Arazın o tayında
Qəribə dönmüş ellilərim
Qürbət deməyə gəlmir dilim
Maarifə Hacıyeva,
filologiya elmləri
doktoru, professor
Astaradan başlayaraq Ərdəbil, Səreyn, Muğan, Aslandüz, Horadiz, Xumarlı, Xudafərin, Qumlaq, Əhər, Qaradağ, Kəleybər, Zəncan, Təbriz, Üskü, Kəndivan kimi bir çox Azərbaycan kənd və şəhərlərini gəzib dolaşdım. Bu səyahət həm də məni bir daha dünyanı dərindən dərk etməyə vadar etdi, insanları, dostları, soydaşları daha yaxından müşahidə etməyimə vəsilə oldu.
Başqa səfərlərimdən fərqli olaraq məni bu səfərə vadar edən içimdə illər uzunu alışıb-sönən torpaq, Vətən sevdası idi. Axı mənim ulu babalarım və bir nənəm də Cənubi Azərbaycan deyilən Vətəndən Gədəbəyə gəlmişdilər. Böyüklərin dediyinə görə, ata babam Kəblə Həsən Təbriz yaxınlığındakı Üskü şəhərindən, ana nənəm Fatma nənə Qaradağdan, ana babam İskəndər Ördəklidən gəlmişdilər. Gədəbəydə ona «Ördəkli İskəndər», Fatma nənəyə «Qaradağlı Fatma», babam Kəblə Həsən Gədəbəyli qızı Gülsüm nənə ilə evləndiyi üçün Gülsüm nənəyə «Ayrım Gülsüm» deyərdilər.
Bütün bu məlumatları uşaqlıqda kimsə bizə deməzdi. Sovet hökumətinin sərt qanunları belə təbliğatı yasaq etmişdi. Mən bunları zamanla araşdırıb bildim. Gədəbəylilər içində Xoylular, Təbrizlilər, Zəncanlılar, Zunuzlular, Mərəndlilər adı ilə tanınanlar çox idi. Bunların ulu babaları Cənubi Azərbaycandan gəlib Gədəbəydə kök salmışdılar. Ümumiyyətlə, Gədəbəydə qızıl və mis mədənləri olduğu üçün bu insanlar sovet dönəmindən əvvəl - çar Rusiyası zamanı, böyük ehtimalla, Gədəbəyə iş üçün gələn insanlar idi.
Xudafərindən Tehrana uzanan səfərdə müsahibim, yol yoldaşım əslən xudafərinli olan, 15 ildir ki, Tehranda Azərbaycan və fars dillərində nəşr olunan «Xudafərin» adlı mükəmməl bir jurnalın təsisçisi və baş redaktoru, psixoloq alim Hüseyn Şərqidərəcək Soytürk idi. «Soytürk» ləqəbi müsahibimin özünə seçdiyi ləqəbdir. Yəni, soyu türk olan azərbaycanlı, «Şərqidərəcək» isə ailə soyadıdır. Xudafərində zəlzələ nəticəsində məhv olan, ancaq kiçik bir ərazidə mövcud olan Dərəcik kəndindən olduğu üçün müsahibim Hüseyn «Dərəcik» deyil, «Dərəcək» şəklində soyadını davam etdirir. Nəslin «Şərqidərəcik» şəklində yaşayan soyadı Hüseyn bəyin imzalarında «Şərqidərəcək» şəklində ifadə olunmaqdadır.
