Xatirələr, həqiqətlər, ehtimallar, gümanlar
Lütviyyə Əsgərzadə,
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,
aparıcı elmi işçi, dosent
İnsanlar hər zaman öz duyğularını, düşüncələrini, həyata baxışlarını ifadə etməyə ehtiyac duymuş, xatirələrini yazaraq yüngülləşmiş, eyni zamanda, xatirələrini yazılı şəkildə gələcək nəsillərə ərmağan etmişlər. Bu baxımdan, xatirələr onu yazan “müəllifin keçmiş, olanlar və keçənlər, insanlar, mühit, dövr haqqında yazılı əsəridir. Bu əsərdə memuarist həm öz həyatını, həm də ətrafındakı insanları, ömür yolundakı çətinlikləri əks etdirməklə yanaşı, “müəyyən bir tarixi dövrün ab-havasını ədəbiyyata gətirir.” Bəzən memuaristin yazdıqlarında bir şəxs haqqında təzadlı, bir-birini təkzib edən fikirlərə də rast gəlinir. Bu da onunla əlaqəlidir ki, memuarlar daha çox yaşlı zamanlarda yazıldığı üçün bəzən yanlışlıqlara da yol verilir.
Memuar hesab-kitabsız yazılsa da, bunu sovet dövründə yazılanlara aid etmək olmaz. Sovet dövrü memuar ədəbiyyatı, demək olar ki, hesablanaraq, nəyi yazmaq olar, nəyi yazmaq olmaz, düşüncəsi ilə yazılmış, bəzən faktlar və müəyyən detallar barədə susmaq, zəruri informasiyaların üstündən sükutla keçilmiş, bəzənsə, keçmişin hadisə və faktlar, bilərəkdən unudulmuş, iştirakçısının yaddaşında fərdi, subyektiv şəkildə əks olunduğu kimi yazılmışdır. Yəni memuar ədəbiyyatı hər zaman həqiqətləri əks etdirmir. Məqalədə memuar ədəbiyyatından-Nağı Şeyxzamanlının (Keykurin), Əməkdar jurnalist Qulam Məmmədlinin, bakılı yazıçı, senarist, “Aventestna” tarixi romanının müəllifi Leonid Zorinin böyük ədib, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin xatirələrindən, Makedoniyada doğulmuş, sonrakı həyatı Azərbaycanla bağlı olmuş, Bakıda yaşamış və bir çox vəzifələrdə çalışmış Arnaud Əhməd Bədi Triniçi tanımağa və bu xatirələrin həqiqəti nə qədər əks etdirdiyini aydınlaşdırmağa çalışacağıq. Başlayaq, M.S.Ordubadinin xatirələrindən. Dosent Nailə Səmədova tərəfindən nəşrə hazırlanıb, kitab şəklində çap olunan “Xatirələr” M.S.Ordubadinin o dövrün ictimai-siyasi-ədəbi-mədəni həyatını işıqlandırmaq, ünsiyyətdə olduğu insanların şəxsiyyətini, sənət adamlarının yaradıcılığını öyrənmək baxımından dəyərli mənbədir. Professor A.Zamanovun Ordubadinin yaradıcılığını “əsrinin tərcümeyi-halı” adlandırması da bunun təsdiqidir.
“Bakıda ikinci dəfə”, Ordubadinin 1920-ci ilin may ayında Bakıya ikinci gəlişindəki təəssüratları əsasında, özü ilə bərabər dostları, tanışları, iş yoldaşları, bir sözlə, dövrünün tanınmış ziyalıları haqqında xatirələri (bir az da şəxsi düşüncələri), eyni zamanda bolşeviklərin Azərbaycanı işğalından sonra qəzet işçiləri arasında gedən çəkişmələr, əqidə, məfkurə mübarizəsi (bolşevik-müsavat), ziddiyyətlər və çətinliklər qələmə alınmışdır. Xatirələrdə XX əsrin əvvəllərində dövrün ictimai-siyasi və iqtisadi durumu ilə yanaşı, eyni zamanda yazıçının ünsiyyətdə olduğu insanların hansı şəraitdə çalışmaları, bu insanların cəmiyyətdəki yeri canlandırılır (unutmayaq ki, sovet dövründə nəşr edilmiş memuar və tərcümeyi-hal ədəbiyyatı ideoloji başqı hissləri altında yazıldığı üçün bəzi xatirələrin üzərindən sükutla keçilmiş, yarımçıq yazılmış, bəzən də məqsədli yazılmışdır). Ordubadi xatirələrdə adına tez-tez rast gəldiyimiz insanlardan biri də, uzun və çətin bir yol keçərək Azərbaycana gələn Əhməd Bədi Triniçdir.
Xatirələrindən məlum olur ki, “Kommunist” qəzetinin redaksiyasına gəldiyi ilk gündən Triniçlə münasibət qura bilməyən Məmməd Səid Ordubadi arasında soyuq küləklər əsmiş, bir-birinə salam verib, salam almamışlar. O, “Kommunist” qəzeti”nə gəldiyi, qəzetin əməkdaşı Hacı İbrahim Qasımovun M.S. Ordubadini qəzet əməkdaşları ilə tanış etdiyi ilk günü belə xatırlayır: “Bir azdan idarəyə bir nəfər sarı saçlı, nazik gövdəli adam girdi, heç kəsə salam vermədi, idarə işçiləri də ona əhəmiyyət vermədi. O, keçib boş stulda oturub yazmağa başladı. Hacı İbrahim qulağıma pıçıldayıb dedi: - Bu adam türk əsirlərindəndir. Məşhur Arnaud Əhməddir. Triniç də deyirlər. Əvvəlcə İttihadi-islam firqəsinin üzvü idi. Sonra Müsavat firqəsinə daxil oldu. İndi də Kommunist firqəsinin üzvüdür. Qəzetənin (Əxbar qəzetinin) baş mühərriridir.” “Az sonra qəzetin redaktoru Əliheydər Qarayev gəldi. Hamı ayağa qalxdı. O isə heç bir kəsə etina etməyərək kabinetə girdi. Arnaud Əhməd, yaxud Triniç Əhməd qalxmayıb yazmağa başladı.” Hacı İbrahim Qasımov Əliheydər Qarayevə M.S. Ordubadinin gəldiyini çatdırdıqdan sonra Qarayev