Məktəbəqədər dövrdə sensor tərbiyə və intellektual inkişafın qarşılıqlı əlaqəsi

Xülasə
Seçilmiş mövzunun aktuallığı ondan ibarətdir ki, məktəbəqədər pedaqogikada sensor tərbiyə problemi mərkəzi problemlərdən biridir. Alimlər belə hesab edir ki, intellekt nə qədər yüksəkdirsə, anlayışların,obrazların, biliklərin mənimsənilməsi o qədər sistemli və fərqli olur. Cisimlərin xarici əlamətlərinə görə müqayisə, qruplaşdırma, ümumiləşdirmə əməliyyatları təfəkkür prosesini yaradır. Əgər biz uşağa təfəkkürünü inkişaf etdirməsinə kömək etmək istəyiriksə, o zaman onun həyatını elə qurmalıyıq ki, o daima nəyisə qruplaşdırmaq, müqayisə etmək, hansısa əlamətə görə sistemləşdirmək zərurəti ilə qarşılaşsın. Uşaqların ətraf mühiti dərk etməsi, böyüklərdən fərqlənir.
Böyüklər ətraf aləmi ağılları, uşaqlar isə emosiyaları vasitəsilə dərk edir. Məktəbəqədər yaşlı uşaqların idrak fəaliyyəti əsasən qavrayışın inkişafında, əşyavi fəaliyyətin simvolik şəkildə dərk etməsində özünü göstərir. Ətraf aləm uşağı öz sensor əlamətləri ilə əhatə edir- qoxuları ilə, rəngləri ilə, səsləri ilə. Əlbəttə ki, hər bir uşaq məqsədyönlü tərbiyə aparılmadan bu və ya digər şəkildə onları qavrayır. Amma mənimsəmə prosesi böyüklərin pedaqoji rəhbərliyi altında təbii şəkildə aparılarsa, nadir hallarda natamam, qüsurlu olur. Belə ki, duyğu və qavrama prosesi məktəbəqədər yaş dövründə təkmilləşmə, inkişaf etmə dövründə olur. Bu problemi sensor tərbiyə həll edir. Tədqiqatın əsas məqsədi:
1. Psixoloji-pedaqoji ədəbiyyatlarda problemə yanaşma tərzlərini analiz etmək.
2. Məktəbəqədər yaşlı uşaqlarda intellektin inkişaf səviyyələrini müəyyənləşdirmək.
3. 2-7 yaşlı uşaqlarda duyğu və qavrayışını inkişaf etdirmək üçün materiallar toplamaq.
Açar sözlər: sensor tərbİyə, İntellekt, qavrayış, duyğu, İdrak.
Giriş
Uşaq şəxsiyyətinin inkişafında təlim‐tərbiyə həlledici rola malikdir. Çünki təlim‐tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun sayəsində də tarix boyu bəşər cəmiyyəti tərəfindən qazanılmış biliklərə yiyələnir, özündə insani keyfiyyətləri formalaşdırır. Beləliklə, uşağın təlim‐tərbiyədən kənarda inkişafı kor‐təbii, pərakəndə halda gedir ki, bu da bəşər cəmiyyətinin tələblərini təmin etmir.
Sensor inkişaf bir tərəfdən uşağın intellektual inkişafının fundamental əsasını təşkil edir, digər tərəfdən müstəqil məna daşıyır. Belə ki, hərtərəfli qavrayışın inkişafı həmçinin uşağın bağçada, məktəbdə, eləcə də müxtəlif əmək fəaliyyətlərində müvəffəqiyyətli öyrənmə prosesində mühüm rol oynayır.
Sensor qabiliyyətlərin inkişafı müasir insanın praktik fəaliyyətinin reallaşdırılmasının əsasını təşkil edir. B.Q.Ananyevin də qeyd etdiyi kimi: “Elm və texnikanın inkişafının uğurları sadəcə düşünən deyil, həm də hiss edən insanın sayəsində baş verir” [3,səh. 34]. Bu cəhətdən mövzu aktual mövzudur. Uşaqların intellektual inkişafında sensor bacarıqların inkişaf etdirilməsi zəruridir.
Tədqiqat işində sensor tərbiyə anlayışının mahiyyəti açıqlanmışdır. Həmçinin sensor inkişafla intellektual inkişaf arasında əlaqə araşdırılmışdır. Bu sahədə J.Piajenin, M.Montessorinin, J.Dekrolinin, F.Frebelin, rus pedaqoqlarından problemə yanaşma tərzləri təhlil olunmuşdur.
