Əlçatanlıq və əhatəlilik təhsil sistemini hədəflərə çatdıracaq
Məlumdur ki, müasir dünya trendləri ölkənin inkişafının təməlində duran təhsilin önəmini günü-gündən artırmaqdadır. Ölkələr qarşısında duran strateji hədəflərə nail olmaq istiqamətində bütün səylər təhsildən, xüsusən də ölkənin insan kapitalın yetişdirən, onun inkişafını təmin edən ali təhsil sistemində baş verən modernləşmə proseslərindən birbaşa asılıdır. Müasir trendlər Azərbaycan ali təhsil sistemi qarşısında hansı vəzifələr qoyur? Qlobal əmək bazarının çağırışlarına cavab verməkdə ali təhsil sistemimiz nə dərəcədə hazırlıqlıdır?
Bütün bu suallara dekabrın 16-da Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində cavab tapmaq mümkün oldu.
Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov ali təhsil sistemimizi gözləyən dəyişikliklər və onları zəruri edən amillərdən danışmazdan əvvəl BDU-nun professor-müəllim heyətinin böyük bir qrupunu yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib və əmin olduğunu bildirib ki, başa vurmaqda olduğumuz 2019-cu il Bakı Dövlət Universitetinin tarixində yaddaqalan hadisə kimi qalacaq. Ceyhun Bayramov diqqətə çatdırıb ki, 2017-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən Bakı Dövlət Universitetinin 100 illik yubileyinin beynəlxalq səviyyədə, ölkə daxilində yüksək səviyyədə qeyd edilməsi ilə bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama uyğun olaraq BDU-nun 100 illik yubiley tədbirləri həm beynəlxalq səviyyədə YUNESKO-nun Baş qərargahında, eyni zamanda, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə çox yüksək şəraitdə qeyd olunub.
"Hesab edirəm ki, BDU-nun Azərbaycan dövləti, xalqı qarşısında xidmətləri yalnız elmin, təhsilin inkişafı ilə bağlı deyil, ilk dövrlərdən BDU ölkədə ictimai fikrin formalaşmasında da müstəsna xidmətlər göstərib. Azərbaycan cəmiyyətinin inkişafı BDU-nun inkişafı ilə hər zaman yanaşı gedib və bu qocaman ali məktəb ölkəmizin inkişafına çox böyük töhfələr verib", -deyə Təhsil naziri bildirib. Ceyhun Bayramov qeyd edib ki, yubiley tədbirlərində ulu öndər Heydər Əliyevin müxtəlif zamanlarda BDU-nun fəaliyyəti ilə bağlı qəbul etdiyi tarixi qərarlara, 50 il bundan öncə, ümummilli liderin BDU-nun 50 illik yubileyindəki tarixi çıxışına bir daha nəzər salmaq imkanımız olub. "Ulu öndərin çıxışında Azərbaycan cəmiyyətinə ötürülən mesajlar o qədər önəmli idi ki, 50 il keçməsinə baxmayaraq bu günlərdə də böyük aktullığına görə həmin çıxışa istinad edirik. O dövrdə çoxları üçün anlaşılmayan mesajları bu gün Azərbaycan cəmiyyəti artıq XXI əsr prizmasından dəyərləndirə bilir. Hamımız üçün bu sirr deyil ki, 1969 -cu ildə sovetlər birliyinin tərkib hissəsi olaraq Azərbaycan rəhbərliyinə gələn ulu öndərin artıq Azərbaycan ziyalıları, respublikasnın düşünən beyinləri qarşçısında məhz ana dilində çıxış etməsi, hesab edirəm ki, həmin o mesajın ən vacib tərkib hissəsi idi. Bundan sonra hər zaman BDU-nun ikişafına çox böyük dəyər verən ümummilli lider BDU-nun Azərbaycan xalqı, dövləti üçün dəyərini - "BDU Azərbaycan xalqının milli sərvətidir, milli iftixarıdır" sözləri ilə çox qısa və lakonik, ancaq olduqca dolğun və hərtərəfli şəkildə ifadə edib. Bu qiymət, sözün əsl mənasında, son 100 ilin devizinə çevrilib.
