Məktəbəqədər və ümumi təhsil
Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib
Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.
İcma əsaslı məktəbəqədər təhsil qrupları
2019-2020-ci tədris ilində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupu təşkil edilib. 6212 nəfər 3 və 4 yaşlı uşaq bu qruplarda təhsilə cəlb edilib. Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.
165 minədək uşaq birinci sinfə gedib
2019-2020-ci tədris ili üzrə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 minədək uşaq qəbul edilib.
Teledərslərin yayımı həyata keçirilib
COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat “Mədəniyyət” və “ARB Günəş” telekanalları üzərindən “Dərs vaxtı” verilişi yayımlanıb, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.
Həmçinin cari ilin 25 aprel tarixindən hər həftənin şənbə günləri məktəbdənkənar fəaliyyət üzrə “Dərsdən sonra” verilişinin yayımına start verilib.
Bu il 80 646 nəfər məzun olub
2019-2020-ci tədris ilində XI sinfi bitirən şagirdlərin sayı 80 646, IX sinfi bitirənlərin ümumi sayı isə 119852 nəfərdir.
2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub.
2020-2021-ci tədris ilində I sinifdə təhsil alacaq uşaqların sayının 165 511 nəfər olacağı proqnozlaşdırılır.
İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib
2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.
Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.
Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri
Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılıb.
Növbəti tədris ilindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey fəaliyyət göstərəcək. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb.
Beynəlxalq fənn olimpiadalarında qazanılan uğur
2019-2020-ci tədris ilində Azərbaycan məktəbliləri ümumilikdə 29 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər. Məktəblilərimiz 15 gümüş, 15 bürünc medal və 4 qızıl medal əldə edib.
322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait
2019-2020-ci tədris ilində 322 adda 7717764 nüsxə dərslik və metodik vəsait çap edilib.
Dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.
2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7233214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. Onlardan 260 adda 6912174 nüsxəni dərsliklər, 79 adda 321040 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək.
Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub.
Ehtiyat dərsliklərin tətbiqinə başlanılıb
2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.
“Virtual məktəb” platformasının 1 milyondan çox üzvü var
2 aprel 2020-ci il tarixindən “Virtual məktəb” layihəsi çərçivəsində ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilib. Onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyonu ötüb. Həmin platforma üzərindən hər həftə şagirdlər arasında “Virtual əlaçı” müsabiqəsi keçirilib. 140-dan artıq şagird bu müsabiqənin qalibi olub.
Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında
Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Belə ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında (<https://en.unesco.org/covid19/educationresponse/solutions>) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.
Azərbaycan Təhsil Şəbəkəsi 3 900-ə yaxın təhsil müəssisəsini əhatə edir
2019-2020-ci tədris ilində Azərbaycan Təhsil Şəbəkəsinə 1000-dən çox ümumi təhsil müəssisəsi qoşulub.
Ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən Azərbaycan Təhsil Şəbəkəsi hazırda 3 900-ə yaxın təhsil müəssisəsini əhatə edir.
20 məktəbdə peşə təmayüllü sinif
2019-2020-ci tədris ili üçün pilot olaraq Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib. Ölkə üzrə 20 ümumtəhsil məktəbində 20 peşə təmayüllü sinif yaradılıb. Bu siniflərdə ümumilikdə 420 şagird təhsil alır.
Həmçinin Nazirlər Kabineti tərəfindən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib. Peşə təmayüllü siniflərə qəbul və tədris qaydaları müəyyənləşdirilib.
“Məktəblinin dostu”nun əhatə dairəsi genişləndirilib
“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb. Layihə üzrə hazırda 300 əməkdaş çalışır. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində “Məktəblinin dostu” fəaliyyət göstərir.
STEAM layihəsinin tətbiqinə başlanılıb
Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində 6 mindən çox şagirdin cəlb edildiyi STEAM layihəsinin tətbiqinə başlanılıb. Növbəti illərdə 20 mindən artıq şagirdin STEAM layihəsinə cəlb edilməsi, 10 bölgədə isə regional tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Pandemiya dövründə layihə çərçivəsində COVID-19 infeksiyasından qorunmaq üçün “üz sipəri”, eləcə də bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Proses çərçivəsində 1500-dən çox “üz sipəri” istehsal olunaraq tibb işçilərinə və 1400 “üz sipəri” isə polis işçilərinə təqdim edilib.
