Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Valideyn - övlad münasibətləri


 

Afaq Cabbarova,

Bakı şəhəri 276 nömrəli 

tam orta məktəbin psixoloqu

 

Ailənin qurulması bir uşaq üçün son dərəcə vacibdir. Bir uşaq üçün ailə əsas yaşayış mühiti, inkişafı və psixoloji formalaşmasıdır. Uşaq ailədə erkən uşaqlıq dövründə dünyanı öyrənməyi öyrənir, idrakın əsas mexanizmlərini, insanlar arasındakı münasibətlərin əsasını dərk edir.

Körpə dünyaya gəldiyi andan etibarən valideynlə övlad arasındakı münasibətlərin inkişafı başlayır.Kiçikyaşlı uşaqlarla münasibətlər, ümumiyyətlə, asanlıqla inkişaf edir. Uşaq anadan asılıdır, həmişə onunla maraqlanır. Aralarında isti və güclü əlaqə var. Valideyn və uşaqlar gündəlik, tez-tez bir- biri ilə ünsiyyət qururlar. Bu cür təmaslar inamın, mənəvi birliyin inkişafına, həyatda hərəkətlərin və istəklərin koordinasiyasına kömək edir. M.Tsvetayevanın bu sətirləri dərin bir məna daşıyır: “Uşaqlar dünyanın həssas tapmacalarıdır və cavabı tapmacaların özündədir.”

Uşaq ailənin güzgüsü, bəzəyidir. Uşaq özü ilə bərabər ailəyə təkcə sevinc, xoşbəxtlik gətirmir, eyni zamanda yeni-yeni vəzifələr də gətirir. 

İnsan tərbiyəsində və onun formalaşmasında yaşadığı mühitin, insanların və müxtəlif cür danılmaz amillərin təsiri vardır, hansı ki, bu amillərdən ən böyüyü onun valideynləridir. Valideyn övladının formalaşmasında çox böyük rol oynayır. 

Ailədə vacib olan nüanslardan biri və ən önəmlisi valideyn - övlad münasibətləridir ki, bu münasibətlər zamanı bəzi məqamlara xüsusilə diqqət yetirmək lazımdır.

Bu məqamlardan ən birincisi və ən önəmlisi valideyn və övlad arasında səmimi münasibətin olmasıdır. Əgər ailədə valideyn və övlad arasında səmimi bir münasibət varsa, deməli, həmin ailədə inam və hörmət də vardır. Əgər uşaq özünə qarşı valideynindən səmimi münasibət hiss edirsə, bu zaman bütün istək və arzularını onunla paylaşmağa, valideyninə daha yaxın olmağa can atır. Nəticə etibarı ilə valideyn öz övladının istək və arzularına bələd olub, onu düzgün bir hədəf uğrunda istiqamətləndirir. 

Diqqət edilməli məqamlardan biri də valideynin övladına qayğı və sevgisini büruzə verməsidir. Hamıya birmənalı şəkildə məlumdur ki, biz insanlar və xüsusilə uşaqlar daima diqqət, qayğı və sevgiyə ehtiyac duyuruq. Uşaq valideynləri tərəfindən diqqət, qayğı və sevgi münasibətini gördükdə və ya hiss etdikdə ailəyə, valideynlərinə daha çox bağlı olur və onda valideynlərinə qarşı hörmət hissi yaranır.

Valideyn - övlad münasibətlərində təlim və tərbiyə diqqət edilməli məqamlar sırasındadır. Hər bir valideyn övladına düzgün tərbiyə verməli və onun təlimi ilə məşğul olmalıdır. 

