Tağı Şahbazinin (Simurğ) satirik hekayələri
Baba Babayev,
filologiya elmləri doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi
T.Ş.Simurğ XX əsrin əvvəllərində müasirləri kimi M.F.Axundzadə ənənələrinə sadiq qalaraq ədəbiyyatımızın mübarizlik ruhunu əks etdirən tənqiddən istifadə etmişdir. Lakin yaradıcılığının bu illəri ziddiyyətsiz də ötüşməmişdir. Ədəbi fəaliyyətində tərcümə və iqtibaslar etsə də bütövlükdə, cəmiyyətin mənəvi təkamülünə çalışmış, onlarda elmə, təhsilə həvəs oyatmaq məqsədi ilə ən çox satirik əsərlər yazmışdır. “Onun hekayələrindəki satirik gülüş vəziyyətdən, hadisələrin məntiqi inkişafından doğur, zamanın inkişafı ilə ayaqlaşa bilməyənlərə, mühafızəkarlara, avam və nadanlara qarşı yönəldilir”.
“Kənddə” (1910), “Quşlar kimi azadə” (1912), “İki göz” (1914), “İki qəm” (1914), “Hürriyyət günəşi” (1914), “Südçü qız” (1915), “Şəkərəli çoban” (1915), “Aleksandr Eyniç” (1916), “Aclar” (1916) və s. hekayələr 1920-ci ilə qədər yazdığı bədii nümunələrdəndir. Bu hekayələrin bəzilərinin yazılma tarixi Ə.Nazimin “Seçilmiş əsərləri”ndə yuxarıda göstərilən illərdə qələmə alındığı halda, A.İsmayılovun “Tağı Şahbazi Simurğ” monoqrafiyasında “İki qəm” 1915, “Şəkərəli çoban” 1916, “Kənddə, yaxud əcəl” hekayələri 1916-cı il kimi qeyd edilmişdir.
Ədibin 1960-cı ildə nəşr olunan “Seçilmiş əsərlər”ində isə “İki qəm” 1914, “Şəkərəli çoban” 1915, “Kənddə, yaxud əcəl” 1916-cı il kimi göstərilmişdir.
Müasirləri kimi T.Şahbazi də hekayələrində qadın azadlığı məsələsinə xüsusi yer ayırmışdır. “İki qəm”, “Şəkərəli çoban”, “Südçü qız” hekayələri cəhalətin, qaranlıq həyatın, haqsızlığın qurbanı olan qadınların müsibətli həyatından bəhs edir.
Ədəbiyyat tariximizdə satirik hekayələr ustası kimi tanınan ədibin bir çox nümunələrində bədii təqdimetmə əsasdır. İdeya-bədii nəticə hadisənin özündən doğur. 1923-1924-cü illər nəsrində (“Haqsızlıq dünyasında”, “Ağanın kənizi”, “Son dərd” və s.) ədib ata evində hüquqsuz, ər evində qul, kəniz kimi təhqir edilən, alçaldılan qadınların acınacaqlı həyatını təsvir etmişdir. 20-ci ilə qədərki hekayələrinin qadın obrazları ilə müqayisədə Gülsabah, Gülcamal (“Məşədi Qədimin evində bədbəxtlik”), Dilşad (“Gözlənilməyən bir nəticə”), Cəvahir xanım (“Azadlıq üçün cinayət”), Zərifə (“Zərifə”), Dilşad (“Küləkli bir axşam”) kimi obrazlar daha mübariz və fəaldırlar.
Bu hekayələrdə yazıçı lirik bir təmas ilə insanların gözü qarşısından köhnə həyatın qəflət pərdəsini qaldırır, ictimai ədalətsizliklər ucbatından sıxılıb qovrulan, hüquqları tapdanan, alınıb-satılan qız-gəlinlərimizin faciələrini təsvir edir. Hekayələrdəki səhnələr reallığı və təsirliliyi ilə diqqəti çəkir. Onların ağır həyat keçirmələri yumoristik dillə tənqid olunsa da müəllif təbəssümünün arxasındakı ürək ağrısını, kədərini görməmək olmur.
