk dəfə doktorantura təhsil səviyyəsi üzrə də qəbul aparılıb. Bu yenilik ölkənin elmi potensialının gücləndirilməsi, yüksəkixtisaslı tədqiqatçı kadrların hazırlanması və Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində elmi fəaliyyət imkanlarının artırılması məqsədinə xidmət edir.
 
İlk dəfə olaraq Dövlət Proqramına sənəd qəbulunda süni intellekt texnologiyalarının tətbiqinə başlanıldı
 
Dövlət Proqramına müraciət edən namizədlərin sənədlərinin ilkin yoxlanılması prosesində süni intellekt əsaslı həllərdən istifadə olunmağa başlanılıb. Bu yenilik müraciətlərin daha operativ emal edilməsinə, texniki uyğunsuzluqların daha sürətli aşkar olunmasına və qiymətləndirmə prosesinin səmərəliliyinin artırılmasına imkan yaradıb. Süni intellektin tətbiqi həmçinin insan resurslarına düşən iş yükünü azaltmaqla proseslərin daha çevik idarə edilməsinə şərait yaradıb.
 
Müsahibə mərhələsində qiymətləndirmə prosesi tam elektronlaşdırıldı
 
Dövlət Proqramının müsahibə mərhələsində komissiya üzvləri tərəfindən aparılan qiymətləndirmə ilk dəfə olaraq elektron sistem – Xaricdə Təhsil İnformasiya Sistemi üzərindən həyata keçirilib. Bu yenilik qiymətləndirmə prosesində şəffaflığın və operativliyin artırılmasına, nəticələrin avtomatik emal edilməsinə və insan faktorundan qaynaqlanan texniki səhvlərin minimuma endirilməsinə imkan verib. Elektron qiymətləndirmə sistemi eyni zamanda bütün nəticələrin vahid bazada toplanmasını təmin edib.
 
Məzun hesabatlarının və məşğulluq məlumatlarının təqdim olunması elektronlaşdırıldı
 
Dövlət Proqramı məzunlarının fəaliyyətinin izlənilməsi məqsədilə hesabatların verilməsi mexanizmləri rəqəmsallaşdırılıb. Artıq məzunlar təhsilini başa vurduqdan sonra əldə etdikləri nailiyyətlər, peşə fəaliyyəti və məşğulluq vəziyyəti barədə məlumatları elektron platforma üzərindən təqdim edə bilirlər. Bu yanaşma məzunların karyera inkişafının daha effektiv izlənilməsinə və proqramın təsirinin ölçülməsinə imkan yaradır.
 
Məzunların məşğulluğunun artırılması istiqamətində nüfuzlu qurumlarla əməkdaşlıq üçün addımlar atıldı
 
2025/2026-cı tədris ilində Dövlət Proqramı İdarəetmə Qrupu ilə Azərbaycan Hava Yolları QSC, Azərbaycan Beynəlxalq Bankı, “Bayraktar Teknoloji Azərbaycan” kimi şirkətlər arasında əməkdaşlıq üçün danışıqlar aparılıb. Əməkdaşlıq çərçivəsində Dövlət Proqramı məzunları təhsillərini başa vurub ölkəyə qayıtdıqdan sonra bu qurumlarda ödənişli təcrübə proqramlarında iştirak etmək imkanı əldə edəcəklər. Bu təşəbbüs məzunların əmək bazarına inteqrasiyasını sürətləndirməyə və onların peşəkar bacarıqlarını inkişaf etdirməyə xidmət edir.
 
500 nəfər Dövlət Proqramının qalibi oldu
 
2025/2026-cı tədris ili üzrə keçirilmiş Dövlət Proqramına qəbul nəticələrinə əsasən ümumilikdə 500 nəfər Dövlət Proqramı qalibi adını qazanıb. Qaliblərdən 125 nəfər bakalavriat, 356 nəfər magistratura, 19 nəfər isə doktorantura səviyyəsi üzrə xaricdə təhsil almaq hüququ əldə edib.
 