Qeyd etdiyim kimi, Dərəcik Xudafərində Hüseynin dədə-baba kəndinin adıdır. Soyad kimi Hüseyn bəy onu Şərqidərəcək şəklində yazır. Yəni Şərqi qədər şirin, mənalı. Hüseynin məmləkəti Xudafərin isə 30 min əhalisi olan bir qəsəbədir. Qəsəbə yaxınlığında tikilən bir məscidin tarixi də çox maraqlıdır. Bu məscid Azərbaycan xanlıqlarını işğal etmək üçün vaxtilə Rusiya-İran (1806-1813-1826) müharibəsi dövründəki Rusiya ilə İran arasında bağlanan və Azərbaycanı Araz çayı boyunca Rusiya və İran arasında ikiyə bölən «Gülüstan» və «Türkmənçay» müqaviləsindən sonra rus dövlətindən imtina edib Arazı üzərək Xudafərinə keçən, sonralar Cənubi Azərbaycan vətəndaşı ona bir rus generalı - Aleksandr Dmitreviç Petrov tərəfindən tikilən və günümüzdə də fəaliyyət göstərən bir məsciddir. Xudafərində yerləşib islam dinini qəbul edərək, müsəlman olan rus generalı Kərbəlaya getmiş, Kəblə Həsən adı ilə Xudafərinə dönmüş və həmin məscidi öz xərci ilə tikdirmiş, müsəlman qadınla evlənmişdi. Onun iki qızı, üç oğlu olmuşdu. Nəvə-nəticələri bu gün də yaşayır və böyük bir nəsli əhatə edir. Kəblə Həsən mənim yol və səfər yoldaşım, müşaiyətçim doktor Hüseyn Soytürkün ulu babalarındandır.
Çox maraqlı və yüksək intellektə sahib olan doktor Hüseyn Soytürk beş barmağıtək bildiyi Cənubi Azərbaycan torpaqları, onun hər kəndi, dağı, dərəsi, onların tarixi və mədəni səviyyəsi haqqında yol boyu verdiyi məlumatlarla mənim biliklərimi zənginləşdirirdi.
Diqqətimi çəkən və məni sevindirən bir cəhət bu kəndlərin adlarının Azərbaycan mənşəli olması, görüşdüyümüz, rast gəldiyimiz insanların elə ana dilində danışması idi. Bir çoxunun təhsilinin fars dilində olmasına baxmayaraq, insanlar yaşadıqları yerin ləhcəsi ilə doğma Azərbaycan dilində danışırdılar.
Vaxtilə Xalq şairimiz Süleyman Rüstəm Təbrizdə olarkən bir fars şovinistinə dediyi:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə.
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə.
Ana dilində və fars dilinə misilsiz əsərlər qoyub getmiş ulu Şəhriyarımız isə:
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Başqa dilə qatsan bu əsil dil
dönüb əsil olmaz -
demiş, ana dilini ana südü kimi halal bilmişdi. Bu halal ana dilini bu gün Cənubi Azərbaycanda xalq yaşadır.
Yol boyu gördüyüm kəndlərin əksəriyyətinin adları Azərbaycan mənşəli toponimlər olduğu da Şəhriyarın söylədiyi əsillikdən gəlirdi və Arazın o tayında 1813-cü ildən İrana ilhaq edilmiş Cənubdakı Azərbaycan torpaqlarının varlığından, tarixindən, mədəniyyətindən xəbər verirdi. Kəndlərin yadımda qalan və yol xatirə dəftərimə qeyd etdiyim bir neçəsinin adları: Çanaxçı, Körpülü, Babaylı, Muğan, Cəfərqulu uşağı, Subasdı, Güngörməz, Zambalax, Xənəyə, İmarat, Aynalı, Məkidi, Peyqam, Dımırıq, Mövlam, Sarıbulaq, Təzəkənd, Ənbastıq, Çılpaqlar, Güncük, Aslandüz (deyilənə görə Nadir şah bu kənddə tac qoyub), Muştuluq, Göydərə, Heris, Yenicə, Sütəm, Saxsılı, Ağcaquşlar, Heydərkanlı, Horadiz, Qağalı, Qaraçı kəndi, Şahyurdu (deyimə görə Nəsrəddin şah buradan keçib Avropaya gedib), Bostanabad (keçmiş adı Ucar), Xoşginab, Şəngilava. Bu kənd adları bizim toponimlərlə bacı-qardaşdı.
Bu yerdə ulu Şəhriyarımızın nisgilli misraları da yada düşməyə bilərmi?
Araz deyər ulduz kimi
axaram,
Gözaltıyla sağa-sola
baxaram.
Qəhərlənib ildırımtək
çaxaram,
Kəsməliyəm iki qardaş
arasın,
Ağladıram bağlamadan
yarasın.
Bizlər ki, lap bir dil, bir qan qardaşı,
Qardaş qalsın, insanlarıq,
yoldaşıq.
Ayaqlara pis sarışıb
sarmaşıq,
Pasport ilə deyir getsən,
sözüm yox,
Pasport deyir, adam vardır,
özüm yox.
