Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Rəşid bəy Əfəndizadənin İstanbulda çap olunmuş dərsliyindəki "Meymun və çeşmək" təbdili haqqında

 

Nazim Nəsrəddinov,
Əməkdar müəllim, türkoloq

Əvvəlcə, "təbdil" sözünün lüğəvi mənasını araşdıraq. Ərəb mənşəli sözdür.
 (təbdil-.is. [ər.] köhn.
1. Dəyişmə, dəyişdirmə. Təbdil etmək - dəyişmək.
Havanın hər bir zərrəsi həmişə hərəkət edib yerini təbdil edər. H.Zərdabi. 
Təbdil olmaq - dəyişilmək, əvəz olunmaq.
İyirmi beş il bundan irəli qəzet haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır. F.Köçərli.
2. xüs. Mövzusu başqa əsərdən götürülüb yeni mühitə, yeni şəraitə uyğun şəkildə işlənmiş ədəbi əsər.
Bakı işçi teatrı [repertuar qıtlığını] ləğv etmək üçün, başlıca olaraq, tərcümə və təbdillərdən istifadə e.)
***
Rəşid bəy İsmayıl oğlu Əfəndizadə (24.05.1863,Şəki-31.08.1942,Şəki)
***
Məşhur rus şairi A.İ.Krılov  adı  rusca  "Martışki i oçki " (Meymun və çeşmək) olan əsərini 1812-ci ildə yazıb. Şeir rus dilində ilk dəfə  1815-ci ildə nəşr olunub.
Şeirin əsas ideyası avamlığın və elmsizliyin tənqididir.
Bu mövzu İ.A.Krılov üçün təzə deyildi. Avamlığın tənqidi İ.A.Krılovdan əvvəl də
dünya  ədəbiyyatının aparıcı mövzularından biri  olmuşdur. Adətən belə mövzular oxucuların yaddaşından uzun müddət silinmir, əsərdən çıxan nəticəni ifadə edən zərbi məsəllərə, atalar sözlərinə çevrilir. Məsələn, "Meymundan dülgər olmaz" deyəndə yadımıza dərhal "Kəlilə və Dimnə" əsərindən maraqlı  bir əhvalat düşür: dülgərin  ağac yarmağını uzaqdan gizli-gizli seyr edən Meymun  dülgər olmaq fikrinə düşür.
Dülgər iş yerindən bir neçə dəqiqə vacib işdən ötrü   aralananda Meymun  tələsə-tələsə onun gördüyü işi davam etdirmək istəyir.
O, dülgərdən fərqli olaraq, vurmaq istədiyi ağaca pazları səhv vurur. Ayaqlarını sallayaraq ikinci pazı vurmamış, birinci pazı çıxaranda yuxa yeri ağacın yarılmş yerində qalır. Meymunun bağırtısı  ətrafa yayılır. Dülğər gəlib Meymunu cəzalandırır.
İndi bir işi, sənəti bilmədən, ustalıq etmək istəyənlərə  ironiya ilə gülür, onlara elmi biliklərini və əməli vərdişlərini artırmaq tövsiyə olunur.
Həm İ.A.Krılovda, həm də ondan əvvəl yazılmış  nümunələrin  hamısında müəlliflər  həmişə  öz qəhrəmanlarının başının üstündə dayanırlar. Bu cəhətdən İ.A.Krılov da digərlərindən fərqlənmir.
İ.A Krılovun   "Meymun və çeşmək"   şeiri rus dilində  belədir:
  
Басня "Мартышка и очки " (1812)
 
