İbrahim bəy Musabəyovun bədii nəsri
Solmaz HƏYATOVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru, dosent
XX əsrin əvvəllərində yazıb-yaratmış, dövrünün nasirləri içərisində öz mövzusu, bədii tipləri, şirin və duzlu təhkiyəsi ilə seçilən ədiblərdən biri İbrahim bəy Mehdibəy oğlu Musabəyovdur. İ.Musabəyovun yaradıcılığı ədəbiyyatşünaslıq baxımından əsasən 1920-ci ildən sonra öyrənilməyə başlamışdır. Yaradıcılığı xüsusi tədqiqat obyekti olmasa da onun haqqında Cəfər Xəndanın, Əli Sultanlının, Mir Cəlalın, Kamran Məmmədovun tədqiqatlarında elmi və dəyərli fikirlərə rast gəlinir. Ədəbiyyatşünaslarımızdan Abbas Zamanov, Abuzər İsmayılov müxtəlif illərdə yazıçının bir sıra povest və hekayələrini nəşr etdirmişlər.
1911-ci ildən pedaqoji fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da ciddi məşğul olmağa başlayan İbrahim bəy Musabəyovun bir sıra tərcümə və nəsr əsərləri vardır. Yazıçı Azərbaycanın müxtəlif rayonlarında müəllimlik etdikdən sonra 1911-ci ildə Bakıya köçür. Bakıda yaşadığı illərdə yazıçı B.N.Polevoyun “İki dost, iki yol” hekayəsini təbdil edir (1913), “Xoşbəxtlər” (1913), “Cəhalət fədailəri” (1914), “Gözəllərin vəfası” (1914), məşhur “Neft və milyonlar səltənətində” (1917) və s. əsərlərini çap etdirir.
Ədibin bədii yaradıcılığında “Məktəb” (1913) jurnalının əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Bu jurnalın səhifələrində “Çay”, “Rəhimli arvad”, “Rzanın qutusu”, rus yazıçısı V.Q.Korolenkodan təbdil etdiyi “Kor və onun yoldaşı” kimi kiçikhəcmli hekayələrini çap etdirmişdir. 1915-ci ildə o, “Üç hekayə” adlı kitab nəşr etdirmişdir. Bu kitabda “Prins Eduard Xams” kimi təbdil və tərcümələri toplanmışdır.
Vaxtilə Ukraynanın Krım vilayətinin Simferopol şəhərindəki partiya arxivində tədqiqat aparılan zaman ədibin həyatı ilə əlaqədar bəzi sənədlər tapılmışdır.
Həmin sənədlərə əsaslanaraq deyə bilərik ki, İ.Musabəyov dövrünün ictimai-siyasi hadisələrindən kənarda qalmamışdır. Fevral inqilabı ərəfəsində Bakıda baş verən ümumtətil günlərində Bakıda Balaxanı, Bibiheybətdə yerləşən neft mədənlərinə getmiş, müəllim və yazıçı fəhlə həyatı ilə yaxından tanış olmuşdur. Orada aldığı təəssüratları qələmə almışdır. Arxiv sənədlərindən məlum olur ki, İ.Musabəyov görkəmli dövlət xadimi N.Nərimanovla dostluq etmişdir. İ.Musabəyovun fəaliyyəti ilə bağlı olan bir məsələni də qeyd etmək lazımdır ki, o, 1918-ci ilin yanvar ayında Rəşt şəhərinə getmiş, burada rus dili müəllimi kimi çalışmışdır. Ədib Rəştdə yerləşən çar ordusu hissələrində siyasi təbliğat apardığı üçün həbs edilərək İranın Qəzvin şəhərində saxlanılmışdır.
1919-cu ildə may ayında həbsxanada yanğın baş verir və İbrahim bəy Rusiyaya gəlir. Ədib, 1920-ci il aprel ayının 15-də Krasnodar şəhərində partiya sıralarına daxil olur. Şərq dillərini (fars, ərəb, türk) mükəmməl bildiyi üçün həmin ildə Türkiyənin Traprzund şəhəri məlumat bürosunda tərcüməçi işləyir.