Bu da Xudafərin körpüsü. Tarixin canlı şahidi, yanında da Sınıq körpü. Vəhşi ermənilərin torpaqlarımızı işğal, talan edib, sonra yandırdıqları Dirili, Qumlaq kəndləri.
Elə Arazın bu tayındakı Xudafərindən ermənilərin yandırdıqları kəndlər açıq-aşkar görünür. Yandırılmış Qumlaq kəndi, Diridağ ətəklərindəki Dirli kəndi göz dağı kimi bizə baxır, ürəyimizə qılınc kimi soxulur, erməni vandalizminə, vəhşiliyinə nifrətimizi birə-beş artırır.
Bunlar ürəyimi deşə-deşə Araza baxıram və
Axma, Araz, dayan bir az,
Bir ürəyi cəllad kimi
İki yerə bölmək olmaz - bayatısı ilə sanki Arazı ittiham edirəm. Yazıq Araz! Deyəsən, hamıdan çox sən söyülür, ittiham edilirsən bu vandalların, şovinistlərin yerinə. Amma Şəhriyarımız deyib ki,
Eşq əhlisən, yaxşı məni qanarsan,
Çox kipləmə, od tutub odlanarsan.
Gözlər yağış yağdırmasa,
yanarsan,
Mənim qaynar çeşmə kimi
gözüm var,
Odur, məndə hər cür dərdə dözüm var.
ƏRDƏBİL. Astaradan sonra gördüyüm ilk böyük tarixi şəhər. Şəhərə çatar-çatmaz ağlıma ilk gələn şairə dostum Nəzakətin «Ərdəbil» şeiri oldu. Axı onun da babası elə Ərdəbildən Bakıya gəlmişdi.
Babam deyib, o taylıyam,
Doğulduğum, böyüdüyüm
o yerlərdə qalıb izim
Bu izləri öpmək üçün,
Atam gəzib xəyalında
dizin-dizin, Ərdəbilim - demiş şairə bacım.
Tarixə Səfəvi dövlətinin möhürünü vuran qədim Ərdəbil şəhərində gözəl ŞEYX SƏFİ TÜRBƏSİNİ görmədən getmək olmaz. Şeyx Səfi Türbəsinin möhtəşəmliyini, Şah İsmayıl babamızın gəzdiyi cığırları, gözlə görə bilmədiyimiz məzarını, onun məğrur heykəlini görmədən buradan ayrılmaq mümkün deyil.
Ərdəbildəki Şeyx Səfiəddin Ərdəbilinin (1252-1338) türbəsi öz möhtəşəmliyi və gözəl memarlığı ilə bu gün də göz oxşayır.
Yolumuz KƏLEYBƏRƏDİR. Burada Hüseynin qohumları Bayram bəyin, Aləm xanımın, Ərsalan bəyin, Rəxşəndə xanımın qonağı olduq.
Məşhur BƏZZ qalası, yəni qəhrəman Babəkin qalası. Hava çox isti olduğu üçün dağların sinəsində möcüzəli şəkildə dayanan Bəzz qalasına çıxa bilmədim. Yalnız onun füsunkar görkəmini və məğrur duruşunu uzaqdan-uzağa heyranlıqla seyr etdim. Babalarımızın məğrurluğu qarşısında bir daha baş əydim.
İndi ƏHƏRƏ gedirik, Qaradağ mahalının mərkəz şəhərinə.
Əhərdə XIII əsrə aid Şəhabəddin Mahmud Əhəri türbəsi tarixin canlı salnaməsidir. Əslində dövrün məktəbi və idarə mərkəzi olmuşdur bura. Şah İsmayılın da burada dərs aldığı söylənilir. Binanın içərisində bir imzalar otağı var, orada Şah İsmayılın da imzası var. Bura indi muzey kimi fəaliyyət göstərir. Bir çox məlumatları elə Hüseyn bəy verirdi. Müsahibim Hüseyn Soytürk belə bir lətifə də danışdı: «Əhərlə Təbrizin futbol komandası oynayırmış. Əhərli azarkeşlər «Əhər udacaq» - deyə qışqırırlar. Təbrizli azarkeşlər isə «Yox, şəhər udacaq» demişlər (şəhər, yəni Təbriz şəhəri).