Мартышка к старости слаба глазами стала;
А у людей она слыхала,
Что это зло еще не так большой руки:
Лишь стоит завести Очки.
*
Очков с полдюжины себе она достала;
Вертит Очками так и сяк:
То к темю их прижмет, то их на хвост нанижет,
То их понюхает, то их полижет;
*
Очки не действуют никак.
"Тьфу пропасть! - говорит она, - и тот дурак,
Кто слушает людских всех врак:
Всё про Очки лишь мне налгали;
*
А проку на-волос нет в них".
Мартышка тут с досады и с печали
О камень так хватила их,
Что только брызги засверкали.
*
К несчастью, то ж бывает у людей:
Как ни полезна вещь, - цены не зная ей,
Невежда про нее свой толк все к худу клонит;
А ежели невежда познатней,
*
Так он ее еще и гонит.
Мораль басни Мартышка и очки
 *
К несчастью, то ж бывает у людей:
Как ни полезна вещь, - цены не зная ей,
Невежда про нее свой толк все к худу клонит;
А ежели невежда познатней,
Так он ее еще и гонит.
 
***
R.Əfəndizadə bu şeiri ilk dəfə 1898-ci ildə İstanbulda nəşr etdirdiyi özünün "Uşaq bağçası" dərsliyinin 38-40-cı səhifələrində yerləşdirmişdir.
Haşiyə... "Uşaq bağçası" dərsliyi Azərbaycanın və türk dünyasının ilk milli dərsliklərindən biridir. Həcmi  137 səhifədir.  Əsər giriş və  3  fəqərədən  hissədən ibarətdir.  Dərslik "Müəllim  Rəşid bəy  Əfəndizadə"  imzalı 7  səhifəlik müqəd­di­mə ilə  başlayır. Birinci hissənin  materialları  25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən    nömrələnib (səh.1-78 ). Üçüncü  hissənin materialları 79-cu səhifədən başlayır, 105-ci səhifədə tamamlanır.
Sonuncu-nömrəsiz səhifədə  Zaqafqaziya müftisi  Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam  Axund Əbdüssəlam Axundzadənin hərəsinin  ayrı-ayrılıqda  bir  cümləlik  müsbət  rəyi-icazəsi çap olunub:
"Həmin kitabçanı  Zaqafqazın cəmi sünni­məzhəb  müsəlmanlarının  məktəblərində ümxaz (istifadə-N.N.)    olunmağa nafe (faydalı-N.N.­) hesab edib imza edirəm.
Zaqafqaz müftisi Hüseyn Əfəndi Qayıbov"
***
“Həmin kitabçanı cəmi şiə məzhəb müsəlmanlarının ibtidai məkatibində şagirdlərin istifadəsi üçün təlim kitabı əxz (əldə  etmə, alma-N.N.)  olunmağa mənfəətlü hesab edirəm.
Zaqafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadə”
***
“Dərslikdə əxlaq və tərbiyə mövzusunda olan bir sıra materiallarla yanaşı, məktəb­yaşlı uşaqların mütaliəsinə yönəldilmiş tər­cümə və təbdillər də diqqəti cəlb edir.   Bu cəhətdən  “Məktəbə çağırış” adlı şeir çox maraqlı görünür. Bu şeir məşhur rus pedaqoqu   K.D.Uşinskinin  “Ana dili”  dərsliyindəndir. Müəllifi  K.D.Uşinskinin yaxın dostu, görkəmli təhsil mütəxəssisi, təcrübəli    pedaqoq, Zaqafqaziyanın təhsil tarixində əhəmiyyət­li rol oyna­yan L.N.Modzalevskidir  (14.02.1837-  12.05.1896).
L.N.Modzalevskinin öz dərsliklərdə dəfələrlə yer tutan bu ibrətamiz şeiri  H.Qaracadaği də, R.Əfəndizadə də, M.Ə.Sabir də tərcümə və təbdil etmişlər.
***
“Uşaq bağçası”ndakı tərcümə və təbdillərin heç birində  müəllifin adı göstərilmir. Bu, çox güman ki, orta əsrlərdən başlayan tərcümə prinsipləri ilə ilgili məsələdir. Burada plagiat məsələsindən danışmaq da yersiz görünür.
Tərcümə prinsiplərinin müqayisə etmək baxımından  maraqlı ola biləcəyini nəzərə alaraq, kitabda  Rəşid bəy Əfəndizadənin tərcüməsi kimi fəhm olunan  "Meymun və çeşmək"  şeirini diqqətinizə çatdırırıq.
Qeyd edək ki, R.Əfəndizadənin Seçilmiş əsərlərində (Bakı, 2006) bu şeirin tər­cüməsində  bir sıra fərqli məqamlar var.
Seçilmiş əsərlərin gələcək nəşrlərində bu dolaşıqlar mütləq açılmalıdır. Buradakı yanlışlıqların çoxu ayrı-ayrı şeirlərin yazılma tarixinin səhv göstərilməsindədir.
Nə isə...
 
