Təhsil naziri kollektivə təqdim olunub
Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsindən azad edilib. Dövlət başçısının həmin gün imzaladığı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə” sərəncamına əsasən Ceyhun Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin olunub.
Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunmuş Ceyhun Bayramovu nazirliyin kollektivinə təqdim edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.
Ceyhun Bayramov dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu geniş hədəfli vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün bütün qüvvənin səfərbər olunacağını vurğulayıb.
Tarix: 10-05-2018, 10:58