Şəhriyarın şeirində də Azərbaycanın o tayında və bu tayında olan bir neçə Azərbaycan şəhəri kimi Əhərin adı çəkilir.
O taydadır Şəki, Şirvan,
Qarabağ,
Bu tayda da Meşkin, Əhər,
Qaradağ,
Bir-birindən Arazdan almış
soraq,
Araz bizi ayırmadan
dağlayıb,
Son özü də gecə-gündüz
ağlayıb.
Yolumuz ZƏNCANADIR. Yaxınlıqdakı möhtəşəm SULTANİYYƏ şəhərindəki tarixi Sultaniyyə gümbəzinədir. Azərbaycan Elxanilər dövlətinin möhtəşəm memarlıq abidəsi olan Sultaniyyə günbəzini gəzib-dolaşdıq.
Tarixçilərin yazdığına görə, XIII əsrdə monqol yürüşlərinin və onların keçirdikləri siyasətin ləngidici təsirinə baxmayaraq, Azərbaycanda mədəniyyət, incəsənət, elm və ədəbiyyat öz inkişafını davam etdirirdi. Azərbaycan Şərqin ən mühüm mədəni mərkəzlərindən biri olaraq qalmaqda idi.
…Azərbaycanın müxtəlif şəhərlərində möhtəşəm memarlıq abidələri yaradılırdı. Təbrizdə Şənbi-Qazan, Rəvi Rəşidi məhəllələri, Ərk qalası, şəhərin Kohən meydanında məscid, xanəgah, mədrəsə, Muğanda Mahmudabad şəhəri, Abşeronda Mərdəkan, Ramana və Nardaran qalaları, Marağada, Zəngilanda, Naxçıvanın Qarabağlar kəndində görkəmli məqbərələr, Urmiyada (1227-ci il), Mərənddə (1331-ci il) və s. yerlərdə əzəmətli məscidlər, mədrəsələr, xanəgahlar inşa olundu.
…Azərbaycanda astronomiya (nücum), riyaziyyat, tibb, fəlsəfə, tarix, coğrafiya və s. elmlər üzrə əhəmiyyətli kəşflər edildi, əsərlər yazıldı. Görkəmli alim Məhəmməd Nəsirəddin Tusinin rəhbərliyi ilə 1259-cu ildə açılmış Marağa rəsədxanası və eləcə də, XIV əsrin əvvəllərində Şamqazanda tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzinə çevrildi.
…Zəncan şəhərindəki möhtəşəm Sultaniyyə gümbəzi XIII əsr Azərbaycan Hülakilər (Elxanilər) dövrünün tarixi abidəsi kimi qiymətlidir. Tarixçilər XIII əsrdə monqol şahzadəsi Hülakü xanın (1258-1265) Hülakülər (Elxanilər) dövlətini yaratması ilə Azərbaycanın bu dövlətin siyasi-inzibati mərkəzinə çevrildiyini, Təbrizin bu dövlətin paytaxtı olduğunu yazırlar (bax: «Azərbaycan tarixi». I cild. Bakı, 1994, səh. 346, 347, 325).
Professor Əlyar Səfərli də «Qədim və orta əsr Azərbaycan ədəbiyyatı» adlı əsərində yazır ki, «XIII əsrin axırlarında Elxanilər dövlətinin yaranması iqtisadi, ictimai sahədə olduğu kimi mədəniyyət sahəsində də öz bəhrəsini verdi. Marağada tikilən rəsədxana, Təbrizdə tikilən «Rəbi Rəşidi» adlı böyük elm şəhərciyi bu zamandan başlayaraq həqiqi intibah mədəniyyəti mərkəzinə çevrildi. Bu elm mərkəzlərində Şərqin hər yerindən gələn tələbələr oxuyur, alimlər çalışırdı. Elxanilər dövründə Azərbaycan intibah mədəniyyəti, xüsusən XIV əsrdə gur inkişaf yoluna qədəm qoydu» (səh. 138).