Ceyhun Bayramov 2019-cu ildə həyata keçirilən tədbirlər sırasında BDU-nun 100-nun yubiley mərasimini və həmin tədbirdə Prezident İlham Əliyevin konseptual çıxışını xatırladıb. "Hesab edirəm ki, cənab Prezident tərəfindən Bakı Dövlət Universitetinə və onun kollektivinə verilən ən böyük töhfə məhz BDU-nun akadmik-müəllim heyəti və tələbələri qarşısında çıxış etməsi idi. Prezident çıxışında Azərbaycanın gələcəyi ilə bağlı qarşımızda duran əsas hədəflər və çağırışlar, təhdidlərlə bağlı çox açıq, səmimi söhbət apardı. Eyni zamanda cəmiyyətin aparıcı qüvvəsi olan ziyalılara və Azərbaycan gəncliyinə çağırışlar etdi. Hesab edirəm ki, bu istiqamət bizi düşündürməli və çağırışlarla bağlı fəaliyyətimizin kredosuna çevirilməlidir".
Ceyhun Bayramov bu kontekstdə çıxışında ölkənin ali təhsil sistemi qarşısında duran mövcud çağırışların dərin təhlilini verib. O qeyd edib ki, əsas istiqamət müasir, rəqabətli, çox çevik və dəyişən dünyada Azərbaycan cəmiyyəti, Azərbaycan təhsili qarşısında olan çağırışlardır. Yüksək səviyyəli, zamanın tələblərinə cavab verən keyfiyyətli təhsilin verilməsi və bizim bir sistem olaraq ona hazır olmağımızdır.
Təhsil naziri bu sahədə ölkə başçısının müvafiq sərəncam və dövlət proqramlarının icrası istiqamətində yalnız 2019-cu ildə ali təhsil sahəsində həyata keçirilən bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İnsan kapitalı və təhsilin dəyəri
Ceyhun Bayramov qeyd edib ki, biz bu gün 4-cü sənaye inqilabı, postindustrial cəmiyyət, digər sözlə, bilik iqtisadiyyatı və beləliklə də insan kapitalı amilinin günbəgün güclənməsi kimi tarixi bir dövrdəyik. Belə olan təqdirdə, artıq hər bir dövlət başa düşür kü, təhsilin dəyəri olduqca böyükdür, təhsilin dəyəri hazırda heç zaman olmadığı qədər yüksək önəm kəsb edir. Bunu nəzərə alan və gözəl anlayan Azərbaycan dövləti elm və təhsilin əlçatanlığı, təhsilin əhatəliliyinin artırılması istiqamətində hər il sistemli və davamlı tədbirlər keçirirr.
Təhsil naziri 2019-cu ildə bu istiqamətdə qəbul edilmiş bəzi qararları tədbir iştirakçılarının diqqətinə çatdırıb. C.Bayramov Azərbaycan ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin hesabına oxuyan tələbələrin sayı ilə bağlı məlumat verərək qeyd edib ki, 2019-cu ildə dövlət tərəfindən Azərbaycan ali təhsil müəssisələrində dövlət sifarişi hesabına oxuyan tələbələrin sayı 2018-ci illə müqayisədə 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb. Yalnız Bakı Dövlət Universitetində 2018-ci ildə bakalavriat və magistratura səviyyəsində dövlət hesabına 2713 nəfər tələbə qəbul olunmuşdusa, 2019-2020-ci akademik ili üçün bu rəqəm 3823 nəfər təşkil edib. Başqa sözlə, yalnız 1 il ərzində BDU-da dövlət hesabına oxuyan tələbələrin sayında 1110 nəfər artım var. Eyni zamanda 2019-cu ildə akademik göstəricilərə çox ciddi təsir edən amil 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğlərinin orta hesabla 20 faiz artırılmasıdır. Eyni zamanda dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə qərar qəbul edilib. Həmin qərarda növbəti müddətlər üçün də çox konkret, spesifik hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz tələbə təqaüd alacaq, növbəti illərdə isə ən azı 50 faiz tələbənin təqaüd alması gözlənilir.
Eyni zamanda, müəyyən kateqoriyadan, sosial cəhətdən dəstəyə ehtiyacı olan insanlar da akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malikdirlər. O cümlədən, 2019-cu ildə 1-ci və 2-ci qrup əlillər də buraya əlavə olunmaqla onların da akademik göstəricilərindən asılı olmayaraq dövlət hesabına təhsil almaq hüququ təsbit edilib. Nəticədə 2 mindən artıq tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib. "Onu qeyd etmək istərdim ki, yenə də ölkə başçısının müvafq tapşırığına əsasən, bu istiqamətdə hökumət tərəfindən qəbul edilmiş qərara əsasən 1 sentyabr 2019-cu il tarixdən dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil xərclərinin artırılması nəzərdə tutulub. Bunun da nəticəsində Azərbaycanın bütün ali təhsil müəsssisələri, o cümlədən BDU da bu imkandan istifadə edərək öz əməkdaşlarının əməkhaqlarının artırılması barədə qərar qəbul edib".