İ.Musabəyov özünü bacarıqlı diplomatik işçi kimi göstərir.
İ.Musabəyov Krımda kino sahəsində də işləyir. 1936-cı ildə qızı Zemfira xanıma göndərdiyi məktubdan aydın olur ki, burada da yaradıcılığını davam etdirmiş, iki kinossenari yazmışdır.
İ.Musabəyov xalq düşməni kimi həbs olunmuş, 1942-ci il sentyabrın 14-də sürgün yerində Karaqanda şəhərində quru plevrit xəstəliyindən vəfat etmişdir.
Maarifpərvər yazıçı İ.Musabəyov ilk əsərlərindən etibarən Azərbaycan ədəbiyyatının qabaqcıl ənənələrini təbliğ etmişdir. Ədibin “Xoşbəxtlər” əsəri bu cəhətdən çox səciyyəvidir. Povest ailə-məişət mövzusunda olub azad sevgi ideyalarını əks etdirir. Doğrudur, povestin süjeti ədəbiyyatda yeni deyildir, lakin professor Abbas Zamanovun yazdığı kimi “... Bu mövzu zəmanəsi üçün o qədər aktual idi ki, İ.Musabəyovun əsərləri oxucu üçün artıq və əhəmiyyətsiz görünə bilməzdi”. Əsər sadə bir süjet əsasında qurulub. Dövlətli Rəsul kişi öz yeganə oğlu Aslanı evləndirmək istəyir. Lakin bir dəfə də olsun bu barədə oğlu ilə danışmamışdır. Atanın qəti fikri belədir ki, belə məsələlərdə övladın rəyi ilə razılaşmamaq da olar. Elə buradan povestin ideya motivi başlanır, sonrakı hadisələrlə açılır və həllini tapır. İ.Musabəyov bir-birini sevən iki gəncin qovuşmasına mane olan feodal-patriarxal adətlərin insanların həyatına gətirdiyi çətinlikləri özünəməxsus bir şəkildə tənqid etmiş, bu adətlərə qarşı əsas qəhrəmanlarının istək və meyillərini qoymuşdur.
Burada oğlanın adı Aslan, qızın adı Cahandır. Ancaq burada valideynlər mülayim və gözüaçıq deyildir, cahil və köhnəpərəst adamlardır. Bunların arasında nəsil ədavəti, qan davası vardır. Məhəmməd kişi Cahan xanımı qızın istəmədiyi bir adama ərə vermək istəyir. Qız qorxa-qorxa olsa da öz haqqını tələb edir:
“- Atacığım! Yadındadır, bir gün mənə dedin ki, qızım, sənin inəyini istəyən var, satım, ya yox? Yadındadırmı?”
– Yadımdadır bala, söylə görüm nə demək istəyirsən? (Məhəmməd kişi öylə hesab edirdi ki, Cahan ona bir əhvalat söyləyəcək).
– Atacığım! Məgər Allah məni inəkdən də alçaqmı yaradıb? İnəyi satanda məndən sordun, bəs bu gün mənim özümü satanda nə üçün məndən sormadın ki, qızım, səni satıram, razısanmı?”
– Qızın bu cəsarəti atanı qəzəbləndirir:
“- Qələt eləmə! Sən qanan iş deyil bu! Sən mənim üzümə ağ olursan. And olsun Allaha, səni bu saat öldürərəm”
Aslanın da valideyni belədir. Deməli, burada azad sevgiyə, eləcə də “xoşbəxtliy”ə imkan yoxdur. Mühit gənclərin ziddinədir. Onlar gərək ailələrindən əl çəkib, ata-analarının üzünə durub el içində rüsvay olalar, yaxud da qəlblərində doğan məhəbbətdən əl çəkələr.
Belə bir vəziyyət qarşısında dayanan gənclərə “xoşbəxtlik ilə yanaşı, bədbəxtlik də üz verir ki, o da şəhərə düşən vəba xəstəliyidir. Qızın atası bu xəstəlikdən ölür. Qardaşını isə Aslan xilas edir. Nəticədə ədavət hissi ortadan qalxır, Aslan ilə Cahana təntənəli bir toy olur.
