Sinifdənxaric oxu dərslərində yeni təlim texnologiyalarından istifadə
Elnur Əliyev,
Salyan rayonundakı
Yenikənd kənd tam orta məktəbin müəllimi
Məlumdur ki, ədəbiyyat təliminin əsasında bədii əsərlərin oxusu və təhlili dayanır. Bədii əsərlərin ədəbiyyat dərslərində müzakirəsi şagirdlərdə oxuya maraq və oxucu üçün vacib olan bacarıqlar formalaşdırmalı, bu, nəticə etibarilə yüksək ideya-bədii dəyərə malik söz sənəti nümunələrinin müstəqil mütaliəsinə gətirib çıxarmalıdır. Şagirdlərin müstəqil oxusunu istiqamətləndirmək məqsədilə oxunması məsləhət görülən əsərlərin siyahısı dərsliklərə daxil edilmişdir. Bu oxuya nəzarət və nəticələrin yoxlanılmasını sinifdənxaric oxu əsasında layihələr üzrə işlər vasitəsilə reallaşdırmaq məqsədəuyğundur. Ədəbiyyat müəllimi şagirdlərin mütaliə marağını nəzərə alaraq tövsiyə edilən əsərləri dəyişə bilər.
Sinifdənxaric oxu dərsləri şagirdlərin təlim materialları ilə bağlı sinifdənxaric oxusunu stimullaşdırmaq, fəal, sistemli müstəqil işə istiqamətləndirmək, mütaliə və tədqiqatçılıq bacarıqlarını təkmilləşdirmək məqsədi izləyir. Həmin dərs saatlarında şagirdlərin bölmələr üzrə müstəqil oxusuna bir növ baxış keçirilir, hər bir şagirdin maraq və qabiliyyətinə uyğun hazırladığı çıxış dinlənilir, bu və ya digər problem üzrə oxunmuş əsərlərin müzakirəsi aparılır. Şagirdlər sinifdənxaric oxu dərsləri ilə bağlı əvvəlcədən divar qəzeti, ayrı-ayrı sənətkarlara həsr olunmuş albom, kitab sərgisi təşkil edirlər. Məktəblilərin mütaliə etdikləri əsərlər üzrə çəkdiyi illüstrasiyalar, yazdığı inşa və esselər nümayiş etdirilir, dəyərləndirilir. Bu dərslərdə sinifdənxaric iş elementlərinə, əlavə resurslara, digər bilik mənbələrinə də müraciət edilməli, qazanılmış bilik və bacarıqlar yeni material, müstəqil oxunmuş bədii nümunələr üzərində tətbiq olunmalıdır.
Ədəbiyyat dərslərində öyrənilən əsərlərin sinifdənxaric oxu materialları ilə problem-mövzu və s. baxımından əlaqələndirilməsi, müqayisə edilməsi faydalıdır.
Sinifdənxaric oxu dərsləri şagirdləri təlim materialları ilə əlaqəli olan, eləcə də onların fərdi maraqlarına uyğun əsərlərin müstəqil oxusunu stimullaşdırmaq məqsədi güdür. Bu baxımdan ədəbiyyat kabinetində sinif kitabxanası, sinifdənxaric oxu guşəsi yaradılması, kitab, mütaliənin əhəmiyyəti haqqında müdrik fikirlərin yazıldığı plakatların asılması çox əhəmiyyətlidir.
Sinifdənxaric oxu şagirdlərin ədəbiyyat dərslərində öyrəndiyi əsərlərlə müstəqil mütaliəsi arasında körpü rolunu oynayır. Dərsliklərdəki hər bölmə üzrə planlaşdırılan sinifdənxaric oxu dərslərində müəyyən ədəbi-tarixi dövr üzrə tövsiyə olunmuş əsərlər üzrə təqdimatlar dinlənilir, müzakirə olunur.
Bu dərslərdə istər fərdi, istərsə də kiçik qruplarda iş növlərindən istifadə olunur. Şagirdlər dərs ilinin əvvəlində müəllimin tövsiyəsi ilə oxunacaq əsərlərin siyahısını müəyyənləşdirir və bir neçə həftə ərzində hər sinifdənxaric oxu dərsinə hazırlıq işləri görürlər.
