Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan ədəbi dili Nəsimi poeziyasında

 
Maarifə Hacıyeva, 
filologiya elmləri doktoru, professor   

XVI əsr Azərbaycan poeziyasının görkəmli təmsilçilərindən biri olan Seyid İmadəddin Nəsimi (1369-1417) təxminən beş min misradan artıq farsca divan yaratsa da, ərəbcə şeirlər yazsa da böyük üstünlüyü doğma ana dilinə - Azərbaycan dilinə vermiş, bu dildə on iki min misralıq bir divan qoyub getmişdir ki, biz onun anadilli poeziyasını araşdırarkən, belə qənaətə gəldik ki, Azərbaycan dilində fəlsəfi poeziyanın banisi olan bu böyük filosof şairin şeirlərinin əsas mənbələrindən biri də dövrün canlı danışıq dili və şifahi ədəbi dil olan folklor dilidir. O, yazdığı qəzəl, qəsidə, müstəzad, rübai, məsnəviləri, tərci­bənd, məs­nəvi, tiyuq­ları ilə XIV əsrdə doğma ana dilini ədəbi dil səviyyəsinə yüksəltmişdir.
Seyid İmadəddin Nəsiminin anadilli şeirlərinin leksikonunda ərəb-fars söz və söz birləşmələrinin çoxluğuna baxmayaraq, şeirlərin dilinin əsasında dövrün Azərbaycan dili durur. Onun şeirlərinə dövrün danışıq dili və yerli dialekt torpaq münbitliyi gətirir. Bunu şairin poeziyasındakı saysız-hesabsız nümunələrdən görmək olar:
«Afərin olsun Nigarın zülfü ilə qaşına,
Gər macal bulsam həbibin çevriləydim başına».
 
«Eşqə əlac istəmə, dərdinə səbr eylə».
«Dilbər əlində aşiqin qətli nədən haram ola,
Aşiqə çün həlal edər vəslini qan bahasına».
 
«Ey bana mişkin saçından könlüyü qurtar deyən,
Qanğı cafildir səlasildən çözər divanəsi».
 
«Xırmanında hüsnünün gündür başaqçı ay ilə,
Utan, ey nisbət qılan, qaşi-hilali dasinə».
 
«Çün Nəsimi susamış qanına yarın ləbi,
Noldu, ey münkir, sana kim, qaynadı qanın yenə».
 
«Hər kim sənə deməzsə, rəhman sifətli həqsən,
İtirmiş ol qara gün həqq ilə həqşünası».
 
«Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?
Mərhaba, xoş gəldin, ey xırda dəhanım, mərhaba!»
 