Həmin adətlər, əxlaq normaları nə qədər nüfuzlu olsa da, köhnədir, onlara qarşı həyatda güclü bir etiraz vardır; insanın bədii istək və meyilləri artıq bu normalara sığmır. İ.Musabəyovun maarifçi realizminin ideya motivlərindən biri məhz bundan ibarətdir. Yazıçı bu ideyanı bəzən birbaşa qəhrəmanın monoloqu vasitəsi ilə ifadə edir.
Atanın tam əksini düşünən Aslan savadsız olmasına baxmayaraq, gözüaçıq cavanlardandır. O, azad, hiss, düşüncə sahibi kimi həyat və şəxsi səadət məsələləri üzərində düşünür. Aslan müəllif ideyasının əsas ifadə vasitəsidir; o, bu ideyanı yalnız şəxsi taleyi, vəziyyəti ilə yox, həm də görüşləri, qənaətləri ilə də ifadə edir.
Gənc nəslin taleyi, həyat arzuları onu dərindən düşündürürdü, məhz ona görə ədib əsərində irəli sürdüyü ideyanı dönə-dönə davam etdirir, həyatın başqa fonunda onu ifadə etməyə çalışır. Bu cəhətdən “Cəhalət fədailəri” əsəri daha çox diqqətəlayiqdir. Əsər müsbət qəhrəmanların məhvi ilə bitsə də o, elmə, biliyə, maarifə qüvvətli çağırış pafosu ilə aşılanmışdır. İ.Musabəyov Mina və Rəşidin faciəli ölümünü onların məğlubiyyəti kimi yox, onların mənəvi qələbəsi kimi verməyə çalışmışdır. Bu ölüm yazıçının, geriliyə, köhnəliyə etirazının bədii ifadəsidir. Ədib öz humanist arzularını bütün əsər boyu qəhrəmanlarının dili ilə tərənnüm etmişdir.
“Cəhalət fədailəri”ndən sonra ədib “Gözəllərin vəfası” əsərini qələmə almışdır. Birinci əsərə nisbətən bu əsər mövzu etibarı ilə bir qədər məhduddur. “Gözəllərin vəfası” əsərində sevgi macəraları, onların fikir və ideallarını daha qabarıq təsvir edirsə, ikinci də o, hadisələri xalis məişət planında qələmə almaqla kifayətlənmişdir. “Cəhalət fədailəri”ndə müəllif qəhrəmanların hiss və düşüncələrini çox yüksək sənətkarlıqla əks etdirmişdir. Bu əsər forma, məzmun və üslub cəhətdən Azərbaycanda lirik səpgili nəsrin uğurlu bir nümunəsidir. Müəllif eşq, məhəbbət səhnələrini hiss-təhkiyə ilə təsvir edir. Məlum olduğu kimi Azərbaycan professional bədii nəsrin ilk nümunələrində ictimai problem və psixologiyanın təsviri daha qabarıq idi. Mənəvi aləmin, ailə - məişət gerçəkliyinin inikası nəsrimizin sonrakı mərhələləri üçün də xarakterikdir.
“Cəhalət fədailəri”ndə iki məktəbli arasında davam və inkişaf edən, sonradan ictimai həyat səhnəsində keçən maraqlı və faciəli bir əhvalatı təsvir edən yazıçı, Rəşid, Rəhim adlı yoxsul bir kişinin oğludur. Rəhim özü avam olsa da, elmin, maarifin qədrini bilən adamdır. Ona görə də ən zəruri ehtiyaclara dözən oğlu Rəşidi oxudur. Rəşid orta təhsillə kifayətlənmir. Tibb İnstitutunu bitirdikdən sonra vətənində xəstəxana açır, vətəninə, millətinə xidmətinə çalışır, kasıbları pulsuz müalicə edir, ictimai-faydalı işlərdə iştirak edir. Rəşidin sevgilisi Mina da eyni tale sahibidir. O, müəllimlik məktəbini bitirmişdir. Yoxsul uşaqları pulsuz oxudur. Bunların ataları da gənclərin azad sevgisinə mane olmur, əksinə şad olub kömək edirlər. Buna görə də Rəşid ilə Mina xoşbəxt həyat qurur və məsud yaşayırlar.