Dövlət Proqramı çərçivəsində 161 nəfər dünyanın top 10 universitetində təhsil almaq hüququ qazanıb
 
Dövlət Proqramının 2025/2026-cı tədris ili üzrə qaliblərindən 161 nəfəri dünyanın ən nüfuzlu və beynəlxalq reytinqlərdə ilk 10-luqda qərarlaşan universitetlərində təhsil almaq hüququ qazanıb. Beləliklə, bu say ümumilikdə 358 nəfərə çatıb.
 
150 nəfər Dövlət Proqramı məzunu olub
 
2025/2026-cı tədris ili ərzində Dövlət Proqramı çərçivəsində təhsilini uğurla başa vuran məzunların sayı 150 nəfər təşkil edib. Beləliklə 2022-2028-ci illər üçün Dövlət Proqramı məzunlarının ümumi sayı 610 nəfərə çatıb.
 
Dövlət Proqramına sənəd qəbulu üzrə rekord göstərici qeydə alınıb
 
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramına qəbul zamanı müraciət sayında indiyədək qeydə alınmış ən yüksək göstərici müşahidə olunub. Ümumilikdə 1221 nəfər namizəd proqramda iştirak etmək üçün müraciət edib.
 
Təhsil Tələbə Krediti
 
2025-2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili pillələrinə yeni qəbul olunmuş tələbələrə dair təhsil tələbə krediti mexanizmi çərçivəsində iki mühüm qərar qəbul edilib. Fondun Himayəçilik Şurasının 5 avqust 2025-ci il tarixli iclasında qəbul edilmiş qərarlara əsasən, təhsil kreditlərinin əhatə dairəsi genişləndirilib:
 
  • Ali təhsil pilləsi: Bakalavriat təhsil səviyyəsi üzrə birinci tədris ilinin ilk semestri üçün Standart TTK-ya müraciət edən tələbələrə SAT imtahanı nəticələri ilə müraciət hüququ verilmiş və minimal bal həddi 1200 müəyyən edilib.
  • Orta ixtisas təhsili pilləsi: Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul imtahanında toplanılan minimal bal həddi 40 bal olaraq müəyyən edilib.
 
Statistik göstəricilər və kreditləşmə dinamikası:
 
  • Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günədək (16.06.2026) e-ttkf.edu.az elekton portala 101 819 müraciət daxil olub, 84 861 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Onlardan 29 494-ü (34.8%) sosial, 55 367-si (65.2%) standart növ təhsil tələbə kreditidir.
  • Gender bölgüsü üzrə kredit müqavilələrinin 54 009-u (63.6%) qadın, 30 852-si (36.4%) kişi tələbələrin payına düşür.
  • Rəsmiləşdirilən kreditlərdən 58 710-u (69.1%) bakalavriat, 19 721-i (23.2%) magistratura, 5 655-i (6.7%) orta ixtisas təhsili, 775-i (1%) isə peşə təhsilinə aiddir.
  • 2025-2026-cı tədris ili üzrə isə e-ttkf.edu.az elekton portala 31 256 müraciət daxil olub, 27 451 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Onlardan 9 664-ü (35%) sosial, 17 787-si (65%) standart növ təhsil tələbə kreditidir.
Bağlanmış kredit müqavilələri üzrə ayrılmış maliyyə vəsaiti:
 
  • Fondun fəaliyyəti müddətində ümumilikdə 80 milyon manatdan bir qədər artıq kredit məbləği ayrılıb, bunun 78 milyon manatdan çox hissəsi isə birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb.
  • Təhsil tələbə kreditləri üzrə ayrılmış vəsaitlərin təxminən 48 milyon manatdan çoxunu standart növ təhsil tələbə kreditləri, 30 milyon manata yaxın hissəsini isə sosial növ təhsil tələbə kreditləri təşkil edib. Bununla yanaşı, kredit portfeli çərçivəsində 1,9 milyon manatdan artıq sığorta məbləği formalaşdırılıb.
  • 2025-2026-cı tədris ili üzrə rəsmiləşdirilən 27451 təhsil tələbə krediti müqavilələri üzrə 26 milyon manatdan çox vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb
 
Məzun olmuş tələbələrə tətbiq edilən güzəştlər:
 
  • Bu günə kimi geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olduğuna görə, 691 Sosial TTK müqaviləsi üzrə 50 faiz və 1684 Standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub. Ümumilikdə 766 min manatdan çox vəsait bağışlanıb.
Təhsil Tələbə Krediti Fondunun 2025-ci ildə beynəlxalq sertifikatla tanınması:
 
Təhsil Tələbə Krediti Fondu innovativ fəaliyyətinə görə 2025-ci il təqvim ilində “QS Reimagine Education” beynəlxalq tanınma sertifikatına layiq görülüb.