kabinetdən çıxıb onun yanına gəlir, “xoş gəldin, səfalar gətirdin”dən sonra kabinetə dəvət etdiyi Ordubadiyə: - Burada gördüyün işçilərin hamısı bir həftə əvvəl “Müsavat” qəzetəsində işləyən adamlardır. Mənim burada oturub işləməyə vaxtım yoxdur. Bu stulda oturub qəzetəni idarə etməlisən, - deməsi ilə (qəzetədə çap ediləcək hər bir material Ordubadinin imzası ilə mətbəəyə getməlidir) Əhmədlə Ordubadi arasında mübahisə yaranır. Səbəb Ordubadinin Triniçin məqaləsinin çapa hazır olmadığını bildirməsi, məqalənin adının dəyişdirməsi, ixtisarlar aparması olur. Çünki o günə qədər yazdıqlarını sərbəst şəkildə qəzetdə çap etdirən “Triniç məqaləni köçürmək istəməmiş, dərhal məqaləni götürüb Qarayevin yanına aparsa da, Qarayev əhəmiyyət vermədiyindən “Bakinski raboçi” qəzetəsinin idarəsinə aparıb müdirə göstərmişdir. “Qəzetin müdiri Triniçi müdafiə etmək üçün “əlində Triniçin məqaləsi” otağa gəlmiş, bu dəfə də Ordubadi ilə qəzetənin (“Bakinski raboçi”) müdiri arasında xoş olmayan dialoq yaşanmışdır. Lakin Ordubadi öz fikrindən daşınmamışdır. Beləliklə, “Triniçin məqalə məsələsi idarədə hadisə kimi qarşılanmış, ədibin də yazdığı kimi, “Əhməd Bədi ilə arasında başlanan mübarizənin zəminəsi 1920-ci ilin may ayının beşində, gündüz saat 2-də qoyulmuş” və bu münasibət Triniçin ölümünədək davam etmişdi. Bu səbəbdən də “Xatirələr”də Triniç nəinki heç bir yerdə yaxşılıqla xatırlanmır, ona qarşı nifrət hiss olunur. Ordubadiyə görə, “onun qəzetə işindən başı çıxmırmış”. “Mətbuat və ədəbiyyatı Arnaud Əhmədin sərəncamına verdikləri” üçün “Triniç artıq “Əxbar” qəzetəsinə məqalə yazmırmış,” “çünki yaza bilmir”miş (qeyd edək ki, Ordubadi N.Nərimanovun “Kommunist” qəzetinə müdir təyin etdiyi Ağababa Yusifzadə haqqında da belə düşünürdü). Ordubadi, Triniçi “yazıçıların və idarə işçilərinin birləşməsinə və bir dost kimi yaşamasına imkan verməməkdə”, “Cəfər Cabbarlının mətbuatdan teatra getməsində” günahlandırır. Ordubadinin insanlara münasibəti qabarıq şəkildə əks olunan xatirələrində Triniçdən fərqli olaraq, “bir neçə dəfə, qısa fasilələrlə qəzetin məsul müdiri (redaktoru) təyin edilmiş, bəzən də Azərbaycan K(b)P MK-nın göstərisi ilə sadəcə olaraq qəzetə nəzarət etmis” bir növ, senzor funksiyasını yerinə yetirmis, qəzetə ikinci dəfə redaktor təyin olunduqdan sonra (1922-ci il yanvarın 3-dən mayın 18-dək), “can-başla isə qosularaq” həm redaksiyada, həm də ümumiyyətlə, jurnalistlər arasında “millətçi”ləri - Azərbaycan ziyalılarının ən yaxsı nümayəndələrini axtarıb-tapıb, təqib etməyə başlayan” Əli Heydər Qarayev hörmət və etiramla anılır. Halbuki, “İlan yuvası” olan “Kommunist” qəzeti redaksiyasını “millətçi ünsürlərdən təmizləmək” üçün işə girişən Ə.H.Qarayev sözün tam mənasında redaksiyanı yüksək mədəniyyətli Azərbaycan ziyalılarından təmizləmiş, ziyalıların bir çoxunu xırda burjuaziyanın əlaltısı adlandırmış, bir qismini işdən qovmuş, bir qismini isə tənbeh etmişdi. Ə.H.Qarayevin güdazına gedənlər arasında Əbdürrəhim bəy Haqverdiyev, Salman Mümtaz, Akif Səfvət, Cahangir Nagıyev, Agababa Yusifzadə, Cəfər Cabbarlı, Mir Seyfəddin Kermanşahlı və b. var idi.” Nədənsə, şəxsən Qarayevin məşğul olduğu bu işlər Ordubadinin xatirələrində Əhməd Triniçin ayağına yazılır; “Əhməd Triniç yazıçıların və idarə işçilərinin birləşməsinə və bir dost kimi yaşamasına imkan vermək istəmirdi. Buna görə də Cəfər (Cabbarlı) işdən çəkildi.” Əslində, Cabbarlı Triniçin deyil, Ə.Qarayevin güdazına gəlmişdi. Bu illərdə qəzetin redaktorlarının tez-tez dəyişilməsi (“Kommunist” qəzetində də 30 may 1920-ci ildən 19 may 1922-ci ilədək qəzetə 8 (səkkiz -!) redaktor təyin edilmişdi) birbaşa bu məqsədə xidmət edirdi. Qəzetdə Azərbaycan ziyalılarına qarşı açıq və güclü hücum başlamışdı. Milli ziyalılar millətçilikdə və pantürkizmdə günahlandırılır, onlardan tələb olunurdu ki, milli vətənpərvərliyi ümumittifaq vətənpərvərliyi ilə əvəz etsinlər, ümumittifaq kosmopolitizminə keçsinlər və açıq elan etsinlər ki, onların bir ümumi vətənləri var, o da SSR-dir. İdeoloji küləklərin get-gedə daha da gücləndiyi bir zamanda, Həbib Cəbiyev “1927-ci ildə qəzetdən birdəfəlik uzaqlaşdırıldıqdan sonra, “1927-ci il noyabrın 21-dən qəzet Yusif Qasımov və Əhməd Triniçə tapşırılır. Y.Qasımov redaktor təyin edilsə də, əslində, onun redaksiyadakı işi hiss olunacaq əhəmiyyətə malik deyildi, çünki işin bütün ağırlığı əvvəllər qəzetin məsul katibi olmuş, indi isə redaktorun müavini təyin edilən Ə.Triniçin üzərinə düşür.