Professor N.M.Şelbanov erkən yaş dövrünü sensor tərbiyənin “qızıl vaxtı adlandırır [2, səh.14]. Əgər uşağın tərbiyəsində sensor materiallardan istifadə olunarsa uşağın intellekti daha yaxşı inkişaf etmiş olar.
İsveçrə psixoloqu J. Piaje koqnitiv inkişafda dörd mərhələni vurğulayır. İngilis sözü “cognition” (lat. tər. “cognito” – “dərk edirəm”) “dərketmə qavrama aktı” mənasına gəlir.
J. Piaje koqnitiv inkişafı dörd əsas mərhələyə bölür.
1. Sensor‐hərəkətli mərhələ – anadan olandan təqribən iki yaşa qədər.
2. Əməliyyatqabağı mərhələ – iki yaşdan yeddi yaşa qədər.
3. Konkret‐əməliyyat mərhələsi – yeddi yaşdan 11‐12 yaşa qədər.
4. Formal‐əməliyyat mərhələsi.
1. Sensor‐hərəkətli mərhələ sensor‐hərəkətli fəaliyyətlərin ardıcıllığından ibarətdir. Uşaqlar görmə, hissetmə, dadbilmə, eşitmə, iybilmə vasitəsilə ətraf aləmlə ünsiyyətə girir və bu zaman özlərini ünsiyyətdə olduqları mühitin mərkəzində hiss edirlər və hər şeyi özləri ilə müqayisə edirlər.
2. Əməliyyatqabağı mərhələ – bu, uşağın danışmağa başladığı mərhələdir. Bu mərhələdə uşaq ətraf aləmi yalnız hərəkətetmə fəaliyyəti və birbaşa qarşılıqlı təsir vasitəsilə yox, həmçinin simvolların manipulyasiyası vasitəsilə öyrənir[1, səh. 63].
J.Piajenin təsnifatında göründüyü kimi, məktəbəqədər yaş dövründə uşaqlar ətraf mühiti duyğu orqanları vasitəsilə dərk edirlər. Yəni, burada söhbət uşaqların sensor inkişafından gedir.
Uşağın sensor inkişafı dedikdə onun qavrayışının və predmetlərin xarici əlamətləri haqqında təsəvvürlərinin (forması, rəngi, həcmi, məkanda yerləşmə vəziyyəti, qoxusu, dadı və s.) formalaşması nəzərdə tutulur [6, səh.58].
Məktəbəqədər təhsil müəssisələrində uşaqlar şəkil çəkməyi, quraşdırmanı öyrənir, təbiət hadisələri ilə tanış olur, yazma və hesablama əməliyyatların əsaslarının mənimsəməyə başlayır. Bütün bu sahələrdə biliklərin əldə edilməsi əşyaların xarici və daxili əlamətlərinə davamlı diqqət edilməsini tələb edir. Belə ki, əşyanın rəsmini çəkilməsi zamanı oxşarlıq olması üçün uşaq əşyanın formasını, rəngini, materialını dəqiq mənimsəməlidir. Quraşdırmaq obyektin formasını, strukturunu və quruluşunu diqqətli şəkildə öyrənməyi tələb edir. Obyektlərin xarici xüsusiyyətlərində daimi diqqət olmadan, canlı və cansız təbiət hadisələri, xüsusilə də mövsümi dəyişikliklər haqqında obyektiv fikirlər əldə etmək mümkün deyil. Sadə riyazi təsvirlərin formalaşması, həndəsi formalar və onların növləri ilə tanış olmaq, obyektlərin ölçüləri ilə müqayisə etmək əsasında baş verir. Savad təliminin (oxu və yazı) mənimsənilməsində fonemik eşitmə - səslərin dəqiq fərqləndirilməsi və hərflərin yazılışının vizual qavrayışı mühüm rol oynayır [7, səh.61].
İlk uşaq bağçalarının təsisçisi, məktəbəqədər təhsilin nəzəriyyəsi və praktikasının inkişafında görkəmli rol oynayan Alman pedaqoqu Fridrix Wilhelm Frebel idi.
Uşaqların tərbiyəsi haqqında elm olan məktəbəqədər pedaqogika elminin yaranması Frebelin adı ilə bağlıdır. Onun fikrincə uşaq ilahi mahiyyətin daşıyıcısıdır, onun fəaliyyəti və davranışı instinktlər tərəfindən müəyyən edilir. Bunların ən əhəmiyyətlisi hərəkət etmək arzusudur, inkişaf fərdin özünün təşəbbüsü ilə həyata keçirilir. Təşəbbüs çərçivəsində Frebel insanın öz istəklərini yerinə yetirmək istəklərini hər kəsin təbiət arzusu kimi başa düşürdü, bu sayədə fərd öz düşüncə dünyasını yaradır və onu xarici dünya ilə əlaqələndirir [9, səh.52].