“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilib
“Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəb, 700 müəllim və 70 000 şagirdi əhatə edir.
Pandemiya dövründə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən, ümumilikdə 72 teledərs (Azərbaycan bölməsi üçün 32, rus bölməsi üçün isə 40 teledərs) ictimaiyyətə təqdim olunub. Bununla yanaşı olaraq, Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə videodərslər hazırlanıb. Ümumilikdə III - VIII sinifləri əhatə edən 197 videodərs təqdim olunub. Onlardan 87-si Azərbaycan, 110-u isə rus bölməsi üzrədir.
Məktəb tikintisi
2019-2020-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən 50-si modul tipli olmaqla, 87 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb.
8 mindən çox müəllim işə qəbul olunub
2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub. Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub. Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.
Müəllimlərin aylıq əməkhaqqı artırılıb
Ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı 2019-cu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.
Həmçinin diaqnostik qiymətləndirmədən keçən incəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artırılıb.
1035 müəllim müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib. Müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.
Təhsil müəssisələrində psixoloji xidmət
2019-2020-ci tədris ilində Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”ı təsdiqlənib. Qərara əsasən, bütün pillələr üzrə təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərəcək. Şagird sayı 1000-dək olan məktəblərdə 1, 1000-dən 3000-dək olan məktəblərdə 2, 3000-dən çox olan məktəblərdə 3 psixoloq fəaliyyət göstərəcək.
Müəllimlərin işə qəbulunda yenilik
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramından məntiq tapşırıqları çıxarılıb.
Müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacaq.
Ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri cari tədris ilinin sonunadək qüvvədə qalacaq.
Müəllimlərin sertifikatlaşdırılması
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi ilə ilk dəfə işə qəbul olunanların 5 il müddətində sertifikatlaşdırılması aparılmayacaq.
Müəllimlər üçün təlimlər
Pandemiya dövründə müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində 1000-dən çox müəllim distant təhsil mövzusunda onlayn təlimlərə cəlb olunub
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb
İstedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb.Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib.
Elektron dərslik portalından istifadə sayı iki dəfə artıb
2019-2020-ci ildə Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalından unikal istifadəçı sayı 1103257, portala ümumi daxilolma sayı 3102531, səhifələrə ümumi baxış sayı isə 22466350 olub. Müqayisə üçün deyək ki, ötən tədris ilində bu rəqəmlər müvafiq olaraq 704470, 1869193, 13599894 təşkil edib. www.video.edu.az portalında videolara baxış sayı 383 948 dəfə olub.
Məktəbdənkənar fəaliyyət
Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq start verilən onlayn dərslərdə 27 idman növü və 103 dərnək üzrə 20 min nəfərə yaxın qrup və dərnək üzvü, 1200-dən çox müəllim iştirak edib.
Məktəbdənkənar fəaliyyət sahəsində onlayn platformalarda reallaşan ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, sərgilər, “dəyirmi masa”lar və digər tədbirlərə ümumilikdə 15 minə yaxın məktəbli qoşulub.
Teledərslər və ustad dərsləri yayımlanıb
“Mədəniyyət” kanalında yayımlanan “Dərsdən sonra” bloku, "Dərs vaxtı" proqramı layihələrində 37 fiziki tərbiyə müəllimi, məşqçi-müəllim, dərnək rəhbəri tərəfindən ümumilikdə 80 teledərsin çəkilişi təmin edilib.
Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin futbol bölmələrinin üzvləri və ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri üçün futbol və futzal idman növləri üzrə ustad dərslərin təşkilinə başlanılıb. Buna müvafiq olaraq 14 ustad dərsi çəkilib və hazırda “Mədəniyyət” kanalında yayımlanır.
Ölkə və beynəlxalq miqyaslı yarışlardan 2847 medal
Məktəbdənkənar fəaliyyətin təşkili istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri 2019-cu il ərzində ölkə və beynəlxalq miqyaslı yarışlarda 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıblar.
Peşə təhsili
Yeni Peşə Təhsil Mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən mərkəzə 2019-2020-ci tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib. Növbəti tədris ilindən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır.
Peşə təhsili müəssisələrinə qəbul
2019-2020-ci tədris ilində peşə təhsili müəssisələrinə 14 mindən çox şəxs qəbul olunub.