“Aleksandr Eyniç” hekayəsi bədii vüsəti, mülkədar-burjua əxlaqının eybəcərliklərini ustalıqla ifşa kriteriyasına görə yaradıcılığının gözəl nümunələrindəndir. Ədib hekayədə satirik planda təsvir etdiyi tipin (Aleksandr Eyniçin) səciyyəsini və onu təmsil olunduğu mülkədar-burjua gənclərinə xas cizgilərini detalları ilə göstərməyə nail olmuşdur. T.Şahbazi hekayədə kəskin bir satira ilə ruslaşan zadəganların, milli azadlıq xainlərinin iç üzünü açır, onların “mədəniyyət” salonlarında etdikləri çirkinlikləri çılpaqlığı ilə rüsvay edir. Hekayədə fikri ziddiyyətlər də yox deyildir. Ə.Nazimin təbirincə desək “... xırda burjua-demokratik məfkurəsindən proletar cəbhəsinə doğru hərəkət prosesi keçirir. Doğrudur, bu prosesdə, bu hərəkətdə büdrəmələr olmuşdur. Lakin həmin büdrəmələr düşmə büdrəmələri deyil, qalxma, çətin yollarda, ağır yüklərlə, uzaq hədəflərə doğru irəliləmə büdrəmələridir ki, nəticədə götürülən istiqamət qalib gəldi” qənaəti uğurlu büdrəmələrdir. Həmin illər əksər gənc yazarlarda büdrəmələr olmuşdur ki, bu da keçid dövrü ilə əlaqədar, situasiyalardan baş çıxarmamağın ucbatından baş vermişdir.
Mətni etibarilə “Aleksandr Eyniç” (1916) hekayəsi lakonikdir. Rusiya şəhərlərinin birində (Sankt-Peterburq, ya da Moskvada-B.B.) öz həmyerlisi ilə tanış olan təhkiyəçi-müəllif meşşan həyatı keçirən, həyatın mənasını eyş-işrətdə görən bir azərbaycanlı gəncinin hətta, rus qızlarına xoş gəlsin deyə soyadını, atasının adını dəyişdiyini biləndə görüş səhnəsində onun üzünə vurmasa da narahatlıq keçirdiyi aydın sezilir. Aleksandr Eyniç obrazı ədəbiyyatda təzə deyildir. O dövrki nəsrimizdə buna oxşar tiplər (Ə.Haqverdiyevin, A.Şaiqin və b. nəsr nümunələrində) yaradılmışdır. Səbəbsə, əlbəttə ki, burjua mühiti idi. Tağı Şahbazi Eyniçin xarakterini səciyyələndirərkən onu təmsil olunduğu burjua gənclərinə xas olan spesifık xüsusiyyətlərini detalına qədər göstərmişdir. Bir rus ailəsinin şənlik mərasimində eloğlusu Aleksandr Eyniçin nə qədər “fədakarlıq” göstərdiyinin şahidi olur. Hətta həmin məclisdə onunla daha yaxından tanış ola bilmədiyi üçün təəssüflənir, qonaqlar dağılandan sonra ona yaxınlaşıb, xüsusi görüşmək istəyində olduğunu bildirir. Aleksandr Eyniçin müəmmalı təqdimi sonralar yaranacaq vəziyyətlərə zəmin hazırlayır və bəzi məqamlarda ironiya, sancılı sözləri ilə diqqətdən yayınmır, “…kişini işdən avara edə biləcəyim üçün üzr istədim”, “Bəs nədi, müsəlmanam, dayna!” və s.
