“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər
Paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda ənənəvi dərslər təşkil edilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan dərslər paytaxtın 12 inzibati rayonu üzrə 52 mərkəzdə keçirilir. Dərslərdə BŞTİ-nin tabeliyindəki və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 323 məktəbdə təhsil alan 21 168 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslər əvvəlcədən müəyyənləşdirilmiş 46 müəllim tərəfindən tədris olunur.
Dərslər zamanı “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz”, “Ulu öndər Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır”, “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” və digər müvafiq mövzularda məruzələr dinlənilir. Məruzələrdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, o cümlədən ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasındakı rolundan bəhs edilir. Həmçinin, məruzələrdə ulu öndərin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır.
Dərslər çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunur.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin mayda yekunlaşdırılması nəzərdə tutulur.
Tarix: 14-02-2018, 11:25