Müəllifin dediyi kimi “dünyada heç bir şey badi olmadığından, bu cavanların xoşbəxtlikləri də uzun müddət çəkmədi”. Vaxtilə Minanı sevən, indi isə Rəşidin səadətinə paxıllıq edən tacir Abbasəlinin oğlu Rəhim tapança ilə gənclərin hər ikisini vurub öldürür, ailələrin və bütün kəndin sevincini matəmə çevirir.
Bir çox tədqiqatçıların fikrinə görə istər “Gözəllərin vəfası” və ya “Cəhalət fədailəri” povestlərin hər ikisi tədqiqatçıların fikrinə görə səthi və sxematik bir əhvalat üzərində yazılmışdır. Tədqiqatçıların irəli sürdüyü fikirlərinə görə mövzu özü də təzə deyildir. Çünki ailə-məişət məsələləri həmişə mövcuddur və daim bu mövzular üzrə əsərlər yaranacaqdır. Yazıçının da fikrinə görə bu cür mövzular həmişə var və olacaqdır.
Lakin mənim fikrimə görə mövzu təzədir, yenidir.
Povestlərin hər ikisini oxuduqda belə qənaətə gəlmək olar ki, İbrahim bəyin bu povestləri heç də sönük deyildir. Povestdə konkretlik, müəyyənlik vardır. Əsərlərin hər ikisi həyatda olan real hadisələrdən bəhs edən mövzu üzərində qurulmuşdur.
İ.Musabəyov yalnız milli nəsrin inkişafı uğrunda orijinal bədii əsərlər yazmaqla kifayətlənmirdi. O, bu məqsədlə rus ədəbiyyatına da müraciət edirdi. Milli həyat və məişət üçün maraqlı, əhəmiyyətli olan əsərləri təbdil edib Azərbaycan mühitinə uyğunlaşdırırdı. Bu baxımdan, İ.Musabəyov rus yazıçısı B.N.Polevoydan təbdil etdiyi “İki dost iki yol” əsəri öz dövrünə görə təqdirəlayiqdir. Azərbaycan ədibi B.N.Polevoyun süjetini və insan surətlərini yerli mühitə, milli şəraitə ustalıqla uyğunlaşdırmışdır. Yazıçı əsərə müdaxilə edərək onun süjeti, kompozisiyası əsasında tamamilə yeni, orijinal bir əsər meydana gətirmişdir.
“Məktəb” jurnalında nəşr olunmuş hekayələr öz yığcamlığı ilə, forma rəngarəngliyi, süjet və kompozisiya bitkinliyi ilə bərabər ədibin “Üç hekayə” kitabı da diqqəti cəlb edir.
Həmin hekayələri ilə o, XX əsr Azərbaycan uşaq nasirinin ideya məzmunun zənginləşməsinə çalışmış, gənc nəsilə qabaqcıl əxlaqi-mənəvi sifətlər tərbiyə etmək məqsədini güdmüşdür.
Azərbaycanda neft sənayesinin inkişafı ilə əlaqədar həyat və məişətdə bir çox yeniliklər əmələ gəlir. İstər indiki vəziyyətdə, istərsə də XX əsrin əvvəllərində insanların taleyində, dolanışığında, maddi rifah halının yaxşılaşdırılmasında neftin istehsalının böyük rolu var idi. Milli həyatda baş verən bu yeni ictimai-sosial proseslər bədii ədəbiyyatda da özünü hiss etdirir, onu yeni mözularla, süjetlərlə, insan xarakterləri ilə, taleləri ilə zənginləşdirirdi. İctimai həyat təzahürlərini təhlil etmək, oxucunun diqqətini vacib məsələlərə, dövr üçün xarakterik olan hadisələrə yönəltmək bacarığına malik İ.Musabəyov bir nasir kimi yetişmiş və diqqətəlayiqdir.