Frebelin bütün təhsil sistemi dini yönümlüdür. Frebelin sözlərinə görə din, birlik və təvazökarlığın birləşdiyi yerdə yer üzü cənnət, sülh, mərhəmət və xeyir var. Dinin sayəsində "bir insanın real tərbiyəsi" mümkündür [8, səh.217].
Dini tərbiyə ilə yanaşı Frebel səyin, zəhmətkeşliyin tərbiyəsinin də əhəmiyyətini qeyd edirdi. Əməyin tərbiyəedici xüsusiyyətə malik olması ideyası Frebelə məxsusdur. Frebel əl əməyi ilə uşaqların yaradıcı qabiliyyət və bacarıqlarının inkişafı etdiyini deyirdi. Frebelin hesab etdiyi kimi, erkən yaşda uşaqların əməyə, aktivliyə, sərbəst fəaliyyətə öyrədilməsinə xüsusi diqqət etmək lazımdır. Frebelə görə məktəbəqədər yaşlı uşaqların psixi inkişafı oyun fəaliyyətində formalaşır [9,səh.71].
Frebel hesab edir ki, insan daxili aləminin mahiyyətini sadəcə oyun və iş vasitəsi ilə deyil, səs, rənglər, formalar vasitəsilə açır. Hər insan özünü yaradıcılıq vasitəsilə dərk edir. Bu ideyadan yola çıxaraq Frebel uşaqlara karandaş və boya ilə rəsm çəkməyi, mahnı oxumağı, qum və gildən müxtəlif fiqurların yaradılmasını öyrətməyi, kubiklərdən “tikinti oyunları” oynamağı məsləhət bilirdi. Uşağın ilkin əqli inkişafı və tərbiyəsinin əhəmiyyətini vurğulayan Frebel uşaqlarda obyektlərin birbaşa analiz vasitəsilə ətraf aləm haqqında ilkin təsəvvürlərin, biliklərin və vərdişlərin düzgün və uzunmüddətli formalaşdırılmasının vacibliyini təkid edirdi.
İnsanı təbiətin bir hissəsi hesab Frebel təbiətin özününü yalnız bir idrak obyekti deyil, o, həm də "fərdin, eləcə də bütün insan irsinin məhsuldar və lütfkar tərbiyəsi və təhsili üçün möhkəm bir təməl" olduğunu qeyd edirdi [4, səh. 201]. Buna görə də məktəbəqədər müəssisə bağla əhatə olunmalıdır, hansı ki, burada hər uşaq üçün ayrıca sahə olmalıdır. Uşaqlar burada bitkilərə qulluq etməyi, orada istədikləri bitkini əkməyi, yetişdirməti öyrənməlidir. Uşaqların təbiətlə yaxınlığı fikri XIX əsrin birin yarısının gözəl pedaqoji ideyalarından biridir.
Sensor tərbiyənin genişləndirilmiş sistemi Montessorinin məktəqədər didaktikasının da əsas hissəsini təşkil edirdi. Mariya Montessorinin metodikasının əsas ideyası ondan ibarətdir ki, istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır.
Montessori təlim sistemini uşağlara gələcəkdə bir şəxsiyyət kimi formalaşmağa çox yardımçı olur. Uşağa özünü tanımaq, sərbəst şəkildə özünü idarə etmək, qərar vermək, yaşadığı mühitə hörmət etmək, danışaraq problemi həll etmək, özündən böyükləri izləyib kiçiklərə nümunə olmaq və s. kimi müsbət keyfiyyətlər aşılanır. Uşaqlar bu sistemdə səbrli və diqqətli olmağı öyrənir [10].
Fərqləndirmək bacarığı təfəkkürün xarakterik xüsusiyyətidir. Fərqləndirmək-qruplaşdırmaq deməkdir. Beləliklə, sensor məşğələ fərqləndirmə və klassifikasiya məşğələsidir. Ölçü, forma, çəki, temperatur, dad, səs, rəng- bütün bunları fərqləndirməyi uşaqlara öyrətmək lazımdır. Düşünməyi öyrətmək üçün düzgün müqayisə və qruplaşdırmağı, daha doğrusu düzgün fərqləndirməyi öyrətmək lazımdır. Düzgün fərqləndirmə bacarığını uşaqlar sensor gimnastika yolu ilə, daha doğrusu duğyu orqanlarını inkişaf etdirici məşğələlər sistemi vasitəsi ilə mənimsəyirlər. M.Montessori taktil, səs, görmə və s. duyğuları inkişaf metodikasını aydın şəkildə təsvir edir. Məs, taktil duyğusu üçün iki kvadrata bölünmüş taxta ağacdan istifadə etmişdi.
