Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Forumun əsas məqsədi SABAH tələbələri arasında ünsiyyətin genişlənməsinə şərait yaratmaqdır

 
 
Noyabrın 17-də Təhsil Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə III SABAH Tələbə Debat Forumu keçirilib.
Forumun əsas məqsədi SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunması, müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tələbələrin natiqlik bacarıq­larına yiyələnməsi, onlar arasında intellektual oyunlarda iştiraka maraq yaradılması, müxtəlif universitetlərdə təhsil alan SABAH tələbələri arasında ünsiyyətin genişlənməsinə şərait yaratmaqdır.
Debat oyunlarının mövzusu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi məqsədlərinə uyğun olaraq “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyinin rolu” olub.
Forum çərçivəsində SABAH tələbələri DVC-nin təlimçi heyəti tərəfindən debat metodologiyası əsasında təşkil olunan ardıcıl 3 təlim sessiyasında iştirak ediblər. Təlim sessiyasını uğurla başa vuran komandalar sahibkarlığa dövlət dəs­təyinin rolu mövzusunda araşdırmalar aparıblar.
Forumun qrup və “play-off” mərhələsi oyunlarında ümumilikdə 7 universiteti təmsil edən 32 komanda mübarizə aparıb. Debat raundlarından uğurla keçən “Alpha” və “Enigma” komandaları finala vəsiqə qazanıblar. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Əfsanə Məmmədova, İsmayıl Səlimov, Anar Məmmədzadə, Sevil Hacıyeva, Elgün Məmmədov, İlqar Ağasıyev, Xədicə Veysəlova, Fərhad Ağayev, Bakı Dövlət Universitetinin tələbəsi David Poladov forumun ən yaxşı natiqləri, Ülviyyə Axundova isə Forumun I ən yaxşı natiqi adına layiq görülüb.
Forumun qalibi UNEC-in “Alpha”  komandası (Pinar Cəbrayılova, Ömər Əzizli, Elgün Məmmədov) olub.
SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qrup­lardır.
Layihənin məqsədi ali təhsil sis­temində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.
SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.
2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.
Qeyd edək ki, DVC yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin aparıcı proqramlarından biri olan Milli Debat Proqramı gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 Regional Debat Mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış Debat Klublarını özündə birləşdirir.


Tarix: 11-12-2017, 12:16

Xəbəri paylaş