Rəşid bəy Əfəndizadənin tərcüməsi-"Meymun və çeşmək"-1898
 
Lap qocalmışdı bir günü Meymun,
Həm azalmışdı nuri-çeşmi onun.
 
O eşitmişdi belə dərdə dəva,
Yoxdu bir şeyi, məgər ki, çeşmək ala.
 
Bir düjün çeşmək o gedib aldı,
Özünü gör nə zəhmətə saldı.
 
Onları gah düzürdü quyruğuna,
Hərəsin ki, asırdı bir buğuna.
 
Yalayıtdı ki, əlliyirdi (səğallayırdı-N.N.) onu,
Axırı təngə gətirdi Meymunu.
 
Qaldı meymun məlul, bidərman,
Dedi: Çox hiyləgərdir insan!!
 
Tuf! Bu dünyanın etibarına,
Lənət olsun onun düçarına.
 
Çeşməyin yoxdur xeyri bir misqal,
Götürüb daşa çaldı o dərhal.
 
Elədi parə-parə onları,
Qaldı baqi bunun o azarı.
 
Çeşmək almaq çətin degil hər hal,
Müşkili eləməkdir istemal.
***
Hər iki şeirin qafiyələnməsi aa, bb, dd, ee... kimidir. İ.A.Krılovda misraların
sayı 32-dir. Azərbaycan variantında misralar məsnəvi düzümündə verilmişdir. Burada fikir bəzi beytlərdə bitməmiş, sonrakı beytdə tamamlanmışdır.
R.Əfəndizadə demək istədiyi fikirləri 10 beytlik-20 misralıq qəlibə yerləşdirmişdir. Burada təmsillər üçün lazım olan nəticə  hissəsinə də lüzum görülməmişdir.
Amma hər iki şeirdən çıxan nəticə budur ki,  Rəşid bəy Əfəndizadəyə  və onun gənc dostlarına həmişə qayğı göstərən 1882-ci ildə   ilk türkdilli milli dərsliklərimizi Tiflisdə  öz şəxsi mətbəəsində ərsəyə gətirən Səid Ünsizadə (1842-1903) demişkən, indi dünyanın gücü zər və sor  ilə yox, elmlədir.
Onu da xüsusilə qeyd etmək istəyirəm ki, R.Əfəndizadə "Meymun və çeşmək" şeirini dərsliyində  bir silsilənin üç halqasından biri kimi  təqdim etmişdir. Burada əvvəlcə  "Çeşmək" adlı nəsrlə yazılmış   kiçik bir hekayə verilmişdir. Bu hekayə bir vaxtlar Azərbaycan dili dərsliklərində şagirdlərə təqdim olunurdu.
Mənə elə gəlir ki, bu nəsr əsəri elmi və məntiqi dəyərinə görə yenidən dərsliklərimizə yol tapmalıdır.
Bu hekayədən sonra müəllif sanki sözlə deyə bilmədiyini sazla deyir. Dərslikdə şagirdlərə məzkur şeir-haqqında söz açılan şeir təqdim olunur. Silsilə "Uşaq gözlüyü" adlı  üç sətirlik  bir mətnlə qurtarır:
Bir uşaq atasına yalvardı ki, ağa, mənə də bir çeşmək al. Sənin kimi mən də çeşmək taxub, oxumağa və yazmağa məşğul olacağam.
Atası gedib oğluna əlifba kitabçası aldı.
 
 


Tarix: 12-06-2019, 12:50

Xəbəri paylaş