Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Polşada ibtidai məktəblərin bir hissəsi bağlanır




Polşada məktəbyaşlı uşaqların sayının azalması yerli hakimiyyət orqanlarını getdikcə daha çox ibtidai məktəbi bağlamağa məcbur edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Dziennik Gazeta Prawna” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu il ölkədə ibtidai məktəbləri 4,9 milyon şagird bitirib. Bu göstərici bir neçə il əvvəlki dövrlə müqayisədə 700 min nəfər azdır. Demoqrafik proqnozlara əsasən, qarşıdakı səkkiz il ərzində Polşada 7-14 yaşlı uşaqların sayı təxminən 19,5 faiz azalacaq. 2060-cı ilədək isə bu yaş qrupunda azalmanın 30 faizə çatacağı gözlənilir.
Qəzet yazır ki, 2024-cü il seçki ili olduğuna görə yerli hakimiyyət orqanları kifayət qədər şagird qəbul edə bilməyən məktəblərin bağlanmasına dair geniş şəkildə qərar verməyib. Lakin sonrakı dövrdə məktəb və uşaq bağçalarının bağlanması prosesi sürətlənib. 2026-cı ildə bəzi voyevodalıqlarda bu cür müəssisələrin bağlanması ilə bağlı onlarla müraciət qeydə alınıb.
Məktəblərin bağlanması üzrə ən çox müraciət Mazovets voyevodalığında təqdim edilib. Cari ildə bu regionda rayon hakimiyyətləri tərəfindən 30 müraciət edilib. Bildirilir ki, 2023-cü ildən etibarən Mazovets voyevodalığında məktəblərin bağlanması ilə bağlı yalnız 1 müraciət rədd olunub, bağlanan müəssisələrdən 44-ü ibtidai məktəb olub.
Ekspertlərin fikrincə, kənd və kiçik şəhərlərdə məktəblərin bağlanması yalnız şagirdlər üçün deyil, bütövlükdə yerli icmalar üçün problemlər yaradır. Belə ki, məktəblər çox vaxt əhalinin sosial inteqrasiya və görüş mərkəzi funksiyasını da yerinə yetirir.
Polşada aşağı doğum səviyyəsi əsas demoqrafik problemlərdən biri olaraq qalır. Ölkənin Baş Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildə Polşada 238 min uşaq doğulub ki, bu da əvvəlki illə müqayisədə 5,4 faiz azdır. Ölkədə bir qadına düşən doğum göstəricisi 1,07 təşkil edir.


Tarix: Bu gün, 16:00

Xəbəri paylaş