“Triniç əslən albaniyalı idi və İstanbulda universitet təhsili almışdı. Partiya fəallarından idi, kommunizm ideyalarına fanatikcəsinə inanırdı, sərt tədbirlər tərəfdarı idi. Öz məqalələrində ehtiyatsızlıq ucbatından cüzi qeyri-bolşevik deyimlər işlətmiş şəxsləri tam kəskinliyi ilə tənqid edirdi və onların güdaza getmələrində günahı az olmamışdı” (son zamanlara qədər nədənsə repressiyaya məruz qalmış sənətkarların güdaza getməsində S.Rüstəmin adı hallandığı kimi... Halbuki S.Rüstəm az sayda sənətkarlardandır ki, nə kimisə işarət edən məqalələr yazmamış, nə kimisə satmamışdır). Nəinki satmamışdır, hətta ondan tələb olunanlara əməl etməmiş, bəzən hətta müdafiə etmişdir. “Ədəbiyyat” qəzetində “Repressiya: Gizlin və gerçəkləri ilə” başlığı altında gedən müzakirədə tədqiqatçı, qəzetin baş redaktoru Azər Turan deyir: “Maraqlıdır, hansı psixologiya idi ki, Azərbaycan Sovet Yazıçılar İttifaqı dramaturqlar seksiyasının müşavirəsində Süleyman Rüstəm çıxış edir və bildirir ki, "bu əclaflar Hüseyn Cavid kibi sənətkar bir dramaturqu səhnədən sıxışdırıb çıxarmışlar. Cavidin yazdığı "Şəhla" pyesini onlar bəyənmirlərdi" (maraqlıdır, Kommunist Partiyasının XIII qurultayındakı illik hesabatında “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşib. Hazırda ifşa olunmuş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç kimi əclaflar ... deyən Mir Cəfər Bağırovdan fərqli olaraq S.Rüstəmin “bu əclaflar” kəlməsi qarşı tərəfə ünvanlanır). Müzakirədə Nərmin Cahangirovanın dedikləri də bir çox gizlinlərə açar salır: “S.Rüstəm qeyd edir ki, 37-ci ildə bir gün məni Mərkəzi Komitəyə çağırdılar və həmin məqaləni (M.Müşfiqlə bağlı) qarşıma qoyub imza atmağımı istədilər. Adını oxuyanda dəhşətə gəldim və bunu edə bilməyəcəyimi bildirdim. Nədənsə məni məcbur etmədilər, başqa birinin imzalayacağını söylədilər. Oradan çıxıb geri qayıdanda yolun o biri tərəfi ilə M.Rahimin gəldiyini gördüm. Səhəri isə məqalə M.Rahimin adı ilə çap olunmuşdu. Bunun kimi neçə-neçə faktlar var.” Ümumiyyətlə, mürəkkəb bir zamanda siyasiləşmiş ədəbiyyatın, mətbuatın işi çox çətin idi. Xalqın hafizəsindən milli kimliyini, adət-ənənəsini, musiqisini, ədəbiyyatını, mədəniyyətini, bir sözlə “köhnə”ni silərək məhv etmək və özləri ilə gətirdikləri “yeni”ni, xalqa yad olan mədəniyyəti, ideologiyanı, partiyanın “təkərciyi və vintciyi” saydıqları ədəbiyyatı, musiqini ölkəyə ekspansiya etmək üçün qətiyyətlə işə başlamış bolşeviklər “kökdən və dibdən”, - şüarı ilə hərəkətə keçmiş və bunun üçün mətbuatı səfərbər etmişdilər. M.S.Ordubadinin bəhs etdiyi “Kommunist” qəzeti redaksiyasında da bu proseslər gedirdi. Təbii ki, müsavatçılar, milli düşüncəli insanlar belə bir ortamda işləmək istəməyib, uzaqlaşırdılar, gənc müsavatçı C.Cabbarlı da bunlardan biri idi. Ə.B.Triniç də C.Cabbarlı kimi, müsavatçı idi. Onun həbs olunma səbəbi də “türk cəsusu”, “müsavatçı olması” idi. Triniç eyni zamanda, “Yaşıl qələmlər” cəmiyyətinin də üzvü idi (“Yaşıl qələmlər”in üzvləri “Türk ocağının da fəal üzvləri idilər”), “Qızıl qələmlər”in yaranmasında da “fəal” olmuşdur. Rənglərlə ayrılan ədəbiyyatımızda “Yaşıl qələmlər”ə qarşı “Qızıl qələmlər” yaradılmış, “Qızıl qələmlər”in mövzularında inqilab yaranmış, axın böyüyərək bütün respublikanı ağuşuna almışdı. Belə bir vaxtda, inqilabın 6-cı ilində “Maarif və mədəniyyət” məcmuəsinin öz səhifələrində Cabbar Əfəndizadənin “Küsmüşəm”, Ə.Cavadın “Göy göl” şeirlərini çap etməsi qəbul ediləməzdi. Bu məqsədlə zaman “Kommunist” qəzetəsi əməkdaşları məqalələr yazır (Əhməd Bədi Triniç “Zəhərli tikanlar”), məruzələr oxuyurdu (Həbib Cəbiyev “Stalin klubunun “Ədəbiyyatımızdakı xəstəliklər”). Mübahisələrdə iki cəmiyyətin üzvləri bir-biri ilə çarpışırdı.
“Siyasi baxımdan prinsipsiz və məsləksiz bir adamın sovet dövründə yüksək mənsəblərə çatması və Sovet Yazıçılarının I qurultayına (1934) nümayəndə seçilməsinə təəccüblənən N.Qəhrəmanlının Triniçi “Siyasi baxımdan prinsipsiz və məsləksiz bir adam” olaraq görməsi düşündürücü olsa da, bu o dövrdəki bir çox sənət və siyasət adamlarında ən çox rast gəlinən haldır. Düşünürük ki, Triniçin bu zahiri fəallığı, kommunist libasına bürünməsi özünü gizləmək, müsavatın tapşırıqlarını yerinə yetirmək üçündü. Çünki hakimiyyəti ələ alan bolşeviklər “dərhal sonra heç bir demokratik prinsipə əməl etmədən kommunist olmayanlara qarşı çox amansız olmuş, “Kommunist deyilsənsə, bu millətin duşmənisən”, - devizini əldə rəhbər tutaraq başqa partiyaya mənsub olanları (hətta bitərəfləri, bir qədər sonra isə kommunistlərin özlərini) müxtəlif vasitələrlə məhv etmişdilər. Bu səbəbdən, insanların bir çoxu bolşevik təhlükəsindən yaxa qurtarmaq üçün bəzən yalan danışmaq məcburiyyətində qalmışlar” (C.Qasımov). Heç bir araşdırma aparmadan M.S.Ordubadi və Q.Məmmədlinin xatirələrinə əsaslanan N.Qəhrəmanlıya görə, Triniç “hətta yeni dövrün nəbzini tutan C.Cabbarlıya qarşı mübarizə aparmışdı” (əcaba, bu C.Cabbarlı kimi milli duyğularla tərbiyələnmiş, müsavatçı bir gəncin yeni dövrün nəbzini tutması ilə əlaqəli ola bilərdimi?). Nazif Qəhrəmanlı yazır: “Cabbarlı zəhmətkeşlərin sevimli yazıçısı” deyildi, əslində elitar yazıçı idi, xəlqiliyə konyunktura naminə gəlsə də öz fəlsəfəsini xalq həyatından, tarixindən, coğrafi