Əhatəliliyin önəmli artımı
Təhsil naziri qeyd edib ki, ali təhsil sistemində əlçatanlıq və daha geniş əhatəlilikdən danışarkən yalnız maliyyələşdirmə mexanizmləri barədə danışmamalıyıq, eyni zamanda bu sahədə dövlət tərəfindən qəbul edilmiş bir sıra qərarların qəbulu və icrası nəticəsində baş vermiş dəyişikliklərlə bağlı bəzi statistik məlumatlara diqqət yetirmək lazımdır. O cümlədən təhsilin müxtəlif pillələrində əhatəliliyin artırılması istiqamətində 2018-ci ildə subbakalavr təhsil pilləsi üzrə təhsil alan tələbələrin müəyyən şərtlər çərçivəsində təhsilin növbəti pilləsində müsabiqədənkanar təhsil alma imkanları təsbit edilib. 2019-2020-ci akademik ilində ilk dəfə qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən yeni proqramların tətbiqinə başlanılıb. "Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, 500-ə yaxın Azərbaycan tələbəsi, subbakalavr təhsilini başa vurmuş tələbələr məhz bu imtiyazdan istifadə edərək ali təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı əldə ediblər. Eyni zamanda beynəlxalq, respublika olimpiadaları, incəsənət, idman sahələri üzrə olan beynəlxalq yarışların nəticələrinə əsasən Azərbaycanın 100-dən çox istedadlı gənci də məhz bu imtiyazdan istifadə edə bilib, ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbəsi olmaq hüququ qazanıblar".
Ceyhun Bayramov təhsilin digər pillələrində əhatəliliyin artırılması istiqamətindən danışarkən magistratura pilləsindəki yeniliklərə toxunub. O qeyd edib ki, bir neçə il bundan öncə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi nəticəsində magistraturaya qəbul olan oğlanların sayında əhəmiyyətli artıma nail olunub. Bunun nəticəsi olaraq bakalvriatura səviyyəsində oğlanlar və qızlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da, xeyli müsbət dəyişikliklər baş verib. "Düşünürəm ki, növbəti illərdə bu göstərici əldə olunacaq. Eyni zamanda qeyd etmək istərdim ki, magistratura səviyyəsində əhatəliliyi daha da artırmaq istiqamətində son bir il ərzində Təhsil Nazirliyi ölkənin bütün ali təhsil müəssisələri, digər həmkar qurumlarla müzakirələr və məsləhətləşmələr aparır. Müzakirələr demək olar ki, başa çatıb və nəticələr Nazirlər Kabinetinə təqdim olunacaq. Düşünürəm ki, Nazirlər Kabineti tərəfindən həmin qarar qəbul olunduqdan sonra biz magistraturaya qəbul qaydalarında dəyişikliklərin şahidi olacağıq". C.Bayramov əlavə edib ki, bununla da bir sıra yaradıcılıq, xüsusi qabuliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbulun birmərhələli qaydada həyata keçirilməsi və magistraturaya qəbul olan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olmaq imkanı təmin ediləcək. "Düşünürəm ki, Azərbaycan təhsil sistemi bu dəyişikliyin istədiyimiz nəticələrini növbəti illərdə görəcək".
Doktoranturaya qəbul yeni qaydalarla keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov ali təhsil sahəsində baş verən dəyişikliklərdən bəhs edərkən doktorantura təhsilinə qəbul qaydaları barədə danışıb. Qeyd edib ki, doktoranturaya qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənib və artıq növbəti ildən təhsilin bu pilləsinə qəbul yeni qaydalara əsasən həyata keçiriləcək. "Əsas dəyişiklik ondan ibarətdir ki, ilkin mərhələdə məhz beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların və yaxud mərkəzləşdirilmiş formada xarici dil imtahanının nəticələri nəzərə alınacaq. Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq şəkildə gənc tədqiqatçıların beynəlxalq, qlobal dillərdən hansısa birini peşəkar formada bilməsi vacib və zəruri şərt kimi ortaya qoyulmalıdır. Bu, artıq zamanı yetişmiş qərar idi. Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə qəbul olunmuş tələbələr vasitəsilə görəcəyik".
