Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tədris prosesində inkişafetdirici təlimin təşkili

 

Elmira MAHMUDOVA,
Bakı şəhəri 46 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi



Təlim və inkişaf pedaqoji psixologiyanın aktual problemidir. Psixologiya və pedaqogika tarixində bu barədə təsəvvürlər hələ qədim zamanlarda formalaşsa da təlim və inkişaf bir önəmli problem kimi XX yüzillikdə meydana çıxmış və öyrənilməyə başlanılmışdır. İnkişafetdirici təlim prinsipi pedaqoji psixologiyada və pedaqogikada 80-ci illərdə bərqərar olmuşdur. İnkişaf çoxcəhətli anlamdır və şagirdin psixi həyatının bütün sahələrini əhatə edir. Təlim-tərbiyə prosesində məktəblilərin psixi inkişafının başlıca istiqamətlərini təhlil edəndə, ilk növbədə, biliklərin, onların tətbiqi mexanizmlərinin və şəxsiyyətin ümumi xassələrinin inkişafı şəraitini ayırd edirlər.
Şəxsiyyətin inkişafı təlim prosesinin nüvəsini təşkil edir. Sözün geniş mənasında inkişafetdirici təlim şəxsiyyətin formalaşmasını nəzərdə tutur və onu təlimin başlıca prob­lemi kimi mənalandırır. Dərsin kompozisiyası, strukturu bilavasitə təlim məqsədləri ilə şərtlənir.
Təlim məqsədləri anlamı öz mahiyyətinə görə həmişə dövrün pedaqoji təfəkkürünün meyarlarını əks etdirir.
Vaxtilə təlim məqsədləri sırf təhsil məqsədi kimi dərk olunurdu və mənalandırılırdı. Məktəbin tərbiyəedici funksiyası artdıqca təlim məqsədlərində təhsil meyarı ilə birlikdə tərbiyə meyarı da əmələ gəldi. İnkişafetdirici təlim prinsipi axarında isə inkişafetdirici təlim məqsədi formalaşdı.
“Təlim müəllimin rəhbərliyi ilə şagirdlərin müəyyən bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi və bu zaman onların inkişaf etdirilməsi və tərbiyə olunması prosesidir”.
İbtidai təhsil mərhələsində təlimin - təhsil, inkişaf və tərbiyə meyarlarının vəhdətdə açıqlanması yeni pedaqoji təfəkkürün uğurlarını əks etdirir və psixologiyanın uğurlarına söykənir. Əvvəlki dövrlərdən fərqli olaraq müasir dövrdə təlim məqsədləri artıq yeni pedaqoji təfəkkürün iki əsas prinsipi: inkişafetdirici və tərbiyəedici təlim prinsipləri əsasında mənalandırılır.
Təhsil məqsədi ilə inkişafetdirici və tərbiyəedici təlim məqsədləri arasında ikitərəfli asılılıq vardır. Bir tərəfdən təhsilin inkişafetdirici və tərbiyəetdirici məqsədləri təhsil məqsədi vasitəsilə həyata keçirilir.
Müəllim şagirdləri sadəcə olaraq öyrətmir, onları öyrədə - öyrədə inkişaf etdirir və tərbiyə edir. Digər tərəfdən, şa­girdlər inkişaf etdikcə və tərbiyə olunduqca onların təhsil məqsədlərinə (dərsə, müəllimə, özlərinə) münasibətləri dəyişir. Təhsilin humanistləşdirilməsinin başlıca istiqamətlərindən biri məhz bu qaynaqlarla bağlıdır.
İbtidai təhsildə inkişafetdirici və tərbiyəedici təlim məqsədləri bir-birindən ayrılmazdır. Müəllim onları ayrı-ayrılıqda deyil, vəhdətdə həyata keçirir. Təlim məqsədləri dedikdə təhsilin məzmun tərəfi - öyrəniləcək bilik, bacarıq və vərdişlər nəzərdə tutulur.
İnkişafetdirici təlim məqsədi bilavasitə əqli inkişaf ölçüləri ilə araşdırılır. İdrak prosesini, ilk növbədə, təfəkkür və təxəy­yülün inkişafı, fikri əməliyyatların (tədris əməliyyatlarının) və intellektual (tədris əməyi) bacarıqların formalaşması inkişafetdirici təlim məqsədinin əsas yönümünü müəyyən edir.
