Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nəriman Nərimanovun pedaqoji fəaliyyəti


 

“Nəriman Nərimanov öz döv­rü­nün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir".

Heydər ƏLİYEV

 

Ensiklopedik biliyə malik olan Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində yoxsul bir ailədə doğulub. O, ailədə 9 övladdan biri olub. Balaca Nəriman uşaqlıq illərində anası Həlimə xanımın nağıllarına həvəslə  qulaq asar, böyük qardaşı Salmandan eşitdiyi şeirləri əzbərləyər, əmisi Əlimirzənin şirin söhbətlərini dinləyərdi. Nəriman ərəb, fars dillərini öyrəndikdən sonra o illərdə Zaqafqaziya Maarif Müfəttişliyinin tərkibində olan Tiflis Ruhani Məktəbinə daxil olur. 1885-ci ildə həmin məktəbi bitirib, Qori Müəllimlər Seminariyasına daxil olur və burada təhsil alır. 1890-cı il iyunun 6-da gənc Nəriman buranı bitirərək, müəllimlik şəhadətnaməsi alır. 

1890-cı il sentyabrın 1-də 20 yaşlı Nəriman Borçalı qəzasındakı Qızılhacılı kənd ibtidai məktəbinə müəllim təyin olunur. Qeyd edim ki, bu məktəb o zaman Borçalı qəzasında yeganə müsəlman məktəbi idi. Məktəb qızılhacılıların hesabına, hər evdən 1 manat 30 qəpik toplamaqla daşdan üç otaq olmaqla tikilmişdi. Məktəb hazır olsa da, iki il bura müəllim təyin olunmur. Burada doğma ana dilində dərs deyən gənc müəllim Nəriman çox böyük çətinliklərlə rastlaşır. Kəndlilər övladlarını əkin-biçinə, mal otarmağa göndərsə də, məktəbə oxumağa göndərmirlər. Qızılhacılı kəndində cəhalət, gerilik hökm sürsə də Nəriman müəllimlik fəaliyyətini davam etdirir. İlk əvvəllər 3-4 bəy balaları məktəbə oxumağa gəlir.                   

Nəriman müəllimlik fəaliyyətində gördük­lərini qələmə alaraq, “Nadanlıq” əsərini yazır. Burada müəllif cəhalət və nadanlığı açıb göstərməklə, xalqı qəflət yuxusundan ayıltmağa çalışırdı. Qızılhacılı kəndində gənc müəllimə qarşı təqiblər başlandığına görə oranı tərk edib, Bakıya gəlir.

XX əsrin əvvəllərində Bakı dünyada neft və milyonlar səltənətində olan bir şəhər kimi tanınırdı. Nərimanın yeni işi Bakıda oğlanlar üçün açılan gimnaziyadan başlanır. Tələbə yoldaşları Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyovun qayğısı ilə əhatələnən Nəriman1891-ci il oktyabrın 1-də elə onların zəmanəti ilə açılan gimnaziyaya daxil olur. Nəriman atasının vaxtsız ölü­mündən sonra ailə vəziyyəti ilə bağlı yeni iş axtarmaq qərarına gəlir. 1896-cı il mayın 7-də, Bakı Realnı Məktəbində sinif mürəbbilərinin ştatlı köməkçisi təyin olunur. Sentyabrın 1-də isə Bakıdakı imperator III Aleksandrın şərəfinə oğlanlar üçün açılan məktəbə təyinat alır. Əvvəlcə müəllim, sonra məktəb müdirinin müavini işləyir. O, hamı tərəfindən işgüzar, nümunəvi müəllim kimi tanınır. Pedaqoji sahədə çəkdiyi böyük zəhmətinə görə  1900-cu il yanvarın 1-də N.Nərimanov 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilir. S.M.Qənizadə, H.Mahmudbəyov və başqalarının yaxından iştirakı ilə N.Nərimanov 1894-cü ildə Bakıda ilk milli kütləvi kitabxana-qiraətxananın əsasını qoyur.                                           

Təəssüf ki, N.Nərimanov 1896-cı ildə “Sovqat” adlı uşaq jurnalı nəşr etdirməyə təşəbbüs göstərsə də mümkün olmur. 1900-cü ildə N.Nərimanov yenidən “Məktəb” adlı xüsusi pedaqoji jurnal nəşr etdirmək üçün  Qafqaz Senzura Komitəsindən icazə istəyir .Nəhayət, “Məktəb” jurnalı 1911-ci il noyabrın 29-da nəşr olunur. Həmin jurnalın 1-ci nömrəsində  N.Nərimanov “Əziz balalar!” başlığı ilə uşaqlara müraciətində yazır: “Əziz uşaqlar! Siz hazırda balaca alma ağacına bənzəyirsiniz. Balaca, kövrək alma ağacının rişələri yumşaq, qüvvətli torpaqda olarsa, bu rişələrə və yarpaqlara cürbəcür qurdlar daraşmazsa və vaxtında təmiz su ilə sulanarsa, günün şəfəqi bunları lazımınca qızdırarsa belə bir alma ağacı günbəgün boy atıb axırda qırmızı-qırmızı almalar verəcəkdir. Siz də göyərirsiniz, günbəgün boy atırsınız.  Belə bir halda bədəniniz sağlam qalsa, həm elmlərdə tərəqqi edərsiniz və həm də gələcəkdə davamlı və qüvvətli olarsınız. Alma ağacının meyvəsi almalarsa, sizin meyvəniz də insaniyyətə xidmətdir”.  Daha sonra N.Nərimanov uşaqları oxumağa, elmə yiyələnməyə, vətənin ləyaqətli, namuslu övladları olmağa çağırırdı.                      