Bu mənada ədibin “Neft və milyonlar səltənətində” əsəri çox maraqlıdır. Burada təsvir olunan hadisələr neft Bakısının o zamankı həyatının səciyyəvi meyillərini ifadə edir. Əsərin qəhrəmanı Cəlil, varlanıb Cəlil ağaya çevrildikdən sonra tamamilə başqa keyfiyyətlər kəsb edir.
Əsərdə Cəlilin bütün həyat tarixçəsi verilmişdir. Cəlilin uşaqlığı, yoxsul həyat sürməsi, gəncliyi, təsadüf nəticəsində varlanması, bir müddət ağıllı həyat sürməsi, nəhayət, pozğun və əxlaqsız əməllərə qurşanması, iflasa uğrayıb məhv olması əsərin realist təhkiyəsini təşkil edir. Əsərin sonunda Cəlil haradan yüksəlmişdisə yenə oraya enir. Burjua həyat tərzinə, onun qanunlarına öyrəşə bilmirdi.
Müəllifin təsvir etdiyi Cəlil surəti burjua həyatına, məişətinə, kapital hökmranlığına qarşı qoyulmuş bir surətdir, onun sələfləri də vardır. Lakin bu surət ədibin yaradıcılığına həyatdan gəlirdi, o, real müşahidələr əsasında yaranmışdır.
Surətin yeniliyi bir də ondadır ki, müəllif Cəlilin simasında yaranmaqda, formalaşmaqda olan milli burjuaziya nümayəndəsinin bəzi tipik xüsusiyyətlərini, yəni hələ həyat mübarizəsində kifayət qədər möhkəm olmadığını, əldə etdiyi sərvətdən başı gicəlləndiyini, yüngül eyş-işrətə qurşanması kimi cəhətlərini yaxşı ümumiləşdirmişdir.
Yazıçı göstərmək istəmişdir ki, pul-var əlbəttə ki, ağılsız insanı hər cür alçaqlığa, riyakarlığa vadar edir. Ədib göstərir ki, pulu öz ailəsinə sərf etməkdən, əziyyət çəkən insanlara kömək etməkdənsə, Cəlil həyatını boş, mənasız keçirməklə sonda özünü də məhv edir.
Əsərdə Cəlilin faciəsi tək özünün yox, bütövlükdə burjua cəmiyyətinin faciəsi kimi mənalandırılır.
Əsərin ikinci əsas surəti Lütfəli bəydir. Cəlil ağa kimi Lütfəli bəy də XX əsr Azərbaycan nəsri üçün yeni bir surətdir. İ.Musabəyov nəsrinin tarixi-ədəbi əhəmiyyəti də surətin həyatda formalaşdığı vaxtda sezilməsi ilə izah olunmalıdır. Lütfəli bəy xalis burjua tipidir. O, öz burjua sinfinin ən səciyyəvi cəhətlərini - varlanmaq, mənimsəmək, insanların bədbəxtliyi üzərində öz səadətini qurmaq, acısı, zəifi tapdalamaq, məhv etmək, öldürmək sifətlərini özündə cəmləşdirmişdir. Lütfəli bəy sifətdən-sifətə, cilddən-cildə girməyi bacaran, lakin işgüzar bir surətdir. Elə bu xüsusiyyətlərinə görə Cəlildən sonra Lütfəli bəy əsərdə ən çox diqqəti cəlb edən obrazdır. Lütfəli bəyin çirkin simasını yaradarkən müəllifin boyaları tündləşdirməsini hiss edirik. Obrazın daxili və xarici aləmini qabarıq əks etdirmək üçün yaradıcılıq imkanlarından geniş ölçüdə istifadə etmişdir. Obrazın yaranmasında bir sifətdən başqa bir sifətə düşməsinə yazıçı xüsusi diqqət vermişdir. O çalışmışdır ki, Lütfəli bəyi sənətkarlıq nöqteyi-nəzərindən kamil bir obraz kimi versin. O, xarakter kimi canlı və mürəkkəbdir. Nümayəndəsi olduğu burjua sinfini, yaşadığı cəmiyyətin bütün ziddiyyətlərini özündə cəmləşdirmişdir. Lütfəli bəyin dostu Cəlil ağaya münasibəti bunun ən parlaq timsalıdır. O, dərhal Cəlil ağanın saflığını, səmimiliyini, sadəlövhlüyünü, təcrübəsiz olduğunu görür. Lakin öz məqsədinə nail olmaq üçün heç də tələsmir. Tədricən hərəkət edərək heç kəsdə şübhə yaratmır. Əvvəlcə Cəlilin həyat tərzini dəyişdirərək, qumara, içkiyə, ailəsini dəyişərək başqa bir qadına alışdırır. Onun bütün mənəviyyatını daxilən dəyişərək iflasa uğradır. Sonra isə onu iqtisadiyyatını zəiflədir, nəhayət məhv edir. Lütfəli bəyin yalnız bir məqsədi vardır ki, Cəlilin bütün dövlətinə və gözəl arvadına sahib olsun.