Təlimin tərbiyəedici məqsədi isə şagirdin bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. Psixoloji tədqiqatlar göstərir ki, məktəb şagirdləri inkişaf etdirmədən təhsil məqsədlərini həyata keçirə bilməz. Şagirdin psixi inkişafı təlimin həm nəticəsi, həm də başlıca şərtidir. Təlim və inkişaf problemini bu müstəvidə araşdıranda, o, mahiyyətcə təlim və əqli inkişaf prob­lemi kimi meydana çıxır.
İnkişafetdirici təlim prinsipi şagirdlərin əqli inkişafına xüsusi əhəmiyyət verir və onu şəxsiyyətin formalaşması ilə qarşılıqlı əlaqədə araşdırır.
 L.N. Tolstoyun  fikrincə desək: “Bilik ancaq o zaman bilik olur ki, hafizə ilə deyil, fikrin öz səyi ilə mənimsənilir”. T. Edison isə deyirdi: “Sivilizasiyanın başlıca məqsədi - insana fikirləşməyi öyrətməkdir”.
Dünyanın bütün sənətçiləri, elm və texnika korifeyləri zamanı qabaqlayan bu bənzərsiz sözləri nə qədər gur səslə söyləsələr də, onlar vaxtında eşidilməyib. Bu psixoloji və pedaqoji həqiqətlərin bütünlüklə dərk olunması üçün tarixi şərait yaranmalı idi. İndi artıq demək olar ki, həmin tarixi şərait iki əsrin qovşağında yaranmışdır.
P.P. Blonskinin “Hafizə və təfəkkür”, “Məktəblilərin təfəkkürünün inkişafı” əsərlərində əqli inkişaf problemi müxtəlif yönümlərdə təhlil olunurdu. O göstərirdi ki, təlim materialını ancaq öz hafizəsinə arxayınlaşan uşaqlar deyil, özünü yoxlamağı, materialı dəqiq, sürətlə anlamağı bacaran şagirdlər yaxşı mənimsəyirlər. Onun fikrincə, uşaqların əqli inkişafında təfəkkür həlledici rol oynayır. L.S. Vıqotski isə təlimi inkişafın başlıca şərti sayırdı. O, inkişafın iki sahəsini və ya səviyyəsini fərqləndirirdi:
- Aktual inkişaf sahəsində şagird nisbətən asan tapşırıqları yaşlıların (və ya uşaqların) köməyi olmadan, müstəqil surətdə yerinə yetirir;
- Yaxın inkişaf sahəsində isə tədricən daha çətin tapşırıqları yaşlıların (ilk növbədə müəllimlərin) rəhbərliyi ilə yerinə yetirməyi öyrənir.
Bu iki səviyyənin qarşılıqlı əlaqəsi dialektik qanunauyğunluqlarla şərtlənir. Şagird elə ki, əvvəllər (aktual inkişaf sahəsində) həll edə bilmədiyi tapşırıqları həll etməyə başlayır, aktual inkişaf sahəsi yaxın inkişaf sahəsi ilə əvəz olunur, müəyyən bir mərhələdə isə yaxın inkişaf sahəsinin özü aktual inkişaf sahəsinə çevrilir və özünəməxsus xüsusiyyətlərlə seçilən yeni yaxın inkişaf sahəsi əmələ gəlir. Yaxın inkişaf sahəsinin rüşeymləri aktual inkişaf sahəsində formalaşır.
Görkəmli psixoloqun qəti inamına görə, təlim sözün əsl mənasında o zaman təlim olur ki, inkişafdan “irəlidə gedir” və şagirdin əqli inkişafı üçün şərait yaradır. Şagirdin əqli inkişafının xüsusiy­yətlərini məhz ikinci səviyyənin xüsusiyyətləri ilə səciyyələndirmək olar.
Şagirdlər yeni informasiyanı idrak prosesləri vasitəsi ilə mənimsəyirlər. Anlama bu prosesdə mühüm yer tutur. Müəllimlər şagirdlərin təfəkkürünü aktivləşdirmək, hətta onu inkişaf etdirmək istəyəndə belə, nəyin bahasına olursa-olsun, onların ancaq dərs materialını anlamasına çalışırlar. Öz-özlüyündə bu xeyirxah məqsəddir. Lakin şagirdlərdə təfəkkürün inkişaf etdirilməsi kimi önəmli bir vəzifəni təkcə anlama ilə məhdudlaşdırmaq meylini C.Gilford, ilk baxışda nə qədər təəccüblü görünsə də, düzgün saymırdı.
Anlama əslində qavrayış prosesidir. İnsanın qavrayışı təfəkkürlə, əşyanın mahiyyətini anlamaqla bağlıdır. Şagirdləri əqli cəhətdən inkişaf etdirmək üçün, ilk növbədə, onlarda təfəkkürü inkişaf etdirmək lazımdır.
