Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib

İyulun 24-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanasının açılışı olub.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev, tərəfdaş təşkilatların təmsilçiləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli peşə təhsilinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Aparat rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, qarşıdakı illərdə 21 yeni peşə təhsili müəssisəsi tikiləcək, 2 müəssisə isə əsaslı təmir olunacaq. Bununla yanaşı, peşə təhsilinin beynəlxalq əməkdaşlıq imkanları da genişləndirilir. Azərbaycan və Türkiyə arasında bu sahədə əməkdaşlıq çərçivəsində ölkəmizdə iki peşə təhsili müəssisəsi yaradılacaq.
Mətin Kərimli bildirib ki, həyata keçirilən bu layihələr peşə təhsilinin əlçatanlığının və keyfiyyətinin artırılmasına, ölkədə məşğulluğun yüksəldilməsinə, əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasına və sosial-iqtisadi inkişafa mühüm töhfə verir. O əlavə edib ki, yeni istifadəyə verilən tədris-istehsalat emalatxanası da təhsillə istehsal arasında əlaqələrin gücləndirilməsi, regionlarda yerli istehsalın inkişafı və gənclərin məşğulluq imkanlarının genişlənməsi baxımından əhəmiyyətli rol oynayacaq. Belə bir emalatxananın açılması həm də o deməkdir ki, peşə təhsili ilə özəl sahə, işəgötürənlər arasında sıx əlaqələr mövcuddur.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə çıxışında peşə təhsilində sahibkarlıq düşüncə tərzinin formalaşdırılmasının və biznes ideyalarının dəstəklənməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. O, Qəbələ və Bərdə Dövlət Peşə Təhsil mərkəzlərində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanalarının Peşə Təhsilinin İnkişafı Fondunun dəstəyi ilə yaradıldığını vurğulayıb. Layihə tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığına xidmət edir.
Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev çıxışı zamanı qeyd edib ki, fond bundan sonra da peşə təhsilinin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə və əmək bazarının tələblərinə uyğun innovativ layihələrin həyata keçirilməsinə dəstəyini davam etdirəcək.
“Veysəloğlu” şirkətlər qrupunda Korporativ kommunikasiyalar departamentinin rəhbəri Sənubər Nəzərova çıxışında bildirib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan 642 kvadratmetrlik müasir qida emalı texnologiyaları tədris-istehsalat sahəsi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinə imkan yaradacaq. O qeyd edib ki, sahə qida məhsullarının yuyulması, emalı, qurudulması və saxlanılması proseslərinin müasir avadanlıqlar vasitəsilə öyrədilməsi üçün qurulub və eyni vaxtda 20 tələbənin praktiki təlim keçməsi üçün nəzərdə tutulub.
Sonda iştirakçılar emalatxana və laboratoriyalarla tanış olub, qida məhsullarının emalı və qurudulması prosesini izləyiblər.
Tədbir çərçivəsində hazırlanmış məhsullar nümayiş etdirilib və iştirakçılara təqdim olunub, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun fəaliyyəti ilə tanışlıq olub.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində peşə təhsili müəssisələrinə 27 021 nəfər qəbul olunub. Artan tələbat nəzərə alınaraq, 2026-2027-ci tədris ili üzrə qəbul planı 33 120 yer müəyyən edilib.
Tarix: Bu gün, 20:17