gerçəklikdən aldı. O böyük istedadı ilə konyunkturanı mənalandırdı. C.Cabbarlı “sosialist quruculuğu işinə sədaqətli” deyildi (ola da bilməzdi). İdeya və əqidə etibarı ilə, o, millətçi, müsavatçı kimi formalaşmışdı (doğru!). Lakin Azərbaycanın 1920-ci ildə Rusiya tərəfindən işğalı və diktaturanın yenilməzliyi onu yeni tipli mədəniyyətin keşiyində durmağa məcbur etdi” (bu da doğru!). Bu zaman fikrini möhkəmləndirmək üçün M.S.Ordubadinin “Xatirələr”ində verilən şərhə yönəlir: “Əhməd Bədi Triniç nəşriyyat idarələrinin başına keçməklə bütün yazıçıları iqtisadca özünə bağlamışdı. Ə.Triniçə tabe olmayan və onun əmrlərinə boyun əyməyən yazıçının əsəri çap olunmurdu (Halbuki, Triniçin həbsxanada olarkən sevgilisi Şövkətə xitabən dediklərində belə C.Cabbarlıya qarşı sevgi və səmimiyyəti hiss olunur: “Ah, Şövkət, Şövkət - mənim əzizim! Bir il əvvəl biz ayrılan zaman mən düşünmədim, düşünməyi belə bacarmadım ki, Cəfərin əsərindəki sözləri xatırlamalı olacağam. “Od gəlini”: Ah Dağlar, Dağlar - sizə güvəndiyim Dağlar - sizə də qar yağarmış!”). “Cabbarlıya qarşı Xəlil İbrahimin, daha sonra Mehdi Hüseynin, Əli Nazimin və bir çoxlarının tənqid və təzyiqləri yəqin ki, təkcə Triniçin səylərinin məhsulu olmamışdı. Ordubadinin fikrincə, “bu işdə Ruhulla Axundovun və Həbib Cəbiyevin laqeyd seyrçiliyinin də rolu olmuşdur.” “Gənc və istedadlı C.Cabbarlının başdan-başa dramaturgiyaya keçməsi” o dövr üçün başa düşüləndir. Hər işdə Triniçin əli olduğunu vurğulayanlar nəhayət, insafla davranıb bu işdə Ruhulla Axundovun və Həbib Cəbiyevin rolunun olduğundan da bəhs edirlər. Əslində isə, əsl səbəb və səbəbkarlar başqaları idi. “20-ci illərdə Azərbaycan ziyalılarının özəlləşdirməsi prosesi gedirdi. Yəni özəlləşdirirdilər ki, sən bolşevik süfrəsi başında əyləşməlisən. Əli Razi Şəmsizadə 2 dəfə həbs olundu, Seyid Hüseyn 2 dəfə həbs olundu, hətta 4 dəfə həbs olunub buraxılanlar olurdu” (Cəlal Qasımov). Bu iki dəfə həbs olunanlar içərisində C.Cabbarlı da vardı. Bu səbbədən, bəzən o dövr üçün düşünülüb yazılanlar günümüzdə aktuallıq qazanmır; “Mən Cəfər Cabbarlı ilə birinci gündən tanış oldum. Az müddət içərisində onun bolşeviklərlə maraqlandığını öyrəndim. O, Müsavat hökumətinin aparatında işləyən gənclər içərisində ən qanacaqlı, bilikli və uzaqgörən bir adam idi. O, birinci aylardan bu hökumətin bir hökumət kimi yaşaya biləcəyini anlamış və hökumət adamları ilə yaxınlaşmağa başlamışdı. O, doğrudan da bir Azərbaycan vətənpərvəri idi. Lakin Türkiyədən Bakıya gələn müəllimlər və yerli torançılar başqa gənclərlə bərabər Cabbarlını sapdırmağa çalışmışdılar,” - yazan Ordubadi xatırlayır ki, “Günlərin birində darülmüəllimində çıxan divar qəzetlərində bəzi uyğun olmayan yazılar çap olunduğu barəsində danışırdıq. Cəfər mənim qulağıma bir lətifə pıçıldadı. Lətifə bir qədər ədəbsiz olsa da, məna cəhətdən çox qiymətli idi. Cəfər haman lətifəsində bunu demək istəyirdi: “Nə qədər ki İsmayıl Hikmət, Akif Sufut, Xəlil Fikrət və Məhiəddin kimi adamlar ali məktəblərdədir, tələbələr arasında bu cürə hadisələr çox baş verəcəkdir.” “Lakin o ... bu kimi həqiqətləri (?) açıqdan-açığa danışa bilməzdi. Xəlil İbrahim Cəfəri, Mirzəbala Məmmədzadə isə Xəlil İbrahimi Müsavat firqəsinə xəyanətdə töhmətləndirirdilər.” Gənc Cəfəri “təzədən qurulduğu” üçün alqışlayan ədibin xatirələrindən məlum olur ki, qəzetdə gərgin məfkurə mübarizəsi gedirmiş. Cəfər Cabbarlının bu mübarizədən kənarda qalması normal görünmür. Çünki C.Cabbarlı da bolşevik libasını məcburən geyinənlərdən idi. “Mirzəbala Məmmədzadə və Xəlil İbrahim yeni quruluşla barışmır, bolşevik ideyalarını qəbul etmir, hətta qəzetin işinə əngəl olmağa çalışırdılar; “ “Materiallar Xəlil İbrahimin stolunda təxirə düşürdü. O öz vaxtında materialları təxirə salıb mətbəəyə göndərmirdi. Bəzən lazımı materiallar mətbəə ilə redaksiya arasında itirdi. Mühüm kampaniyalara həsr edilmiş nömrələrimiz cürbəcür hadisələr nəticəsində təxirə salınır, bəzən də gecə qrampajla naboru dağıtdığı üçün gündəlik qəzetəmiz bir gün sonra çıxmağa məcbur olurdu. Hər halda bu cürə hadisələri tez-tez görmək məcburi idi, çünki Əliheydər Qarayev yalnız Xəlil İbrahimi deyil, müsavatın aktiv üzvlərindən Mirzəbala Məmmədzadəni də redaksiyaya gətirmişdi. Mirzəbala və Xəlil bir tərəfdən öz aralarında sağ-sol müsavatçılıq mübarizəsi aparır, o biri tərəfdən əlbir olaraq qəzetənin yubanmasına çalışırdılar” (Ordubadi). “Qəzetənin normal çıxmasına əngəl törətməyi ilə bərabər” Xəlil İbrahim özünü qorumaq naminə “Kommunist Partiyasına girmək üçün də Əliheydər Qarayevə bir ərizə veribmiş, “Əliheydər isə ərizəni mənum (Ordubadi) stolumun üzərinə buraxıb getdiyi üçün Mirzəbala həmin ərizəni oğurlamışdı. Mirzəbala bu ərizəni Xəlilin Müsavat partiyasına xain çıxdığını göstərəcək bir vəsiqə kimi oğurladığından iki nəfər müsavatçı bir-birinin boğazını üzürdü. Buna görə də, mən əvvəlcə Mirzəbalanı redaksiyadan kənar etdim, sonra Xəlil İbrahimi katiblikdən kənar edib yerinə Qədir Heydərlini təyin etdim.” Əslində, Ordubadinin mücahit Mirzəbala Məmmədzadəni Əliheydər Qarayevə yazılan “ərizəni oğurlamaqda” ittiham etməsi, redaksiyada gedən məfkurə mübarizəsinin, müsavatçıların arasına nifaq salmağın bir parçası