O tutduğu əməldən nəinki peşiman olur, hətta insanlıq simasını itirərək, ehtiyac içində saralıb-solan, uşaqlarının vəziyyətindən sarsılan Şəfiqəni kölgə kimi izləyir, ona rahatlıq vermir. Tək qalmış qadının əlacsız bir vəziyyətə düşdüyünü görən Lütfəli bəyin daş kimi soyuq qəlbinə təsir etmir, əksinə ona zövq verir, onu əyləndirir, ona nəşə və zövq verir.
Şəfiqənin iradəsini qırmaq üçün Lütfəli bəy Cəlilin iflasını son nöqtəyə çatdırır. Hətta onların yaşadığı binanı əllərindən satın alır. Şəfiqə Qurbanın evinə köçməli olur. Maraqlıdır ki, Cəfər Cabbarlının “Aydın” pyesindəki Dövlət bəyin surəti Lütfəli bəyin bir çox xüsusiyyətlərini özündə əks etdirir.
Akademik Məmməd Arif yazır: “Dövlət bəy çox asanlıqla varlanan və var-dövlət ilə ətrafındakıları pozğunlaşdıran bir adamdır... Pul gücünə yoxsul və təmiz ailəni məhv edir”. Məhz bu riyakar xarakteri ilə o Lütfəli bəyə çox yaxındır və müəyyən mənada onu Cəfər Cabbarlının yaratmış olduğu obrazın sələfi hesab etmək olar. Əsərdə canlandırılan zəngin kef məclisləri, gecə kazinolara, əxlaqsız qadınlara işrət Lütfəli və Cəlil ağanın simasını çox gözəl xarakterizə edir. Bu detallar həmin insanların məişət, əxlaq və psixologiyasını əks etdirir. Sərvət sahibləri öz şəxsi zövq və mənfəətləri üçün hər cür əxlaq və rəftar normalarından azaddırlar. Yazıçı bu qənaəti alt-üst edir, onun realizminin gücü və tendeksiyası da bundadır.
Qırılmaz tellərlə bir-birinə bağlı olan məhəbbət, namus və nəciblik duyğuları bu əsərdə ictimai faciəyə çevrilir. İ.Musabəyovun ifadə etdiyi əsas ideyalardan birini bu şəkildə ümumiləşdirə bilərik. “Neft və milyonlar səltənətində” əsərinin ideya pafosunu burjua cəmiyyətinin maddi və mənəvi tənqidi təşkil edir. Yazıçı cəmiyyətin qurbanı olan müsbət insanları, onların faciəsini, uğursuz taleyini geniş əks etdirir. İnsani sifətlərə malik qəhəmanların acı, fərəhsiz həyatının təsviri bu tənqidi daha da dərinləşdirir. Yazıçı insan mənliklərini müqəddəs tutan və insan ləyaqətini mənfiliklərdən əzmlə qoruyan xeyirxah Qurban və Şəfiqə kimi müsbət obrazlar yaratmışdır. Azərbaycan qadınlarına məxsus bir sıra nəcib keyfiyyətləri, mənəvi saflığı, tərbiyəni, abır-həyanı, səmimiliyi Şəfiqənin simasında verməyə çalışan ədib əsərin mərkəzi hadisələri ilə möhkəm bağlamışdır.