Bu dərslərdə həm dərs, həm də sinifdənxaric iş elementləri geniş yer tutur. Şagirdlər dərsi, bir növ, “kitab, mütaliə bayramına” çevirir, öz müstəqil fəaliyyətlərinin nəticələrini təqdim edirlər. Sinifdənxaric oxu dərslərində mövzu ilə bağlı kitab sərgisi, sənətkarların portreti, əsərlərə çəkilmiş illüstrasiyalar, divar qəzeti, ədəbi jurnal, ifadəli oxu, inşa, esse, məruzə müsabiqəsi, səhnələşdirmələrdən istifadə şagirdlərin hafizəsində iz salır, uzun zaman unudulmur.
Bu dərslər məktəbdə kitab, mütaliə mühiti yaradılmasında, şagirdlərin mütaliə mədəniyyətinin inkişafında, müstəqil mütaliəyə həvəsinin artırılmasında, ədəbiyyat dərslərində qazanılmış bilik və bacarıqların sinifdənxaric oxunmuş əsərlər üzrə tətbiqində mühüm rol oynayır.
Mütaliə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayan sinifdənxaric oxu dərsləri şagirdlərin mütaliə etdikləri kitabların müzakirəsi, əsər barədə rəy və mülahizələrinin öyrənilməsi, kitab, mütaliə mühitinin yaradılması üçün geniş imkanlar yaradır. Bu dərslərdə sinifdənxaric iş elementlərindən istifadə, şagirdlərin maraq və qabiliyyətlərinin daha çox nəzərə alınması, sərbəst rəy mübadiləsi mütaliə mədəniyyətinin formalaşdırılmasına zəmin yaradır, mütaliə ilə bağlı yaradıcılıq və təşəbbüskarlığın, müstəqil mütaliəyə həvəsin artırılmasına səbəb olur.
7-ci sinfin “Ədəbiyyat” fənninin yeni təhsil proqramında (kurikulumunda) tətbiq və ümumiləşdirmə dərsləri və kiçik summativ qiymətləndirmə ilə yanaşı, sinifdənxaric oxu dərslərinə də beş saat vaxt verilmişdir.
“Təbiətə vurğunluq, təbiətə qayğı” tədris vahidinin sonunda yer almış sinifdənxaric oxu ilə bağlı hazırladığım dərs nümunəsini diqqətinizə təqdim edirəm.
Mövzu: Təbiət bədii ədəbiyyatda.
Reallaşdırılan standartlar:
Şagird:
1.2.2. Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir, əsaslandırılmış münasibət bildirir.
3.1.1. Mövzu ilə bağlı əlavə mənbələrdən topladığı materialları əlaqələndirir, yazısında istifadə edir.
3.1.2. Bədii nümunələrdəki başlıca problemi müəyyənləşdirir, əsaslandırılmış münasibət bildirir.
Təlim nəticələri:
Şagird:
• yazıçı münasibətinə əsaslanmaqla obrazları səciyyələndirir;
• əsərdə fikrin təsir gücünün artmasında bədii təsvir vasitələrinin rolunu aydınlaşdırır;
• əsərin ideyasını, diqqətə çatdıırılan başlıca problemi şərh edir, münasibət bildirir;
• müxtəlif nümunələrdən topladığı materialları əlaqələndirib istifadə edir;
• başlıca problemi müəyyənləşdirir, əsaslandırılmış münasibət bildirir.
Fənlərarası inteqrasiya:
Az.d. 2.2.3., X.d. 1.1.2., Biol. 4.2.1.
Strategiyalar: metodlar, iş formaları: Müsahibə, müzakirə, təqdimat, kiçik qruplarda iş.
Resurslar: Dərslik, iş vərəqləri, təbiət guşəsi, təbiətə dair şəkillər,
http://az.wikipedia.org/wiki/Mikayıl_Müşfiq,
http://az.wikipedia.org/wiki/Məmməd_Araz.
Qiymətləndirmə üsul və vasitələri: Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı).
Sinifdənxaric oxu dərsi şagirdlərin “Təbiətə vurğunluq, təbiətə qayğı” bölməsi üzrə müstəqil oxuduqları əsərlər üzrə (M.Arazın “Qaranquş” şeiri, Elçinin “İki qız və sərçə” hekayəsi) keçilir. Bu əsərlərin dərsə qədər müstəqil oxunması təmin edilir.
