Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Rektor: BMU-nun əcnəbi tələbələri arasında pakistanlılar say baxımından üstünlük təşkil edir



Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
Universitetdən  bildirilib ki, görüşdə rektor Yaqub Piriyev BMU-nun fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq strategiyası və akademik potensialı barədə məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksəkixtisaslı kadrların hazırlanması universitetin prioritetləri sırasındadır.
Qeyd olunub ki, son illərdə informasiya texnologiyaları ixtisaslarının müasir tələblərə uyğun tədrisinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, kompüter laboratoriyalarının maddi-texniki bazası gücləndirilib.
Yaqub Piriyev bu il fəaliyyətinin 10 ili tamam olan BMU-nun QS reytinqlərində əldə etdiyi nailiyyətlərdən, universitetdə tətbiq olunan innovativ tədris metodlarından, elmi tədqiqatların inkişafı, beynəlxalq layihələrdə iştirak və tələbələrin qlobal akademik mühitə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. O, həmçinin Çin və Koreyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.
Rektor Pakistanın ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edərək tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və ikili diplom proqramları üzrə tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Hazırda BMU-da 40 ölkədən əcnəbi tələbənin təhsil aldığını bildirən Yaqub Piriyev pakistanlı tələbələrin say baxımından üstünlük təşkil etdiyini və bunun iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın göstəricisi olduğunu diqqətə çatdırıb.
Daha sonra Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Fondunun baş texniki direktoru Mazhar Amir və fondun katibi Murad Shuaib Khan çıxış edərək qurumun istedadlı və sosial həssas təbəqədən olan gənclərin təhsil imkanlarının genişləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, təqaüd proqramlarının icrası və insan kapitalının inkişafı istiqamətində fəaliyyəti barədə məlumat veriblər.
Pakistan nümayəndə heyəti BMU-nun müasir tədris və elmi-tədqiqat infrastrukturu, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi fəaliyyət, xüsusilə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadr hazırlığında əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Qonaqlar Pakistan universitetləri ilə BMU arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirərək birgə elmi layihələrin həyata keçirilməsi və akademik əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə elmi tədqiqat, tələbə mübadiləsi, süni intellekt, innovasiya və rəqəmsal transformasiya istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Həmçinin Pakistan universitetləri ilə əməkdaşlıq memorandumlarının imzalanması və BMU-da təhsil alan pakistanlı tələbələrin həyata keçiriləcək proqramlarda iştirakı məsələləri nəzərdən keçirilib.


Tarix: Bu gün, 16:22

Xəbəri paylaş