Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Əliağa Kürçaylının “Qaranquş” şeirinin məzmunu üzrə işin təşkilində yeni texnologiyalardan istifadə

 
Orta ümumtəhsil məktəblərinin VII siniflərində dərslər beş ildən artıqdır ki, kurikulum əsasında hazırlanmış dərsliklərlə aparılır. Həmin sinifdə istifadə olunan “Ədəbiyyat” dərsliyi ilə işləmək həm müəllimlər, həm də şa­girdlər üçün maraqlıdır. Dərsliyə daxil edilmiş əsərlər, sual və tapşırıqların məzmunu, müəllim üçün metodik vəsaitdəki tövsiyələr işimizi səmərəli təşkil etməyə imkan verir. Şagirdlərin həmin dərslikdə maraqla oxuduq­ları nümunələrdən biri Əliağa Kürçaylının “Qaranquş” şeiridir. Müəllim üçün metodik vəsaitdə həmin əsərin üç dərs saatında öyrədilməsi məqsədəuyğun sayılmışdır. Birinci və ikinci dərs saatları əsərin məzmununun öyrənilməsinə, üçüncü dərs saatı isə təhlilə həsr edilir. Bu yazıda əsərin məzmununa həsr edilmiş birinci dərsdə apardığım işin səciyyəvi məqamlarını oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirəm.
Dərsdə aşağıdakı məzmun standartlarının reallaşdırılması mümkün və faydalıdır:
­Fənlərarası inteqrasiya: Az.d. 2.1.1., 2.1.2., Biol. 4.2.1.
Strategiyalar: metodlar, iş formaları: Müsahibə, müzakirə, təqdimat, kiçik qrup­larda iş.
Resurslar: Dərslik, əsərin məzmununa uyğun şəkillər, lüğətlər, http://az.wikipedia. org/wiki/ƏliağaKürçaylı.
Qiymətləndirmə üsul və vasitələri: Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıq­ları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq).
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini fərqli yollarla (təqdimatların dinlənilməsi, müzakirə, müsahibə və s.) müəyyənləşdirməyə çalışıram. Bu məqamda çoxlu sayda təqdimatın dinlənilməsini məqsədəuyğun saymıram. Bir neçə təqdimatı dinləyən şagirdlər onlara münasibət bildirir, müzakirə aparırlar. Ev tapşırığı kimi Bayram Həsənovun “İki bala” hekayəsindən bir parçanın ifadəli oxusuna hazırlaşmış, ifaçılıq vəzifəsini - dinləyicilərə nə çatdıracaqlarını aydınlaşdırmış şagirdlər hər cümlənin oxusunda səslərinin aldığı çalarları dəftərlərində (mətnin kənarında) yazmaqla yanaşı, fasilələrin yerini, səsin ucalığını, sürətini və s. müəyyənləşdirib şərti işarələrlə göstərmişlər.
 Motivasiya, problemin qoyuluşu. Bu, müxtəlif variantlarda həyata keçirilə bilər. Mən bu məqsədlə dərslikdəki “Düşünün” başlıqlı sualı xatırladıram: Təbiət, quşlar və heyvanlar haqqında bədii əsərlərdən öyrəndikləriniz digər fənlərdən mənimsədiyiniz biliklərdən fərqlənirmi?
Şagirdlərlə aparılan yığcam müsahibə, rəy mübadiləsi tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır.
Tədqiqat sualı: Quşlara həsr etdiyi şeirdə müəllif diqqəti, sizcə, daha çox nəyə cəlb edir?
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur.
Tədqiqatın aparılması. Əsərin oxusu üzrə işi (fərdi səssiz oxunu, səsli oxunun dinlənilməsini və s.) təşkil edirəm. Oxunun səmərəliliyinə nail olmaq üçün aşağıdakı faydalı fikri şagirdlərin nəzərinə çatdırıram:
Öyrənəcəyiniz şeir sizə tanış mövzuda yazılıb. Onda daha qabarıq ifadə olunmuş fikirləri oxuda aydınlaşdırmağa çalışın. Eləcə də şeirdə sizə yaxın olan hisslərin və fikirlərin üzərində düşünün. Bu yaxınlığın səbəbini müəyyənləşdirməyə çalışın.
 Mətn fərdi qaydada oxunduqdan sonra şagirdlər cütlük şəklində tapşırıq üzrə (mənası aydın olmayan sözlərin izahı, bədii təsvir vasitələrinin müəyyənləşdirilməsi) fikir mübadiləsi aparırlar.
Tədqiqat aparmaq üçün Rəqəmləri saymaqla qruplara bölmə üsulunu tətbiq etməklə 5 kiçik qrup (hər qrupa iki bənd üzərində işləməklə) yaradır, hər bir qrupa iş vərəqi verir, işin icrasına ayrılan vaxtı lövhədə qeyd edir və ehtiyac yaranan məqamlarda şagirdlərə istiqamətləndirici suallarla kömək edirəm.
 