Onlardan birinin səthi hamar cilalınmışdır, digərinin üzərinə isə sumbata kağızı yapışdırılmışdır. Uşaqlarda toxunma duyğusunu inkişaf etdirmək- onları “əlləri ilə görməyi” öyrətmək deməkdir [5,səh.29]. Görmə duyğusunu inkişaf etdirmək üçün Montessori müxtəlif formalı csimlərin müqayisə və fərqləndirməsindən istifadə etmişdir. Bu cisimlər kubik, silindr, çubuq, tirlərdir. Görmə duyğusunu inkişafı təkcə bununla məhdudlaşmır. Xromatik duyğunun (rənglərin vizual qavranılması)inkişaf etdirmək üçün hər rəngin səkkiz tonundan istifadə etmişdir.
Sensor tərbiyə vəzifələrini reallaşdırmaq cəhdi J.Dekrolinin pedaqoji tədqiqatlarında da öz əksini tapır. O, uşaqların sensor inkişafı üçün didaktik oyunlar sistemi yaratmışdır. Frebeldən fərqli olaraq Dekroli oyunlarda həndəsi fiqurlardan deyil, ətraf aləmdə olan əşyalardan istifadə edirdi. Dekroli sensor oyunların keçirilməsi metodikasını işləyib hazırlamışdır. Məs, uşaqlara qutuya qoyulmuş müxtəlif formalı əşyalar (açar, qaşıq, stəkan, top, qəpik və s.) təqdim olunur. Uşaqlar əşyalara baxaraq və toxunaraq onları hiss edirlər. Sonra gözbağlı şəkildə həmin əşyaları tanımağa və adlandırmağa çalışırlar. Belə hesab olunur ki, uşaq real əşyanın adını daha tez yadda saxlayır, nəinki şəkildəki təsvirini göstərdikdə. Dekroli belə hesab edir ki, oyunlar uşağın mənəvi və sensor inkişafının vasitəsidir. Dekroli cisimlərin xüsusiyyətlərinin ətraf mühitdən ayıraraq öyrədilməsinə qəti şəkildə etiraz edirdi, uşaqları “həyati” formalarla tanış etməyi təkid edirdi.
Məktəbəqədər yaşlı uşaqların sensor tərbiyəsinin müasir sistemini yaratmaq sahəsində N.A.Vetluqina, A.M.Leuşin, L.A.Venqer, L.S.Viqotski, A.V.Zaporojeç, A.N.Leontyev, S.L.Rubinşteyn və başqaları tədqiqatlar aparmışlar.
A.V.Zaporojeç sensor etalonlar sisteminə uşaqların mənimsədiyi mədəniyyətin məhsulu kimi baxırdı. A.V.Zaporojeç və A.S.Usovun tədqiqatlarında uşaqların forma, çəki, rənglərlə tanış olmaq məşğələlərində onların idrak fəaliyyətinin inkişafının təşkili məsələri öz əksini tapır.
Cisimləri analiz-sintez edərkən əllərin hərəkəti uşağın görmə və kinestetik qavrayışını inkişaf etdirir. Cisimlərin formasının, ölçüsünün, məkanda yerləşmə xüsusiyyətləri ilə tanışlıq göz və əl hərəkətinin inteqrasiyası olmadan mümkün deyildir. Cisimlərin sensor təcrübə ilə dərk edilməsi və qavrama prosesində aparıcı rolun aktiv əlaqənin, toxunmanın olması fikrini V.Q.Ananyev, A.V.Zaporozeç və başqaları vurğulayırlar.
Nəticə
Aparılan tədqiqat nəticəsində əldə edilmiş nəticələr müzakirə edilir. Əldə edilmiş nailiyyətlər, üstünlüklər və işin səmərəliliyi qeyd edilir. Tədqiqat işi “Məktəəqədər yaşlı uşaqlarda sensor tərbiyəsi uşağın intellektual inkişafının əsası kimi” mövzusuna həsr edilmişdir. Tədqiqat işində sensor inkişafla intellektual inkişaf arasında əlaqə araşdırılmışdır. Bu sahədə J.Piajenin, M.Montessorinin, J.Dekrolinin, F.Frebelin problemə yanaşma tərzləri təhlil olunmuşdur, eləcə praktik materiallarla bağlı nümunələr verilmişdir.