Şeir nümunələrindəki «macal», «əlac», «çevriləydim başına», «qan bahasına», «çözmək», «xırman», «qanı qaynamaq», «qara gün», «xırda» kimi söz və ifadələr bu gün də canlı danışıq dilində və dialektlərdə işlənən söz və ifadələrdir.
Seyid İmadəddin Nəsimi əsərlərinin dilini xalq arasında işlənən mənalı ifadələr hesabına zənginləşdirmək üçün şifahi ədəbi dil olan folklordakı atalar sözləri, məsəllər, ideomatik ifadələr kimi canlı xalq danışıq dilindəki ədəbi qaynaqları şeirlərinin dilinə gətirərək, XIV əsr poeziyasındakı milli zəmini genişləndirmişdir. Nəsimi  şeirlərində rast gəldiyimiz «gözdən iraq», «ayağının tozu», «evi yıxılmış», «ömür çürütmək, «ayağı düşmək», «qönçə ağızlı», «çək dilini», «gül olmaz dikənsiz», «bir pula dəyməz kainat» kimi ifadələr onu göstərir ki, şairin yazdığı şeir nümunələri sağlam ana dili bünövrəsi üzərində yaranmışdır.
Bu cəhəti yüksək qiymətləndirən xalq yazıçısı, akademik Mirzə İbrahimov  «Dilimizin inkişaf yolları haqqında» adlı məqaləsində yazırdı: «Bizcə, «Dədə Qorqud»dan sonra Azərbaycan dilinin inkişafındakı xüsusi mərhələni Nəsimi dövrü adlandırmaq olar. Nəsimi Azərbaycan dilini əsərinin qabaqcıl fikir və arzularını ifadə edən yüksək bir dil səviyyəsinə qaldırdı. Nəsimi dilimizi ideallar uğrunda mübarizə dilinə, təbliğat və təşviqat dilinə çevirdi. Nəsimi öz fəlsəfəsi və təfəkkürü ilə əlaqədar olaraq, dilimizin çərçivəsini xeyli genişləndirdi. Ona tamamilə yeni təşbihlər, ifadələr, fikirlər gətirdi (bax: M.İbrahimov «Azərbaycan dili» məqalələr. Bakı, 1957, səh. 10-11).
M.İbrahimov Nəsimidə dilin məna və fikirlə üzvi bağlılığının olduğunu xüsusi vur­ğulayaraq yazır: «Bəzən Nəsimini anlamaq çətinliyi onun dilinin qəlizliyindən deyil, ifadə etdiyi fəlsəfi fikirləri dərk etmək üçün müəyyən tarixi, elmi, fəlsəfi hazırlığın yoxluğundan irəli gəlir» (bax: M.İbrahimov. Adı keçən əsər, səh. 11).
Mirzə İbrahimov elə həmin məqalədə Nəsiminin «Məst» rədifli şeirini misal gətirərək yazır ki, «Nəsiminin özünəməxsus sözləri, ifadələri və istilahları vardır». «Bəzmi-əzəl», «şərabi-cüz», «rindü-qəllaş» və sairə yalnız ifadələr və sözlər deyil, eyni zamanda o dövrdəki əqidələr, təriqətlər mübarizəsi ilə bağlı olan və xüsusi şərh tələb edən fəlsəfi istilahlardır» (yenə orada, səh. 11).
Professor Əlyar Səfərli də «Qədim və orta əsr Azərbaycan ədəbiyyatı» adlı kitabında bu cəhəti xüsusi vurğulayaraq yazır: «Nəsiminin bir sıra şeirlərinin dili ağır olsa da, dünyəvi şeirlərinin dili sadə və aydındır. O, sufi və hürufi şeirlərində rəmz və istilahlardan çox faydalanır, öz cəsarətli fikirlərini açıq-aşkar ifadə  etməkdən çəkinmir. Məsələn:
Qəlbimizdir surətin, əlhəmdülillah, ey nigar,
Ta əbəd iyyakə məbuddur, cəmalın nəstəni.
Bu beytdə Nəsimi «iyyakə məbudu, min cəmalikə nəstə iynu» («Ancaq sənə pərəstiş edirik, sənin gözəlliyinə sığınırıq, kömək istəyirik») ifadəsini Qurandan iqtibas edərək, insanın üzünü qiblə sayır, yalnız onun gözəlliyinə pərəstiş etdiyini bildirir.
Deməli, Qurandan ayə gətirməklə insan gözəlliyinə bəraət qazandırır, Quranın ayə və surələrinin daxili mənasını şərh edib xalqa çatdırmağı qarşıya qoyan hürufilər kimi Nəsimi də bundan öz ideallarının ifadəsi üçün faydalanır. Quranın ayə və surələrindən istifadə etməklə insanın əqli və mənəvi sərbəstliyinə tərəfdar çıxır» (bax: Ə.Səfərli, X.Yusifov. «Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı». Bakı: Maarif, 1982, səh. 199).
Məlumdur ki, Azərbaycan yazılı ədəbi dilinin XIV əsrdə təkamülü, inkişafı Həsənoğlu, Qazi Əhməd Burhanəddin, İmaməddin Nəsimi poeziyasında görünməyə başladı. Azərbaycan şeirinin doğma ana dilində olan ilkin nümunələrini Nəsimidən əvvəl yaşamış Həsənoğlu və Qazi Bürhanəddin poeziyasında görünsə də, şeirimizin daha mükəmməl nümunələri Nəsimi şeirlərində görünməkdədir. Nəsimi poeziyasının zənginləşməsində dövrün şifahi ədəbi dili və xalq arasında yayılmış atalar sözü, nağıl, əfsanə, bayatı, alqış, qarğış, tapmaca, lətifə kimi folklor janrları böyük rol oynamışdır. Çünki bu nümunələrdə şifahi ədəbi dil saflığını daha çox mühafizə etmişdir.
Şifahi ədəbi dildən yazılı dilə köçürülən saf dil Nəsimi poeziyasını ədəbi dil səviy­yəsinə yüksəltmişdir. Bunun üçün bir neçə poetik misraya diqqət etmək kifayətdir:
«Dəgməz bana bir pula cahan varlığı ilə».
«Qan bahasız necə qan etmək dilərsən, etməgil».
«Həm ol zaman ki, seçildi qarası ağından».
«Aşiq ol, meydana gir, kim, 
                               top ilə qovkan budur».
«Çıxdı içimdən tütün, çərxi boyadı bütün».
 