Dərsə hazırlıq dövründə kiçik qruplar M.Arazın “Qaranquş” şeiri, Elçinin “İki qız və sərçə” hekayəsinin məzmunu ilə bağlı təqdimat hazırlayır, fənn kabinetində kiçik təbiət guşəsi, təbiətə həsr olunmuş şəkillərdən ibarət stend təşkil edir.
Dərsin gedişi:
Motivasiya, problemin qoyuluşu. Dərsin əvvəlində fənn kabinetində təşkil olunmuş kiçik təbiət guşəsi, təbiətə həsr olunmuş şəkillərdən ibarət stend barədə rəy mübadiləsi aparılır, qrupların sinifdənxaric oxu üçün tövsiyə olunmuş əsərlərin məzmunu üzrə təqdimatlar dinlənilir.
Təqdimatlar üzrə rəy mübadiləsi və müzakirə nəticəsində tədqiqat sualı müəyyənləşdirilir.
Tədqiqat sualı. Təbiətə həsr olunmuş əsərlərdə daha çox hansı ideya və problemlər əks olunur?
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Kiçik qruplar iş vərəqlərindəki tapşırıqlara cavab hazırlayırlar.
İş vərəqi № 1
1. M.Arazın “Qaranquş” şeirində peşmanlıq hissini daha qabarıq əks etdirən söz və ifadələri müəyyənləşdirin.
2. Şeirdəki başlıca fikir nədir?
3. Elçinin “İki qız və sərçə” hekayəsinin qəhrəmanlarını – qızları səciyyələndirən başlıca cəhətləri müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
İş vərəqi № 2
1. M.Arazın “Qaranquş” şeirində başlıca fikir nədən ibarətdir?
2. Şeirdə işlənilmiş bədii ifadə vasitəsini müəyyənləşdirin, əsərin təsir gücünün artırılmasında rolunu aydınlaşdırın.
3. M.Arazın və Ə.Kürçaylının “Qaranquş” şeirlərinin oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. Müqayisə cədvəlindən, yaxud Venn diaqramından istifadə edin.
İş vərəqi № 3
1. Elçinin “İki qız və sərçə” hekayəsində qoyulmuş başlıca problemi müəyyənləşdirin. Fikrinizi nümunələrlə əsaslandırın.
2. Elçinin “İki qız və sərçə” hekayəsi ilə B.Həsənovun “İki bala” əsərini hansı cəhətlərə görə müqayisə etmək olar? Venn diaqramından istifadə edin.
3. M.Arazın “Qaranquş” şeiri ilə İ.Əfəndiyevin “Şəhərdən gələn ovçu” hekayəsini birləşdirən və fərqləndirən cəhətləri müəyyənləşdirin.
İş vərəqi № 4
1. Təbiət mövzusunda oxuduğunuz əsərləri birləşdirən başlıca cəhətlər hansılardır?
2. Yazıçı və şairlərin təbiətə həssas münasibət bəsləmələrinin səbəbini necə izah edərsiniz?
3. Təbiəti – quşları, heyvanları qorumaq üçün nələri vacib sayırsınız?
Məlumat mübadiləsi və müzakirə. İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra təqdimatlar əsasında məlumat mübadiləsi və müzakirə aparılır.
Dərsin nəticə, ümumiləşdirmə mərhələsində fərziyyələrə nəzər salınır, nəticələrlə müqayisəsinə diqqət yetirilir.
Dərsdə “Təbiəti qorumaq borcumuzdur” mövzusunda yığcam mühakimə xarakterli inşa və ya essenin yazılmasına vaxt ayrılır. Ayrılmış vaxt başa çatdıqdan sonra bir neçə şagirdin təqdimatı dinlənilir və rəy mübadiləsi aparılır.
Sinifdənxaric oxu dərslərində formativ qiymətləndirmə təlim nəticələrinə müvafiq meyarlar əsasında aparılır.
Müəllim şagirdlərə layihə üzrə təqdimatlara son hazırlıqla bağlı tapşırıqlar verir.
Tarix: 4-06-2020, 14:40