Ədib bu tip vasitəsi ilə mülkədar-burjua mühitinin yetişdirdiyi insanların, əsasən də gənclərin çatışmayan cəhətlərini, bəlaya çevrilə biləcək nöqsanlarını açmaq istəmişdir. Mətndə burjua mühiti, onun yetişdirdiyi əxlaq satira hədəfinə çəkilmişdir. Bu gənc də varlı ailədən çıxmış, yeniyetməlik dövründən tüfeyli həyat sürmüşdür. Tale onu başqa səmtə yuvarlamış, nəticədə cəmiyyətin eybəcər əxlaq normalarına uymuşdur. Digər yaşıdları kimi o da Rusiya şəhərlərinin birində universitetin hüquq fakültəsinin üçüncü kursunda təhsil alır. Lakin o, vətən, millət duyğularından məhrumdur. Əlihüseyn bəyin - Aleksandr Eyniçin xarakterinin açılışında T.Şahbazinin istehzası əsər boyu hiss olunur. Burjua gənclərinə münasibət özünəməxsus ifadə tərzi ilə canlı və təbii verilmişdir. Hekayədə obrazın mənası geniş məzmun alır. Eyniçinin bu kübarlar cəmiyyətində davranışı, xudbinliyi, təkəbbürlülüyü, qızlara münasibəti, söhbətləri, geyimi, hətta yaşadığı evin səliqə-sahmanı və s. məqamlar detallarına qədər inandırıcı şəkildə nəzərə çatdırılıbdır. Yazıçı surətlərin xarakterini açarkən etnik-psixoloji anlamda portret cizgilərindən məharətlə istifadə etmişdir. Professor A.İsmayılov yazır: “Onun yaratdığı portretlər həyat həqiqətləri ilə bağlıdır. Misal üçün, “Aleksandr Eyniç” hekayəsində qəhrəmanının portretini çəkdikdə eyni zamanda onun psixologiyası haqqında da oxucuda müəyyən təsəvvür yaradırdı. Ədib obrazı təqdim edərkən işlətdiyi bədii boyalar onun həm daxili, həm də xarici əlamətlərini möhkəm əlaqəli və vəhdətdə verməyə kömək edir”.
N.V.Qoqol portret haqqında danışarkən ibrətamiz fıkirlər söyləmişdir: “Mən heç zaman sadəcə kopya şəklində portret çəkməmişəm. Mən portreti yaratmışam. Lakin mən portreti boş xəyal nəticəsində deyil, düşüncə, mühakimə nəticəsində yaratmışam”, - deyir. Eyniç bütün məqamlarda, müsahibləri ilə söhbətlərində “çəkdiyi misallarla özünə bəraət qazandırmağa çalışır”. Belə halda mənfı tip mənəvi cəhətdən ifşa hədəfınə çevrilir. Satirik hekayələrinə xas bir cəhət də yazıçının tiplərinin tək qüsurlu tərəflərini yox, daha geniş mənada yaşanan cəmiyyətin, ictimai quruluşun, zümrənin ifşasını verməsidir. Süjetin maraqlı çıxması naminə bədii təsvir vasitələrindən istifadə etmədə sənətkarlıq məsələləri diqqətdən yayınmır. “Yazıçının hekayələrindəki tipiklik, təbiilik, təsvir etdiyi surətlərin reallığı onun həyata ayıq münasibətini təsdiqləyir”.
1915-1917-ci illərdə yazdığı əsərlərində, baxmayaraq ictimai işlərlə məşğul idi, lakin fıkir və düşüncələrində aydınlıq, qətilik yox idi. Bu illərin hekayələrində istismarçı sinfin rəzalətləri və əməkçi insanların acınacaqlı həyatı bədii təsvirini inandırıcı şəkildə əksini tapmışdır. Kəndlilərin keçirdiyi məşəqqətli həyat tərzi bu əsərlərdə portret təsiri bağışlayır.