Uşaq tərbiyəsi zamanı əsas götürülən məqamlardan biri uşağın düşdüyü mühitdir. Əgər valideyni uşağın düşdüyü mühit qane etmirsə, bu zaman uşağı həmin mühitdən ayırmağı bacarmalıdır. Valideyn uşağın düşdüyü mühiti bilməli, ona yaxşını pisdən ayırmağı və dost seçimi edərkən hansı məqamlara diqqət etməli olduğunu öyrətməlidir. Amma çox- çox təəssüflər olsun ki, günümüzdə elə ailələr var ki, nəinki uşağın düşdüyü mühitlə maraqlanmır, həm də həmin ailələrdə yuxarıda qeyd edilən məqamlara toxunulmur və nəticədə uşaqlar öz seçimlərini edərkən bir çox hallarda yaxşını pisdən, səhvi doğrudan seçə bilmirlər və bu zaman bir sıra problemlər əmələ gəlir.

Münasibətlərdə diqqət edilməli məqamlardan ən əsası uşağı dinləməyi bacarmaqdır. Hər bir valideyn uşağını dinləməli, onun sözünə əhəmiyyət verməlidir. Valideyn hər gün uşaqla söhbət etmək üçün müəyyən vaxt ayırmalı, onunla söhbət zamanı başqa heç bir işlə məşğul olmamalı, uşaqla danışan zaman onun gözünün içinə baxmalı, bir mövzudan digərinə keçməməli, onun sözünü kəsməməli və mövzunu dəyişdirməməlidir. Əgər valideyn uşaqla söhbət zamanı sadalananlara əməl etməsə, bu zaman uşaq öz hisslərini paylaşmaq üçün başqalarını axtarıb tapmağa çalışacaq ki, bu da xoşagəlməz hallarla nəticələnə bilər.

Münasibətlərin digər məqamlarından biri valideynin uşağına sevgi göstərib sığal çəkməsidir. Bəzən elə valideynlərlə rastlaşırıq ki, həmin valideynlər övladlarına nəinki sevgi göstərmək, hətta onların başına sığal çəkməyə belə çəkinirlər. Buna səbəb kimi isə uşağı şıltaq böyütmək istəmədiklərini göstərirlər. Uşaq üçün sevildiyini hiss etmək və mehriban münasibət görmək olduqca vacibdir. Hər bir valideyn övladını olduğu kimi sevməlidir. Bu zaman uşaqda özünəinam hissi güclü olur. 

Digər məqamlardan biri də uşağın valideynlər tərəfindən qorxudulmamasıdır. Elə valideynlərlə rastlaşırıq ki, onlar uşaqlarını canavarla, itlə, həkimlə, polislə və ya digər buna bənzər şeylərlə qorxudurlar. Həmin valideynlər belə fikirləşirlər ki, əgər uşaq qorxarsa, bu zaman uşaq daha ağıllı olar. Amma əksinə, uşaqlar daima qorxu ilə yaşayacaqlar və bu qorxu onların şüuraltında öz izini buraxacaq ki, bu da gələcəkdə onların həyatına öz mənfi təsirini göstərəcək.

Münasibətlərə diqqət etsək, görərik ki, həmin münasibətlər içərisində valideynin övladlar arasındakı münasibətlərə nəzarəti xüsusi əhəmiyyət kəsb edir. Belə ki, iki və çox uşaqlı ailələrdə uşaqlar arasında anlaşılmamazlıqların şahidi oluruq. Hər bir valideyn övladına sevgi və məhəbbət hissini, dürüstlüyü, ədalətli olmağı öyrətməlidir. Çünki bu, onların həyatında çox önəmli rol oynayacaq. 

Hər bir valideyn övladına qarşı məsuliy­yətli olmalı, onun qayğısına qalmalı, övladını və onun psixi sağlamlığını qorumalı, onun tərbiyəsinə və təhsilinə diqqət yetirməli, onunla səmərəli vaxt keçirməli (rəsm çəkməli, kitab oxumalı (Kitab seçərkən uşağın yaşını mütləq nəzərə almaq lazımdır), müxtəlif oyunlar təşkil etməli, uşaqla birlikdə bir toxum əkib onun böyüməsini müşahidə etməli, cizgi filmi saatı təşkil etməli), onun həyatı və gələcəyi barədə düzgün qərarlar almalı, övladı ilə sağlam ünsiyyət qurmalı, mənəvi cəhətdən ona dəstək olmalıdır. Valideynlər uşaqla ünsiyyətdə olarkən istifadə etdikləri cümlələrə, sözlərə fikir verməlidirlər. Valideynlər uşağın evdə olduğu müddətdə rahat və xoşbəxt vaxt keçirmələrini təmin etməlidirlər.