Təhsil naziri diqqətə çatdırıb ki, ali təhsil sahəsində qeyd olunan bəzi məqamlar əhatəliliyin təmin olunması istiqamətində dövlət tərəfindən atılmış addımlardır. "Ancaq biz çox yaxşı başa düşürük ki, əhatəliliyin artırılması nə qədər vacibdirsə, zamanın dəyişikliklərinə və tələblərinə uyğun olaraq ali təhsil müəssisələrində tədris prosesinin təşkil edilməsinə, məzmunun yenilənməsinə hər zaman yenidən baxılması olduqca vacibdir". Ceyhun Bayramovun sözlərinə görə, bu istiqamətdə atılan addımların icrası artıq ali təhsil müəssisələri və onların professor-müəllim heyətindən asılıdır. "Ona görə də Təhsil Nazirliyi olaraq bizim sizlərdən gözləntilərimiz çoxdur". Nazir əlavə edib ki, 2019-cu ilin fevral ayında bakalavriat və magistratura səviyyəsi üzrə ixtisasların yeni təsnifatı təsdiq edilib və təsnifata uyğun olaraq yeni proqramların və məzmunun hazırlanması ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Bu müddət ərzində proqramların yenilənməsi nəzərdə tutulub. Növbəti akademik ildən başlayaraq isə ali təhsil müəssisələri tələbə qəbulunu yeni təsnifata əsasən həyata keçirəcəklər. "Hesab edirəm ki, biz bu vaxtdan çox səmərəli istifadə etməliyik və bu müddət ərzində proqramlarımıza, təhsilin məzmununa çox ciddi baxmalı və məzmun müasirləşdirilməlidir. Məzmun zamanın tələbinə, əmək bazarının tələblərinə, beynəlxalq səviyyədə rəqabətli məzmuna uyğunlaşdırılmalıdır. Buna xüsusi diqqət yetirməliyik. Magistratura təhsili ilə bağlı məzmuna bir daha baxmalıyıq. Bakalavriatura və magistratura təhsili arasında təkrarçılığa, bir sıra fənlərin yenidən magistratura təhsilinə keçməsinə yol verməməliyik, onların əvəzinə magistratura təhsilinin məzmununa uyğun fənlərin və məzmunun yenilənməsinə xüsusi diqqət yetirməliyik".
Doktorantura təhsilindən danışarkən Təhsil naziri qeyd edib ki, mövzuların seçilməsindən başlayaraq, ümumilikdə doktorantura təhsilinin həyata keçirilməsi çox ciddi şəkildə nəzərdən keçirilməli, burada indiyədək olan boşluqlara diqqət yetirilməlidir. Doktorantura təhsilinə cəlb olunmuş gənc alimlərin, tədqiqatçıların tədqiqatlarından böyük gözləntilərimiz var.
Nazir bu yaxınlarda başa çatmış doktorant və gənc tədqiqatçıların konfransında səsləndirilmiş bir sıra rəqəmlərə toxunub. Qeyd edib ki, doktorantura təhsilinə cəlb olunmuş tələbələrin elmi işlərini nəzərdə tutulmuş müddətdə başa çatdırması, elmi işlərin yerinə yetirilmə əmsalına baxanda burada çox ciddi geriləmələr görülür. "Hesab edirəm ki, bu məsələyə ciddi yanaşmaq və növbəti illərdə bu məsələdə dönüş yaratmalıyıq". Təhsil naziri qeyd edib ki, Azərbaycan ali təhsil sistemi dünyanın aparıcı təhsil sistemlərində olan yeniliklərdən istifadə etməli, onlardan faydalanmalıdır.
Ceyhun Bayramov ölkə başçısı tərəfindən imzalanmış "2019-2022-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın ali təhsil sistemimiz üçün əhəmiyyətinə də toxunub və bu sənədin yüksəkixtisalı azərbaycanlı mütəxəssislərin hazırlanması işinə böyük töhfə verəcəyinə inamını ifadə edib.
Müəllim faktoru
Təhsil naziri keyfiyyət göstəricilərindən danışarkən təhsil sistemində müəllim faktorunun əhəmiyyətli roluna toxunub, bəzi rəqəmləri BDU-nun professor-müəllim heyəti ilə bölüşmək istədiyini bildirib.