1891-1900-cü illərdə N.Nərimanov “Nadanlıq” (1894), "Şamdan bəy" (1895), "Bahadır və Sona" (1896), "Nadir şah" (1899) və s. əsərlərini yazmaqla yanaşı, bir sıra dərsliklər də tərtib edir. 1899-cu ildə “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”, daha sonra “Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça”, “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça” dərslikləri işı qüzü görür.                                   

N.Nərimanov 1902-ci il yanvarın 1-də səhhəti ilə bağlı ərizə yazaraq öz xahişi ilə gimnaziyadan işdən çıxır. Bir müddət dincəldikdən sonra xalq müəllimi olan Nəriman Nərimanov, həm də xalqın həkimi olmaq qərarına gəlir. O, Odessa şəhərinə gələrək Novorossiyski İmperator Universitetinin tibb fakültəsinə daxil olur.

Tələbə adını qazanan Nərimana, neft milyonçusu H.Z.Tağıyev deyir ki, “agıllı iş görürsən, oxu, millətə xeyrin dəyər. Kontora tapşırmışam, hər ay sənə pul göndərəcəklər”.  Bakı şəhər Duması N.Nərimanovun on illik pedaqoji fəaliyyətini nəzərə alıb, ona xüsusi təqaüd verilməsi haqqında qərar qəbul edir. 

N.Nərimanov həmişə xalqın maariflənməsi üçün məktəblərin açılmasına böyük dəyər verirdi. O, deyirdi ki, “bizi ancaq məktəb nadanlıqdan xilas edəcək”. O illərdə Bakının Əmircan kəndinin sakinlərinin təşəbbüsü ilə 30 şagirdin yerləşəcəyi iki otaqlı məktəb binası tikilir. Kənd sakinləri gələcəkdə məktəbi genişləndirməyi qərara alırlar. Onlar “İrşad” qəzetinin redaksiyasına nümayəndə göndərərək, məktəbin təşkilində kömək göstərilməsini xahiş edirlər. Redaksiya bu işi o vaxt qəzetlə əməkdaşlıq edən N.Nərimanova tapşırır. N.Nərimanov da həmin hadisəni, xalqın təşəbbüsü kimi çox yüksək qiymətləndirir.             

Məktəbin açılışı münasibətilə N.Nərimanov kəndə gələrək, yerli sakinlərlə görüşür. Sonra o, açılış mərasimində çıxış edir. Məktəbə müəllifi olduğu “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”, “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça” kitablarını hədiyyə edir. Məktəbin açılışından sonra N.Nərimanov “İrşad” qəzetində “Əmircan-Xiləkəndinə səyahətim” məqaləsində yazırdı: “Vaxta ki, camaat məktəbin mənfəətini gördü, onun gələcəkdə tərəqqi tapmağına camaat özü ciddi-cəhd edəcəkdir. Vaxta ki, bunlar məktəbin xeyrini gördülər, yəni həmin şəxslərin uşaqları üsuli-cədid ilə iki ayın ərzində öz dillərində yazmaq, oxumaq bildilər, əlbəttə, indi məktəbə zidd olanlar o vaxt onun tərəqqi tapmasına çalışacaqlar...Ümid edirik ki, Xilə qardaşlarımızın bu gözəl fikirləri qeyri kəndlərə də siyarət edəcəkdir”. 

N.Nərimanov 1919-cu ildə Həştərxan Quberniya Xalq Maarif Şöbəsinin müdiri olarkən müəllim kadrları hazırlığı işində dönüş yaradır. 

Böyük pedaqoq, ədib, ictimai xadim N.Nərimanov qadınların təhsil almasının tərəfdarı idi. N.Nərimanov deyirdi ki, “İnsanın dili onun qanıdır. Qan təmiz olanda ürək yaxşı işlədiyi kimi, dilin də saf olması millətin tərəqqisinə səbəb olur”. N.Nərimanov ana dilini xalqdan uzaq salanlara isə deyirdi ki, “analarımızın laylalarını qulaqlarımızdan çıxarmayacaqlar... Ana dilimiz hər halda qüvvət tapacaqdır...”.   

N.Nərimanov xalqın ümu­mi tərəqqisində müəllimin roluna yüksək önəm verirdi. Məhz N.Nərimanov 1919-cu ildə Həştərxan Quberniya Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində işləyərkən, qısamüddətli pedaqoji kurslar vasitəsilə yüzlərlə müəllim hazırlanmasını təşkil edir. 

Eyni zamanda qeyd edim ki, Azərbay­canda ilk pedaqoji institutun yaradılması və təsis edilməsi Nəriman Nərimanovun adı ilə bağlıdır.            

Bəli, Nəriman Nərimanov görkəmli dövlət xadimi, eyni zamanda dramaturq, nasir, publisist, həkim olmaqla bərabər, həm də məşhur pedaqoq idi. Nəriman Nərimanov bütün həyatını xalqların zülmdən azad olmasına, savadsızlığın ləğv olunmasına, xalqımızın rifah halının yaxşılaşmasına, tərəqqisinə  həsr etdi. Bir sözlə, Nəriman Nərimanov Tanrının ona bəxş etdiyi 55 illik ömür  payında elm, maarif, ədəbiyyat, səhiyyə, təhsil sahəsində çox böyük yeniliklərə imza ataraq adını Azərbaycan tarixinə əbədi həkk etdi.


Təranə CƏBİYEVA,

 Bakı şəhəri, 226 nömrəli tam orta məktəbin tarix müəllimi


Tarix: 15-10-2021, 16:37

Xəbəri paylaş