idi. M.Məmmədzadənin bolşevik M.S.Ordubadinin xatirəsində “oğru” kimi qalması da bolşevik-müsavat çatışmasının nəticəsi idi. Xatirələrdə yer alan fikirlərdən biri də “Əhməd nəşriyyat işçilərinin başına keçməklə bütün yazıçıları iqtisadca özünə bağlaması” və “ona tabe olmayan və onun əmrlərinə boyun əyməyən yazıçının əsərinin çap olunmamasıdır” (M.Səid, 29). Təpədən- dırnağa bolşevik ideyalarına bağlı və sədaqətli bir inqilabçının kitabnın çap olunmaması o dövr üçün qəbuledilməz idi. Və bunu qəbul etməyən Ordubadi birbaşa o zamankı ölkə rəhbəri M.C.Bağırova məktub yazıb, “Bakı Kommunist bolşevik təşkilatının gizli hərakatını bədii əksi olan “Nina” romanı çapa getmədiyi üçün Triniçdən şikayət etmişdir. Bir tərəfdən, Triniç nə qədər Türkiyəyə, türkə bağlı idisə, Ordubadi bir o qədər Rusiyaya, rusa-bolşeviklərə sədaqətli idi. Digər tərəfdən də, aydındır ki, Triniç nə qədər mətbuata rəhbərlik etsə də, ona da rəhbərlik edənlər vardı. Bir çoxları kimi Triniç də icraçı idi. N.Əbdürrəhmanlının “Qurban. Yüzilin “Əli və Nino”əfsanəsi” roman-xronikasında yazdıqları o dövrdə mətbuat sahəsində gedən prosesləri də gözümüz önündə canlandırmağa kömək edir. Yazıçılardan “Şura hakimiyyətinin nailiyyətlərinə dair əsərlər gözləyənləri yarıtmayan” Y.V.Çəmənzəminli “üzvü olduğu ədəbiyyat bürosu nəşriyyatın sifarişilə arada Serafimoviçin, Neverovun, Lavrenyevin, Pavlenkonun kitablarını da tərcümə etməli olur. Amma Turgenevin “Xam torpaq” romanının tərcüməsilə bağlı məsələ ondan ötrü sirr olaraq qaldı. Romanın tərcüməsini Yazıçılar İttifaqının plenumu təklif etmiş, “Azərnəşrin direktoru Əhməd Triniç də Yusif Vəzirlə müqavilə bağlamışdı. Yeddi aya romanın tərcüməsini bitirib nəşriyyata təhvil versə də “Xam torpaq” nəşr planından çıxarılmışdır. Bunun səbəbini nəşriyyatın direktoru olan Triniçdən soruşanda Əhməd Triniç qəribə səbəb söyləyir: “Belə... Ümumiyyətlə, roman yoldaş Axundovun xoşuna gəlmir.” Buna baxmayaraq Yusif Vəzir - “Axı müqavilə bağlamışıq, yeddi ay zəhmət çəkmişəm, zəhmət haqqı almalı-yam”, dedikdə, Triniç narahat halda dillənir: - Göstəriş belədi,-heç nə eləyə bilmərəm.” Göründüyü kimi, Triniçin nəşriyyat direktoru olması, bütün səlahiyyətləri ona verilməsi demək deyildi, ona da nəzarət edənlər, yönləndirənlər, son söz deyənlər vardı.
Qayıdaq “Kommunist” qəzetinə. C.Cabbarlının “Kommunist” qəzetindən getməsində Triniçi günahlandıran M.S.Ordubadi “Cabbarlının təkləndiyindən, özünə dost axtarmasından” və “bu dostu bolşevik dövründə yetişən yazıçılar içərisində tapa bilməməsindən”, “Triniç və Triniç ilhamilə yaşayanların buna imkan verməməsindən” bəhs edir (deməli Ordubadi də Cabbarlı ilə dost olmayıb, ən azından dost olsa idi, Cabbarlı təklənməzdi, çünki Ordubadi ölkədə və qəzetdə nüfuzlu, sözükeçən bir inqilabçı, tanınmış yazıçılardan, seçilən bolşeviklərdən idi). Cabbarlının faciəsində günahkar axtaran memuarist haqsız və əsassız olaraq: “Cabbarlının Abbas Mirzə Şərifzadə kimi “köhnə fikirli” dost seçdiyini və məhz bu dostların onu içkiyə və sərxoşluğa öyrətdiklərini və onun vaxtsız ölümünə bais olduqlarını” vurğulayır. Cabbarlını haqlı çıxarmaq naminə Abbasmirzə Şərifzadə kimi böyük bir sənətkarı qaralamaq sovet ideologiyasından gəlmədir. Milli düşüncə sahibi, müsavatçı gəncin - C.Cabbarlının yeni dövrə, yeni quruluşa, yeni ideologiyaya tez bir zamanda adaptasiya olması təbii ki, mümkün deyildi, ola da bilməzdi. Lakin gənc Cəfərin içkiyə aludə olması, az müddətdə iki dəfə həbs olunması, yeni quruluşun onun daxili dünyasında təlatümlər qoparması daha güclü ehtimaldır, çünki müsavatçı Cəfərin dəyişməsi, cəbhə adlaması o qədər də asan deyildi. Fikrimizcə, bunda “Cabbarlının Abbas Mirzə Şərifzadə kimi “köhnə fikirli” dost seçməsindən çox, onu içkiyə sürükləyən tənqid və təzyiqlərin rolu daha böyük olmuşdur. Tənqidə gəlincə, C.Cabbarlı da tənqid sahəsində, qəzetlərdə, xüsusi ilə “Ədəbi məhkəmələrdə” çox fəal olmuşdur. İçkiyə qurşanmaq haqlı və haqsız tənqidlər ucbatından olsaydı, Cavid əfəndi o zaman C.Cabbarlının tənqidləri önündən ayıq başla necə dayanmışdı (təbii ki, Cavid əfəndiyə görə Cəfər Cabbarlı gənc idi). “Cabbarlı məhz Triniçin sərt tənqidləri ucbatından sahəsini dəyişmiş, mətbuatdan dramaturgiya adlamışdısa”, o zaman Cavid əfəndi onların əlindən hansı sahəyə üz tutmalı idi? Və nədən başqa sahəyə üz tutmadı?
1920-30-cu illərdə Azərbaycan teatrı iki “iri” dramaturqun çiyinləri üzərində boy atırdı. Hüseyn Cavid əfəndi və Cəfər Cabbarlı. Cavid əfəndiyə ilk tənqid daşını atan C.Cabbarlı olmuşdur. Buna rəğmən Cavid əfəndi Cabbarlını çox sevmiş və yüksək qiymətləndirmişdi. Zahirən Cavid əfəndini tənqid etməsinə baxmayaraq C.Cabbarlı da Cavid sənətini sevirdi. Bu iki dahini, “iri” dramaturqu, Azərbaycan dramaturgiyasının “sal daş”larını bir-birinə qarşı qoyan mürəkkəb zaman idi. “M.S.Ordubadinin Cabbarlıya münasibətdə olduqca mənfi qiymətləndirdiyi Abbas Mirzə haqqında sənət peyğəmbəri Cavid əfəndi deyir: “Abbas Mirzə Şərifzadə sadə, pək sadə bir insandır. Fəqət o, sadəlikdə bir böyüklük var ki, sənət feyzindən məhrum olanlar onu idrakdan acizdir. Abbas Mirzənin özünəməxsus mümtaz zəkası və kəskin bir istedadı parlar.... o bir heçdir ki, böyük varlıqlara şəbəb oldu?”
