Kitab insan ruhunun müqəddəs yazısıdır
Nurlana Məmmədova,
Abşeron rayonu Xırdalan 2 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
Uşaq vaxtı tez-tez anamdan bu sözləri eşidirdim: “Məktəbdə dərs buraxma, məktəbin divarları da adama nəsə öyrədir”. Görəsən, şagirdlər və müəllimlər bunun fərqində ola bilirlərmi?! Əgər ola bilirlərsə, demək, həm də həyatın fərqindədirlər. Bütün bunları duymaq insanı duymaq deməkdir.
Şagirdləri duymaq istəyən müəllimikmi? Yoxsa dərsi keçib, borcundan çıxıb, sabah yenə növbəti dərsə hazırlaşan müəllimlərdən?
Müəllim ötürücüdür. O, şagirdə təkcə dərsi ötürmür, emosiyalarını, motivasiyasını, ruh halını paylaşır. Bütün bunları necə ötürsə, o andan həyat da həmin ritmdə davam edəcək.
Robotlaşan dünyamızda duyğuları qorumaq çox çətindir. Qədim romalılar inanırdılar ki, kitab oxumaq insanı mənəvi və fiziki cəhətdən çox güclü edir. Antik dövrdə də, orta əsrlərdə də kitablardan müalicə vasitəsi kimi istifadə ediblər.
1802-1810-cu illərdə Benjamin Ruş tərəfindən “biblioterapiya“ üsulu irəli sürülür. Daha sonra digər amerikalı həkim Cohon Minson Qalt psixi pozuntular zamanı kitab oxumağın səbəblərini göstərir: sayrışan fikirlərin qovulması, vaxtın səmərəliliyi, ruh yüksəkliyi və s.
Çox istərdim ki, məktəblərdə biblioterapiya otaqları olsun, burada müəllimlər şagirdlərə elə psixoloji əsərlər təqdim edə bilərlər ki, şagird öz-özünü kəşf edə bilər. Axı özünü tanımaqdan gözəl nə ola bilər həyatda?! Nizami Gəncəvi demişkən:
“Kim ki, öz-özünü düşmüşdür başa,
Ona ölüm yoxdur, o ölməz haşa...”
Musiqi terapiyası və ya biblioterapiya şagirdlərdə emosional çətinlikləri üzə çıxarır, onları ünsiyyətcil edir və uşaqlar telefondakı mənasız oyunlara vaxt ayırmaq həvəsinə qapılmırlar. Bununla bağlı ədəbiyyat, musiqi müəllimləri, uşaq psixoloqları birlikdə maraqlı mövzular ortaya qoya bilərlər.
Bu yaxınlarda İtaliyada şagirdlərin, uşaqların texnoloji vasitələrdən istifadəsinə məhdudiyyət qoyuldu. Onların fikrincə, bu yaradıcılığın qarşısını alır, təkrarolunmaz yaradıcılıq isə insanlarda çox vaxt məktəb dövründə başlayır.
Yaratmaq yenilikdir. Yenilik gəncliklə gəlir. Bəli, biz çalışırıq ki, texnoloji inkişafda dünya ilə ayaqlaşaq. İnkişaf etmiş ölkələrin təqdim etdiyi ən yeni texnoloji nailiyyətləri həvəslə qəbul edirik. Amma mənəvi amilləri onlar kimi nəzərə alırıqmı?
Elektron informasiya texnologiyalarında şah olan yaponlar hər zaman qəlbi ilə köhnəlikdə, zehni ilə yenilikdədirlər. Onların “Yomiuri” qəzeti dünyada ən çox tirajlanan qəzetlərdən biridir. Turistlərə belə əlbəəl qəzet paylayan yaponlar hər gün nəsə oxumağı həyat tərzlərinə çeviriblər. Mən heç görməmişəm ki, şagirdlərdən hansısa dünya yazıçılarından birini oxuyub onlara öz təəssüratları haqqında məktub yollasınlar. Bu cür təbliğatlar ədəbiyyatın inkişafı, inteqrasiyanın yüksəlişi deməkdir.
Elə götürək, kitaba heykəl ucaldan Almaniyanı. Özü də bu ölkəyə “Qəzetlər ölkəsi” deyirlər. Hətta ölkənin dəmiryol vağzallarında qutulara pulsuz oxuna biləcək qəzetlər qoyulur. İstər elektron-kitab olsun, istərsə də klassik mediya, onlarda oxumağa inam var. Necə də olsa, Almaniya kitab nəşrini icad edən İoan Qutenberqin vətənidir.
Doğrudur, bu gün dijital (rəqəmsal) inqilab çap üsulunu sıxışdırmağa başlayıb, elektron-oxucu kütləsi sürətlə artır. Ancaq canlı kitabın mənəvi dəyəri ölməyib. Kitab diridir, kimin əlindədirsə, demək, o da diridir. Kitab sayəsində insanoğlu məchul suallara cavab tapır. Ən yaxşı, zövqlü kitabları oxuyanlar isə dünyamızın qədrini bilir, onu bozarmağa qoymur, canlı tutur.
Müasir texnologiyalarin inkişafi insan zehninin zəifləməsinə gətirib gıxarır. Buna səbəb texnologiyanın pis və ya yararsız olması deyil. Problem bizim ondan düz istifadə edə bilməməyimizdədir.
Kitab oxuyanla, internetdən hazır məlumatları alan insan arasında fərq ondadır ki, kitab oxuyan insan xəyal qurar, oxuduqlarını xəyal gücü ilə beyninə yazar. İnternetdən hazır məlumatları alan insan isə xəyal qurmadan sadəcə aldığı informasiyanı beyninə yazır.
Beləliklə, beyin tənbəlliyə vərdiş edir. Xəyal qurma bacarığı zəifləyir. Bu səbəbdən də insan get-gedə həyatını qura bilməz, qurulmuş olanı isə idarə edə bilməz. Çünki kitab insan ruhunun müqəddəs yazısıdır.
Vətən müharibəsində öz haqlı savaşımızda qələbə çaldıq. Bu yüksək tərəqqinin göstəricisi deyilmi?! Elmin, musiqinin beşiyi Şuşanı əsirlikdən azad etdik və indi elmlə, təhsillə, yeni texnologiya ilə Şuşa əvvəlki əzəmətinə geri qayıdacaq. Yeni şəhərin tərəqqisi Qarabağdan bütün dünyaya yayılacaqdır. Şair də yerində deyib:
“Elmlə, hünərlə başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz”...
Fikrimi aşağıdakı aforizmlərlə bitirirəm:
- Ordu torpaqları, kitab könülləri fəth edir. (Əbu Turxan);
- Yaxşı kitab çox qiymətli xəzinədir. (Həsən bəy Zərdabi);
- Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır... (Əbu Turxan)
- Hər bir kitab yazıldığı mövzu barəsində sizə tamlığı ilə kömək edəcək bir enerjiyə sahibdir. Oxumadığınız kitab isə sizə yardım edə bilməyəcəkdir. (Rövşən Abdullaoğlu);
- Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər. (R.Bredberi);
- Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. (Qasım bəy Zakir);
- İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir. (E. Hant);
- Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, onda kitab al! (Tur Xander);
- Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. (A.İ.Gertsen);
- Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. (Qasım bəy Zakir);
- Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər. (Smayls).
Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım.
(Nizami Gəncəvi)
Tarix: 8-07-2021, 17:33