Elmi-tədqiqat

Elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalara çıxış imkanı
 
2026-ci ildə “Elsevier” və “Clarivate Analytics” şirkətləri ilə yenidən imzalanmış müqavilələr əsasında 150-dən çox elm və ali təhsil müəssisəsinə “Scopus (AI tətbiqli alətləri ilə)” və “Web of Science” elmmetrik bazalarına, eləcə də “ProQuest Central” və “Cambridge University Press” kimi elmi informasiya resurslarına çıxış imkanı yaradılıb, həmin resurslardan sərbəst istifadə təmin edilib.
 
Alimlərin mükafatlandırılması
 
2026-cı ildə təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının elmi göstəriciləri əsasında A, B və C kateqoriyaları üzrə maddi mükafatlandırılması həyata keçirilib. Belə ki, layihə çərçivəsində 14 müəssisədən 420-dən çox tədqiqatçı mükafatlandırılıb.
 
Nüfuzlu beynəlxalq jurnallarda çap olunan məqalə sayında artım
 
“Elsevier” şirkətinə məxsus “Scopus” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən dərc olunmuş elmi nəşrlərin sayı 2026-cı ildə əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, ilin ilk beş ayı ərzində bazada 3497 məqalə indeksləşdirilib. Ümumilikdə, “Scopus” bazasının məlumatlarına əsasən, Azərbaycan alimlərinin nəşrlərinin sayı 2023-cü ildə 3192, 2024-cü ildə 4933, 2025-ci ildə isə 7494 olub. Beləliklə, 2025-ci ildə qeydə alınmış göstərici 2024-cü illə müqayisədə 2561 nəşr və ya təxminən 51,9 faiz, 2023-cü illə müqayisədə isə 4302 nəşr və ya təxminən 2,35 dəfə (134,8 faiz) çox olub.
 
 “Clarivate™” şirkətinə məxsus “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən dərc olunmuş elmi nəşrlərin sayı 2026-cı ildə artım nümayiş etdirib. Belə ki, ilin ilk beş ayı ərzində bazada 1677 məqalə indeksləşdirilib. “Web of Science” bazasının məlumatlarına əsasən, Azərbaycan alimlərinin nəşrlərinin sayı 2023-cü ildə 1903, 2024-cü ildə 3735, 2025-ci ildə isə 5526 olub. Beləliklə, 2025-ci ildə qeydə alınmış göstərici 2024-cü illə müqayisədə 1791 nəşr və ya təxminən 48 faiz, 2023-cü illə müqayisədə isə 3623 nəşr və ya təxminən 2,9 dəfə (190 faiz) çox olub.
 
Tədqiqatçıların ödənişsiz məqalə dərc etdirməsi
 
Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin Cambridge University Press elmi elektron resurs və nəşriyyat platformasında Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində bu nəşriyyat tərəfindən yayımlanan yüksək impakt faktorlu 422 hibrid və “gold” açıq girişli (Open Access) jurnalda limitsiz sayda ödənişsiz məqalə dərc etmək və həmin elmi resurslardan sərbəst istifadə etmək imkanına malik olacaqlar.
 

2026-cı il elmmetrik göstəricilər
 
2025-ci ildə Q1 indeksli elmi jurnallarda 3214, Q2 indeksli elmi jurnallarda isə 1358 elmi nəşr dərc olunub. Q1 indeksli jurnallarda dərc olunan məqalələrin sayı Q2 indeksli jurnallarla müqayisədə təxminən 2,4 dəfə çox olub.
 
2026-cı ildə ilin ilk aylarını əhatə edən qısa hesabat dövrünə baxmayaraq, Q1 və Q2 indeksli elmi jurnallarda dərc olunan nəşrlərin sayında müsbət dinamika müşahidə edilib. Belə ki, Q1 indeksli elmi jurnallarda 1854, Q2 indeksli elmi jurnallarda isə 833 elmi nəşr dərc olunub.
 
