Yeni tədris ilində Qarabağ Universitetində 3500-ə yaxın tələbə təhsil alacaq
Qarabağ Universitetinə 2026–2027-ci tədris ili üzrə 1200-dən çox tələbə qəbul olub. Tədris ilində universitetin 9 fakültəsində 3500-ə yaxın tələbə təhsil alacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Universitetində 2026/2027-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Əvvəlcə Qarabağ Universitetinin İncəsənət fakültəsinin xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov yeni tədris ilinin başlanması münasibətilə tələbə və əməkdaşları təbrik edib, qarşıda duran əsas hədəflərdən, tələbələrin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan və ali məktəbin Xankəndidə yeni həyatın formalaşmasında oynadığı roldan bəhs edib.
Ş.Bayramov professor-müəllim heyətinin tələbələrin inkişafında mühüm rolunu vurğulayaraq, yeni tədris ilində bütün əməkdaşlara uğurlar arzulayıb. O, universitet ailəsinə yeni qoşulan tələbələrin Qarabağ Universitetində özlərini rahat və təhlükəsiz hiss etmələrinin, keyfiyyətli təhsil almalarının və potensiallarını reallaşdırmalarının əsas prioritetlərdən olduğunu bildirib.
Sonra Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, həmçinin Təhsil Texnologiyaları İnstitutunun direktoru Elnur Əliyev yeni tədris ili münasibətilə xoş arzularını çatdırıblar.
2026/2027-ci tədris ilində universitetə ən yüksək balla qəbul olan Tibb və sağlamlıq elmləri fakültəsinin tələbəsi Selcan Qarayeva və 2025/2026-cı tədris ilini ən yüksək orta qiymətlə başa vuran Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Nübar Baxşəliyeva çıxış edərək, Qarabağda təhsil almağın qürurverici olduğunu bildiriblər.
Bildirilib ki, Qarabağ Universitetində təhsil almaq gənclər üçün yeni imkanlar və uğurlara aparan mühüm başlanğıcdır. Tələbələr yeni tədris ili ilə bağlı arzularını bölüşərək, qarşılarına qoyduqları hədəflərə inamla irəliləməyin vacibliyini vurğulayıblar.
Daha sonra ali təhsil yolunu Qarabağ Universitetində davam etdirən tələbələrin valideynləri çıxış edərək övladlarının universitet seçimi, təhsillə bağlı gözləntiləri və yeni tədris ili ilə bağlı düşüncələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim-tələbə kollektivi tərəfindən musiqi proqramı təqdim olunub.
Tarix: Bu gün, 19:48