İş vərəqi № 1
Aşağıdakı parçanı diqqətlə oxuyun və tapşırığı yerinə yetirin.
Görürəm, yaz yağışı
Yağır hiddətlə yenə.
İldırımlar şaxıyır
Göydə dəhşətlə yenə.
Söykənib pəncərəyə
Baxıram hər yana mən.
Yenə yollar kəsilib,
Nə gələn var, nə gedən.
Tapşırıq
1. Oxuduğunuz parçada yaz yağışı necə təsvir olunub?
 2. Bu misralarda sizə tanış olan hiss, fikir varmı? Varsa, izah edin.
3. Hansı sözlər, ifadələr sizin üçün yeni və maraqlı oldu, onlardan hansılarını nitqinizdə işlətməyə çalışacaqsınız?
                                                     
İş vərəqi № 2
Aşağıdakı parçanı diqqətlə oxuyun və tapşırığı yerinə yetirin.
Göydə karvan çəkərək
Sıx buludlar dolanır.
Hərə bir yer taparaq
Sığınıb daldalanır.
Belə leysanda fəqət
Bir qaranquş görürəm.
Yağış altında onu
Qanad açmış görürəm.
Tapşırıq 
1. Bu parçada diqqətinizi daha çox çəkən nə oldu? Səbəbini izah edin.
2. Parçada sizə tanış olan fikir, hiss varmı? İzah edin.
3. Oxuduğunuz parçanın məzmununa uyğun şəkil çəkin. Nə üçün məhz bu vəziyyəti əks etdirdiyinizin səbəbini aydınlaşdırın.
İş vərəqi № 3
Aşağıdakı parçanı diqqətlə oxuyun və tapşırığı yerinə yetirin.
Bədənindən su damır,
İslanıbdır o tamam,
Düzü, heyran kəsilir
Ona baxdıqca adam.
Nə əsən güclü külək,
Nə yağan güclü yağış
O zərif quşcuğazı
Bircə an saxlamamış.
Tapşırıq 
1. Bu parçada diqqətinizi daha çox cəlb edən nə oldu?
2. Qaranquş haqqında deyilmiş fikirlərdən hansı, sizcə, daha təsirlidir?
3. Parçadakı hansı fikir sizin üçün yeni və daha maraqlı oldu? Fikrinizi əsaslandırın.
İş vərəqi № 4
Aşağıdakı parçanı diqqətlə oxuyun və tapşırığı yerinə yetirin.
Elə bil lap bu saat
Gəlsə qış, yağsa da qar,
O dayanmaz yenə də,
Daha sürətlə uçar.
Alaraq dimdiyinə
Quşcuğaz yem aparır.
Bax, bununçün havanı
İldırımtək o yarır.
Tapşırıq
1. Bu parçada diqqətinizi daha çox cəlb edən nə oldu?
 2. Qaranquşun yağışlı havada uçmasına səbəb nədir?
 3. Bu parçada hansı təsvir vasitəsi işlənilib? Fikrinizi əsaslandırın.
İş vərəqi № 5
Aşağıdakı parçanı diqqətlə oxuyun və tapşırığı yerinə yetirin.
İndi yəqin yolunu
Gözləyir ağ balalar.
Dözməyir qəlbi onun,
Körpələr ac qalalar.
Baxıram, yaz yağışı
Yağır hiddətlə yenə.
O qaranquşsa uçur
Göydə sürətlə yenə...
Tapşırıq
1. Bu parçada diqqətinizi daha çox cəlb edən nə oldu?
2. Buradakı hansı fikri daha təsirli sayırsınız? Səbəbini izah edin.
3. Qaranquşla bağlı hansı fikir daha qabarıq ifadə olunub?
Tapşırıqları icra edən qrup­ların işini diqqətlə müşahidə edir, hər bir şagirdin ümumi işə töhfə verməsinə səy göstərirəm. Bunun üçün qrupdaxili vəzifə bölgüsünə məqsədəuyğun şəkildə nəzarət edirəm. Şagirdləri bu mərhələdə müəllimin bələdçilik bacarığı kimi qiymətləndirilən fərqli metod və priyomlardan istifadəyə istiqamətləndirirəm.
Məlumat mübadiləsi və müzakirəsi. Hər qrup tapşırığın icrasında əldə etdiyi nəticəni təqdim edir. Təqdimatların diqqətlə dinlənilməsini təmin edirəm. Başlıca məqsəd hər qrupun işinin məğzi barədə təsəvvürün qazanılmasıdır. Birtərəfli mülahizələrin, yanlış nəticələrin aradan qaldırılması dərsin növbəti Nəticə və ümumiləşdirmə mərhələsində həyata keçirilir. Qruplar bu mərhələdə bir-birinin tapşırığı, eləcə də cavabları ilə əhatəli tanış olmaq imkanı qazanırlar.
Müzakirənin diskussiya səciyyəli olmasına lazımi formada çalışıram. Bu, cavabların dəqiqləşdirilməsinə, əsaslandırılmış nəticənin çıxarılmasına səbəb olur. Müzakirənin səmərəliliyini artırmaq üçün tərtib etdiyim, iş vərəqlərində əks olunmuş tapşırıqların tələbləri ilə uzlaşdırdığım istiqamətləndirici suallardan istifadə edirəm.
Müzakirənin uğurla aparılması qazanılmış biliklərin bir tam halında formalaşmasına, sistemə salınmasına imkan verir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş məqsədəuyğun meyarlar əsasında aparıram.
Qiymətləndirmə meyarları: 
Aydınlaşdırma
Müəyyənləşdirmə
Yeni sözlərdən istifadəetmə
 Şərhetmə
Dərsin sonunda dərslikdəki “Evdə iş” başlıqlı tapşırığı - “Ölkəmizdə yaşayan nadir quşlar” mövzusu üzrə məlumat toplayıb təqdimat hazırlayın” evdə yerinə yetirəcəklərini şagirdlərə xatırladıram.
 
Elnur Əliyev,
Salyan rayonundakı Yenikənd kənd tam orta məktəbin müəllimi


Tarix: 10-07-2019, 13:40

Xəbəri paylaş