“Scopus AI” – süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı
 
ETN-in təşəbbüsü ilə “Elsevier” şirkəti tərəfindən yaradılmış və Azərbaycanda ilk dəfə 2024-cü ildə istifadəyə verilmiş süni intellekt əsaslı elmi məlumat axtarış sistemi - “Scopus AI” ölkəmizdə artıq 150-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsindədir.
 
Tədqiqatçılar üçün təlimlər
 
“Scopus” və “Web of Science” elmmetrik bazalarından, habelə onların müxtəlif alətlərindən səmərəli istifadə və akademik tədqiqatların süni intellektlə transformasiyası mövzusunda əyani və onlayn formatda təşkil olunmuş 30-dan çox təlimdə ümumilikdə 1500-dən artıq tədqiqatçı iştirak edib.
 
#CodeForFuture layihəsi
 
#CodeForFuture layihəsi üzrə 2026-cı ilin birinci yarımilində ümumilikdə 6 ali təhsil müəssisəsinin 3-cü və 4-cü kurslarında təhsil alan 750-dən çox tələbəyə 8 ixtisaslaşma əsasında kurslar tədris edilib. Bu kurslar "Frontend (Data analitika)" , "Kibertəhlükəsizliyin əsasları" , "Süni intellekt dəstəkli proqramlaşdırma" , "Autocad & Solidworks" , "Gələcək müəllimlərin peşəkar inkişafı" , "Web Tərtibatçı" , "Sistem İnzibatçılığı" , "Proqram təminatının test edilməsi (QA)" modullarını əhatə edib.
 
Təhsilalanların köçürülməsi
 
Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi prosesi təmin edilib. Belə ki, 2025-2026-cı tədris ili üçün elektron sistem vasitəsilə ümumilikdə 1500-dən çox tələbə müraciət edib. Yekunda orta ixtisas təhsil müəssisələri üzrə 178, ali təhsil müəssisələri üzrə isə 780 tələbənin müraciəti barədə müsbət qərar qəbul edilib.
 
Kolleclərdə islahatlar davam edir
 
Tədris ili ərzində orta ixtisas təhsili müəssisələrində kadr potensialının gücləndirilməsi və idarəetmə strukturunun optimallaşdırılması istiqamətində islahatlar  həyata keçirilib. 38 orta ixtisas təhsili müəssisəsinə 12 direktor və 16 direktor müavini təyin edilib.
Əlavə təhsil müəssisələrinə lisenziya verilməsi
 
İxtisasartırma təhsilinə dəstək, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə cari il ərzində 7 əlavə təhsil mərkəzinin fəaliyyətinə lisenziya verilməsinə dair monitorinq baxışı həyata keçirilib, bunlardan 5 müəssisənin əlavə təhsil fəaliyyətinə dair lisenziya verilməsinə müsbət rəy verilib.
 
Beynəlxalq əməkdaşlıq istiqaməti üzrə
 
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində dövlət hesabına təhsil
 
Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2025-2026-cı tədris ili üzrə müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 51 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
 
Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 9 ali təhsil müəssisəsində bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura, doktorantura təhsil səviyyələrində təhsil almaq hüququ qazanıblar.
 
HTP çərçivəsində 6 fərqli ölkədən 115 əcnəbi tələbə
 
2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
 
Məlumat üçün bildirək ki, onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.
 
HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Somali Federativ Respublikası və Qırğız Respublikasından olan 115 əcnəbi tələbə hazırda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alır.

Təhsil qrantı proqramları ilə 35 ölkədən 50-yə yaxın əcnəbi tələbə
 
Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018–2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.
Sözügedən təhsil qrantı proqramları çərçivəsində 35 ölkədən 50-ə yaxın əcnəbi tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.
 