Qurban və Şəfiqə surətləri ilə burjua cəmiyyətinin eybəcərliklərinə qarşı saf, təmiz insanların qəlbini və iradəsini qoymuşdur. Bununla yanaşı ədib əsərin əxlaqi, mənəvi mündəricəsini dərinləşdirə bilmişdir.
Məlumdur ki, qadın taleyi, qadın dünyası həm Azərbaycan, həm də dünya ədəbiyyatının başlıca mövzularından sayılır. Qadın obrazıyla xalq ədəbiyyatımız və folklorumuz da zəngindir. Lakin qadının realist təsviri, qadının ictimai taleyinin inikası baxımından M.F.Axundovla başlanan yeni dövr ədəbiyyatımızın təcrübəsi daha dolğun və sosial mahiyyətlidir. M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir qadın problemini sosial-realist bədii düşüncənin başlıca qayğısına çevirdilər, onu bütün kəskinliyi ilə irəli sürdülər və həll etdilər. Bu təcrübə sonrakı nəsli üçün də qiymətli mənbə rolunu oynamışdır. Sonrakı yazıçılar üçün əsas ədəbi ənənə rolunu oynamışdır. Şəfiqə surəti yazıçının yaradıcılığında ən əhəmiyyətli bir hadisədir.
O, nəcib qəlbə malik qadındır. Ərinin xəyanəti, pis, eybəcər əməllərə aludə olması, yavaş-yavaş mənəvi sıxıntının maddi ehtiyaca yol tapması onun qürurunu sındıra bilmir. Lütfəli bəyin məharətlə qurduğu kələklər və balalarının göz yaşları Şəfiqənin yüksək iradəsini qıra bilmir. Şəfiqənin xarakteri çətinliklərlə yoxlanılır. Lakin onda olan ana qəlbinin böyüklüyü, saflığı, incəliyi və əzəməti öz vüqarını itirmir. O, öz mərdliyini və qürurunu təmiz adını çox yüksək tutur. Dövlət ehtirasına qapılmış adamların cəhdləri nəticəsində onun təmiz ailə həyatı və arzuları məhv olur. Şəfiqə kapitalist həyat çəkişmələrinin qurbanı olur. Yazıçı yeni ictimai mühitdə, yeni ziddiyyətlər burulğanında Azərbaycan qadınlarının taleyini hərəkət və davranışını ümumiləşdirmişdir. Əsərdə Şəfiqənin Lütfəli bəyi öldürməsi, xüsusən onun mühakiməsi realizm cəhətdən lazımınca psixoloji dərinliklə əsaslandırılmasa da yazıçının bədii niyyəti baxımından əhəmiyyətlidir. Cəlil ağanın mənəvi şikəstliyindən, Şəfiqəyə etdiyi xəyanətdən qəzəbləndiyi zaman, vəfalı Şəfiqənin sonsuz sədaqətinin təsvir olunan sətirləri oxuduqda ədibin milli xarakteri real və inandırıcı təsvir etmək səyini bəyənirik və qiymətləndiririk. Şəfiqə obrazı ilə milli və dünya ədəbiyyatının bədbəxt qadın qəhrəmanları arasında müəyyən tipoloji uyğunluq, oxşarlıq da tapmaq mümkündür.
Fikrimizcə, böyük fransız ədibi Viktor Hüqonun “Səfillər” əsərinin qəhrəmanı Fantina obrazı ilə Şəfiqə arasında müəyyən qədər oxşarlıq var. Şəfiqə də Fantina kimi öz balasının sağlamlığı üçün əlindən gələn analıq borcunu əsirgəmir.