“İki qəm” (1914) yığcam, düşündürücü mətndən ibarətdir. Müəllif hekayənin qəhrəmanlarına gülüş doğuracaq, simvolik adlar seçməklə onların həyat tərzi ilə xarakterləri arasında uyğunluq yaratmaq üçün görünən və görünməyən cəhətlərini vəhdətdə götürür. Söhbət Ourbanquludan gedir. “Uzunburun” və ya “taxta burun” ayamaları Qurbanquluya xalq tərəfindən verilən ləqəbdir. Kənddəki digər Qurbanqulu isə “Boş Qurbanqulu” ayaması ilə çağrılır. Qurbanqulunu görmədiyi, tanımadığı, xasiyyətinə bələd olmadığı Fərəcin yekəburun, çopur və çolaq qızına nişan etmələri maraqlı bir süjet ətrafında cərəyan edir. Elçilər - oğlanın bibisi və anası ev sahibəsi tərəfindən aldadılır, böyük qızın əvəzinə elçilərə daha yaraşıqlı, göyçək kiçik qızı göstərirlər. Bibisi və anası da Qurbanquluya kiçik qızın onun nişanlısı olduğunu bildirirlər. Bir gözü çiçəkdən kor olmuş taxtaburun Qurbanqulu toyun yayda deyil, elə indi, bir ay ərzində olmasını anasından təvəqqe edir. Hekayənin maraqlı, həm də heyrət doğuran yeri zifaf gecəsi olur: “Zifaf otağında təzə gəlini görcək Qurbanqulu təəccüb edib dala çəkilir: Bumudur mənim üçün aldıqları qız?!” Halbuki bir-iki ay bundan əqdəm bacısını pirə aparanda gördüyü qız ilə bunun heç oxşayışı yoxdur fikrilə: “Vay, mənim evimi yıxan, evin yıxılsın!” - deyib otaqdan bayıra çıxır və anası və bibisilə davaya başlayır:
- Siz mənə bir gözəl qız almışdınız, bu qızın ki, bir gözəlliyi yoxdur, siz mənim evimi yıxdınız! - deyə şikayət edib ağlayır.
Bu halda Qurbanqulunun bacısı, otaqda tək qalmış təzə gəlinin yanına gedib, belə bir mənzərə görür: otağın bir küncündə gəlin dizlərini qucub ağlayır.
- Balam, nə üçün sən ağlayırsan, gəlinimiz?
Qız cavab vermir, bir də sual etdikdə, gəlin:
- Məni bu kişiyə veriblərmiş... Mən heç buna getmək istəmirəm, heç xoşuma gəlmir! - deyə ağlamağına davam edir.
Təzə gəlinin oğlanı bəyənməyib ağlamasından bəyi xəbərdar edirlər. Qurbanqulu bir çox fikirdən sonra:
- Fələk yazanı biz pozmayacağıq ki, qismət belə imiş!- deyə otağa daxil olub, gəlinin əlindən tutub deyir: - Balam, nə sən ağla, nə mən ağlayım, bizim qismətimiz belə imiş. Sən də, mən də-ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq, qoy bizi evləndirənlər şad olsunlar. İkimizin qəmi birdir.
(Belə bir iş bizim qonşu həkimin də başına gəlib. Baxmayaraq qonşu bu işə XX əsrin sonunda “düşdü”. O da zifaf gecəsi bildi ki, istədiyi evdə qalan qızdır.-BB) Qurbanqulu hərəkət və davranış normalarına görə gülüş doğurmur. Üzdə komik vəziyyət olsa da satira hekayənin məğzindədir. Əsərdə sentimental ruh da nəzərə çarpır.
“Südçü qız” (1915) tədqiqatçıların diqqətində olan nümunələrdəndir. 1960-cı ildə ədibin “Seçilmiş əsərləri”nə daxil edilən hekayəsi barədə bildirilir ki, hekayə ilk dəfə 6 avqust və 13 avqust 1916-cı ildə “Doğru söz” qəzetinın 22 və 23-cü saylarında dərc edilmişdir. Hekayənin Xarkovda yazılmasına baxmayaraq hadisələr azərbaycanlı Gülnazın simasında yaşanan cəmiyyətin qurbanı olan, sevən, sevilən qızların ümumiləşdirilmiş surəti kimi təqdim olunmuşdur. Gülnaz ətrafında cərəyan edən hadisələr bizə Y.Vəzirin “Divanə” əsərini xatırladır. Oxşar, səsləşən motivləri mətnlərdə sezmək çətin deyildir.