Cəfər Cabbarlı ilə Abbas Mirzə Şərifzadənin dostluğu yazıçı Sabit Rəhmanın xatirələrində də öz əksini tapıb. Xatirələrdən məlum olur ki, Abbas Mirzə Şərifzadə ilə dostluğu C.Cababrlıya nəinki mənfi, hətta müsbət, hər zaman pozitiv təsir bağışlamışdı. Sevdiyi insanla birlikdə olmaq, onunla dostluq etmək, hələ bu dost Azərbaycan səhnəsinin qüdrətli sənətkarı Abbas Mirzə Şərifzadə isə, sənətkara xoş saatlar yaşatmışdır.
Qayıdaq N.Qəhrəmanlının Triniçi “prinsipsiz” adlandırmasına. Əgər Triniçi “prinsipsiz və məsləksiz” adlandırmaq doğrusa, o dövrdə “prinsipsizlər və məsləksizlər” çox idi. Triniçin kimlərlə görüşməsi, əlaqə saxlaması, sovet çekisti K.Əfəndiyevin N.S.Xruşşova Mir Cəfər Bağırovu tanıtmaq “maskasını düşürmək” və faktlarla sübut etmək məqsədi ilə yazdığı 7 oktyabr 1953-cü il tarixli məktubu Əhməd Bədi Triniçi bizə ən doğru - dürüst tanıdan mənbədir. K.Əfəndiyev yazır: “M.C.Bağırov Əli bəyə və Əhməd Triniçə himayədarlıq edirmiş. Sovetlərə qarşı gələn, silaha sarılaraq döyüşən Əli bəy Zizikskinin zərərsizləşdirilməsinin Bağırova tapşırılmasına baxmayaraq, o, Zizikskini nəinki zərərsizləşdirməmiş, əksinə himayəsinə almış, Beriyaya “Mən onu (Zizikskini) tanıyıram. Ondan təhlükə gözlənilmir!” - demişdi. Əslində isə, “qorxulu və həyəcanlı xəbərlər gəlirdi ki, Kaleybugurt şeyxlərilə, qolçomaqlarla (Sovetlərə qarşı vuruşanlar) “Türkiyə könüllüləri ilə” birgə - onların fikir babaları Triniç Əhməd adlı birisi olub - müsavatçılar Qaraqoyunlu üsyanı hazırlayırlar. Bütün çalışmalar pantürkizm şüarı ilə yürüdülürdü”. Sovet çeksti davam edərək yazır: “Məlumdur ki, 1918-ci ildə Türk əsgərləri Azərbaycanı işğal etdilər, gənc Sovet hökumətini boğdular. Belə bir zamanda Bağırov özünün dediyinə görə, Qubadan Həştərxana getmişdi. Həmin vaxt Qubaya Şükrü Paşa gəlmişdi. Türklərin qərargah rəisi Əhməd Bedin idi.” Qubada Əhməd Bedin kimi tanınan şəxsın Triniç olduğunu təsdiq etməyi qarşısına məqsəd qoymuş sovet çekisti K.Əfəndiyev yazır: ”Nəhayət ki, Azərbaycanda Sovet hökuməti quruldu. Bağırov Azərbaycan FK-nın (fövqəladə hal komitəsi) rəhbəri oldu. Mən və bir sıra kommunistlər Əhməd Bedini tanıyırdıq, o, ÜİK(b)P-nin üzvü və vəzifə sahibi Əhməd Triniçə çevrilmişdi.” “Bu o şəxsdir ki, bolşevik Məhəmməd Mehdini ipə asmışdı. Rəsmi informasiyalarla sübut edilmişdir ki, bu Əhməd Triniç məşhur türk kəşfiyyatçısı, antisovet qruplaşmaların təşkilatçısı, pantürkizmin ideoloqudur, O, müsavatçılarla əlbirdir və s. Mənim xəttimlə (kəşfiyyat) sərəncam daxil olmuşdu ki, “Triniçin işini bitirin.” Bununla da kifayətlənməyən sovet kəşfiyyatçısı Trinçin fəaliyyətini ortaya qoyur: ”Əhməd Triniç öz əksinqilabi fəaliyyətini belə davam etdirdi: "Yüksək pedaqoji təhsil təşkil etmək adı altında Azərbaycan Pedaqoji İnstitutuna (APİ) Türkiyədən müəllimlər dəvət olundu. Həmən müəllimlər elmin və Azərbaycan dilinin bilicisi” kimi tanıdıldı.”Triniçin xeyir-duası, Bağırovun başçılığı ilə Azərbaycana “mütəxəssis müəllimlər”in gəldiyinin altını cızan sovet kəşfiyyatçısı davam edir: “Tez bir zamanda mən (“Ayaz“ ləqəbi ilə) yenə xəbər ötürdüm (təbii ki Moskvaya) ki, APİ müəllim-mütəxəssis yox, türk kəşfiyyatçıları hazırlayır. Onların hamısı Əhməd Triniçlə bağlı idi. O, isə nüfuzunu artırır və hökumətdə yer tutmuş burjua millətçiləri ilə sıx əlaqə saxlayırdı.” Ancaq həmişə mənim ağzımdan vururlar, yəni ki, bu sənin obyektlərin deyil, “əngəl olma.” “Hər dəfə ağzından vurulmasına”, “əngəl olma” xəbərdarlıqlara baxmayaraq Sovet çekisti də öz işində qətiyyətli idi. O, yorulmadan Moskvaya xəbər verirmiş ki, “Bakıda əksinqilabçılar APİ-də yuva qurublar; məhz bundan sonra onları SSRİ-dən çıxardılar. Ancaq Əhməd Triniçi ifşa etmək üçün (O, əslində Bedin idi) 17 il lazım oldu.” Əslində, yazılanlar, bir Sovet çekistinin müşahidələri doğru idi. Sənədlərdən də məlum olur ki, Triniçin əsas suçu bütün Türk dünyasının qatı düşməni, 1918-dən indiyə qədər torpaqlarımızı işğal edən, xalqımıza qarşı genosid siyasəti yürüdən, dünyada terrorçu xalq kimi tanınan erməni daşnakları və onların ən yaxın havadarları olan bolşeviklərə nifrəti etməsi və onlara qarşı savaşması, “Müsavat” partiyasının üzvü və böyük Türk komandiri Nuru Paşaya rəğbət bəsləməsi, onun şəxsi yavəri olması, nəhayət M.Ə.Rəsulzadənin ona verdiyi dəstək olmuşdu. Triniçin krımli Hasan Səbri Ayvazovla görüşməsi də təsadüf ola bilməzdi. Triniç, Cavid əfəndi, Cabbar Əfəndizadə, Məmduh Şevkətin evində toplaşdığı İsmayıl Hikmət “Bakıda fəaliyyət göstərərkən Ozbəkistan, Türkmənistan, Dağıstan, Krım, Kazan kimi mədəniyyət mərkəzlərində olmuş, kitabxanalarda işləmiş, gələcəkdə meydana çıxacaq türk dünyası ədəbiyyatı kitabları üçün zəngin material toplamışdır.” Professor V.Quliyevin “Asan Səbrinin “sovet hakimiyyəti qurulandan sonra uzun müddət “Kommunist” qəzetinin redaktorlarından biri, 1918-ci ildə Gürcüstanı və Azərbaycanı tutan işğalçı türk ordusunun zabiti, sonuncu dəfə 1930-cu ildə Bakıda görüşdüyü Əhməd Vedi Tırni”ni” (əslində isə Əhməd Bədi Triniç) ilə bağlı əhəmiyyətli saymaması” diqqətçəkicidir. Yəni Hüseyn Cavid, M.Şövkət, Cabbar Əfəndizadə və Triniçin İsmayıl Hikmətin evində görüşməsi təsadüf deyildi. Bu görüşlər müəyyən məqsədə xidmət edirdi. Gümanımızdır ki, bir araya gəldiyində onlar Ortaq Türk dili və ədəbiyyatından, siyasi durumdan, çıxış yollarından, nə edəcəklərindən, hansı yolu izləyəcəklərindən danışırmışlar. Triniçin krımlı Asan Səbri Ayvazovla görüşməsi də bundan irəli gəlirdi. Bu baxımdan, Asan Səbrinin Əhməd Bədi Triniçlə yazdıqları əhəmiyyətsiz ola bilməz.
