AzMİU-nun yaradılmasının 50-ci ilində təntənəli Məzun günü keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ilini başa vurmuş tələbələrin Məzun günündə möhtəşəm mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, universitetin 50 illik yubileyinə təsadüf edən bu önəmli tədbir Bakı Kristal Zalında keçirilib. Mərasimdə universitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir AzMİU-nun Məzunlar Assosiasiyası, “Kristal Abşeron” və “Coca-Cola” şirkətlərinin dəstəyi ilə yüksək təşkilatçılıq səviyyəsində keçirilib. Zövqlü şəkildə hazırlanmış səhnə dekorasiyası, universitetin simvolları və 50 illik yubileyə həsr olunmuş vizual materiallar tədbirin təntənəli ovqatını tamamlayıb.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova məzunları, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişaf yolundan danışıb və universitetin ölkənin aparıcı ixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığını vurğulayıb. Rektor bildirib ki, 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib. Onlardan 2301 nəfəri adi əsaslarla, 70 nəfəri isə fərqlənmə diplomu ilə məzun olub. Həmin şəxslər sırasında 51 əcnəbi tələbə də yer alır ki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq imkanlarının göstəricisidir.
Bakalavriat səviyyəsini 1292 nəfər, magistratura pilləsini 631 tələbə başa vurub. Universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 499 məzunu isə bu gün ali və orta ixtisas təhsili səviyyəsində peşəkar inkişaf yoluna çıxır. Eyni zamanda, AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində bu il 6 tələbə məzun olub ki, onlardan 5-i Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli, çevik və beynəlxalqyönümlü təhsil strategiyasının uğurla reallaşdırıldığını təsdiqləyir.
Sonra elm və təhsil nazirinin müavini İdris İsayev və AzMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Nərman Topçubaşev çıxış edərək, məzunlara öz təbriklərini çatdırıblar, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Hər iki çıxışda AzMİU məzunlarının bilik və bacarıqlarının ölkəmizin gələcək inkişafı üçün əsas potensiallardan biri olduğu vurğulanıb.
Mərasimdə iştirak edən digər fəxri qonaqlar – Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov və digər rəsmi şəxslər məzunları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar AzMİU-nun yetişdirdiyi mühəndis, memar, dizayner və digər mütəxəssislərin Azərbaycanın sosial-iqtisadi inkişafında, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma proseslərində mühüm rol oynayacağını qeyd ediblər.
Tədbirin rəsmi hissəsində universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Həmçinin, təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı ilə seçilən məzunlar xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Rəsmi hissədən sonra gəncləri əyləncəli və yaddaqalan bədii-musiqili proqram təşkil olunub. Tanınmış aparıcılar Abbasağa Əlizadə və Elcan Rəhimov tədbirə xüsusi ab-hava bəxş edib. Sevilən ifaçılar Orxan Zeynallı, Mərdan Kazımov, eləcə də DJ Kamonun təqdimatında səsləndirilən populyar mahnılar məzunlara unudulmaz anlar yaşadıb.
Tədbirin kulminasiya nöqtəsi isə məzunların ənənəvi “papaqatma” mərasimi olub. Minlərlə papağın eyni anda havaya atılması universitetin tarixində simvolik bir səhifə kimi yadda qalıb və bu anlar foto və videoçəkilişlərlə əbədiləşdirilib.
Beləliklə, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən bu möhtəşəm Məzun günü təkcə bir tədris ilinin sonu deyil, həm də universitetin nailiyyətlərinin, onun yetişdirdiyi gənc nəsil mütəxəssislərin və gələcək uğurların təntənəli nümayişi kimi tarixə düşüb.
Tarix: Dünən, 23:40