Onun sözlərinə görə, ölkə başçısının müvafiq sərəncamına müvafiq olaraq təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində son illər ərzində həyata keçirilən davamlı tədbirlər cəmiyyətdə müəllim peşəsinə etimadın, müəllim nüfuzunun artması ilə bağlıdır. "2019-cu ilin yay qəbul kampaniyasının nəticəsi olaraq qeyd etmək istərdim ki, 500 baldan yüksək nəticə göstərən hər 4 nəfərdən biri ixtisas seçimində birinci olaraq müəllimliyi göstəriblər. Təhsil Nazirliyi tərfindən hər il ölkədə müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir, hər il orta hesabla 7-10 minə yaxın vakansiyalar elan olunur. Ötən il müəllim olmaq istəyənlər 12 min idisə, bu il 55 min nəfər olub. Sözün əsl mənasında müəllimlik yenidən çox şərəfli peşə olmaqla yanaşı həm də çox rəqabətli peşəyə çevrilib". Təhsil naziri qeyd edib ki, cari il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5 mindən artıq müəllimin bu artımdan sonra əməkhaqqı 1000 manatdan çox təşkil edir.
"Hesab edirik ki, növbəti dövrlərdə bu tendensiya daha da davam edəcək və bu, Azərbaycan təhsilinin gələcəyinə nikbin baxmağa ciddi əsaslar verir. Biz Təhsil Nazirliyi olaraq bunu dəfələrlə qeyd edirik ki, heç bir təhsil sisteminin səviyyəsi onun müəlliminin səviyyəsindən yüksək ola bilməz, ona görə də bu, bizim üçün olduqca önəmli və vacib faktordur".
Könüllülük - düzgün dəyər, yanaşma, mədəniyyət
Təhsil naziri qeyd edib ki, təhsil sistemi qarşısında duran çox ciddi vəzifələrdən biri gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, milli ruhda tərbiyəsidir. Azərbaycan gənclər ölkəsidir. Əhalinin təxminən 50 faizi 30 yaşdan çox olan insanlardır. "Biz yaxşı bilirik ki, gəncliyin əsas lokomotivi, əsas hissəsi Azərbaycan tələbələridir. Hesab edirəm ki, humanitar, sosial, siyasi fənlərin məzmunua nəzər salmaq və həmin proqramlara yenidən baxmaq, müəllimlərin hazırlığı, dünyagörüş səviyyəsi xüsusi önəm kəsb edir. Eyni zamanda BDU rəhbərliyinin və aidiyyəti strukturların gənclərin hərtərəfli inkişafının təmin edilməsinə diqqət yetirilməsi əsas məsələrdəndir. Burada müxtəlif istiqamətlər var". Təhsil naziri çıxışında cəmiyyət üçün çox vacib və önəmli olan, son illər ərzində geniş vüsət almış könüllülük hərakatına xüsusi toxunmaq istədiyini bildirib. "Çünki könüllülük düzgün dəyər, düzgün yanaşma və mədəniyyət ortaya qoyur. Biz Azərbaycan gənclərinin, könüllülərinin beynəlxalq, ölkə səviyyəli tədbirlərdə fəaliyyətini, ölkəmizi yüksək səviyyyədə təmsil etməsinin şahidi olmuşuq. Azərbaycan könüllüllərinin fəaliyyəti dəfələrlə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi olaraq təqdirəlayiq hal kimi qeyd olunub və gənclərimizə bir nümunə kimi təqdim edilib. Bu mənada gənclərin müxtəlif cəmiyyətlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir".
BDU ikinci 100 ilin astanasında
Təhsil naziri çıxışının sonunda qeyd edib ki, qarşımızda duran hədəflər çoxdur, Bakı Dövlət Universiteti artıq ikinci yüzilliyinə qədəm qoyub. "Mən əminəm ki, Bakı dövlət Universitetinin çox əqidəli, peşəkar kollektivi ötən yüz illikdə olduğu kimi, növbəti yüzillikdə də Azərbaycan cəmiyyəti, təhsil sistemi qarşısında duran vacib məsələlərin öhdəsindən yüksək səviyyədə gələcək. Hər zaman olduğu kimi, BDU Azərbaycan təhsil sisteminin əsas aparıcı qüvvəsi kimi özünü sübut edə biləcək. Hər birinizə bu istiqamətdə, gələcək faəliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm".
Oruc MUSTAFAYEV
Tarix: 14-01-2020, 19:02