Ciddi, əhəmiyyətli böyük yaradıcılıq yolu keçən, əsərləri Azərbaycan ədəbiyyatı tarixində bir epoxanın bədii əksi olan dramaturq Cəfər Cabbarlı (1899-1934) da Azərbaycanın müstəqilliyi illərində (1918-1920) yazdığı «Azərbaycan bayrağı» adlı şeirində üçrəngli Azərbaycan bayrağını iftixarla tərənnüm edərək, Azərbaycan bayrağındakı Ay və Ulduz, qırmızı, yaşıl, göy rənglərin rəmzi mənasının bədii əksini ifadə etmiş, göy rəngin XIII əsr Azərbaycan Elxanilər (Hülakilər) dövlətinin türk (Azərbaycan) nişanı olduğunu yazmışdır.
Bu ay, ulduz boyaların
qurultayı, nə demək?
Bu göy boya Göy Monqoldan
qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı.
Yaşıl boya islamlığın
sarsılmayan imanı,
Bu al boya azadlığın,
təməddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Sultaniyyənin XIII əsrdən qədim Azərbaycan torpağındakı mövcudluğu tarixi bir gerçəkliyin ifadəsidir. 1813-cü ildə Azərbaycan torpaqları Rus və İran dövlətləri arasında Araz çayı boyunca ikiyə bölünsə də, qədim tarixi olan Azərbaycanda bu gün də ayaqda qalan tarixi abidələr öz varlığı ilə tarixin gerçəkliyini yaşadır. Bunlardan biri də Sultaniyyədir.
Elxanilər dövründə Sultan Məhəmməd Xudabəndə (1304-1316) adı ilə tanınan Ulcaytunun hakimiyyəti zamanı dünyəvi tarixi miras sayılan Sultaniyyənin içərisindəki yazılar göstərir ki, hündürlüyü 48,5 metr, daxili girişi 25,5 metr olan tarixi Sultaniyyə gümbəzinin təməli Sultan Məhəmməd Xudabəndə adı ilə tanınan Ulcaytunun (1304-1316) göstərişi ilə qoyulmuşdur. Gümbəzin sahəsi 314-216 metr olmaqla 16 bürcdən (zirvədən), yaşıl əhəng daşından tikilmiş 2 şimali və cənubi darvazalardan ibarətdir. Memarlıq tarixində ilk dəfə binanın ikili üzlüyü olması dünya memarlığında ilk dəfə bu binada istifadə olunmuşdur. Gümbəzin çöl qatının üzlüyü firuzəyi rəngdə keramika ilə örtülmüşdür. Bu tarixi binanın bəzək işləri cürbəcür keramika işlərindən, gəc üzərində rəsmlərdən, şəbəkətipli kərpic işlərindən, gəc və kərpiclərdən, bəzək işlərindən, parça üzərində gəcdən naxışlardan, Quran ayələrindən və hədislərdən, parçalardan ibarətdir.
Sultaniyyə gümbəzi Elxanilər dövründən qalan ən mühüm tarixi memarlıq abidələrindən biridir ki, onun nümunələrinin təsirini tarixi memarlıq abidəsi olan Florensiyadakı Santa Mariya Delfunre kilsəsində görmək olar.
Qübbə dünyada üçüncü qübbə hesab olunur. Birinci qübbə sayılan Santa Mariyanın hündürlüyü 87 metr, ikinci qübbə Aya Sofyanın hündürlüyü 56 metr, üçüncü isə Sultaniyyədir ki, onun hündürlüyü 48,5 metrdir. Sultaniyyə 800 ilə qədər tarixi özündə yaşadır.
QARADAĞ adlanan dağ yolu ilə yolumuza davam edirik. Yeri gəlmişkən, Qaradağ XVIII əsrdə Azərbaycanda yaranmış xanlıqlardan biridir. Neçə-neçə kilometrlərlə uzanan Qaradağ dağları, oradakı kəndlər ərazinin böyük bir hissəsini əhatə edir.
Yolumuz TƏBRİZ tərəfədir. Hələ Təbrizi, Kəndivanı, Üskünü görəcəyik. Hər halda təəssüratın, insanların ürəyimizcə olacağını düşünürəm.