“Südçü qız”da Gülnazın Əhmədlə ilk rastlaşmasından sonra az müddət ərzində davam edən sevgi macərası həzin, qəlbi kövrəldən təsirli bir dillə nəql olunur. “Südçü qız” realist, lirik bədii nümunədir. T.Şahbazi mülkədar-burjua hakimiyyətinin əsarətdə saxladığı Gülnazın mənliyini, heysiyyatını təhqir edən, şəxsi hiss, istək və arzularını ayaq altına atan, sevgilərini, sevinclərini göz yaşlarına çevirən dövrü tənqid hədəfinə tutmuşdur. Hekayə satirik üslubda olmadığı üçün (sadəcə o dövr nəsrinin gözəl nümunələrindən olduğuna görə üstündən sükutla keçmədik - B.B) haqqında geniş söhbət açmağı zəruri hesab etmirik. Fəqət, Gülnaz surətinə ağrısız, ürək çırpıntılarsız baxmaq çətindir. Yazıçının yaratdığı qadın obrazları içərisində milli özünəməxsusluqları özündə ehtiva edən, təmiz əxlaqi, qız ləyaqəti, saf, məsum təbiəti ilə fərqlənən Gülnaz 1920-ci ilə qədərki azərbaycanlı qızların ümumiləşdirilmiş tipik surətlərindəndir.
“Aclar” (1916) əsərində müharibənin törətdiyi dəhşətlərə nifrətini bildirən müəllif insanların düşdüyü acınacaqlı həyat tərzinin mənzərəsini ustalıqla yaratmış, Züleyxa və Cəlilin, ananın ruhi sarsıntılarını ustalıqla açıb göstərə bilmişdir. Müharibə səhnələrini əks etdirməklə, onun törətdiyi dəhşətləri, ailənin başçısını itirmiş, çıxılmaz vəziyyətdə qalanların timsalında təkcə ictimai quruluş deyil, fəlakətlər, qanlar törədən müharibəyə nifrət də duyulur.
Hekayələrdə təsvir olunan müsbət obrazlarda mübarizlik yoxdur,fəal deyillər, arzularına çatmaqda çətinliklərə sinə gərməkdə zəiflik nümayiş etdirirlər. Lakin yazıçı onları elə təqdim edir ki, oxucuda surətlərə qarşı hüsn-rəğbət yaranır. Obrazlar gənclərdir, həm də kasıb təbəqənin, əməkçi insanların içərisindən çıxmış, məhrumiyyətlərə düçar olmuşlardır. Tənqid hədəfi dövr, ictimai quruluş, çar üsulu idarəsinin törətdiyi fitnə-fasadlar, özbaşınalıqlar, ictimai gerilik, cəhalət, insan hüquqlarının tapdalanması və s. məsələlərdir. Bu mənəvi çatlar ədibin 1920-ci ilədək yazdığı hekayələrinə xas olan cəhətlərdir.
“Kənddə, yaxud əcəl” (1916) hekayəsinin təsadüfən gündəlikdən götürülməsi fikrimizcə, yazıçının ədəbi priyomudur. Dövrü üçün diqqət çəkən, maraqlı süjet ətrafında qurulan hekayəyə tənqidi ruh hakimdir. Əsər boyu mətndə satirik ruh aparıcı mövqedən çıxış edir. Hekayənin məzmununa uyğun olaraq sərlövhə “təsadüfü əcəl” qoyulsaydı, daha münasib olardı. Məzmun bu ada çox uyğundur.
T.Şahbazinin söhbət açdığımız hekayələri ilə müqayisədə “Kənddə, yaxud əcəl”də həyata baxış, cəmiyyətin eybəcərliklərinə fəal münasibət daha səciyyəvidir. Həkim və məhkəmə işçisi molla Cəfərqulunun evində ölən Nabat arvadın qızı Gülsümün faciəsini araşdırmaq məqsədilə Quşbaş kəndinə gedir. Tağı Şahbazi kəndlərə Azadlı, Quşbaşı, kəndxudaya Əliqulam adlarını verməsi təsadüfi deyil. Bir kəndin gələcəyini azad görmək istəyilə Azadlı qoyub. Lakin nə qədər Quşbaşı kəndinin adamları Quş baş olacaqlarsa azadlıqdan danışmağa dəyməz. Mirzə də Quşbaşı kəndindəndır. Ev sahibi oğlunun Mirzəni belə təqdim etməsi onun hansı ağlın, hansı dərrakənin sahibi olmasından xəbər verir. Yazıçı oxucusunu inandırır ki, Quşbaşı kəndindən olan belə adamlar uzağa gedə bilməz və ilk andaca, danışığından onun hansı ağıla, dünyagörüşə malik olması müsahibinin beynini tez korşalaşdırır, sinirləri tarıma çəkilir.