Tarix elmlər namizədləri Eldar İsmayılov və Cəmil Həsənovun “Kölgə” başlıqlı yazısının “son sütununda M.C.Bağırovun adıçəkilən bir sitatda adıçəkilən Azərbaycan yazıçıları sırasında Ə.Triniçin də adının çəkilməsindən sonra “bu iki misal haqqında bir qədər ətraflı məlumat verməyi lazım bilmiş” görkəmli jurnalist və salnaməçi Q.Məmmədli 3 iyun 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində yazır: ”O zaman həbs ediləcək şəxslərin arxasınca bütün günü növbə ilə arxasınca keşikçilər gəzirdi. Bunlardan biri də hər yerdən işdən götürülmüş Əhməd Triniç idi (Triniç həbs olunanda nəşriyyatın direktoru idi). O, tanış rəhbər işçilərin və dostlarının yanına gedərək deyirdi: “Bu qara paltolular” məndən əl çəkmir, arxamca gəzirlər, gecə-gündüz, haraya gedirəmsə məni təqib edirlər. Bu barədə dəfələrlə Bağırova məktub yazıram, teleqram vururam, aparıb ona vermirlər. Axı məni hamıdan yaxşı, hamıdan yaxın tanıyan bir nəfər varsa, o da Bağırovdur. Mənim yazdıqlarım onun əlinə çatarsa, elə həmin gün bu “qara paltolular” məndən əl çəkərlər...!” (həqiqətən də, M.C.Bağırov onu ən yaxşı tanıyanlardan biri olub). Bağırovdan bir kömək görməyincə, “1936-cı ilin axırlarında Triniç şikayət üçün Moskvaya gedərkən Biləcəri stansiyasında vaqonda tutulub həbs edildi, artıq onun haqqında konkret məlumat verilmədi. Bu faktlar, hadisələr Bağırovun 1917-ci ildə Quba qəzasında törətdiyi cinayətləri və Əhməd Triniçin onunla əlbir olduğunu sübut edir.” Bu faktlar eyni zamanda, Triniçin məqsədli şəkildə özünü gizlədiyini də sübut edir. Zahirən özünü tam şəkildə bolşevik kimi göstərən Triniçin Qubada ermənilərə və bolşeviklərə qənim kəsilən Əhməd Bedin olduğunu sübut etməyə uzun bir zaman sərf olunmuşdu (dəfələrlə “təmizləmə”dən keçməsinə və 1933-cü ildə ciddi şəkildə xüsusi komissiya tərəfindən yoxlanmasına rəğmən).
Triniçin adına M.Maqomayevin xatirələrində də rast gəlinir; “Bülbül, Şövkət Məmmədova, Ruhulla Axundov, Əhməd Triniç və başqaları haqqında məlumatlar verilmişdir. Əhməd Triniç haqqında M.Maqomayev bunları bildirir: Triniç Bakıya ilk dəfə 1918-ci ildə türklərin gəlişindən əvvəl gəlmişdi. O, mənşəcə albandır. Sonralar, 1920-ci ildən sonra Triniç müxtəlif idarələrdə rəhbər vəzifələrdə işləmişdir. O, ya qəzet redaktoru, ya konservatoriyanın direktoru, ya türk teatrının direktoru olmuşdur. Lakin heç bir vəzifədə bir ildən artıq qərar tutmamışdır.”
Yazıçı Leonid Zorinin (bakılı şair, tərcüməçi, dramaturq, ssenarist) "Avanstsena" xatirə romanında isə Triniç “hündür, bəyaz dişli alban”, Triniçin “hələ çox gənc şair ikən ona bir nəşriyyat direktoru kimi dəstək verən” və “1933-cü ildə onun şeirlər kitabını nəşr etdirdiən” bir xeyirxaq kimi və minnətdarlıqla xatırlanır.
Sovetləşmə illərində mühacir həyat yaşamaq məcburiyyətində qalmış görkəmli şəxsiyyət, “Əksinqilab ilə mübarizə təşkilatı”nın (indiki Milli Təhlükəsizlik Nazirliyi) rəisi Nağı bəy Şeyxzamanlının xatirələrində M.C.Bağırov və Beriya ilə yanaşı, Triniçin də adı tez-tez keçir; “Bağırovun məsuliyyətdən xüsusilə qoruduğu və himayədarlıq etdiyi şəxslər arasında Triniç Əhməd Bədinin xüsusi yer tutmasından” bəhs olunur. Bunu Nağı (Keykurin) Şeyxzanlı kimi, sovet çekisti də məktubunda bunu vurğulayırdı: “Rəsmi informasiyalarla müəyyən edilmişdir ki, bu Əhməd Triniç görkəmli türk kəşfiyyatçısı, antisovet qruplaşmaların təşkilatçısı, pantürkizmin ideoloqudur, o, müsavatçılarla əlbirdir və s. Lakin Bağırov (FK sədri) bunu qulaqardına vuraraq gözə kül üfürür və deyir: “Azərbaycan MK-ya məlumdur ki, Əhməd Triniç partiya tərəfindən düşmən düşərgəsinə iş üçün göndərilmişdir, bu, hamımıza məlumdur” (müsavat partiyası nəzərdə tutulur). Lakin sonralar Bağırov belə Triniçi ermənilərdən və bolşeviklərdən qoruya bilməmiş, Triniç həbs edilmişdi. “Erməni yoldaşların görkəmli məsul vəzifələrə təyin edilməsi” (N.Nərimanov) ona əngəl olmuşdu. “Köhnə dostu” 1937-ci ilin iyun ayında Bağırovun mətbuatda dərc olunan məruzəsində “yeni düşmən”ə çevrilmişdi; “bir çox mədəniyyət idarələrində uzun müddət R.Axundov, Ə.Kərimov, Triniç, Ə.Nazim, Talıblı, Tağı Şahbazi, Dubinski və başqaları kimi xalqın qəddar düşmənləri işləmişlər” - sözlərindən sonra, 1937-ci il iyul ayının 8-də, bəzi mənbələrə görə, artıq Əhməd Triniç saxta itihamlara dözməyib, kimsəni satmağı özünə rəva görməyib həbsxanada intihar eləmişdi” (N.Əbdülrəhmanlı). Bəlkə də Triniçin intihar etməsinə (əgər həqiqətən də intihar etmişsə) elə o ərəfədə 1937-ci ilin iyun ayında Bağırovun mətbuatda dərc olunan məruzəsi səbəb olmuşdu. Çünki bu məruzəsində dostu Bağırov onun da adını xalq düşmənləri içərisində çəkmişdi: “bir çox mədəniyyət idarələrində uzun müddət R.Axundov, Ə.Kərimov, Triniç, Ə.Nazim, Talıblı, Tağı Şahbazi, Dubinski və başqaları kimi xalqın qəddar düşmənləri işləmişlər” (Moskvaya şikayət üçün gedən Triniçi Bağırov əfv etməzdi. Cuvarlinskini bu səbəbdən şəxsən özü güllələmişdi). Triniç, ya dostu tərəfindən xilas olunmasına ümidini itirmiş, ya da Bağırovun bu sözlərindən sonra erməni “üçlüyü” tərəfindən kamerada asılaraq öldürülmüşdür. Bu da “üçlüyün” Bağırova verdiyi məlumatdan bəlli olmuşdur. Triniçin nə cəsədini görən olmuş, nə də ona aid bir məzar qazılmışdı, eləcə “öldü” deyilmişdi.