«Çıxır rənbə qulağından, gözün aç,
Ki, həşr olduvü qalında bu gün sur».
 
Sonuncu misra Hüseyn Arif poeziyasında bu şəkildə səslənir:
Yaxşı ki, həsrətin tüstüsü yoxdur,
Göz-gözü görməzdi duman içində.
Nümunələrdən də göründüyü kimi xalq arasında bu gün də canlı danışıq dilində işlənən «cahan bir pula dəyməz», «qan bahası», «gül tikansız olmaz», «qan etmək» (qan salmaq), «qaranı ağdan seçmək», «top çovkan oyunu», «meydana girmək», qulağından pambığı çıxart», «gözünü aç» kimi ifadələr Nəsimi şeirinin dilini günümüzün canlı xalq danışıq dilinə və yazılı ədəbi dilinə bağlayır.
Nəsimi şeirlərini münbit anadilli torpağa bağlayan bir cəhət də onun şeirlərində xalq arasında işlək olan əsl Azərbaycan sözlərinin öz əksini tapmasıdır: söz, qan, gün, yol, ana, ata, ağac, qaş, göz, dil, gün, günəş, saç, yoxsul, matəm, baş, ayaq, macal, yolçu, dodaq, şəkər, qənd, qara, ağ, göy, yas, eşik, acı kimi müasir Azərbaycan dilində işlənən yüzlərlə söz.
«Qanımı tökdü gözün hər ləhzə bir sövda ilən».
«Çək dilini və əbsəm ol, mən bu cahana
                                             sığmazam».
 
«Əgər ayağına düşmək macalım olaydı,
Dəxi götürməz idim baş anın ayağından».
 
«Bay ilə yoxsul mənəm, yolçu ilə yol mənəm».
«Dodağın qəndinə şəkər dedilər».
«Qaradır geydiki ya gök həmişə zahidin, ya rəb,
Nə matəm düşmüş ana kim, tükənməz 
                                         hiç anın yasi».
Seyid İmadəddin Nəsiminin canlı xalq dilinə bağlılığı şeirlərində xalq oyunlarının, xalqın mənşəyini ifadə edən adət-ənənələrin, bayramların, xalq musiqisinin adlarının poetik ifadəsində də görünür. Şeirlərində xalqın məişət mərasimlərindən, bayram və idman oyunlarından tutmuş xalq ədəbiyyatının geniş yayılmış formalarına qədər qiymətli ata-baba yadigarlarının nümunələri saysız-hesabsızdır. Qız gəlin gedərkən qarşısında üzərlik  yandırılması, toy və yas saxlamaq adəti, top və çovkan oyunu kimi çeşid-çeşid xalq ifadə və oyununun bədii əksi onun əsərlərindəki xəlqiliyin bədii ifadəsidir. Nəsiminin Azərbaycan muğamının adlarını ifadə edən dərin təhlilə layiq aşağıdakı qəzəlinə diqqət etmək kifayətdir.
Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,
Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz.
 
«Üşşaq» meyindən qılalı işrəti- «Novruz»,
Ta «Rast» gələ Çəngi-Hüseynidə sərəfraz.
 
Ba «Çargahi» lütf qıl, ey hüsnü «Büzürki»,
«Kuçik» dəhənindən bizə, ey dilbəri - 
                                               «Tənnaz».
 
«Zəngulə» sifət nalə qılam zar «Segaha»,
Çün əzmi - «Hicaz» eyləyə məhbubi - xoşavaz.
 