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil üçün 700-ə yaxın müraciət
 
HTP çərçivəsində 2026/2027-ci tədris ilində Macarıstan (458), Çin Xalq Respublikası (163), Qazaxıstan Respublikası (11), Türkiyə Respublikası (40) və Rumıniyada (13) təhsil almaq üçün portal.edu.az üzərindən ümumilikdə 685 müraciət daxil olmuşdur. 2026/2027-ci tədris ilində HTP çərçivəsində təhsil almaq üçün müraciət edən ərizəçilərlə təşkil edilən müsahibələrin nəticəsində 200 əsas, 85 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 285 nəfərin namizədliyi Macarıstan, 20 əsas, 16 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 36 nəfərin namizədliyi Çin, 25 nəfərin namizədliyi Türkiyə, 5 nəfər əsas, 2 nəfər ehtiyat siyahı üzrə olmaqla, 7 nəfərin namizədliyi Rumıniya tərəfinə təqdim edilib. Yekun nəticələrin iyul-avqust aylarında qeyd olunan ölkələrin müvafiq qurumları tərəfindən açıqlanması gözlənilir.
 
Qazaxıstanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilb
 
Azərbaycan və Qazaxıstan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 7-8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində ölkəmizin 23 ali təhsil müəssisəsinin təmsil olunduğu “Study in Azerbaijan” təhsil sərgisi təşkil olunub.
 
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilib
 
Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24–25 sentyabr tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilib.
 
“Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan Sammitdə 20-dən çox ölkədən 300-dən artıq iştirakçı, 150-dən çox ali təhsil və elmi müəssisənin nümayəndəsi, eləcə də 50-dən artıq beynəlxalq və yerli spiker iştirak edib.
 
Tədbir çərçivəsində qlobal tədqiqat əməkdaşlıqları, ali təhsilin sosial-iqtisadi inkişafa töhfəsi, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində universitetlərin rolu ilə bağlı müzakirələr aparılıb.
 
Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləyişi
 
“QS dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə (QS World University Rankings) top 800-də yer alan universitetlərimizin sayı 3-ə çatıb. Eyni zamanda, TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.
 
2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.
 
“QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən il ilə müqayisədə 9-dan 15-ə yüksəlib.
 
QS Dayanıqlılıq (QS Sustainability Ranking) reytinqinə daxil olan Azərbaycan ali təhsil müəssisələrinin sayı artaraq 8-ə çatıb.
 
THE dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə (THE World University Rankings) yer alan ali təhsil müəssisələrimizin sayı 4-ə yüksəlib, onlardan biri TOP 1000-likdə təmsil olunub. Ötən il ilə müqayisədə bu göstərici 2 dəfə artıb. 2020-ci ildə isə bu qlobal reytinqdə Azərbaycan ali təhsil müəssisələri təmsil olunmurdu. 
 
“THE Impact reytinqi”ndə (THE Impact Rankings) 28 ali təhsil müəssisəmiz təmsil olunub və Azərbaycan universitetlərinin sayı əvvəlki ilə nisbətən 1,5 dəfədən çox artıb.
 
“THE fənlərarası elm reytinqi”ndə (THE Interdisciplinary Science Ranking) ali təhsil müəssisələrimizin sayı artaraq 4-ə çatıb. Onlardan 2-si TOP 500-də qərarlaşıb.
 
Eyni zamanda, digər reytinqlərdə (RUR, Greenmetric və s.) də Azərbaycan ali təhsil müəssisələrinin sayı artıb və mövqeyi irəliləyib.
 
TələbəPlus layihəsi
 
TələbəPlus layihəsi ali təhsil müəssisələrinin tələbələri üçün müxtəlif güzəşt və imtiyazlardan yararlanmağa imkan verən vahid tələbə kartı layihəsidir.
2025-2026-cı tədris ili ərzində layihəyə 3 yeni ali təhsil müəssisəsi – Azərbaycan İdman Akademiyası, Milli Aviasiya Akademiyası və Azərbaycan Dövlət Dəniz Akademiyası qoşulub. Bununla da layihədə iştirak edən ali təhsil müəssisələrinin sayı 28-ə, kart istifadəçilərinin sayı isə 200 minə çatıb.
 
TəhsilPlus layihəsi
 
TəhsilPlus layihəsi təhsil işçilərinin sosial rifahının artırılması və onlar üçün müxtəlif güzəşt imkanlarının yaradılmasını hədəfləyən təşəbbüsdür.
Cari tədris ili ərzində layihənin tətbiqinə başlanılıb. İlk mərhələdə Bakı şəhərində bir qrup təhsil işçisinə TəhsilPlus kartları təqdim olunub. Daha sonra regionlar üzrə təqdimat prosesinə start verilib və ilk kütləvi təqdimat Gəncə-Daşkəsən regionunda keçirilib. Təqdimat çərçivəsində sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş müəllimlər TəhsilPlus kartları ilə təmin olunublar.
 