Kozettanın isti paltarı olmadığı üçün o sarışın saçlarını kəsdirib satmalı olur. Fantinanın bu hərəkətini Şəfiqədə də görürük. Lakin bu oxşarlığı eyniyyət kimi mənalandırmaq doğru olmazdı. Doğrudur, İ.Musabəyov fransız ədibin yaradıcılığı və “Səfillər” əsəri ilə tanış olmuşdur. Doğrudur, İ.Musabəyov hadisələrin yaxınlığını təsdiq edir, bununla belə, Şəfiqə tamamilə orijinal obraz təsiri bağışlayır. Belə oxşarlıq onun mülki keyfiyyəti, özünəməxsusluğu üzərinə kölgə salmır. Bununla belə Şəfiqə tamamilə orijinal obraz təsiri bağışlayır. Şəfiqə evə pul gətirəndə Qurban ani olaraq şübhələnir, elə zənn edir ki, o, pulu namussuzluq yolu ilə qazanmışdır. Şəfiqə qoca, xəstə Qurbanın fikrindən nələr keçdiyini dərhal anlayır, ona saçlarını kəsdirib satdığını söyləyir. Fantina və Şəfiqənin hərəkətləri arasında təfsilat, təfərrüat yaxınlığı, oxşarlığı tale, həyat tərzi, məişət yaxınlığından irəli gələn əlamətidir.
İbrahim bəy Musabəyov Şəfiqə və Qurban obrazlarını məharətlə yaradaraq onları mənfi sifətlərə qarşı qoymuşdur. Lütfəli bəy kimilərin rəzil və həyasız hərəkətlərinin, xəyanətlərinin hökm sürdüyü bir mühitdə Qurban kimi maddi məhrumiyyətlərə məruz qalsalar da, nümayiş etdirdikləri mənəvi paklıq, insani ləyaqət, həqiqətən, böyük bir hünər nümunəsidir. Lütfəli bəyin rəzalətlərindən dəhşətə gəlib qəzəblənən oxucu Qurban kişinin mehribanlığından, həqiqi insani sifətlərindən, qəlbinin paklığından, insaflı olmağından, nəcib insani duyğularla səmimi bir insan,saf düşüncələrlə dolu olan bir surətlə qarşılaşırlar.
Bu cür surətlərə müraciət, ümumiyyətlə, maarifçi realist yaradıcılığı üçün xarakterikdir. Bu isə bilavasitə realizmin insanda müsbət, işıqlı başlanğıc görmək və axtarmaq tendensiyası ilə əlaqədardır.
Əsərdə Qurban dayının keşməkeşli həyatı, cəmiyyətdəki ədalətsizliyə, rəzilliyə qarşı nifrətin, qəzəbin güclənməsi hərtərəfli, dolğun və müfəssəl işıqlandırılmışdır. Qurban dayı Şəfiqəyə arxa, kömək olmağı, maddi-mənəvi dayaq olmağı özünə borc bilir.
“Neft və milyonlar səltənətində” əsərində təsvir olunan Qurban dayının gözünü milyonlar səltənətindən gələn milyonlar heç də qamaşdırmır. Onu da yaxşı bilirdi ki, səltənətin parlaqlığı içərisində acı göz yaşları, səfalət, bədbəxtlik gizlənir. Müəllif Qurban kişinin qəzəbini verməklə təkcə onun bu aləmə qəzəbini deyil - xalq qəzəbinin təcəssümünü işıqlandırmışdır.
Bir realist sənətkar kimi qüvvətli həqiqət hissinə malik olan müasir gerçəkliyi tənqid edərək öz əsərinin daxili tendensiyasını çox gözəl əsaslandıra bilmişdir. Öz görüşlərini sübuta yetirməklə oxucunu onların həyatiliyinə, doğruluğuna inandırmışdır.
İ.Musabəyovun yaradıcılığında realizm əsasdır, aparıcıdır. Burada bir həyatı bütövlükdə, qaranlıq və işıq tərəfləri ilə birlikdə görürük. Hətta bir sıra əsərlərində ədib müsbət surətlərə, müsbət hadisələrə daha çox yer, daha çox bədii rəng verir. Ədibin yazdığı hekayələrdə ailə və məişət səhnələri öz təfsilatı ilə verilmişdir. Burada bir xatirə, bir işarə və bəzən ildırım kimi yanıb sönən bir işıq verilmişdir. Lakin bu yeni işıqda biz bütöv bir aləmi, böyük gələcəyi görürük.
Tarix: 12-06-2019, 12:22