AzTU-da “Study in Azerbaijan” layihəsinin rəhbəri ilə görüş
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə fəaliyyət göstərən “Study in Azerbaijan” layihəsinin rəhbəri Şəbnəm Səfərova Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Rektor Vilayət Vəliyev universitetin fəaliyyəti, beynəlmiləlləşmə siyasəti və əcnəbi tələbələrlə iş istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, əcnəbi tələbələrin universitetə cəlbi AzTU-nun beynəlmiləlləşmə strategiyasının prioritet istiqamətlərindən biridir.
Görüş zamanı AzTU ilə “Study in Azerbaijan” layihəsi arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində əcnəbi tələbələrin universitetə cəlbi müzakirə olunub, həmçinin bir sıra konkret addımlar nəzərdən keçirilib.
AzTU-nun mühəndislik ixtisaslarının xarici auditoriyaya hədəflənmiş şəkildə təqdim edilməsi və “Study in Azerbaijan” portalında universitet haqqında məlumatların aktuallaşdırılması, qəbul prosesində əcnəbi abituriyentlərə göstərilən məsləhət və müşayiət xidmətlərinin təkmilləşdirilməsi də müzakirə mövzularından olub.
Görüş zamanı müqavilədə nəzərdə tutulan istiqamətlər üzrə işlərin sistemli şəkildə davam etdirilməsi və qarşıdakı tədris ili üçün əcnəbi tələbələrin qəbulu üzrə birgə əməkdaşlığın önəmi qeyd edilib.
Tarix: Dünən, 19:34