Təqaüd proqramları
 
Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təqaüd proqramları çərçivəsində 2025-2026-cı tədris ilində aşağıdakı nəticələr əldə olunub:
 
● “Parla” təqaüd və inkişaf proqramına 50 yeni iştirakçı qəbul edilib, proqram üzrə ümumi benefisiar sayı 109 nəfərə çatıb.
● “Hənifə Məlikova adına qızların təhsilinə dəstək” təqaüd proqramına 94 yeni iştirakçı qəbul edilib, ümumi benefisiar sayı 229 nəfər olub.
● “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına 20 yeni iştirakçı qəbul edilib.
 
“IELTS imtahanına təşviq” layihəsi
 
“IELTS imtahanına təşviq” layihəsi çərçivəsində 2025-2026-cı tədris ili ərzində ümumilikdə 1009 nəfərin imtahan xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb. Onlardan 983 nəfəri tələbə, 26 nəfəri isə müəllim olub.
 
Xarici Kvalifikasiyaların Tanınması
 
15.09.2025-13.06.2026-cı il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 5607 müraciət daxil olub. Bunlardan 4030 müraciətin ekspertizası həyata keçirilib. 1577 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 3266 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 764 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.

Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ölkələrin siyahısı:
Türkiyə Respublikası (1400)
Rusiya Federasiyası (998)
Ukrayna (593)
Birləşmiş Krallıq (246)
Gürcüstan (148)
Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İstanbul Universiteti                                     (85)
Xarkov Milli Daxili İşlər Universiteti            (72)
Kütahya Dumlupınar Universiteti               (50)
Tbilisi Humanitar Tədris Universiteti          (46)
Ukrayna Milli Mülki Müdafiə Universiteti  (44)

Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ixtisasların siyahısı:
Hüquqşünaslıq          (336)
İqtisadiyyat                (250)
Maliyyə                       (247)
Biznesin idarə edilməsi (236)
Menecment                (192)
 
Qeyri-formal və informal təhsilin tanınması
 
2025-2026-cı tədris ili (15.09.2025-13.06.2026) ərzində Qeyri-formal və informal təhsilin tanınması (QFİTT) istiqamətində müxtəlif peşə ixtisasları üzrə müraciət etmiş namizədlərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi məqsədilə 314 nəfər ərizəçi qiymətləndirmənin ilk mərhələsi olan nəzəri imtahanlara cəlb olunub. Onlardan 230 nəfəri məqbul, 84 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Növbəti mərhələdə  164 nəfər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi prosesini müvəffəqiyyətlə başa vuraraq peşə sənədi əldə edib, 21 nəfər isə praktiki imtahanı gözləmə mərhələsindədir.
 
Qeyd edək ki, qiymətləndirmə və tanınma prosesi 5-i yeni olmaqla (“Arıçı”, “Qrafik dizayner”, “Kombi və kondisioner ustası”, “Mebel ustası” və “Avtomobil üzrə elektrik”) ümumilikdə 14 peşə ixtisası üzrə həyata keçirilmişdir. Nəticədə QFİTT üzrə tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 27-dən 32-ə çatdırılıb. 
 
Cari tədris ili ərzində QFİTT istiqamətində regionlarda da tədbirlər davam etdirilib. Bakı şəhəri ilə yanaşı Bərdə, Qəbələ və Biləsuvar rayonlarında da müxtəlif peşə ixtisasları üzrə bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi həyata keçirilib.
 
Təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsi
 
2025-2026-cı tədris ilindən başlayaraq, təhsil haqqında dövlət sənədlərinin (attestat və diplomların) tam elektron formatda verilməsinə başlanılıb. Belə ki, yeni qaydalara görə təhsil haqqında dövlət sənədləri artıq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən elektron formatda formalaşdırılacaq, təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək. Beləliklə, məzunlar sənədlərini artıq elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər.


Tarix: Bu gün, 16:09

Xəbəri paylaş