İsveçrə psixoloqu J.Piajeyə görə 2-6 yaşlı şaq ətraf aləmi yalnız hərəkətetmə fəaliyyəti və birbaşa qarşılıqlı təsir vasitəsilə yox, həmçinin simvolların manipulyasiyası vasitəsilə öyrənir.
Alman psixoloqu F. Frebel əl əməyi ilə uşaqların yaradıcı qabiliyyət və bacarıqlarının inkişafı etdiyini deyirdi. Frebelin hesab edir ki, erkən yaşda uşaqların əməyə, aktivliyə, sərbəst fəaliyyətə öyrədilməsinə xüsusi diqqət etmək lazımdır. İnsanı təbiətin bir hissəsi hesab Frebel təbiətin özününü yalnız bir idrak obyekti deyil, o, həm də "fərdin, eləcə də bütün insan irsinin məhsuldar və lütfkar tərbiyəsi və təhsili üçün möhkəm bir təməl" olduğunu qeyd edirdi.
Mariya Montessorinin metodikasının əsas ideyası ondan ibarətdir ki, istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. Uşaqlar sərbəstlik və seçim azadlığı verilməlidir.
Cisimlərin sensor təcrübə ilə dərk edilməsi və qavrama prosesində aparıcı rolun aktiv əlaqənin, toxunmanın olması fikrini V.Q.Ananyev, A.V.Zaporozeç və başqaları vurğulayırlar.
Dekroli cisimlərin xüsusiyyətlərinin ətraf mühitdən ayıraraq öyrədilməsinə qəti şəkildə etiraz edirdi, uşaqları “həyati” formalarla tanış etməyi təkid edirdi.
Bütün yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, intellektin inkişaf etdirilməsində sensor tərbiyənin rolu olduqca böyükdür. Xüsusilə məktəbəqədər yaşlı uşaqlar ətraf mühiti duyğu orqanları vasitəsilə qavrayır və dərk edir. Bunun üçün uşaqlara əlverişli mühit yaratmaq, onları cisim və hadisələri müqayisə etmək, qruplaşdırmaq,ümumiləşdirmək kimi sitauasiyalarla qarşılaşdırmaq lazımdır. Həmçinin öyrənmə prosesi real hadisələrlə, real əşyalarla aparıldıqca ətraf mühitdəki hadisələr arasındakı əlaqə uşaqlara daha aydın olur.
RAMAZANOVA KƏMALƏ ŞABAN QIZI,
ADPU-nun Şəki filialı
Ədəbiyyat siyahısı
- Xəlilov H. Uşaq və yeniyetmələrin inkişafının sosial-psixoloji məsələləri. Qafqaz Universiteti nəşri. Bakı. 2010
- Вартан В.П. Сенсорное развитие дошкольников. – Мн.: БрГУ, 2007, 322с.
- Воспитание сенсорной культуры ребенка от рождения до 6 лет. Книга для воспитателя детского сада /Л.А.Венгер, Э.Г.Пилюгина, Н.Б.Венгер/ Под ред. Л.А. Венгера. – М., 2008,269с.
- Дошкольная педагогика. Учеб. пособие для студ. сред. пед. учеб. заведений / Козлова С.А., Куликова Т.А./ Издательский центр Академия. – М., 2007, 437с.
- Костюк И. Гармоническая атмосфера Монтессори// Дошкольное воспитание. – М., 2008. - №11, С.28-32.
- Нечаева И.Ю.Система сенсорного развития детей//Справочник старшего воспитателя дошкольного учреждения» 2010г №1 С.58-70.
- Пилюгина Э.Г. Занятия по сенсорному воспитанию с детьми раннего возраста. Пособие для воспитателя детского сада. – М., 2008, 259с.
- Урунтаева Г.А. Дошкольная психология: Учеб. пособие для студ. сред. пед. учеб. заведений. - 6-е изд., стереотип. – М.: Издательский центр «Академия», 2006, 461с.
- Фридрих Фребель. Будем жить ради своих детей/ Сост. предисловие А.М. Волумбаева. – М.: Издательский дом «Карапуз», 2009, 249с.
- https://az.wikipedia.org/wiki/Montessori_t%C9%99limi
Tarix: Bu gün, 12:08