Peşə ixtisası üzrə dərsliklər artıq elektron formatda
Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.
Peşə sahəsi üzrə teledərslər
Pandemiya dövründə peşə təhsili və təlimi sistemində təhsilalanların tədris prosesində iştirakını təmin etmək üçün “Mədəniyyət” telekanalında həftədə iki dəfə olmaqla teledərslər yayımlanıb. Bu təşəbbüslərlə yanaşı, Peşə Təhsili üzrə Dövlət Agentliyi öyrənmə nəticələrinin qiymətləndirilməsi vasitələrinin hazırlanmasına və seçilmiş peşələr üzrə tam onlayn mənbələrin (video dərslər və mətnlər daxil olmaqla) tərcüməsinə də başlayıb.
Peşə sahəsində onlayn karyera təlimləri
Peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur.
Azərbaycan “WorldSkills Asia” təşkilatına üzv qəbul edilib
Azərbaycan peşə təhsilli kadrların olimpiadası kimi tanınan “WorldSkills Asia” təşkilatına üzv seçilib.
Peşə təhsil müəssisəsində tibbi maska istehsalı
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib.
Ali təhsil və elm
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyub.
Təqaüd alan tələbələrin sayı 45 faizə çatdırılıb
Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb, 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulub.
110 mindən artıq tələbənin təqaüdü artırılıb
Ölkə başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara müvafiq olaraq 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdü 2019-cu il martın 1-dən orta hesabla 20 faiz, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 30 faiz artırılıb.
17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir
Hazırda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 17 120 nəfər məcburi köçkün statusuna malik olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin uşaqları, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Tələbələr üçün distant təhsil imkanı
Pandemiya dövründə təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkilinə başlanılıb. Həmin dərslərə 100 mindən artıq tələbə və professor- müəllim heyəti qoşulub.
Həssas qruplardan olan tələbələrə dəstək
Pandemiya dövründə Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı qəbul edilib. Qərar 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılı
Dövlət sifarişi yerləri 66 faiz artırılıb
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12 300-dən 20 500-ə çatdırılıb. Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.
46 yeni ixtisas əlavə olunub
Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub. Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas əlavə olunub.
Magistraturaya qəbulda dəyişiklik
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı yalnız bir mərhələli olacaq. İmtahan Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək.
Jurnalistika üzrə magistraturaya və xüsusi qabiliyyət tələb edən ixtisasların ixtisas magistraturasına qəbul olmaq istəyənlər qəbul imtahanını verdikdən sonra əlavə olaraq qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanlarının proqramları və keçirilmə vaxtı DİM tərəfindən elan olunacaq.
90-dan artıq ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə
2019-2020-ci tədris ilində Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində 90-dan artıq ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alıb.
226 nəfər xaricdə təhsil alıb
2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 177, Çində 30, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 12, Qazaxıstanda 2, ümumilikdə isə 226 nəfər xaricdə təhsil alıb.
Dövlət Proqramının icrası
"2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına başlanılıb. Proqram çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının təsis olunması nəzərdə tutulub. Bunlardan 3-ü - Azərbaycan Dövlət Pedaqoji Universiteti və ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında müvafiq müqavilələr, Bakı Mühəndislik Universiteti və INHA Universiteti arasında niyyət protokolu imzalanıb və müqavilənin imzalanması üzrə son tamamlama işləri görülür.
Hər üç proqram üzrə dərslərin 2020-2021-ci tədris ilində həyata keçirilməsi planlaşdırılır. 2020-ci ildə xaricdə doktorantura təhsili üçün namizədlərin seçim prosesi artıq başa çatıb.
Azərbaycanın 2 universiteti dünya reytinqində
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2020-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb.
Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar.
***
13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi
10-12 oktyabr 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçirilib. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılıb.
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb
Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədilə İctimai Şura yaradılıb.
Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu
3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.
Ölkənin təhsil sisteminin göstəriciləri növbəti dəfə yaxşılaşıb
Dünya İqtisadi Forumu tərəfindən yayılmış "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib.
Təhsildə Keyfiyyət
Təminatı Agentliyi yaradılıb
Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Fərmanla “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” təsdiqlənib.
Tarix: 17-07-2020, 16:09