Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri Çinə səfər edib

 
Aprelin 25-də Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən ikinci “Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Təhsil naziri proqram çərçivəsində təşkil olunan “Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış edib.
Çıxış zamanı Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn təhsilin bütün sahələrində aparılan islahatlar, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının qarşıya qoyduğu məqsəd və vəzifələr, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil sahəsində görülən tədbirlər, o cümlədən təhsil sahəsində iki ölkə arasında həyata keçirilən əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.
       ***
Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Təhsil naziri Chen Boasheng ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziy­yəti və inkişaf perspektivləri müzakirə olunub.
   Həmin gün Təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetinə səfər edərək universitetin rəhbərliyi ilə görüşüb. Görüşdə sözügedən universitetin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
***
Aprelin 26-da Təhsil naziri Ceyhun Bayramov Azərbay­canın Çin Xalq Respublikasındakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib. Görüş zamanı xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan Təhsil naziri tələbələrin hər birinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib, həmçinin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişafından danışıb.
Daha sonra Ceyhun Bayramov tələbələri maraqlandıran sualları cavablandırıb.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haq­­qında Saziş”ə əsasən, hazırda 53 azərbaycanlı tələbə müxtəlif ixtisaslar üzrə Çinin ali təhsil müəssisələrində, 108 Çin vətəndaşı isə Azərbaycanın ali məktəblərində təhsil alır.
***
Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin CETV1 televiziyasına müsahibə verib.
“Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunun əhəmiyyətindən danışan nazir  təhsil sahəsində  Azərbaycan və Çin arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Ceyhun Bayramov iki ölkə arasında təhsil əlaqələrinin yaxın gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə edib.


Tarix: 10-05-2019, 12:11

Xəbəri paylaş