Qara “rus” göynəyi geyən, başına da çox hündür olmayan bir sarı papaq qoyan, özünü elmli bir adama bənzədən, nitqinə bir çox ərəb və fars sözləri qatan Mirzə özünü oxumuş göstərmək istəsə də ilk təqdimdən geyimi, duruşu, danışığı ilə gülüş doğurur. Mirzə öz dili, hərəkət və davranış normalarına uyğunsuzluğu ilə tənqidə tuş gəlir, ona şəhərdən gələn qonaqlar istehza edir. Təkcə arabaçının Mirzəyə münasibəti fərqli düşüncədədir. Mirzə düşüncədə arabaçıdan uzağa gedən deyil, hər ikisi bir bezin qırağıdır. Adların gülüş doğuracaq təbiəti oxucuya çox mətləblərdən xəbər verir. Qonaqlar kəndxuda Əliqulunun evində çay içib yorğunluqlarını çıxdıqdan, Mirzə ilə söhbət edib törənən faciədən az-çox məlumatlandıqdan sonra yatmaq istərkən arabaçının evdən çixıb atının yanına gecələməyə getməsi cəmiyyətdə hökm sürən ağalar-qullar dünyası, bərabərsizlik, qara camaatın hüquqlarının tapdalanması, heyvana xas xüsusuiyyətlərə bərabər tutulması və s. məsələlər bizə o illərin ədəbiyyatından (A.Şaiq “Məktub yetişmədi”, C.Məmmədquluzadə “Qurbanəli bəy”, “Poçt qutusu”, “Quzu” və s.), M.Ə.Sabirin və başqa “Molla Nəsrəddin”çilərin yaradıcılığından tanışdır.
“Yoldaşım mənə:
- Baxın, bu bizim kəndin mühitidir, - dedi: - Bu Mirzə kəndli ziyalısı”... fikri arabaçının fikrilə birdir... O da kəndin mollasıdır, xalqın başını aldadıb “müalicə edir”. Arvadları gecələrlə yanında saxlayır, təsadüfən arvadlardan biri-ikisi ölürsə də heç kəs etiraz etməyir... Çünki hamısı “allahdan, əcəldəndir” - deyir...”.
Quşbaşı kəndliləri Molla Cəfərqulunun törətdiyi fitnə-fəsadlara baxmayaraq onun tutulmasını istəmirlər.
“- Biz mollamızı istəyirik, mollasız yaşaya bilmərik... Arvadın ölümü onun taqsırı deyildir, - deyirlər”. Budur, Quşbaşı kəndinin baş bilənlərinin ərz etmələri. Nadanlığa, cəhalətə cəngi altında, dəlicəsinə mübarizə gərəkdir ki, xalq bu saqqallı, ayağı çarıqlı, keçə papaqlılardan xilas olsun. Arabaçı da:
- Böyük bir səvab edərsiniz, camaat da yazıqdır, mollasız yaşaya bilməz, - deyir. Belə cəmiyyətdə arabaçı da, Mirzə də, kəndin “baş bilənləri” də eyni ağılda, bir düşüncədə olan insanlardır. Yazıçının tənqid hədəfı üsul-idarə, satiraya tutduğu motalpapaqlardır. Nadanlıq bu insanların içini qurdlu göbələk kimi elə hala salıb ki, kəndin mollası xalqın başını aldadıb “müalicə” edir. Dini xurafat əsrlərlə bu milləti qara yara kimi sağalmaz bəla olubdur.