TƏBRİZƏ çatdıq. Hüseyn bəyin bacısı oğlu Əkbərin dostları olan nəcib və qonaqsevər bir ailə bizi qarşıladı. Heç bir zaman unutmayacağım ailənin xanımı Rizvanə xanım və Asəf ağa böyük qonaqpərvərlik göstərdilər. İki gün Təbrizi doya-doya gəzdim. Burada «Şairlər məzarlığı»nı, Ərk qalasını, El gölünü ziyarət etdik.
Şəhriyarın məzarını hələ 2008-ci ildə ziyarət etmişdim. İndi məzar nəfis şəkildə bərpa olub, Şəhriyarımızın adına layiq.
XIII əsrdən qalma Ərk qalası öz məğrur görkəmindədir. Şəhriyarın hələ 1968-ci ildə Xalq şairi Məmməd Rahimə yazdığı aşağıdakı misralar qulağımda səslənir:
Üfüqlərə röya rəngin
yaxıram,
Timsalivi dağlar üstə
taxıram,
Eynalıdan, Ərk üstündən baxıram,
Sən də hünər atın çəkib
çaparsan,
Dumanlı dağlarda məni
taparsan.
KƏNDİVAN - Təbriz yaxınlığındakı tarixi bir şəhər. Tarixin qədim daş evlər diyarı. 900 il tarixi olan bu şəhər Təbrizdən çox uzaqda deyil. 150-160 ev dağ üstündə yerləşir. Əhalisi təxminən 750 mindir. Türkiyənin qədim Kapatokiyası kimi bura da möcüzəli görünüşü ilə turistlərin və yerli əhalinin diqqət mərkəzindədir.
ÜSKÜ - babamın doğma şəhəri. Təbriz yaxınlığında gözəl tarixi bir şəhər. Böyüklərimdən eşitmişdim ki, babam Kəblə Həsən buradan Gədəbəyə gəlib. Onlar Üskünün bir kənd olduğunu deyirdi. Məgər ki, bura qocaman bir şəhər imiş. Sağ olsun səfər yoldaşım və müsahibim Hüseyn bəy. Maşını ilə baba yurduma da getdik, 110 yaşlı çinarın altında şəkil çəkdirdik.
Vaxtilə evimizdə qonaq olan Cənubi Azərbaycan şairi rəhmətlik Məmmədəli Məzhun deyirdi ki, Üsküdə kimsə hamballıq etməz. Bu da mənə ayrıca qürur vermişdi. İndi bu şəhəri görməyi Böyük Yaradan mənə qismət etdi. Çox şükür!
Təbrizdə evində müsafir olduğum ailənin başçısı Asəf ağanın üskülülər haqqında söylədiyi bir-iki lətifə də bir folklorçu kimi diqqətimi çəkdi. Həmin lətifələr belədi:
«Üskülü nərdivana çıxır. Arvadına deyir ki, iki yumurta bişir, biri sənin, biri də mənim. Ayağı sürüşür. Arvada deyir ki, yumurtanın birini götür, mən ölürəm».
Bir Üskülü görür ki, qarğa bir cevizi ağzına alıb onun bağındakı ağacda durur. Çalışır ki, cevizi onun ağzından saldırsın. Qarğa uçur, o qaçır. Uzun bir yol gedir və nəhayət, qarğanın ağzından cevizi saldırır. Görür ki, ayaqları parça-parça olub, qan axır. Ayaqlarına baxıb deyir: «Yaxşı ki, ayaqqabım ayağımda deyilmiş, yoxsa cırıq-cırıq olardı».
TEHRAN. Bakıya dönmək üçün Tehrana gəldik və Soytürk ailəsinin qonağı oldum. Tehranda bir çox mehriban insanlarla qarşılaşdım. Hüseynin mərd, alicənab qohumlarını tanıdım. Onların bir neçəsi və Hüseynin xanımı qızı Tanayla Bakıda evimin əziz qonağı olmuşdular. Hüseynin bacısı oğlu Əkbər və həyat yoldaşı Solmaz, Solmazın bacıları və onların həyat yoldaşları, sinədəftər şair Firuz Əsədi Duman, ailəsi, gəlini, oğlu, daha neçə gözəl insanlarla görüşəcəkdim, amma təyyarə biletini zorla tapmışdıq. Həm də Tehran çox isti idi. Sıxıldım. Dönmək məcburiyyətində qaldım. Yadıma professor Nurəddin Rzayevin (onun da valideynləri o taylı idi) bir bayatısı düşdü:
Yarım o tayda qaldı,
Yarım bu tayda qaldı,
Toyum burda çalındı,
Yarım o tayda qaldı.
