Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbulun nəticələri açıqlanıb
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbulun nəticələri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2026-2027-ci tədris ili üçün Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 353 nəfər magistratura, 22 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ əldə edib.
Dövlət Proqramına qəbul olunanlardan 155 nəfəri dünyanın ən nüfuzlu ilk 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaq. Onların seçdikləri universitetlər arasında Stanford Universiteti, Massaçusets Texnologiya İnstitutu, Sinqapur Milli Universiteti, Oksford Universiteti, Berkli Kaliforniya Universiteti, İsveçrə Federal Texnologiya İnstitutu, Harvard Universiteti və Yel Universiteti kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.
Qeyd edək ki, Dövlət Proqramı Azərbaycan gənclərinin dünyanın qabaqcıl universitetlərində təhsil almasını dəstəkləməklə ölkənin insan kapitalının inkişafına və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə xidmət edir.
Tarix: Bu gün, 16:19