“Şəkərəli çoban” (1915) novellavari bir hekayədir. “Sudçü qız”dakı Gülnazla Nabatın tale oxşarlıqları vardır. Hər ikisi sevdiklərinə qovuşa bilmirlər. Vüsala çatmaq üçün mübarizə də aparmırlar. Doğrudur, Əhməd Gülnazın qorxulu, baş kəsən bir nəfərə ərə verildiyini bilsə də heç bir tədbir görmür. Gülnazın sözləri ilə sakitləşir və bağdan şəhərə köçür. Şəkərəli isə Nabatdan ayrılarkən bu işi belə qoymaq olmaz, - deyir. Toy gecəsi kəndxudanın oğlu Heydəri öldürüb qaçır. Şəkərəli də istəklisinə qovuşa bilmədi. Ancaq, Əhməddən fərqli olaraq irəli addım atdı. Hekayədə 1920-ci illərə qədərki dövrdə Azərbaycan kəndlərindəki müsibətli hadisələr-qadın hüquqlarının tapdalanması, kobudcasına pozulması, nakam məhəbbətin, qaranlıq mühitin, bərabərsizliyin nəticəsi kimi ümumiləşdirilibdir.
Hekayələrindəki tipiklik, təbiilik, təsvir etdiyi surətlərin reallığı, onun həyata ayıq münasibətini təsdiqləyir. Ədibin müşahidə etdiyi tipik xarakterlərin xüsusiyyətlərinin zəif cəhətləri də üzə çıxır. Tağı Şahbazinin qəhrəmanları mübariz deyil, arzu və istəklərinə nail olmaq üçün heç bir iş görmürlər. Hadisələri təsvir etdikdən sonra qəhrəmanının acınacaqlı halına heyifşilənməklə öz işini bitmiş hesab edir. Mətnlərdə qadın obrazlarının namuslu, sədaqətli, təmiz, alicənab təqdim edilməsi də görünən tərəflərdəndir. Onlar həyatda sakit və yazıq, kiçik adamlardır. Xoşbəxtlikləri uğrunda mübarizə aparmaqda acizdirlər. Tənqid hədəfınə çevrilən isə yaşanan cəmiyyətdir. Çünki bu cəmiyyət Gülnazların, Nabatların mənliyini deyil, digər yaşıdlarının da hiss, istək və arzularını söndürmüş, sevinclərini göz yaşlarına çevirmişdir.
“Hürriyyət günəşi” (1917) əsəri janr etibarilə hekayənin tələblərinə cavab vermir, bir şagird dəftəri həcmindədir. “Seçilmiş əsərləri”nə (1960) daxi olmuş bu yazının sərlövhəsinin altından mötərizə arasında “yarımçıq fıkirlər” yazılmışdır. Bu da hekayənin yarımçıq qalmasını göstərir. Kiçik mətndə siyasi motivlər sətiraltı mənada verilmişdir. Qara buludla günəş şüasının qarşılaşması çar-üsuli idarəsinin devrilməsi, oktyabr inqilabının qələbəsi kimi başa düşülməlidir. Müəllif yeni hadisələri, inqilabı simvolik planda təsvir etmişdir.
“-Tağı Şahbazi Simurğ” monoqrafıyasının müəllifı A.İsmayılov “Hürriyyət günəşi”ni mənsur şeir kimi təqdim etməsi inandırıcı deyildir. Çünki əsər nə essenin, nə də mənsur şeirin tələblərinə cavab vermir.
Yığcam, realist, satirik hekayələr müəllifi T.Şahbazi 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra da bir-birinin ardınca dövrün ən aktual məsələlərinə həsr olunmuş “Qayçı” (1928), “Hacı Salman” (1928), “Aldanmış ümid” (1923), “Mirzə Badımcan” (1930), “Siyasət adamı” (1932) və s. kimi ümdə mövzularda hekayələr yazmışdır. Bu hekayələrdə ədib mənfı qəhrəmanına sarsıdıcı zərbə vurmaq məqsədilə kinayəli ləqəblərdən istifadə etmişdir. Bu ləqəblər təkcə personajı ifşa etmək məqsədi güdmür, həm də tipin daxili eybəcərliyini, mənəviyyatsızlığını təsdiqdə mühüm əhəmiyyət kəsb edir.
1920-ci ilə qədər yazdığı hekayələri göstərir ki, nasir kimi o ədəbiyyat tariximizdə özünəməxsus mövqeyi olan yazıçılardan biridir. Bir nasir kimi o mollanəsrəddinçilərə yaxın olmuş, onların realist satirik nəsr təcrübəsindən öyrənmiş, bu tipli hekayələr yazmağa müvəffəq olmuşdur.
Tarix: 10-07-2019, 13:25