Valideynlər uşaqla bağlı qərarları birlikdə verməli, bir-birinin hüquq və vəzifələrinə hörmətlə yanaşmalı, aralarındakı problemləri uşağa qarşı olan münasibətlərində hiss etdirməməlidirlər. Hər bir valideyn mütləq surətdə çalışmalıdır ki, uşaq özünü dəyərli hiss etsin.

Valideynlər uşaqlarla davranışlarında: Əgər bir də sənin belə etdiyini görsəm - sən görərsən; Heç nə edə bilmirsən, heç nə bacarmırsan, səndən adam olmayacaq; Al götür, təki səsini kəs; Hamının uşağı uşaq kimidir, sən isə ... və s. kimi ifadələri əsla işlətməməlidirlər. Əgər valideyn uşaqla davranışında bu tip ifadələrdən istifadə edərsə, o zaman uşaqda həm özünəinam hissi azalacaq, həm valideynlə uşaq arasında keçilməz bir körpü, uçurum əmələ gələcək, həm də uşaqda valideynə qarşı nifrət hissi yaranacaq. 

Hər bir valideyn nəzərə almalıdır ki, əgər uşaq hər hansısa bir işi görmək istəmirsə və yaxud da bunu edə bilmirsə, bu zaman uşağı məcbur etmək olmaz. 

Rus psixoloqu Y.B.Gippenreyterin dediyi kimi, uşaq tez- tez bu sözləri eşitməlidir: “Nə yaxşı ki, sən bu dünyada varsan”, “Biz səni görməyə şadıq” və s.

Çox təəssüflər olsun ki, tez - tez uşaqlarını çöp qutularına buraxan, onlardan imtina edən valideynlərlə qarşılaşırıq. Bu addımı atan valideynlər heç düşünürlərmi ki, öz övladlarına necə travma yaşadırlar? Heç düşünürlərmi ki, atdıqları bu addım onların gələcək həyatına necə təsirini göstərəcək, onların həyatında necə iz buraxacaq? Onların valideyni olmalarına rəğmən övladlarının həyatını məhv etmə haqqına sahib olduqlarınımı düşünürlər?

Valideynləri tərəfindən tərk edilmiş uşaqlar onların sevgisinə, nəvazişinə, qayğısına ac olub həsrətlə böyüyürlər. Bu da onların həyatında öz mənfi izlərini buraxır. Axı hər bir uşağın haqqıdır ki, isti evdə, onu sevən valideynlərinin yanında böyüsün. Axı hər bir uşağın haqqıdır ki, valideynlərinin yanında özünü güvəndə hiss etsin. Axı hər bir uşağın haqqıdır ki, onu narahat edən məsələləri, problemlərini valideyni ilə bölüşsün. Görəsən, bu addımı atan valideynlər necə böyük günah etdiklərini heç olmasa bir dəfə olsun düşünmüşlərmi?

Həmişə deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Bəs onda biz niyə və  nəyə görə gələcəyimizlə bu cür davranırıq? Bu cür davranışımızla biz öz gələcəyimizi məhv etmirikmi? Gəlin, gələcəyimizi məhv etməyək!

Əziz valideynlər! Uşaqla davranışınız zamanı elə xəyal edin ki, sanki ovuclarınızda bir quş tutmusunuz. Ovucunuzu bərk sıxsanız, quşu boğa bilərsiniz. Əgər quşun sizdən tamamilə ayrılmasını, uçmasını istəmirsinizsə, o zaman ovcunuzu çox da açmayın. Elə açın ki, quş özünü orada güvəndə hiss etsin. Gəlin unutmayaq ki, hər şey öz qədərində gözəldir və hər şeyin qədrini bilməliyik.


Tarix: 15-10-2021, 16:47

Xəbəri paylaş