Şagirdin inkişaf etdirilməsi təhsilin humanistləşdirilməsinin başlıca meyarı sayılır. Əgər şagird inkişaf etmirsə, ona nə qədər humanistcəsinə yanaşırsan-yanaş, faydasızdır.
Müəllim-şagird münasibətlərinin humanistləşdirilməsi şagirdin bir şəxsiyyət kimi inkişaf etdirilməsinin başlıca şərtidir.
Müəllim “müəllim-şa­gird” münasibətlərinin sadəcə olaraq iştirakçısı deyil, peşə səriştəsinə və həyat təcrübəsinə görə onların təşkilatçısıdır. O, sinifdə hər bir şagirdin özünü aktuallaşdırmasına imkan verən qarşılıqlı etimad və canlı ünsiyyət mühiti yaratmalıdır.
İnkişafetdirici təlim konsepsiyası ibtidai siniflərdə geniş tətbiq olunur. Bu kontekstdə tədris fəaliyyətinin strukturu ilə tanış olaq:
- Tədris fəaliyyəti tədris tapşırıqlarının həllindən başlayır. Şagirdlər bu situasiyada bütün xüsusi və konkret variantları nəzərə almaqla tədris tapşırıqlarının ümumi həll üsullarının məzmunu ilə tanış olurlar. Müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnirlər;
- Tədris tapşırıqlarını həll etmək üçün zəruri tədris əməliyyatlarına yiyələnirlər;
- İcra etdikləri tədris əməliyyatlarını və onların nəticələrini öz fəaliyyətinin məqsədi ilə tutuşdurur, öz səhvlərini müəyyən edir və aradan qaldırırlar;
- Öz fəaliyyətlərinin ümumi (son) nəticəsini qiymətləndirirlər.
Tədris fəaliyyəti konsepsiyası tədris fəaliyyətinin strukturunda aşağıdakıları fərqləndirir:
a) Tədris situasiyası (və ya tapşırıqları);
b) Tədris əməliyyatları;
c) Nəzarət;
ç) Qiymət.
Müəllim dərsin təhsil məqsədini tədris situasiyası kontekstində həyata keçirir. Həm tədris situasiyası, həm də nəzarət və qiymətləndirmə prosesləri tərbiyə məqsədinin həyata keçirilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malikdir. Dərsin inkişafetdirici məqsədinin bilavasitə həyata keçirilməsi üçün isə tədris fəaliyyətinin strukturunda xüsusi vəsilə nəzərdə tutulur. İdrak proseslərinin inkişaf etdirilməsi bu vəsilənin başlıca vəzifəsini təşkil edir.
İbtidai sinif şagirdlərində bacarıq və vərdişlərin formalaşdırılması üçün onların hafizəsini aktivləşdirməklə yanaşı təmrinlər (çalışma və tapşırıqlar) sistemindən psixoloji cəhətdən səmərəli istifadə etməklə təhsilin keyfiy­yətinin yüksəldilməsinə nail olmaq olar.
Müasir təsəvvürlərə görə, hafizənin inkişafı məqsəd deyil, vasitədir. Təxəyyül isə yaradıcı təfəkkürün formalaşmasının başlıca şərtidir. Ancaq təxəyyülün inkişaf etdirilməsinin mühüm bir istiqaməti də var: təxəyyül problemi yaradıcılıq problemidir. Yaradıcı əxəyyülün inkişafı müasir dövrdə böyük əhəmiyyət kəsb edir.
Müəllim təhsilin keyfiyyətini yüksəltmək üçün təkcə şagirdlərin idrak fəaliyyətini, ilk növbədə diqqət, qavrayış və s. kimi psixi prosesləri aktivləşdirməklə kifayətlənmir, nəzəri təfəkkürü, eləcə də müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə, təsnifat, tədris əməliyyatları, intellektual hisslər, bərpaedici təxəyyül, yaradıcı təxəyyül, anlama, nitq, materialı öz sözləri ilə nəql etmə, ağlın keyfiyyətləri, tənqidi təfəkkür, ağlın çevikliyi kimi idrak proseslərini müəyyən sistemlə inkişaf etdirir.
Psixoloji tədqiqatlar gös­tərir ki, ibtidai təhsil mərhələsində inkişafetdirici təlimin təşkili, ilk növbədə, təlim prosesində inkişafetdirici təlim prinsiplərinin həllindən asılıdır, əks halda, şagirdləri inkişaf etdirmədən təhsil məqsədlərini həyata keçirmək mümkün deyildir.


Tarix: 26-10-2020, 11:56

Xəbəri paylaş