Ahəngi - «Sifahan» qılır ol nami - «Əraqi»,
«Rəhavi» yolunda yenə canım qıla pərvaz.
 
Könlümü  «Hisar» eylədi ol ruhi - «Mübarğə»,
Gəl olma «Müxalif» bizə, ey dilbəri - 
                                               «Şəhnaz».
 
Çun «Şurə» gəlib eşq sözün qıla Nəsimi,
Şövqündən anın cuşa gəlir Sədiyi-Şiraz.
                      (Əsərləri. Bakı, 1976, səh. 73).
Nəsiminin şeirlərinin dili və şeirlərindəki poetik düşüncələr böyük mülahizələrə səbəb olduğu üçün, XIV əsr ədəbi dilinin özünəxas xüsusiyyətləri ilə şərh edilmişdir.
İmadəddin Nəsiminin «Söz» rədifli şeiri dövrün ədəbi dili  baxımından şərh edilərsə, şeirdə elə şairin ədəbi dil haqqındakı mülahizələrini də görmək olar. Çünki bu şeirində şair özü həm filoloq, həm də filosof kimi mühakimə yürüdərək, özünün sözə olan fəlsəfi baxışlarını və ədəbi dillə bağlı  təsəvvürünü ifadə edir.
Nazilü münzil anla kim, birdir,
Kəndi kəndüyə tərcümandır söz.
Söz «nazilü münzil» üçün (göndərildiyi üçün) «kəndi kəndüyə» (özü-özünə tər­cümandır. Sözün hədd-hüdudu yoxdur. O,  binişandır, mücərrəd varlıqdır:
Tulü ərz ilə ümqü bulunmaz,
Yəni bihəddü binişandır söz.
Söz «riagandır» yəni əvəzsiz bir qüvvədir. O, «qeyri-məxluqdur», yəni yaradılmamışdır.  Söz «çar ünsür, nöh asimandır», yəni göyün qatlarına və dörd ünsürə (od, su, torpaq, hava) bərabərdir. Nəsimiyə görə söz ilkindir, xəzinədir - «könüldə kandır», onun hədd-hüdudu yoxdur, onun varlığına şübhə etmək olmaz. Odur ki,
Aqil isən, sözünü müxtəsər et,
Ey Nəsimi, çü bigirandır söz.
Yəni, ey Nəsimi, ağıllısansa, sözə hörmət edib, sözünü müxtəsər et, çünki söz sonsuzdur.
Sözün ülviliyi, hörmətini uca tutmaq gərəkliyini, sözün mənasının tükənməz olduğunu Nəsimi aşağıdakı beytlərində də ifadə edir:
 
«Ey Nəsimi, gər sözün mənası bişayan deyil,
Neyçün irməz kimsənin əqli onun payinə?»
 
«Hər kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq».
İlk beytdə Nəsimi sözün mənasının sonsuz olduğunu söyləyir. Əgər belə deyilsə, o zaman niyə heç kimin ağlı onun sonuna çatmır. İkinci beytdən isə aydın olur ki, hürufilik təriqətinin xüsusiyyətlərini, təriqətdə sözlərin gizli mənalarını bilməyənlər üçün Nəsiminin sözü anlaşılmaz olacaqdır. Çünki söz fikrin gerçəkliyidir.
Göründüyü kimi, Nəsimi  ölməz qəzəl, qəsidə, məsnəvi və rübailəri, tuyuğ, tərcibənd, müstəzad, müləmmaları ilə XIV əsrin sonlarında ana dilimizi poeziyanın ədəbi dili səviy­yəsinə yüksəltmişdir, ana dilimizdə fəlsəfi poeziyanın ölməz bədii nümunələrini yaradaraq bu poeziyanın banisi səviyyəsinə ucalmışdır.
Doğru söyləmişlər ki, elmin vətəni yoxdur, amma alimin vətəni var. Müdrik filosof şairimiz Seyid İmadəddin Nəsiminin vətəni Azərbaycandır. Doğulduğu yer Şamaxı diyarıdır. Ancaq onun fəlsəfi düşüncələri ehtiva edən elmi, müdrik kəlamları bütün dünyanı gəzib-dolaşmaqdadır.


Tarix: 12-06-2019, 12:33

Xəbəri paylaş