Cavid əfəndinin “Hey fələk...keçdi zaman dalğa gibi, Öylə qorqunc, öylə bir əsəbi ki...” misraları tam da bu dövrü xarakterizə edir. Dövr həqiqətən də, “qorxunc” və “əsəbi“ idi.
Bir yazısında “Mehdi Hüseynin atasına verdiyi bir fotonun arxasına “köhnə dostum, təzə düşmənim” yazmasından bəhs edən Xalq yazıçısı Anar yazır: “bir neçə il bundan əvvəl arxivimi araşdırarkən unutduğum bir məktubu tapdım. Bolqarıstanın Razqrad sancağının Lübley kəndindən Nəcib Karabacaq adlı bir türkdən idi. Məktubda belə sözlər vardı: “Sayın Anar yoldaş! Sizləri 1962-ci illərdən tanıdım. Mərhum Mehdi Hüseyndən sizin kiçik bir hekayə kitabınızı qəbul etmişdim, oradan tanıdım və sevdim. Gənc yazıçı idiniz. Mehdi Hüseyn sizi çox sevirdi”. Uzun illərin, əsrlərin başı üzərindən, sanki başqa bir dünyadan, başqa bir zamandan Mehdi müəllimdən gələn bu soraq məni hədsiz dərəcədə riqqətləndirdi. Axı özüm bu barədə heç nə bilmirdim.” Deməli, M.Hüseyn şəklin arxasına “köhnə dostum, təzə düşmənim” yazmağına baxmayaraq qəlbən heç zaman düşmən olmamışdı, nəinki düşmən olmamışdı, dostunun oğlunu içdən-içə sevmişdi, yazılarını bəyənmişdi, qəbul etmiş və alqışlamışdı. Belə olmasa idi, hətta bu gün qorxunc dediyimiz sovetlər dönəmində belə “köhnə dostum”, “təzə düşmənim” dediyi R.Rzanın oğlu Anarın kitabını keçmiş SSRİ deyilən məkanın sərhədlərindən kənara çıxararaq tanıtmaz, ondan ürək dolusu, sevgi ilə bəhs etməzdi.”
Göründüyü kimi, adı xatirə olsa da bu xatirələrdə bəzən həqiqətlər də yer alır. Bu baxımdan xatirələr dövrün tarixi, ictimai-siyasi və ədəbi-mədəni mühitini öyrənməkdə maraqlı qaynaqlardan sayıla bilər. Lakin xatirələr hər zaman həqiqəti əks etdirmir, bəzən subyektiv düşüncə ilə və şəxsi münasibətlər əsas tutularaq yazılır. Qeyd edək ki, dərc olunan xatirələrə təkzib verilməsinin də şahidi az olmamışıq. Lakin Triniç haqqında yazılanlara təkzib verən olmayıb, çünki Triniçin özündən sonra onun haqqında yazılanları təkzib edən kimsəsi olmayıb, nə yazılıbsa, nə deyilibsə üzərində qalıb. Hətta uzaqlardan gəlib Azərbaycanda məsul vəzifələrdə çalışan, rəhbər işçilərlə dostluq edən bir “arnaut”un həbsinə kədərlənənlərdən çox sevinənlər olub. Xatirələrdə, doğrudur bu xatirələr də sovet dövründə yazıldığı üçün, Triniçin siması o qədər də aydın olmur, çünki xatirələr yazılanda bu gün düşmən saydıqlarımıza “dost” deyirdik. SSRİ-ni böyük vətənimiz sayırdıq. Fikrimizcə, Triniçi ən doğru, harda işləməsindən, nə yazmasından asılı olmayaraq, olduğu kimi kəşf edən sovet çekstidir: “Rəsmi informasiyalarla sübut edilmişdir ki, bu Əhməd Triniç məşhur türk kəşfiyyatçısı, antisovet qruplaşmaların təşkilatçısı, pantürkizmin ideoloqudur, O, müsavatçılarla əlbirdir. Əhməd Triniç “Türkiyə könüllüləri”nin fikir babasıdır.” Bu qədər ...
Bəzi xatirələrdə, Triniç “sərt”, “kobud” bir insan kimi təqdim edilir. Onu “sərtliyinə”, “kobudluğuna” görə suçlayanlar, sevməyənlərin olması da təbiidir. Amma unutmayaq ki, uşaqlıqdan odlar-alovlar ayaqlayan, anasız-atasız, nənə himayəsində böyüyən, dövlət himayəsində oxuyan, Balkan savaşlarından qaçıb Türkiyəyə pənah gətirən, gənc yaşından müharibədə vuruşan, əsir həyatı yaşayan, mənfur düşmənlərimizə düşmən kəsilən bir insanın “sərt”, “kobud” olmasında əsl günahkar həyatdır. Xatirələrdə, sərt bir insan kimi keçməsinə baxmayaraq elmi mətnlərdə Triniç düşmənimizin düşməni, bizim dostumuz kimi görünür. Yazıda nə qədər Əhməd Bədi Triniçin kimliyi, Azərbaycandakı fəaliyyəti, məfkurə və məqsədini araşdırmağa çalışsaq da, Triniç haqqında hələ də mübhəmlər, məchullar çoxdur. Bunları araşdırmaq uzun-uzadı vaxt və zəhmət tələb edir. Yazını Vaqif Cəbrayılzadənin bu misraları ilə yekunlaşdırmaq istəyirəm:
Ölsəm, ölsəm
Bir də min il sonra dirilsəm
Bu dünyada hər şeyin sonunu bilsəm?!
Tarix: 12-06-2019, 12:19