Mənim də ürəyimin bir parçası o Vətəndə, orada tanıdığım soydaşların yanında qaldı desəm, yalan olmaz. Mən qonağı olduğum, hörmət və səmimiyyət gördüyüm, bədahətən şeir deyən soydaşımız, səmimi insan Firuz Əsədi Dumanın bir neçə bayatısını da bizim bu taylı oxuculara təqdim edirəm:
Əzizim Qız qalası,
Elimin düz qalası,
Yıxılar çox qalalar,
Yıxılmaz söz qalası.
Quş olub arzum uçar,
Hər yana qonsa, uçar.
Çatlaqlı bir duvardı,
Qəlbimə dəymə, uçar.
Qəlbim yara, budama,
Görüşə gəl bu dama.
Bir quş uçurtdum göyə,
Gəlib qondu bu dama.
Mən atmadım, o atdı,
Atmaz idim, yar atdı,
Qaçıram, çatammıram,
Mən piyada, o atdı,
Mən atdığım gül oldu,
Daşı mənə o atdı.
Cim-cim eylər cinaslar,
Şeirin gücü cinaslar,
Xurafata inanma,
Qorxsan səni cin aslar.
Tikan məndə, gül səndə,
Üzüm gülər gül, sən də,
Hər üzdə keçər zaman,
Ağlasan da, gülsən də.
Dədə Qorqud boz qurdum,
Türkə nişan düz qurdum,
Yel qopar, dağ titrəyər,
Nərə çəkər boz qurdum.
Doğrudur, mən iki dəfə İran İslam Respublikasında elmi konfransda olmuşam. 2006-cı ildə Urmiyada «Xəqani Şirvani» konfransında, 2008-ci ildə isə Şəhriyarın 100 illiyi münasibətilə Tehran və Təbrizdə. Bunları bir-birilə qarışdırmayım. Amma bu səfərin bir başqa lətafəti var idi. O da torpaqları və insanları daha yaxından görmək idi.
Gəzmək, görmək, düşünmək çox məntiqli, insan ömrünə rəng qatandır. Mən də getdim, gördüm və düşündüm. Atalarımız deyib ki, «Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır». Mən Arazın o tayını çox oxumuşdum, həm də dönə-dönə eşitmişdim. İndi bu torpağın bir qismini həm də gördüm… Həsrətində olduğum yerlər haqqında nə qədər eşitmişdimsə, bir dəfə görməyin təəssüratını ala bilməmişdim. Oradakı bacı-qardaşlarımla müsahib oldum. Bir parçamız olan o torpaqlarda yaşayan soydaşlarımız yaddaşıma ölüncəyə qədər həkk olundu. O tayda yaşayan soydaşlarımızın da müstəqillik təşnəsində olduğunu dərk etdim. Onlar bu taylı Azərbaycanımızın müvəffəqiyyətlərindən iftixar edirlər. Kaş ki, bizə də nəsib olsun, deyirlər.
Bütün bu zəngin təəssüratım üçün mənim yorulmaq bilmədən əziyyətimi çəkən doktor Hüseyn Söytürkə borcluyam. Nələr gördüm, nələr eşitdim, nədən heyrətləndim, nəyə təəssüfləndim, nədən qəmləndim, nədən çox sevindiyimi, nədən ağladığımı bilmirəm. Kaş ki, bu düşüncələri ifadə edən bir yazı üslubu olaydı… Unutmaq istəmədiyim, sətirlərə köçürmək istədiyim təəssüratlarımı yazmaq isə məni tərk etmədi. Bəlkə hamısı olmasa da yazdım. Bunlar düşündüklərimin bir parçası, gəzib gördüklərimin kədəri, sevinci, həm də yarısıdır. Niyə? Bilmirəm.
İndi 19 iyul 2018-ci ildir. O Vətəndən bu Vətənə Tehran-Bakı reysi ilə Bakıya döndüm. İstər-istəməz qulağımda bir deyim səslənir: «Gəzdim İran-Turanı, cənnət gördüm buranı».
Tarix: 2-10-2018, 10:24